Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın Xalq şairi, görkəmli ictimai xadim, Dövlət Mükafatı laureatı Nəbi Xəzrinin anadan olmasının 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Yubiley ərəfəsində böyük şairimizin yadigarı Arzu Babayevlə görüşüb atası haqqında geniş söhbət elədik.
- Arzu müəllim, xoş gördük.
- Xoş gördük.
- Siz Xalq şairi Nəbi Xəzrinin ailəsində doğulmusunuz. Bu müstəsnalıq sizin uşaqlıq həyatınıza necə təsir edirdi?
- Ağlım kəsəndən onun şeirlərini oxumağa başlamışam və dərk etmişəm ki, böyük bir şairin oğluyam. Uşaq vaxtımdan onun şeirlərinin incəliyini, saflığını duymuşam. Buna görə hələ uşaqlıqdan məndə bir məsuliyyət hissi yaranıb, hər hərəkətimə diqqət yetirmişəm, atamın adına xələl gəlməsinə yol verməmişəm. Bu məsuliyyət hissi tələbəlik illərində də, dövlət işində çalışanda da mənimlə olub. Əlbəttə, atama görə həmişə özümə qarşı xüsusi hörmət, diqqət görürdüm. Bu mənim xoşuma gəlirdi. Atam evdə həmişə mənə deyirdi ki, cəmiyyət içində özünü nümunəvi aparmalısan. Heç vaxt həddini aşmaq olmaz. Onun üç övladı vardı, üçümüzə də gözəl tərbiyə verib. Onun bir üzü ipək kimi, bir üzü sərt idi. Biz onun sərt üzünü görməkdən çəkinirdik. Bütün övladlarına eyni münasibət göstərirdi. Deyirdi,"siz Nəbi Xəzrinin övladları kimi cəmiyyətə nümunə olmalısınız". Biz də çalışmışıq ki, onun tövsiyələrinə əməl edək. Deyərdi, "baxmayaraq ki, mən imkanlı tacir ailəsinin oğlu idim, amma öz zəhmətimlə Nəbi Babayevdən Nəbi Xəzriyə çevrildim və parladım. Nəbi Xəzrinin oğlu olmaqla bərabər, çalış, özün öz zəhmətinlə həyatdakı cığırını tapasan və özünü cəmiyyətə zəhmətinlə tanıdasan. Deməsinlər ki, bu Nəbi Xəzrinin oğludur, desinlər ki, Arzu Babayevdir. Sənə həm mənə, həm də özünə görə hörmət etsinlər". Mən atamla həmişə fəxr etmişəm. İndi də qürur duyuram ki, Nəbi Xəzrinin oğluyam.
- Bir qardaşınız da olub - Ələkbər... Nəbi müəllimin ona həsr etdiyi şeirlər də var.
- Əslində, biz beş uşaq olmuşuq. Üç bacı, iki qardaş. 1958-ci ildə Lalə adında bacımız dünyaya gəlib, iki yaşında xəstəlikdən dünyasını dəyişib. Atamın onun ölümünə ürək yanğısıyla yazdığı bir şeiri var, o şeiri oxuyanlar göz yaşlarına hakim ola bilmir. Olduqca təsirli şeirdir.
Sən yumdun gözünü, tutuldu səhər,
Sanki günəşə də qaranlıq çökdü.
Bahardan bəriyə yağmayan göylər
Bu axşam ağlayıb göz yaşı tökdü.
1960-cı ildə qardaşım Ələkbər dünyaya gəlir. Atam ona öz atasının adını vermişdi. O da cəmi dörd il yaşadı. O, dünyasını dəyişəndə mənim iki yaşım olub. Doqquz yaşımacan onun ölümünü məndən gizlədiblər, özümdən əvvəl bir qardaşım olduğunu bilməmişəm. Bir dəfə atamın şeirlərini oxuyurdum, orda atamın Ələkbərin ölümünə yazdığı "Həzin misralar" şeirinə rast gəldim və sarsıldım, ağladım. Atam şeirin əvvəlində belə yazmışdı: "Oğlum Ələkbərin son vida gününə". Bu şeiri oxuyandan sonra evdəkilərlə dalaşdım, dedim ki, axı niyə siz məndən bunu gizlətmisiniz? Tək olduğuma görə xiffət edirdim, heç olmasa, təsəlli tapardım ki, mənim qardaşım olub. Uşaq olmağıma baxmayaraq sonra gedib onun məzarını ziyarət elədim.
