Kamyunun absurd insanı

 

Tarixdə həm yazıçı, həm də filosof kimi iz qoymuş Alber Kamyunun (1913-1960) yaradıcılığında mühüm yer tutan, fəlsəfi və estetik düşüncədə böyük reaksiya yaradan  əsərlərdən biri də 1942-ci ildə - İkinci Dünya müharibəsi zamanı nəşr etdirdiyi "Sizif əsatiri"dir. Bu əsər XX əsrin bir vaxtlar çox dəbdə olmuş absurdizm cərəyanının başlıca qaynaqlarından biri hesab edilir. Əsərdə müəllif absurd anlayışına iki ideal arasında baş verən toqquşma kimi baxırdı. O, insan mövcudluğu ilə insanın öz həyatına məna vermək arzusu arasında ziddiyyət görürdü.  Belə hesab edirdi ki, absurdu əmələ gətirən insanın yaşantılarıdır.  Absurdla qarşı-qarşıya gəlmək isə insanı iki seçimdən birini etməklə üz-üzə qoyur: intihar etmək və ya qəbul etmək: "Tək bircə ciddi fəlsəfi problem var - intihar problemi. Həyatın yaşanmağa dəyib-dəymədiyi məsələsini həll etmək fəlsəfənin ən fundamental sualına cavab vermək deməkdir". 

Kamyuya görə, intihar həyatın yaşamağa layiq olmadığını etiraf etməkdir, absurddan yaxa qurtarmaq üçün ən ibtidai "çıxış yoludur". İntihar dünyada insanın özünü və öz yerini aradan götürməyi təklif edir. Absurdla toqquşma isə məntiqi əsası  olmayan "inanc sıçrayışı" yarada bilir. Kamyu "inanc sıçrayışını" intellektual tənbəllik, yalanın içinə sığınma, həqiqətdən və insan azadlığından geri çəkilmə kimi qiymətləndirirdi. "Mən sövdələşmə imkanının olduğunu bilirəm: öz zamanı içində yaşamaq və əbədi olana inanmaq mümkündür. Bu, qəbul etmək adlanır. Lakin mən bütün sövdələşmələrdən iyrənirəm, mənim tələbim budur: ya hər şey, ya da heç nə".

Kamyu belə hesab edirdi ki, insanın azadlığı və həyata məna vermək imkanı absurdu təsdiq və qəbul etməkdədir. Əgər absurd təcrübə Kainatın təməllərinin absolyutlarından azad olduğunun həqiqi dərk olunmasıdırsa, onda biz də şəxsiyyət olaraq həqiqətən azadıq. "Təvəkkül etmədən yaşamağı" o, absolyutları və universalları obyektiv deyil, subyektiv şəkildə müəyyənləşdirmək üçün başlayan fəlsəfi hərəkət adlandırırdı. Beləliklə, insan azadlığı, təbii insan qabiliyyət və imkanları içində öz mənasını və təyinatını formalaşdırmaq, öz seçimini etmək kimi qəbul edilirdi. Onun təliminə görə, şəxsiyyət bənzərsiz ideallar toplusundan ibarət olduğuna və özlüyündə bütöv bir kainat kimi səciyyələndirilə bildiyinə görə gerçəkliyin daha dəyərli elementinə çevrilir.

Kamyu absurdun fövqünə yüksəlmiş insanları fateh hesab edirdi.

Kamyunun təlimində absurd insan dini və əxlaqi yanaşmadan ayrı götürülür. O öz absurd insanını həm tarixi, həm də müasir fəlsəfi, antropoloji, əxlaqi, dini sxemlərə qarşı qoyur. Onun yanaşmasında "absurd insan" spesifik fəlsəfi konstruksiya təşkil edir.

Absurd insan aydın düşünür və özünün ölümlülüyünü hiss və qəbul  edir. Beşikdən məzara qədər ona bəxş edilmiş azadlığı dərk edə-edə ehtirasla yaşayır.

Kamyu absurd insan davranışlarının əlamətlərini açıb göstərərək onun tiplərini  təsnif edir. Bunlardan birincisi Don Juan, ikincisi komediant, üçüncüsü isə fatehdir.

