"Mənim ulu babam Məhəmməd xan Vidadinin oğlu, ulu nənəm Pərisultan isə Vaqifin qızıdır" - Azər Turanın təqdimatında Fügən Orkun ilə müsahibə

Hər dəfə İstanbula yolum düşəndə professor İbrahim Yıldırıma baş çəkirəm. İbrahim bəyin Ləvənd səmtindəki evi Azərbaycan havalı bir evdir. İbrahim bəy də, həyat yoldaşı Fügen xanım da əslən Azərbaycan kökənlidirlər. İbrahim bəyin ulu babaları Qərbi Azərbaycandan, Fügen xanımın əcdadları isə Qazax mahalındandır.

Fügen xanımın atası tarixçi Vəli Orkun Türkiyə tarixşünaslığında bilinən imzalardandır.  "Gemlik tarix və coğrafyası", "Sürmeli Çukuru" kitabları əhəmiyyətli elmi araşdırmalar kimi bu gün də türkiyəli tədqiqatçıların  istinad etdiyi mənbələrdəndir.

Fügen xanımın bildirdiyinə görə, Vəli Orkun professor Əhməd Cəfəroğlu, Nağı Keykurun Şeyxzamanlı ilə yaxın dost olub.

Ötən həftə İstanbulda keçirilən kitab fuarının Azərbaycan guşəsini ziyarət edənlərdən biri də İbrahim bəy idi. Görüşdük. Adəti üzrə evinə dəvət etdi. Əvvəllər onun evində bir  neçə dəfə olsam da, bu dəfə gedə bilmədim. Amma o ev hər zaman mənə Azərbaycanın bir parçası kimi əziz olub. Bir dəfə İbrahim bəy məni Əli bəy Hüseynzadənin qızı Feyzavər xanımla bir yerdə dəvət etmişdi. Daha doğrusu, öz maşını ilə Feyzavər xanımın Şişli səmtindəki evinə gəlib bizi əvvəl Qaracaəhməd məzarlığında Hüseynzadənin ziyarətinə, ordan da özünün Ləvənddəki evinə aparmışdı.  Bir dəfə doktor Bəhruz Səfərəliyevlə, bir dəfə tək...

İbrahim bəyin Azərbaycan sevgisi böyük olduğu kimi, onun Azərbaycan qarşısında xidmətləri də çoxdur. Müstəqilliyimizin ilk illərində Türkiyədə tibb təhsili alan azərbaycanlı tələbələr onu yaxşı xatırlayır. Çünki həmin tələbələri seçmək üçün İstanbul Universiteti Azərbaycana İbrahim bəyi göndərmişdi. Birinci Qarabağ savaşının ən ağır vaxtlarında İbrahim bəyin başçılıq etdiyi cərrahlar qrupu  Bakıda təmənnasız olaraq 300-ə yaxın cərrahiyyə əməliyyatı gerçəkləşdirib. Nə vaxtsa Prof.Dr. İbrahim Yıldırım və onun nəsil şəcərəsi barədə kitab yazacaqdım... Rəhmətlik Qənirə Paşayeva da belə bir kitabın yazılmasını çox istəyirdi. İstanbuldan - kitab fuarından qayıdandan sonra kompüterimin yaddaşında bu yazıya rast gəldim. Onu İbrahim bəyə göndərdim ki, ömür-gün dostu Fügen xanım, təxminən, 15 il əvvəl Vedadovlar nəsli barədə danışdığı söhbəti təkrar oxusun. Oxudu... Sabah qəzetimizin bir nüsxəsini İstanbula - İbrahim bəylə Fügen xanıma göndərəcəm...

Azər TURAN

 

Birinizin xatirinə…

 

- Atanız Türkiyədə kifayət qədər tanınan tarixçilərdəndir. Siz isə ixtisasca tarixçi deyilsiniz. Ancaq Vəli Orkunun geni deyəsən, sizi də tarixçi etməkdədir...

- Atam tarix müəllimi idi. Tarixçi-araşdırmaçıydı. Araşdırmaçılıq mənə, düz deyirsiniz, ondan intiqal edib. Mən də soy-kökümüzlə bağlı bir araşdırma yapdım. Araşdırmalarım nəticəsində Molla Vəli Vidadinin atasına qədər gedib çıxdım.