- Nəbi müəllimin həmin şeiri yadınızdadırmı?
- Əlbəttə (Kövrəlir və "Həzin misralar" şeirindən iki bənd söyləyir).
Mən sənə atamın adını verdim,
Mən səndə atamın özünü gördüm.
Niyə belə etdin, belə olarmı?
Ölümün gülləsi dəydi hədəfə,
İnsan iki dəfə yetim qalarmı?
Mən ki yetim qaldım ikinci dəfə.
...Arzunun sözündə sənin sözlərin,
Arzunun gözündə sənin gözlərin.
Arzu kiçik qardaş, Arzu sonbeşik,
Qoy görsün dünyanın xoş baharını,
Yaxşı ki, adına Arzu demişik,
Yaşatsın sənin də arzularını...
- Arzu müəllim, gəlin, Nəbi müəllimin ədəbiyyata gəldiyi dövrə qayıdaq. Özü yəqin ki, ilk dəfə şeir yazmağının tarixçəsini sizə danışıb.
- Özündəki şairlik istedadını 7 yaşında kəşf edib. Bir məsələni də deyim. O, hələ 6 yaşı olanda məhlədəki uşaqların məktəbə getdiyini görüb, evdə deyib ki, mən də məktəbə getmək istəyirəm. Amma hələ dekabr ayında 7 yaşı olacaqmış. Babam Kərbəlayı Ələkbər görüb ki, uşaq ağlayıb özünü öldürür, onu aparır məktəb direktorunun yanına. O da nüfuzlu bir kişi idi, sayılıb-seçilən tacirlərdən idi. Babamın sözünə görə müstəsna hal kimi atamı məktəbə qəbul edirlər. 1931-ci ildə birinci sinifdə oxuyarkən, "Böyüyəndə kim olmaq istəyirsən?" mövzusunda inşada şair olacağını yazıb. O zaman bəziləri buna təəccüblənib, bəziləri isə gülüb. O da evə gəlib, üzüqoylu yatağa düşüb hirsindən ağlayıb, yemək də yeməyib. Sonralar özü danışırdı ki, yaxşı ki, onlar mənə güldülər. Mən inad göstərib özümü sübut etməyə çalışdım. O vaxt da sürücülük hamının maraq göstərdiyi peşə olduğu üçün az qala, sinfin yarısı sürücü olmaq istədiklərini yazıb. Təkcə atamın şair olmaq istəyi qeyri-adi görünüb. Sonradan məktəbin divar qəzeti və pioner qəzetlərində şeirləri çap olunub. Nəbi Babayev imzasını həmyaşıdları arasında fərqləndirməyi bacarıb. İlk şeiri "Günəş" olub. Beləcə, taleyini ömürlük ədəbiyyata bağlayıb.
- Nə vaxtdan Nəbi Xəzri imzasıyla yazmağa başlayıb?
- "Xəzri" təxəllüsünü 1958-ci ildə götürüb. Atam Xəzərin vurğunu idi, o dənizsiz, Xəzərsiz və xəzrisiz yaşaya bilmirdi. Bu sevgini də mənə o aşılayıb. 1958-ci ildən sonra "Xəzri" təxəllüsü ilə şeirlər yazmağa başlayır və Azərbaycan ədəbiyyatında Nəbi Xəzri cığırı beləcə yaranır. Atam, hətta sovet dövründə pasport alan zaman belə, rəsmi soyadının yanına "Xəzri" sözünü əlavə etdirə bilir və bunu hər zaman məmnunluqla xatırlardı.