Təqdim etdiyimiz "Absurd insan" və onun bir hissəsi olan "Donjuanlıq" esseləri Kamyu fəlsəfəsi ilə tanışlıq üçün əhəmiyyətlidir.

Alber Kamyu

Absurd insan

Stavrogin inanırsa, inandığına inanmaz.

İnanmazsa, inanmadığına inanmaz.

Dostoyevski. "Cinlər"

"Mənim fəaliyyət sahəm zamandır", - Höte belə deyirdi. Tam absurd bir sözdür. Bəs absurd insan nədir? Əbədiliyi inkar etməsə də, əbədilik naminə heç bir iş də görməyən insandır. Ona görə yox ki, belə bir həsrət hiss etmir, ona görə ki, cəsarətini və mühakimə yürütmək qabiliyyətini bundan üstün tutur. Birincisi ona şikayətə yer qoymayan yaşamağı, olana qail olmağı öyrədir, ikincisi də öz hüdudlarını göstərir. Azadlığının hüdudlu olduğuna, qiyamının gələcəyi olmadığına və şüurun gəldi-gedərliyinə şübhəsi olmadığına görə fəaliyyətini ömrün ona verdiyi zaman boyunca davam etdirməyə hazırdır. Onun sahəsi budur,  özününkündən başqa hər mühakimədən uzaq tutduğu fəaliyyət yeri buradır. Onun üçün daha uzun ömür başqa ömür mənası daşımır. Bu, düzgün olmazdı. Gələcək nəsillərin mühakiməsi deyilən aldadıcı əbədiyyət haqqında nə deyə bilərik. Madam Roland ona bel bağlayırdı. Bu tələsiklik layiqli cəzasını aldı. Xələflər bu sözləri həvəslə  dilə gətirirlər, amma həmin sözlərə görə onun özünü mühakimə etməyi unudurlar. Axı Madam Roland gələcək nəsillərə qarşı laqeyddir.

Əxlaq üzərində elmi mühakimə yürütmək fikrində deyilik. İnsanların axmaq davranışları çoxlu əxlaqi bəraətlərlə müşayiət olunur mən hər gün görürəm ki, dürüstlüyün qaydalara ehtiyacı yoxdur. Absurd insanın etiraf edə biləcəyi tək bir əxlaq var, bu, Tanrıdan ayrılmayan əxlaqdır: buyuruq verən əxlaqdır. Lakin absurd insanın özü bu Tanrıdan kənardadır. Digər əxlaqlara gəlincə (əxlalqa zidd olanları da nəzərə almaqla), absurd insan bunlarda yalnız bəraət görür, onunsa bəraət veriləcək heç nəyi yoxdur. Mən burada onun günahsızlığı prinsipinə istinad edirəm. 

Günahsızlıq təhlükəlidir. "Hər şeyə icazə verilib", - deyə bağırır Karamazov. Bu sözləri vulqar kimi qəbul etməsək, bunlara da absurd hopub. Yaxşı diqqət verildiyini bilmirəm: "Hər şeyə icazə verilib" bir qurtuluş və sevinc nidası deyil, acı bir təsdiqdir. Həyata məna verən Tanrı inancı cəzasız qalan şər əməlin gücündən daha cazibədardır. Bunların arasında seçim etmək çətin olmazdı. Amma seçim yoxdur, elə buna görə də acı gəlir. Absurd xilas etmir, sərbəst buraxmır, bağlayar. Absurd hər cür əmələ yol vermək deyil. "Hər şeyə icazə verilib" sözü heç bir şeyin qadağan edildiyi mənasını daşımır.  Absurd bütün əməllərin bərabər nəticələr verdiyini göstərir. Absurd cinayət törətməyi tövsiyə etmir (bu, uşaqlıq etmək olardı), ancaq vicdan əzabının faydasız olduğunu göstərir. Təcrübənin bütün formaları fərqsiz olduğundan, vəzifə təcrübəsi də hər bir təcrübə qədər qanunidir.  İnsan istəsə, fəzilətli ola bilər.