- Firidun bəy Köçərlinin yazdıqlarından bilirik ki, Vidadinin şəcərəsi Səfəvilərə dayanır.

- Vidadinin atası Səfəvi dövlətində önəmli insanlardan sayılıb. Şəmkirə gəlib. Burada böyük torpaq sahələri olub. Sonra da öldürülüb.

- Hansı səbəbdən öldürülüb?

- Bilmirəm. Deyəsən, o dönəmdə məzhəb qovğaları başlanıb. Dəqiq bilmirəm. Amma yəqin ki, o səbəbdən olub.

- Vidadi haqqında Azərbaycanda hər bir kəsin müəyyən bilgisi var. Orta məktəblərimizdə, ali tədris ocaqlarında Vidadi illər boyu Azərbaycan türklərinə tədris olunub. Ancaq Vidadi nəslinin bir nümayəndəsi kimi Sizin onun haqqında danışdıqlarınız, verəcəyiniz məlumat hamımız üçün maraqlıdır.

- Vidadi Şəmkirdə doğulub. Sonra Poyluya gəlib. Poyluda təhsil alıb. Vidadi Poyluda təhsil aldığı illərdə atası öldürülüb. Bundan sonra Vidadi Şəmkirə dönmür, Şıxlıda qalıb müəllimlik edir. Sonra Gürcüstanda gürcü knyazının idarəsində çalışır. Vidadinin üç oğlu olub: Yahya, Məhəmməd və Osman. Yahya gənc yaşında dünyasını dəyişib. Mənim sülaləm Məhəmməddən gəlir. Atamın adı da babamın adıdır - Vəli. Daha sonra əmioğluları ilə aralarında bir anlaşılmazlıq çıxır, böyük dədəm Şıxlıdan Axıskaya gedir...O zaman Axıska türklərin yurduydu. Öz xanlıqları vardı. Böyük bibim, əmilərim, atam Axıskada doğulublar. O zaman sovet dönəminin ilk illərində Axıskada çaxnaşmalar baş verir. Bizimkilər çox böyük torpaq sahibləriydi. Sürüləri, ilxıları vardı. Babamgil görür ki, ruslar erməniləri önə sürərək bu torpaqları işğala başlayır. Babamın iki erməni nökəri olub. Həmin nökərlər bir gün babama xəbər gətirir ki, iki-üç gün sonra ermənilər sizə hücum edəcək. Hamını qırıb-çapacaqlar. Bu zaman babam bütün çoluq-çocuğu toplayıb Türkiyəyə - Ərdəhana gəlir. Bir müddət burada qalırlar. Sonra təkrar geri dönürlər. Fəqət, artıq erməni təcavüzü çox şiddətlənmişdi. Təkrar babamgil 1922-ci ildə Qarsa gəlirlər. Bu arada atamın bibisi - Molla Vəli Vidadinin anasının adını daşıyan Xədicə Ərdəhanın ağası Daşdəmir oğlu adlı biri ilə evlənir. Onun çocuqları da Rusiyada mühəndislik oxumuşdu. O zaman atam 7 yaşındaymış. Qarsda yerləşdikdən altı ay sonra babam vəfat edir. Bunlara Qarsın Azad köyündə torpaq sahəsi verirlər.

- O zaman Qarsda azərbaycanlılar çox idi.

- Həm azərbaycanlılar, həm də bizim qohumlarımızın çox olduğu yerdi. Sonra atamın böyük qardaşı əmim ciftliyin başında qalır. Bibim Türkiyəyə köçməmişdən əvvəl dağıstanlı türk kökənli bir əsgərlə evlənmişdi. O da Zeynalabdin Tağıyevin türklər üçün açdığı Müsəlman Qız məktəbinin ilk məzunlarındandı. Babam təhsil almaq üçün Ərzuruma gedir. Ərzurumda müəllimlik məktəbini bitirir. Kayseriyə göndərilir və burada anamla tanış olur. Evlənirlər. Sonra atam ali təhsil almaq üçün Ankaraya gəlir. Universitetin tarix-coğrafiya fakültəsini tamamlayır. Müəllim olaraq Gemliyə təyin olunurlar. Gemlikdə əvvəlcə qardaşım dünyaya gəlir. Üç il sonra mən doğulmuşam. Sonra İqdıra təyin olunurlar. Mən ilk okulu İqdırda bitirdim. Sonra atamgil işləmək üçün İstanbula köçür. Mən İstanbulda fransız məktəbini bitirdim. Atam çox təşəbbüskar adamdı. O arada Türkiyədə ikinci özəl kolleci qurdu. Bu, ingiliscə təhsil verən bir kollec idi. Mən bu kollecdə ingilis dili müəllimi və müdir yardımçısı kimi görəvə başladım. Daha sonra İbrahimlə tanış olduq. Türkiyə Tələbə Federasionunda bir folklor festivalında tanış olduq. Allahın nəsibiymiş. Evləndik.