İkinci Dünya müharibəsi illərində atam - 1942-44-cü illərdə İrəvan şəhəri yaxınlığındakı 45-ci tikinti batalyonunda xidmət edib. 1944-cü ilin sonunda ordudan tərxis olunub. Bakı vağzalında düşüb birinci bacısıgilə gedib. Qapını döyüb içəri keçəndə bibim onu tanımır. Elə bilir ki, çörək, yeyəcək üçün qapını döyən başqa əsgərlərdən biridir. Çünki o zaman əsgərlər evlərə tez-tez gedər, nəsə azuqə alardılar. Bibim tanımayıb deyir ki, "a bala, bayaq gəldin, nə lazım idisə, sənə verdik, indi öz uşaqlarımın boğazından kəsən deyiləm ki?!." O zaman vəziyyət çox çətin olub, talonlarla, uzun sürən növbələrlə bir parça çörək əldə etmək olurdu. Atam heç nə demir, diqqətlə bibimə baxır, bibim nəhayət, onu gözlərindən tanıyır. Heyrətlənir, "ay atamın balası, bu sənsən?! Tanımadım səni", deyib, hönkürtü ilə ona sarılır. Atam da möhkəm kövrəlir. O dərəcədə sınıxmışdı ki, doğma bacısı belə onu ancaq gözlərindən tanıya bilmişdi.
Hərbi xidmətdən sonra atam 1944-cü ildə Azərbaycan Dövlət Radiosunda diktor kimi işə başladı. O zaman radioya Şəmsəddin Abbasov rəhbərlik edirdi. Şəmsəddin müəllim onun səsini dinləyir, deyir, "Nəbi, sənin səsin çox xoşuma gəldi, xəbərlərdən başqa bütün verilişləri sən oxuyacaqsan". O zaman Xırdalana gedib-gəlmək çox çətin idi. Verilişlər isə gecə saat 12-də bitirdi. Atam danışırdı ki, çox vaxt işdə qalmağa məcbur olurdum, taxtaların üstündə yatırdım. Səhər durub görürdüm ki, taxtabitilər üstümə daraşıb. Verilişlər o zaman canlı gedirdi. Bir dəfə muğam konsertinin başlandığını elan edir. Xan Şuşinski oxuyurmuş. Nəbi müəllim konserti elan edəndən sonra gəlir "Azərbaycan" kinoteatrının yanına, orada böyük bir ərzaq mağazası varmış. Orda nahar edir, sonra başı şeir yazmağa qarışır. Birdən baxır ki, konsertin qurtarmağına beş dəqiqə qalır. Özünü qaranəfəs Radio Komitəsinə çatdırır, görür ki, Xan əmi hələ muğamı yekunlaşdırmayıb. İki dəqiqədən sonra muğam bitir, atam konsertin bitdiyini elan edir. O, radioda işləyə-işləyə, eyni zamanda "Ədəbiyyat qəzeti"ndə korrektor işləyirdi. Yaradıcılığının ilk illərində yazdığı "Söz" şeiri onun yaradıcılığında mühüm yer tutur. Sizə deyim ki, XX əsrdə heca vəzninin ən mükəmməl örnəklərini yaradanlardan biri də Nəbi Xəzri idi.
Söz ucaldar bu cahanda insanı,
Əzizləyər bu cahan da insanı.
Vaxt olar ki, bircə anda insanı
Əlli ilin hörmətindən salar söz.
Çalış Nəbi, gecə-gündüz yarat sən,
Bəd sözləri öz sinəndən yar, at, sən.
İnci seçib, dürr toplayıb yaratsan,
Səndən eldə bir nişanə qalar söz.