Bütün əxlaq təlimləri bir əməlin öz nəticələrinə görə əsaslanması və ya inkar olunması ideyası üzərində qurulmuşdur. Absurda çatmış bir insan yalnız bu nəticələrə arxayınlıqla baxılmasının lazım olduğunu düşünür. O, əvəz ödəməyə hazırdır. Başqa sözlə desək, onun üçün məsuliyyət mövcuddur, günah isə yoxdur. Bundan da çox, o, razıdır ki, keçmiş təcrübə gələcək davranışlar üçün təməl ola bilər. Zaman başqa bir zamanı oyadır, həyat başqa bir həyata xidmət edir. Lakin həyatın özündə, eyni zamanda həm hüdudlu, həm də ehtimallarla dolu olan bu sahədə açıq görüşlülükdən kənarda qalan hər şeyin ona öncədən başa düşülməsi imkansız görünür. Bu ağıla uyğun olmayan nizamdan hansı qayda alına bilər ki?

Ona ibrətamiz görünə biləcək yeganə həqiqət formal səciyyə daşımır; insanların içində canlanır, insanların içində açılır. Ona görə də absurd ağılın axtarışlarının nəticəsi əxlaq qaydaları deyil, insan həyatlarının nəfəsini bizə çatdıran canlı nümunələrdir. Bundan sonra sizə çatdıracağımız bir neçə obraz  bunlardan ibarətdir - onlar absurd mühakimələrə konkretlik və hərarət gətirir.

Hər hansı bir nümunənin təqlid üçün zəruri olmadığını (absurd dünyada, ümumiyyətlə, belə bir şeyin mümkün olarsa), bunların heç də model deyil illüstrasiya olduqlarını deməyə nə ehtiyac var?  Bundan əlavə, mən nümunəvi modellər göstərməyə tərəf deyiləm, bunları göstərmək o dərəcədə gülünc olar ki, biz Russonun kitabından dörd ayaq üstündə yeriməli, ya da Nitsşenin yazdıqlarından anamıza qarşı sərt davranmalı olduğumuz qənaətinə gələk. Müsir bir yazıçı deyir ki, "Absurd olmaq zəruridir, axmaq olmağa isə ehtiyac yoxdur". Tövsiyələr yalnız əkslikləri nəzərə alınanda bir məna qazana bilir. Şüurları eyni dərəcədə aydın olduqda, ştatdankənar poçt işçisi bir fatehə bərabərdir. Bu baxımdan, söhbətin hansı təcrübədən getdiyinin fərqi yoxdur. Əsas odur ki, insana xeyir verir, yoxsa ziyan vurur. Təcrübə dərk ediləndə insana yararlı olur. Yoxsa, bunun sadəcə mənası yoxdur: bir insanın çatışmazlıqlarına görə biz onun həyat şərtlərini deyil, o insanın özünü mühakimə edirik.  

Mən yalnız öz həyatlarını sonadək sərf etməyi qarşılarına məqsəd kimi qoyan (və ya mənim belə hesab etdiyim) qəhrəmanları seçdim. Bundan o yana gedəsi deyiləm. Mən o aləmdən bəhs edirəm ki, həyatlar kimi düşüncələrin də gələcəkdən məhrumdur. İnsanı zəhmətə və fəaliyyətə vadar edən hər şeyin arxasnda ümid dayanır. Elə buna görə də aldatmayan yeganə düşüncə barsız-bəhərsiz düşüncədir. Absurd dünyada hər hansı bir anlayışın və ya həyatın dəyəri barsızlığı ilə ölçülür.

Don Juanlıq

İş təkcə sevməyin başında olsaydı, hər şey son dərəcə sadə ola bilərdi. İnsanlar nə qədər çox sevirlərsə, absurd da bir o qədər güclənir. Don Juanın bir qadını buraxıb o birinə qaçması heç də eşqin yoxluğundan deyildir. Onu heç bir çatışmazlığı olmayan eşq axtaran fanatik kimi təsəvvür etmək də gülüncdür. Ona görə ki, o hər bir qadını eyni alovlu eşqlə sevir və hər dəfə də bütün varlığı ilə sevdiyi üçün bunu təkrarlaması lazım gəlir. Qadınlardan hər birinin ondan heç vaxt heç bir qadına vermədiyini umması da elə bundandır. Qadınlar hər dəfə dərindən aldanırlar, əllərindən gələnsə tək bu olur ki, ona bunu təkrarlamağın lazım olduğunu hiss etdirsinlər. Qadınlardan biri: "Ən sonunda mən sənə öz məhəbbətimi verdim", - deyə qışqırır. Don Juanın buna gülməsində təəccübləniləcək bir şey varmı? "Ən sonundamı? - deyə soruşur. - Yox, növbəti dəfə". Nəyə görə güclü sevmək üçün nadir hallarda sevmək lazım olsun ki?