Qardaşım İstanbul Universiteti fizika-kimya fakültəsini bitirmişdi. Qalatasaray Universitetində müəllimlik etdi. Qardaşım çox erkən - əlli altı yaşında dünyasını dəyişdi.

Mənim diqqətimi ən çox bir məsələ çəkir: Tiflisdə ilk türk müsəlman məktəbini quran Molla Vəli Vidadinin nəvəsi olub. Həmin məktəb indi də durur. O məktəbdə sadəcə, dini təhsil deyil, dünyəvi elmlər də tədris olunub. İllər sonra isə mənim atam Türkiyədə bir məktəb qurur və bu məktəbdə Qərb dillərində təhsil verilir. Bunu öyrənəndə tüklərim tikan-tikan oldu.. Vidadidən başlayaraq bütün nəslimiz müəllim olub. Fikir verin: atam da, mən də, qardaşım da - hamımız ailəlikcə müəllim olduq. Düşünürəm ki, müəllimlik bizim nəsildə, ailədə genetik bir məsələdir.

- Ot kökü üstə bitər. Kökdə Vidadi dayanır... Fügen xanım, evinizdə Vidadinin hansı şeirini daha çox söylərdilər?

- Nənəm, atam, əmim, bibim hamısı hər zaman "Durnalar"ı əzbər söylərdilər.

 

Qatar-qatar olub qalxıb havaya,

Nə çıxıbsız asimana, durnalar?

Qərib-qərib, qəmgin-qəmgin ötərsiz,

Üz tutubsuz nə məkana, durnalar?

 

Təsbih kimi qatarınız düzərsiz,

Havalanıb ərş üzündə süzərsiz,

Gah olur ki, danə-xuriş gəzərsiz,

Gah düşərsiz pərişana, durnalar!

 

Ərz eyləyim, bu, sözümün sağıdır,

Yollarınız haramıdır, yağıdır,

Şahin-şonqar sürbənizi dağıdır,

Boyanarsız qızıl qana, durnalar!

 

Əzəl başdan Bəsrə, Bağdad eliniz,

Bəylər üçün ərməğandır teliniz.

Oxuduqca şirin-şirin diliniz,

Bağrım olur şana-şana, durnalar.

 

Bir baş çəkin dərdməndin halına,

Ərzə yazsın, qələm alsın əlinə.

Vidadi xəstədən Bağdad elinə

Siz yetirin bir nişana, durnalar.

 

- Evinizdə Azərbaycan mühiti vardımı? Vidadini anladırdılarmı?

- Çocuqluğumda nənəm Azərbaycanı böyük bir həsrətlə anladırdı. Biz çox kiçikdik. Bəzən onun söylədiklərinə inanmazdıq, "bunlar doğrumu?" - deyə düşünərdik. Bizə hekayə kimi gəlirdi. Amma İbrahimlə Azərbaycana gedəndə - Kür nəhrini görəndə, Kür nəhrinin qarşısındakı meşəliyi görəndə o qədər duyğulandım ki... Özümü saxlaya bilməyib, ağladım.

- Uşaq vaxtı inanmadığınız şeylərin doğru olduğunu gördünüz...

- Bəli... Kaş ki, atamgil sağ olaydılar. Kiçikkən yaşadıqları torpaqları görə biləydilər. Kiçik bibimdən başqa heç birinə nəsib olmadı. Həsrətlə getdilər... Özləmlə getdilər həyatdan... Onlar Azərbaycanda hər şeylərini qoyub gəlmişdilər. Təkcə bir sandıq gətirmişdilər. Mən o sandığı xatırlayıram. İçərisində artıq heç nəyə yaramayan əski rus pulları vardı. Əmim və bibilərimin hər birinin doqquz övladı var. Ən az çocuğu olan mənim atamdır.