Nəbi müəllim bu şeiri 1944-cü ildə 20 yaşındaykən yazıb. Danışır ki, radioda işdəydim, dedilər ki, Səməd Vurğun səni axtarır, tez get Yazıçılar İttifaqına. Gəldim Yazıçılar İttifaqına, Səməd Vurğunun qəbuluna girdim. Dedim, "Salam, ustad. Nəbi Babayev mənəm". Səməd Vurğun ona deyir ki, mən sənin şeirlərini oxumuşam, sən çox istedadlı şairsən. Səməd Vurğun bu şeiri oxuyandan sonra gənc Nəbi Babayevi yanına çağırıb, onu təkidlə Yazıçılar İttifaqına üzvlüyə keçirib. Halbuki hələ ilk kitabı çap olunmamışdı. Nəbi müəllim danışırdı ki, mən iki dəfə öz üzərimdə böyük məsuliyyət hiss etmişəm, birinci dəfə məktəbdə uşaqlar mənə güləndə, sonra isə böyük Səməd Vurğun mənə zəmanət verəndə. Anam danışırdı ki, Səməd Vurğun dünyasını dəyişəndə Nəbi evə gəlib hönkür-hönkür ağladı, dedi ki, mənəvi atamız getdi. Biz yetim qaldıq. Mən ilk dəfə idi ki, onu belə hönkür-hönkür ağlayan görürdüm.
- Nəbi müəllim yaradıcılıqla məşğul ola-ola təhsilini də davam etdirirdi. M. Qorki adına Ədəbiyyat İnstitutunu bitirmişdi.
- Ona qədər 1946-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsinə daxil olmuşdu. Sonradan təhsilini davam etdirmək üçün Leninqrada, daha sonra isə Moskvaya Qorki adına Ədəbiyyat İnstitutuna yollanır. Ümumiyyətlə, Rusiya mühiti onun bədii yaradıcılığına çox müsbət təsir göstərdi. Rus dilində 15 şeir kitabının çapdan çıxması bunun əyani sübutudur. 1947-49-cu illərdə Leninqrad Dövlət Universitetində, 1949-52-ci illərdə isə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alıb. Leninqradda oxuduğu zaman qruplarında 19 qızın yanında yeganə oğlan tələbə o olub. Onlardan yaşca böyük olduğu üçün bir dost, qardaş kimi qızları qoruyarmış. Atam danışardı ki, bir gün universitetdə dərslər təzə başlayan zaman onlardan yaşca böyük olan, yuxarı kursda oxuyan iki erməni tələbə qruplarındakı qızların birinə sataşır. Qız acıqlansa da, erməni ondan əl çəkmir. Atam yaxınlaşaraq, erməniyə etiraz edir. Deyir kişi ol, qızı rahat burax. Onun cavabında anlayır ki, hansı millətdəndir. Xatırlayanda deyərdi ki, nə yaxşı ki, o əlimdə ölmədi. Yəni, atam onu o dərəcədə möhkəm döyüb ki, əlindən bir xəta çıxmadığına sonradan özü də sevinirdi. O biri yoldaşı da atam ermənini döyən zaman, təbii ki, qaçıb aradan çıxır. Çünki qorxaqlıq, darmacalda aradan çıxmaq o millətin xislətində hər zaman olub. Atam o hadisədən sonra dərsdən çıxıb yataqxanaya gəlirmiş, elə orada eşidib ki, artıq onu universitetdən xaric ediblər. Sən demə, atamın oxuduğu Filologiya fakültəsinin dekanı milliyyətcə erməni imiş. Odur ki, həmin iki erməni oğlanın şikayətindən sonra cəmi bir saatın içində atamın haqqında təqdimat yazıb, onu universitetdən xaric edirlər. Bu səbəbdən yataqxanaya da buraxılmır və gecəni bayırda skamya üstündə yatır. Səhəri universitetə gələndə qrup yoldaşları olan qızlar deyir ki, "Nəbi, hər şeydən xəbərimiz var, biz sənin arxanda duracağıq, elə günü bu gün rektorun qəbuluna gedəcəyik". Rektorla görüşən qızlar ona deyir ki, "Nəbi rus qızının qeyrətini qoruyub. Buna görə o universitetdən çıxmamalıdır". Bu sözlərdən sonra rektor atamı universitetə bərpa edir. Beləcə, atam təhsilini davam etdirir. 1949-cü ildən Moskvaya, Maksim Qorki adına Ədəbiyyat İnstitutuna gələrkən qızlar ağlayırmış, hamısı atama deyib ki, "bəs, bundan sonra bizi kim qoruyacaq?"