Don Juan kədərlidirmi? Bu heç gerçəyə yaxın gəlmir. Köhnə kitabları açıb-tökməyə ehtiyac görmürəm. Tarixə də az müraciət edəcəyəm. Gülüş və qalib ədası, pəncərədən atılmaqlar və teatr tamaşalarına vurğunluq - bütün bunlar aydındır və könül açandır. Sağlam olan hər bir varlıq çoxalmağa can atır. Don Juan da belədir. Bununla belə, kədərlilərin kədərli olmaları üçün iki səbəb vardır: ya bilməzlik, ya da ümid etmək. Don Juan hər şeyi bilir və heç nəyə ümid etmir. Don Juan o sənətkarları düşünür ki, onlar öz sərhədlərini tanıyırlar, bu sərhədlərdən kənara çıxmırlar. Dahilik də elə budur: öz sərhədlərini tanıyan ağıl. Fiziki ölümün sərhədinə qədər Don Juan kədər nə olduğunu bilmir. Bildiyi andan sonra da gülməyi tutur və buna görə də bağışlanılır.  Ümidiləri olsaydı kədərlənəcəkdi. Növbəti anda növbəti qadının dodaqları ona qəfildən təkrarsız biliyin acı və təsəlliverici tamını dadızdırır. Bəs bu dad acıdırmı? Çətin ki: yarımçıqlıq olanda xoşbəxtlik də hiss edilmir!

Don Juanda Ekklesiast ("Tövrat"ın biliklər barədə hissələri)  ilə yetişmiş bir insan görməyə çalışmaq böyük nadanlıqdır. Çünki onun üçün bir vəsvəsə varsa, o da başqa cür yaşamaq ümididir. Oyununu göyün özünə qarşı oynaması da bunu təsdiq edir. Həzz içində itirdikləri ilə bağlı peşmanlıq keçirmək ona yaddır, gücsüzlüyün bu ortaq məkanının ona dəxli yoxdur. Peşmanlıq daha çox Fausta yaraşa bilər, Tanrıya, özünü şeytana satacaq qədər çox inanan Fausta. Don Juan üçün hər şey daha sadədir. Molnanın cəhənnəm hədələrini "Mənim ölümümə hələ çox var", - deyə məzələnərək qarşılayır. Ölümdən sonra insanın başına nə gələcəyinin əhəmiyyəti yoxdur, sağ qalmağı bacaranın isə qarşısında hələ uzun günlər var. Faust bu dünyanın nemətlərini istəyirdi; zavallı əlini uzatsa, çatardı. Ruhunu sevindirməyi bacarmayan artıq öz ruhunu satıb. Don Juan isə tam tərsinə edir, doyunca görməyi seçir. Bir qadını tərk edəndə bunu heç də onu istəmədiyi üçün etmir. Gözəl qadın həmişə arzu edilir. Lakin o başqasını istəyir, bu isə eyni şey deyildir.

Həyat istədiklərini artıqlaması ilə verir, onu itirməkdən pis heç nə ola bilməz. Bu dəli, əslində, böyük bir müdrikdir. Ancaq ümidlə yaşayan insanlar xeyirxahlığın  öz yerini səxavətə,  zərifliyin kişiyana susqunluğa, birgəliyin isə təkbaşına cəsarətə verdiyi bu aləmə o qədər də uyğunlaşa bilmirlər. Sonra da hamı deyir: "Zəif, idealist və ya müqəddəs insan budur". Beləcə, yüksəlişi gözdən salmaq lazım gəlir.

