Məzar daşlarının satıcısı işləyən, anti-müharibə yazılarına görə təqib olunan... Erix Mariya Remark - “Artsizm”

Dünya ədəbiyyatının, mədəniyyətinin tanınmış nümayəndələrinin həyat və yaradıcılığı, bilinməyən faktlar və təzadlı prinsipləri özündə ehtiva edən yaşam fəlsəfələri ilə oxucuların diqqətini çəkəcək "Artsizm" layihəsinin növbəti portreti məşhur yazıçı Erix Mariya Remarkdır.

XX əsrin görkəmli yazıçılarından biri olan Erix Mariya Remark  1898-ci ilin 22 iyun tarixində Osnabrük şəhərində alman işçi Peter Franz Remarkın ailəsində dünyaya göz açıb. Anası Anna Mariya da etnik baxımdan alman idi. Yazıçı Birinci Dünya müharibəsi zamanı ordu sıralarına qoşulur. Bu vaxt onun cəmi 18 yaşı var idi.

1917-ci ilin 12 iyun tarixində Qərb cəbhəsinə göndərilən gələcəyin məşhur yazıçısı Fransanın şimalında yerləşən Hem-Lenglet departamentinə göndərilir. Remark burada  çox saxlanılmır  və  26 iyun tarixində yenidən xidmət yeri dəyişdirilərək  XV Ehtiyat Piyada Alayına ezam olunur. Torhout və Houthulst məntəqələrinin arasında saxlanılan hərbi birləşmənin tərkibində olan Remark burada düşmən qüvvələrinə qarşı döyüşə atılır.

Remark 31 iyul 1917-ci ildə sol ayağından, sağ qolundan və boynundan yaralanmış və müharibənin qalan hissəsini Almaniyada hərbi hospitalda keçirmişdir. 1918-ci ildə anasının ölümündən sonra onun şərəfinə atasının adını dəyişmişdi. 1919-cu ildə müəllim işləmiş, 1920-ci ilin sonunda isə ruhi xəstələrin müalicə olunduğu  xəstəxanada məzar daşlarının satıcısı, bazar günləri isə musiqi ifaçısı kimi özünü sınamışdır.

Eyni zamanda yazıçı bir müddət sahibkarlıqla məşğul olmuş, lakin uğur qazana bilməmişdir. Daha sonra kitabxanaçı, jurnalist və redaktor kimi fəaliyyət göstərmişdir. "Kontinental Exo" jurnalında aldığı ilk qonorar onun gələcək həyatına böyük təsir etmişdir. Belə ki, yazıçı daha çox yazmaq eşqinə düşmüş və bu işdə daha uğurlu olacağına inanmışdır.

1921-ci ildə "Kontinental Exo" jurnalında redaktor kimi çalışarkən özünə Erix Mariya Remark təxəllüsünü götürmüşdür. 1925-ci ilin oktyabrında keçmiş rəqqasə İlse Jutta Zambona ilə evlənən yazıçı təzadlarla dolu həyatında bir çox qəribə hadisələr yaşamışdır. Jutta uzun illər vərəm xəstəliyindən əziyyət çəkdiyi üçün yazıçı onun xəstəliyini diqqətlə izləmiş, xəstəliyin bütün gedişatını ən xırda detallarına kimi "Üç yoldaş" əsərində təsvir etmişdir. Belə ki, həyat yoldaşı olan Jutta  "Üç yoldaş" əsərində Pat üçün prototip olmuşdur. Yazıçı ilə rəqqasənin evliliyi dörd il çəkmiş və bundan sonra  onlar boşanmaq qərarına gəlmişdi.

Görkəmli yazıçı 1929-cu ildə  iyirmi yaşlı əsgərin nöqteyi-nəzərindən müharibənin vəhşiliyini təsvir edən ən məşhur əsəri olan "Qərb cəbhəsində yenilik yoxdur" əsərini nəşr etdirmişdir. Daha bir neçə anti-müharibə yazıları çap olunan yazıçı  sadə, emosional dildə müharibəni və müharibədən sonrakı dövrü real şəkildə təsvir edərək, qısa zamanda oxucuların diqqətini çəkə bilmişdir.

1930-cu ilin aprelində Amerikada Hollivud kinorejissoru Levis Milestonun "Qərb cəbhəsində yenilik yoxdur" filminin premyerası olmuşdur. Film əsl sensasiya yaratmış və 1931-ci ildə Oskar mükafatını qazanmışdır. Növbəti film nümayişi isə 1979-cu ildə baş tutmuş, filmin rejissoru Delbert Mann olmuşdur. 2022-ci ildə "Qərb cəbhəsində yenilik yoxdur" romanı yenidən alman rejissoru və ssenaristi Edvard Berger tərəfindən lentə alınmışdır. Yazıçının həm sağlığında, həm də ölümündən sonra "Üç yoldaş", "Zəfər tağı" və digər əsərləri də lentə alınmışdır.