Ədəbiyyat İnstitutunda atam Yevgeni Yevtuşenko, Andrey Voznesenski kimi böyük şairlərlə birlikdə təhsil almışdı. Bu da onun Rusiya ədəbi mühitində yerinin möhkəmlənməsinə səbəb oldu. Atam Bakıya qayıdandan sonra 1952-ci ildən 1958-ci ilə qədər Yazıçılar Birliyində şeir üzrə məsləhətçi vəzifəsində çalışdı. Üç adamın onun ədəbi taleyində böyük rolu olub: Səməd Vurğunun, Mehdi Hüseynin, bir də Şəmsəddin Abbasovun. Rəsul Həmzətovla Nəbi Xəzrinin dostluğuna Səməd Vurğun xeyir-dua vermişdi.
- Yeri gəlmişkən, Qarabağ hadisələri başlayarkən, Nəbi müəllimlə Rəsul Həmzətov arasında inciklik baş vermişdi. Rəsul Həmzətovun məlum çıxışından və "Literaturnaya qazeta"da çap olunan yazısından sonra Nəbi müəllim ona böyük cavab məktubu da yazmışdı. Təəssüf ki, "Literaturnaya qazeta" Nəbi müəllimin cavab məktubunu dərc etmədi. Amma 1996-cı ildə Səməd Vurğunun 90 illiyində Rəsul Həmzətov Bakıya gələndə ilk görüşmək istədiyi insan Nəbi Xəzri olmuşdu.
- Bəli, doğrudur. 1988-ci ildə Qarabağ məsələsi ilə bağlı Qorbaçovun yanında iclas olanda Rəsul Həmzətov qətiyyət göstərmədi. Atam da ondan möhkəm incidi. Həmin kadrlar efirdə göstəriləndə atam böyük təəssüf hissiylə dedi ki, ax, Rəsul, mən səndən bunu gözləmirdim! Onlar möhkəm dost idilər. Rəsul Həmzətov Bakıya gələn kimi birinci bizə gələrdi. Biz də Mahaçqalada onun evində dəfələrlə qonaq olmuşduq. Sonra məlum məsələlərə görə münasibətləri pozuldu. Səməd Vurğunun 90 illiyi keçiriləndə Rəsul Həmzətov ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə bu yubileyə dəvət olundu. O da həyat yoldaşı Patimat xanımla Dərbənddən keçib maşınla Bakıya gəlmişdilər. Bakıya gələn kimi də birinci bizə gəldilər. İki dost uzun müddət bir-birinə baxdı, sonra qucaqlaşıb ağladılar. Beləcə, barışdılar. Sonra atam haqqında çəkilən "Şeir mənim üçün bir kainatdır" sənədli filminin çəkilişləri zamanı Rəsul Həmzətova da müraciət olunmuşdu. O da demişdi ki, mən məmnuniyyətlə dostum Nəbi Xəzri haqqında danışmağa hazıram. Çox gözəl də çıxış eləmişdi.
- Nəbi Xəzri ilə Rəsul Həmzətovun dostluğu nə vaxtdan başlamışdı?
- Onlar 1949-cu ildə Moskvada tanış olmuşdular. Bu tanışlıq da dostluğa çevrilmişdi.
- Nəbi Xəzrinin Azərbaycan televiziyasında da böyük xidmətləri olub. Bu barədə nə deyə bilərsiniz?