Don Juanın sözlərinə və bütün qadınlar haqqında dediyi heç dəyişməyən ifadələrə acıqlanarlar (ya da heyranlıq duyulan şeyi alçaldan bir gülüşlə gülərlər). Lakin sevincdə kəmiyyət axtaran insan üçün əhəmiyyətli olan yalnız təsirlilikdir. Dəfələrlə sınaqdan çıxmış parolları mürəkkəbləşdirməyə dəyərmi? Heç kəs - nə qadınlar, nə də kişilər həmin sözün məzmununa fikir verməz, daha çox sözü tələffüz edən səsə əhəmiyyət verərlər. Sözlər qaydalara, incə, zərif davranış şərtlərinə əməl etmək üçündür, söylənib üstündən keçilir. Ən əhəmiyyətlisi isə bundan sonra ediləcəyidir. Don Juan da əvvəlcədən elə buna hazırlanır. Əxlaqi problem onun nəyinə gərəkdir? Özünü lənətlik eləməsi Manara de Miloşun etdiyi kimi müqəddəs olmaq istədiyindən deyildir. Onun üçün cəhənnəm meydan oxunmağa layiq olmaqdan başqa bir şey deyildir. İlahi qəzəbə qarşı onun yalnız bir cavabı vardır, bu da insan heysiyyatıdır. "Mən heysiyyatlı insanam, - Komandora deyir. - Cəngavər olduğuma görə sözümün üstündə dururam". Lakin ondan  əxlaqsız bir insan yaratmaq da eyni dərəcədə yanlışdır. Bu mənada, o da "hamı kimidir": onunçün əxlaq - öz simpatiya və antipatiyalarıdır. Don Juan yalnız o halda yaxşı başa düşülür ki, daim onun bayağı bir simvol olduğunu nəzərə alasan: o bayağı bir tovlayıcı və qadın düşkünüdür. Bəli, adi bir tovlayıcıdır, tək bircə fərqlə ki, bunu bilir və bildiyinə görə də absurddur. Lakin açıq düşünməsi ilə dəyişən deyildir. Onun işi yoldan çıxartmaqdır.

İnsanın öz halını dəyişməsi və ya olduğundan daha yaxşı olması yalnız romanlarda mümkündür. Burada isə həm heç nə dəyişmir, həm də hər şey başqa şəkil alır. Don Juan keyfiyyətə can atan müqəddəsliyin əksinə kəmiyyət əxlaqına etiqad edir. Şeylərin dərin məna daşıdıqlarına inanmamaq absurd insanın özəlliyidir. O qaynar və heyran obrazların bu başından düşüb o başından çıxır, onları bir yerə cəm eləyir və yandırır. Zaman onunla birlikdə irəliləyir. Absurd insan zamandan ayrılmayan insandır. Don Juan heç də "qadın kolleksiyası" toplamağı düşünmür. O, yalnız kəmiyyətin, kəmiyyətlə birlikdə də özünün yaşamaq imkanlarının axırına çıxır.

Kolleksiya toplamaq keçmişlə yaşaya biləcək vəziyyətdə olmaq deməkdir. Lakin keçmişin həsrəti, ümidin bu forması ona yaddır. Keçmişin portretlərinə baxa bilmir.

Belə olduğuna görə o, eqoistdirmi? Öz tərzinə görə, əlbəttə, eqoistdir. Lakin bu halda hər şey bizim nəyi eqoizm hesab etməyimizdən asılıdır. İnsanlar var ki, həyat üçün yaranıblar, insanlar da var ki, məhəbbət üçün.