1933-cü ildə nasistlər Remarkın əsərlərini qadağan edərək, onun bütün kitablarını yandırmış, onu nifrət və qəzəblə qarşılamışdılar. Nasist tələbələr "Dünya müharibəsi qəhrəmanlarına xəyanət edən cızma-qaralara yox. Yaşasın gənclərin əsl tarixçilik ruhunda tərbiyəsi! Erix Mariya Remarkın əsərlərini atəşə verirəm" şüarları altında hiddətli çıxışlar edərək, yazıçını təqiblərə məruz qoymuşdular. Hətta nasistlər Remarkın guya fransız yəhudilərinin nəslindən olmasını iddia etmişlər və əsl adının Kramer olduğunu elan etmişdilər.

Remarkın ən məşhur əsərlərindən biri də "Zəfər tağı" hesab olunur. Tənqidçilər əsəri antifaşist mövzusunda yazılmış ən yaxşı romanlardan biri kimi təqdim edirlər. Romanda Ravikin şəxsində faşizmin vətəndən didərgin saldığı qaçqınların acınacaqlı həyatı təsvir olunur. Dünyagörüşündəki ziddiyyətə baxmayaraq, Ravik inamını itirmir, faşizmlə təkbaşına mübarizə aparır. Yazıçı qəhrəmanların mürəkkəb daxili aləmini məharətlə aça bilmişdir. Əsər ölkələrə, xalqlara fəlakət gətirən faşizmə dərin nifrət oyadır.

1951-ci ildə Remark Hollivud aktrisası, Çarli Çaplinin keçmiş həyat yoldaşı Paulette Godard ilə tanış olmuşdur. Çarli Çaplinin keçmiş həyat yoldaşı onu depressiyadan sağaltmış və ümumiyyətlə Remarkın özünün dediyi kimi, "ona müsbət təsir etmişdir". Psixi sağlamlığın yaxşılaşması sayəsində yazıçı "Həyat qığılcımı" romanını bitirib ömrünün sonuna kimi yaradıcılığını davam etdirə bilmişdir.

1964-cü ildə yazıçının doğma şəhərindən olan nümayəndə heyəti ona fəxri medal təqdim etmiş, beləliklə, onun yaradıcılığını yüksək qiymətləndirmişdi. Üç il sonra, 1967-ci ildə Almaniyanın İsveçrədəki səfiri ona Almaniya Federativ Respublikasının ordenini təqdim edərək, yazıçıya olan hörmət və ehtiramını bildirmişdi (bu mükafatların verilməsinə baxmayaraq, Remarkın Almaniya vətəndaşlığı heç vaxt ona qaytarılmadı).

Remark spirtli içki aludəçisi idi və bununla da sağlamlığına xələl gətirmiş, amma nə psixikasını, nə də cəmiyyətlə münasibətini pozmamışdı. Yazıçının ancaq zaman-zaman ağrılı cazibəyə müqavimət göstərdiyini onun xatirələri sübut edir:

"İçkisiz və siqaretsiz üçüncü günümdür. Dözümlüyəm, lakin darıxdırıcı günlər yaşayıram. Nə vaxtsa yenə abstinensiyadan vaz keçəcəyəm".

Remarkın həyat, xoşbəxtlik və sevgi haqqında romanlarından bir çox ifadələr sitatlara parçalanaraq aforizmlərə çevrilmişdir. Bəziləri isə elə qorxulu aktuallıq qazanıblar ki, kontekstdən kənarda onların indi yazıldığını güman etmək olar. Onlardan bir neçəsini təqdim edirik:

"Son on il ərzində qulaqlarımız bu təbliğatla o qədər vızıldayır ki, başqa bir şey eşitmək çətin idi və xüsusən də, meydanlarda qışqırmayan şey: şübhə və vicdan səsi idi ("Yaşamaq vaxtı və ölmək zamanı").

"Biz on il ərzində bütün standartları itirmişik, bizdə iyrənc, açıq-saçıq, qeyri-insani və absurd təkəbbür yetişdirilmişdi, biz hamının qul kimi xidmət etməli olduğu ağalar xalqı elan edilmişdik" ("Yaşamaq vaxtı və ölmək zamanı").

"Qansoranların mənəviyyat haqqında danışmağı nə qədər çox sevməsi təəccüblüdür" ("Zəfər tağı").

1968-ci ildə yazıçının yetmiş illik yubileyində yaşadığı Askona şəhəri onu fəxri vətəndaş elan etmişdi. Remark  25 sentyabr 1970-ci ildə Lokarno şəhərində vəfat etmiş və Tiçino kantonunda İsveçrənin Ronko qəbiristanlığında dəfn edilmişdir.

 

Hazırladı: Tural CƏFƏRLİ

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!