- Bəli. Atam 1958-ci ildə Azərbaycan Yazıçılar İttifaqının katibi seçildi. 1965-ci ildə isə Azərbaycan Dövlət Teleradio Komitəsində televiziya üzrə sədr müavini təyin olundu. O zaman Teleradio Komitəsinin sədri mərhum şairimiz Ənvər Əlibəyli idi. Ənvər müəllimlə atam möhkəm dost idilər. Atam danışırdı ki, Ənvər müəllimin qəribə iş metodu vardı, öz sadəliyi ilə işi idarə edirdi. İşçilər ondan utanırdı, işə məsuliyyətlə, vicdanla yanaşırdılar. O vaxt verilişlər efirə canlı gedirdi. Atam televizorun qarşısında oturub diqqətlə baxırdı. Bütün məsuliyyət onun üzərində idi. Bir dəfə necə oldusa, pauza yarandı, efirə ədəbsiz bir söz getdi. Mənim beş yaşım vardı, yadıma gəlir, atam telefonu götürüb Komitəyə zəng elədi və həmin aparıcını möhkəm tənbeh elədi.
- Arzu müəllim, Nəbi Xəzri uzun illər yüksək vəzifələrdə çalışıb. Bəs rəsmi işlər onun yaradıcılığına mane olmurdumu?
- Yox, mane olmurdu. Gün ərzində səkkiz saat yatırdı, günorta nahar fasiləsinə evə gəlirdi, onda da hardasa on beş dəqiqə mürgüləyirdi. Biz 1958-ci ildə şəhərə köçdük. Abdulla Şaiqin indiki ev muzeyində yaşayırdıq. Sonra 1965-ci ildə atama Hüsü Hacıyev küçəsində (indiki Azərbaycan prospektində) ev verdilər. Şəhərə köçməmişdən bir az əvvəl atam "Moskviç"-412 almışdı. İşə də öz maşını ilə gedib-gəlirdi. Şənbə-bazar günləri Xırdalana gəlirdik. Deyirdi ki, mən dünyanın çox ölkələrini gəzib-dolaşmışam, amma mənim üçün dünyanın behişti Xırdalan kəndidir. Çox sevirdi Xırdalanı. Bizim Corat-Novxanı yolunun arasında, Saray massivi deyilən yerdə bağımız vardı, iyun-avqust aylarını da o bağda keçirərdik. Qəribədir ki, həmişə biz bağa köçəndə Xəzri başlayırdı, atam deyirdi ki, bax, görürsünüz, adaşım məni qarşılamağa gəlib. O günlərdə atam vaxtını ancaq yaradıcılığa həsr edirdi. Onun şeirlərinin ilk dinləyicisi biz, ailə üzvləri olurdu.
- Sizin rəyinizi qəbul edirdi?
- Bir dəfə mənim fikrimi qəbul elədi. İyirmi yaşım vardı, mənə bir şeir oxudu, utana-utana dedim ata, bəlkə elə yox, belə yazasan? Fikrə getdi, dedi: "ay sağ ol, sən düz deyirsən" və o misranı dəyişdi. O, son dərəcə duyğusal, böyük ürəkli insan idi. Xatırlayıram, Salatın Əsgərova şəhid olanda sarsılmışdı və bu sarsıntı ona "Salatın" poemasını yazdırdı. Həmin poemanın qonorarını Salatının övladı Ceyhunun adına açılmış Fonda köçürdü. Deyim ki, Nəbi Xəzri on beşə qədər poema yazıb. Sizə deyim ki, atamı "Kiçik təpə" poemasına görə uzun müddət təqib eləmişdilər. İrad da bu idi ki, sən niyə bəy oğlu obrazını müsbət planda vermisən?