Ən azından Don Juan bunu ürəkdən deyərdi. Amma özünün seçə biləcəyi qaydada, sözünü kəsə deyərdi. Çünki eşq haqqında danımarkın, adətən, onu əbəbilik illüziyası ilə bəzəyirlər. Ehtiraslı sevgi bilicilərinin hamısını bizə öyrədirlər ki, yolunda əngəllər olmadan əbədi eşq olmur. Mübarizəsiz ehtiras da olmur. Lakin  eşqin son ziddiyyəti ölümdür. Ya Verter olmalı, ya da heç kim. İntiharın bir çox formaları vardır, bunlardan biri də öz varlığından keçmək və öz şəxsiyyətini unutmaqdır. Bunun duyğuları coşdurucu ola biləcəyini Don Juan heç kəsdən pis bilmir ki, bu, çox həssas məsələdir, lakin o həm də önəmli olanın bu olmadığını bilən nadir insanlardan biridir. Elə bunu da çox gözəl bilir: böyük bir eşqin təsiri ilə hər cür insani həyatdan məhrum olanlar bəlkə də zənginləşirlər, ancaq eşq üçün seçdikləri insanları, heç şübhəsiz, yoxsullaşdırırlar. Bir ananın, eşqli bir qadının ürəyi dünyadan üz döndərdiklərinə görə istər-istəməz daşa dönür. Tək bir duyğu, tək bir varlıq, tək bir üz hər şeyi yeyib axırına çıxır. Don Juan başqa bir eşqlə yaşayır, bu eşq xilas edəndir. Özündə dünyanın bütün üzlərini gizlədir, gəldi-gedər olduğuna görə iztirab verir. Don Juan heçliyi seçmişdir.

Onun üçün məqsəd aydın görməkdir. Bizi başqaları ilə bağlayan şeylərə eşq deməyimiz kitabların və əfsanələrin yaratdığı ortaq görüşə bağlı olduğumuzdan irəli gəlir. Amma məni eşqdə tək bir varlığa bağlayanın bu istək, bu zəriflik və ağıl qarışığı olduğunu görürəm. Bu qarışıq başqası üçün başqa olacaq. Bütün bu halların hamısını eyni adla adlandırmağa mənim haqqım yoxdur ki, mənə həmişə eyni cür davranmağa imkan yaratsın. Absurd insan burada da gücü birləşdirməyə çatmayanları çoxaldır. Beləliklə, ən azından onun üstünə gələnləri xilas etdiyi qədər özünü də xilas edən yeni bir mövcudluq forması tapır. Özünün təkrarsızlığını və gəldi-gedər olduğunu eyni zamanda dərk edən eşq səxavətli eşqdir. Don Juan üçün həyatın gül dəstəsi bütün bu ölümlər və yenidən doğulmalardır. Onun özünü həyata həsr etmək üsulu budur.  Burada eqoizmdən söhbət gedə bilərmi - qərar verməyi sizə həvalə edirəm.

Burada Don Juanın qeyd-şərtsiz cəzalandırılmasını istəyənləri düşünürəm. Başqa bir həyatda deyil, elə bu həyatda da cəzalandırılmasını istəyənləri. Qocalmış Don Juan barədə bütün nağılları, əfsanələri, lətifələri düşünürəm. Amma Don Juan buna əvvəlcədən hazırdır. Dərk edən insan üçün yaşlılıqda da, yaşlanmaqdan xəbər verən əlamətlərdə də gözlənilməz bir şey yoxdur. Ancaq insan özünün qorxusunu özündən nə qədər gizləyə bilmirsə, elə o qədər şüurludur. Afinada qocalar üçün ayrılmış bir məbəd var idi. Buraya uşaqları gətirirdilər. Don Juana nə qədər çox gülürlərsə, onun siması da o qədər aydınlaşır. Buna görə də romantiklərin ona vermiş olduqları görkəmdən imtina edir. Əzab çəkən və ürək dağlayan Don Juana heç kim gülmək istəməz. Bi halda ki, ona insanların yazığı gəlir, məhz onu Tanrı da bağışlayacaqmı? Məsələ başqa cürdür. Don Juanın özü üçün seçdiyi dünyada gülüşə də yer vardır.

O, cəzalanmaya da təbii baxır, oyunun qaydaları belədir. Onun səxavət oyunun bütün qaydalarını qəbul etməsidir. Ancaq haqlı olduğunu, cəzasız qalmayacağını bilir. Tale cəza deyildir.

Onun günahı budur. Ölümsüzlük tərəfdarı olan insanların nəyə görə onun cəzalandırılmasını istədikləri başa düşülür. Onların öyrətdiklərinin hamısını inkar edən, xülyalara qapılmayan bir biliyə çatmışdır. Sevmək və sahib olmaq, fəth etmək və xərcləmək - onun idrak metodu bundan ibarətdir. (Eşqi "idrak" adlandıran Müqəddəs kitabın o mühüm sözündə böyük məna var). Don Juan ona görə illüziyaların qənimidir ki, onları tanımaq istəmir. Köhnə bir tarixçi gerçək "Dəccal"ın dünyaya gəlişinə görə cəzalandırılmayan Don Juanın ifratçılıqlarına, dinsizliklərinə son qoymaq istəyən fransiskenlər tərəfindən öldürüldüyünü qeyd edib. Sonradan göyün onu ildırımlarla vurduğunu yaymışdılar.