- Ailənizdə milli gələnəklərimizi yaşadırdınızmı? Azərbaycanın bir parçasıydı Sizin ailəniz.

- Tamamən azəri türkcəsində danışırdılar. İndi 86 yaşı olan bibim hələ də azəri türkcəsində danışır. Onu görsəniz, Azərbaycandan yeni gəldiyini düşünərsiniz. Biz də lap balaca vaxtlarımızdan qulağımız doluydu azəri türküləri, azəri oyunları ilə.

Azərbaycanın bu iki böyük şairi həm ən yaxın dost, həm də qudadırlar. Molla Vəli Vidadi iki oğluna Molla Pənah Vaqifin iki qızını alıb. Məhəmmədlə Pərisultan, Osmanla Mələk evlənib.

- Deməli, şəcərənizin bir qolu da Vaqifə bağlıdır.

- Əvət. Əvvəldə də dediyim kimi, mənim ulu babam Məhəmməd xan Vidadinin oğlu, ulu nənəm Pəri Sultan isə Vaqifin qızıdır.

O zaman Vaqif Qarabağ xanının yanına gedir. Vəzir olur. Şiəliyi qəbul edir. Vidadi Vaqifi məzhəb dəyişdiyi üçün qınayan şeirlər də yazıb.

Bu gün Molla Vəli Vidadinin şeirləri ingilis dilinə də çevrilib. İnternetdə gördüm bunu. Bir ingilis ədəbiyyat araşdırmaçısı Vidadini tədqiq edib, onun bir neçə şeirini ingiliscəyə tərcümə edib. Mən o şeirləri böyük qürur hissi ilə Avstraliyaya - oğluma göndərdim.

- Oğlunuz Avstraliyada yaşayır?

- Əvət.

- Azərbaycanın müstəqilliyi xəbərini necə eşitdiniz? Hansı hissləri keçirdiniz?

- Mənim atam tarix müəllimiydi. Araşdırmaçıydı. Deyərdi: "Bir gün gələcək, mütləqa və mütləqa, Azərbaycan müstəqilliyinə qovuşacaqdır. Bunu bəlkə biz görmərik, amma siz görəcəksiniz. O gün gəldiyi zaman, o buzlar əridiyi zamanda o dəmir pərdə qalxdığında mütləq gedib Azərbaycanı görün". Əslində bu bir vəsiyyət idi. Biz bu hadisəni bəkləyirdik. İngiltərədə yaşadığımız dönəmdə bu olayın yaxınlaşdığını hiss edirdik. Buna görə də Azərbaycanın müstəqilliyə qovuşması bizim üçün sürpriz olmadı. Biz televiziondan bu məsələləri çox yaxından təqib edirdik, izləyirdik. Hələ o zaman Siyasi Büronun başına kim keçəcək məsələsi çox dartışılırdı xarici telekanallarda. Heydər Əliyevin haqqında çox danışılırdı. Hətta onun haqqında ayrıca bir proqram yayınladılar. Dedilər ki, Siyasi Büronun başına keçmək üçün ən real namizəd Heydər Əliyev olsa da, ruslar buna müsaidə etməyəcəklər. Çünki bir türkün bu qədər qüvvətli olmasına rəğmən, Siyasi Büronun lideri olmasına imkan verməzdilər. Bunlar o zaman televizion proqramlarında ardıcıl müzakirə olunurdu.

- İbrahim bəy sizin üçün kimdir?

- İbrahimlə eyni kökəndən oluşumuz, eyni gələnək və görənəkləri paylaşmağımız, eyni yörədən olmağımız çox önəmlidir. Mən İbrahimdən, İbrahim məndən çox şeyləri öyrəndik. Evlilik əslində ortaq dəyərləri paylaşmaq deməkdir. Biz İbrahimlə ortaq dəyərləri paylaşırıq. Eyni şarkılara ağlayırıq, eyni şarkıları dinləyirik.

P.S. Bu söhbətdən neçə il sonra İbrahim bəyi qızımın toyuna dəvət etdim. İstanbuldan Bakıya gəldi. Dostu Misir Mərdanovla, Mahir Alıyevlə birgə toyda iştirak etdi. Və musiqiçilərə öz toyunda oynadığı bir havanı sifariş verib hamını rəqsə dəvət etdi: "Birinizin xatirinə hamınıza qurban mən olum".

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!