Onun poemaları ayrıca bir söhbətin mövzusudur. Mən çox istərdim ki, gənc filoloqlar onun poemalarını tədqiq etsinlər. Məsələn, atam 1994-cü ildə "Atillanın atlıları" poemasını yazıb. Türklüyümüzün tarixi haqqında yazıb. Bu poemanı yazana qədər Atilla haqqında xeyli araşdırmalar aparmışdı, arxivlərdə işləmişdi. O poema çap olunanda tanınmış şairlərdən biri ona zəng vurub demişdi ki, Nəbi, sən işğalçı haqqında poema yazmısan, bu nədir? Atam da ona cavab vermişdi ki, mən işğalçı haqqında yox, böyük türk hökmdarı haqqında dastan yazmışam. Sonra "Peyğəmbər" poeması yazıldı. O poemanın üzərində on il işləyib. Həmin poema Türkiyə Dəyanət Vəfqi tərəfindən çap edildi və atam yüksək qonorar aldı. Atam o qonorarı da şəhidlər fonduna köçürdü. "İki xəzər" poeması var, on bir yaşımda mən o poemanı əzbər bilirdim. 1969-cu ildə "Ana" poemasını yazmışdı. Nəbi müəllimin anasına olan sevgisi son dərəcə böyük idi. Anasının başına pərvanə kimi dolanırdı. Anam danışırdı ki, mən Nəbi kimi anasını sevən övlad görməmişəm. Bu böyük sevgisini də "Ana" poemasında ifadə edib. Anası ona həm ata, həm də ana olmuşdu. Atam hələ doqquz yaşı olanda atasını itirmişdi.
"O uzaq gecə" adlı povesti var, sonra o povest əsasında "Gecə döyülən qapılar" pyesini yazdı. Həmin əsər atamın nəslinin taleyidir. O əsərə görkəmli rejissorumuz Mərahim Fərzəlibəyov Akademik Milli Dram Teatrında quruluş vermişdi. Ondan əvvəl isə atamın "Əfsanəvi yuxular" adlı poeması vardı. Mərahim müəllim atamı həvəsə gətirdi ki, bu poema hazır pyesdir, siz bunu pyesə çevirin. 1985-ci ildə "Torpağa sancılan qılınc" tamaşası da Mərahim müəllimin quruluşunda səhnə həllini tapdı. Bundan başqa, Mirzə Şəfi Vazehin həyatından bəhs edən "Mənsiz dünya" pyesini birlikdə işlədilər. Bu da "Heykəlsiz abidə" povesti əsasında yazılmışdı. Mingəçevir teatrında xaricdə yaşayan azərbaycanlıların həyatından bəhs edən "Qütb ulduzu" tamaşası getmişdi. Sonra yenə Akademik Teatrda "Burla Xatun" dramı hazırlandı. Ulu öndər Heydər Əliyev tamaşaya gəlib baxmışdı və çox bəyənmişdi. Demişdi ki, Nəbi Xəzri çox dəyərli tarixi bir əsər yazıb, mən onun bu xidmətini xüsusi qiymətləndirirəm. Ümumiyyətlə, ulu öndərimiz atamın yaradıcılığına və şəxsiyyətinə həmişə böyük dəyər verib; onun xidmətlərini yüksək qiymətləndirib. 1973-cü ildə atam SSRİ Dövlət Mükafatı laureatını aldı. 1979-cu ildə Əməkdar İncəsənət Xadimi fəxri adını aldı. 1995-ci ildə "Şöhrət" ordeniylə təltif edildi. Bütün bunları ona Heydər Əliyev vermişdi. 2004-cü ildə isə cənab prezident İlham Əliyev atamı "İstiqlal" ordeniylə təltif etdi. Bu günlərdə atamın 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalandı. Bütün bunlara görə ölkə başçısına dərin təşəkkürümü bildirirəm.
Atam 2007-ci ildə dünyasını dəyişdi. Mən möhkəm sarsıldım, onun yoxluğunu heç cür qəbul edə bilmirdim. Amma zaman keçdikcə onun şeirlərini oxuyurdum, sakitləşirdim. Mənə elə gəlirdi ki, o, yanımdadır, onunla söhbət edirəm. İndi də onun üçün darıxanda şeirlərini oxuyuram.
Söhbətləşdi: Kənan HACI
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!