Bu qədər qəribə cəzaya heç kim şahidlik etməyib, elə bunun əksini də sübut eləyən olmayıb. Ancaq bunun gerçək olub olmadığı barədə düşünmədən məntiqə uyğun olduğunu söyləyə bilərəm. Bu salnamədən təkcə "doğuş" terminini almaq və sözlər üzərində oynamaq istəyirəm: həyat Don Juanı günahsızlıqla təltif etmişdi, o özünün indiki əfsanəvi günahkarlığını ölümdən almışdır.  

Bəs bu daşdan yonulmuş cəngavərin, düşünmək istəyən qan və cəsarəti cəzalandırmaq üçün yaradılmış bu soyuq heykəlin başqa nə mənası ola bilər? Əbədi İdrakın, nizamın, ümumbəşəri əxlaqın, qəzəblənə bilən bir Tanrının insana yad olan böyüklüyü onda cəmlənir. Bu nəhəng, bu ruhsuz daş Don Juanın hər zaman inkar etdiyi güclərin rəmzindən başqa bir şey deyildir. Cəngavərin missiyası elə bununla da bitir. Göy gurultusu və şimşək çağırılıqları uydurma göy üzünə qayıda bilər. Əsl faciə onların iştirakı olmadan oynanılır. Xeyr, Don Juan daşdan tökülmüş bir əllə öldürülməmişdir. Bu əfsanəvi meyadan oxunuşuna, mövcud olmayan bir Tanrını üstünə qaldıran sağlam insanın bu çılğın gülüşünə mən ürəkdən inanıram.  Ancaq hər şeydən öncə mənə elə gəlir ki, Don Juan cəngavəri Annanın evində gözlədiyi gecə, o gəlmir, gecə yarıdan keçəndən sonra isə bu dinsiz özünün haqlı olmasının dözülməz ağrısını hiss edir. Onun sonda bir monastıra qapandığından bəhs edən həyat hekayəsinə ürəkdən inanıram. Bu hekayənin ibrətamiz tərəfi o qədər də gerçəyə bənzəmir: o, hansı üzlə Tanrıdan sığınmağa yer istəyəcəkdi ki? Burada daha çox başdan-başa absurdla yoğurulmuş bir həyatın məntiqə uyğun sonu, üzünü gələcəyi olmayan sevinclərə çevirmiş bir ömrün sərt məhrumiyyəti ifadə edilir. Həzz tərki-dünyalıqla sona çatır. Bunların eyni medalın iki üzü olduğunu anlamaq lazımdır. Bundan da dəhşətli bir mənzərə gözlənilə bilərmi: bədəninin xəyanətinə uğrayan, vaxtında ölməyib son gününü gözləyərkən tapmadığı Tanrıyla qarşı-qarşıya dayanıb dünyaya xidmət etdiyi kimi ona da xidmət edən insan komediyanın son nöqtəsinə gəlib çatır. Qollarını heç nəyin olmadığını bildiyi və inanmadığı göyə uzadaraq boşluq önündə diz çökmüş bir insan tablosu.  

Don Juanı bir təpə üstündə, kimsəsiz İspaniya monastırlarının bir hücrəsi içində görürəm. Baxdığı bir şey varsa, uçub getmiş eşqlərinin kölgələri deyil, bəlkə də İspaniyanın səssiz bir ovasıdır, özünə bənzər hesab etdiyi, mənzərəli, ruhsuz bir torpaqdır. Burada o özünü tanıyır. Bəli, bu kədərli və parlaq mənzərə üzərində dayanaq. Qaçılmaz olan, lakin arzulanmayan ölüm əhəmiyyət verməyə dəyməyən bir şeydir.

Tərcümə edən: Məti Osmanoğlu

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!