- Sizi məhsuldar yazıçılar kateqoriyasına aid etmək olar. Özünüzü məcbur edib yazdığınız mətnlər olubmu? Yoxsa, bütün hallarda əsərlərinizi həvəslə yazmısınız? Və yazanda mütləq masada çay və ya qəhvə, siqaret olmalıdırmı?
- Heç vaxt hansısa yazımı məcburiyyət sayəsində yazmamışam. Bəlkə bir-iki yubiley təbriki istisna olmaqla. İşləyəndə yazı masasından bir an da aralanmıram. Nə çay, qəhvə yada düşür, nə siqaret.
- Təsəvvür edin, Nabokov "Lolita" romanını yazmayıb və bu əsərin ideyası, süjet xətti sizin beyninizdədir. Eyni zamanda əminsiniz ki, məlum mövzuda əsər yazmaq sizə dünya şöhrəti gətirəcək. Belə bir romanı yazardınızmı?
- İlk gənclik yaşlarımdan bu günə qədər heç vaxt dünya şöhrəti barədə düşünməmişəm. Ədəbiyyatı dünya şöhrəti qazanmaq üçün istifadə etmək ədəbiyyatı öz-özlüyündə yetərincə sevməməkdir.
- Hansısa əsərinizi yazan zaman qəhərlənmisinizmi, gözləriniz dolubmu? Nədənsə, məndə bir əminlik var ki, bu, "Sizsiz" memuar romanını yazanda baş verib. Belədirmi?
- "Sizsiz" haqda dedikləriniz bəlkə də doğrudur.
- "Qurbanəli bəy" əsərinə görə, Həmidə xanımın qohumları az qala, Cəlil Məmmədquluzadəni öldürmək istəyirdi, Həmidə xanım həyətə çıxıb öz qohumlarını birtəhər sakitləşdirə bilmişdi. Hansısa əsərinizlə bağlı bu cür də olmasa, prototiplərlə problem yaşamısınızmı?
- Heç vaxt belə problemlərlə rastlaşmamışam.
- Sizi bədii yaradıcılıq kontekstində tənqid edənlər əsasən, "quru dil" və ya "məqalə dili" məsələsini vurğulayır. Məsələn, sizin "Macal" povestində məqalə üslubunda yazılmış cümlələrə rast gəlinir, hərçənd, qüsur sayıla biləcək bu məqamlara baxmayaraq, əsər yetərincə uğurlu alınıb və bildiyimcə, Azərbaycan ədəbiyyatında modernizm cərəyanının ilk uğurlu nəsr əsərlərindən biri sayılır. Siz "Macal"ı yenidən yazası olsaydınız, bir də, redaktə edərdinizmi?
- Kimin və ya kimlərinsə bədii dilimin "quru" və "məqalə dili" saymasını ilk dəfə sizdən eşidirəm. "Macal" haqqında Azərbaycanda, Türkiyədə, Rusiyada o qədər əsəri yüksək qiymətləndirən yazılar çıxıb ki, belə bir iradın hansı bədxahın tərəfindən deyilməsi (əgər doğrudan da, deyibsə) məni əsla maraqlandırmır.
- Öncəki sualdan doğan başqa bir sual: bir əsərin redaktəsinə ortalama, nə qədər vaxt ayırırsınız?
- Məncə, bu əsərin heç bir yeni redaktəsinə ehtiyac yoxdur.
- Bir neçə müsahibənizdə böyük rejissor İlya Averbaxla dostluq etdiyinizi söyləmisiniz. Averbaxla bağlı sənədli filmlərdən birində bu adamın snob olduğunu deyənlər var. Bu rejissorla harada, necə tanış olubsunuz? Onunla hansısa maraqlı epizodlar yadınızda qalıbmı? Və bu rejissorun ən çox hansı filmini sevirsiniz?
- İlya Averbaxla 1962-1964-cü illərdə Moskvada Ali Ssenari kurslarında eyni emalatxanada oxumuşuq. İkimiz də oranı ssenarist diplomuyla bitirmişik. Sonralar İlya rejissor kimi fəaliyyət göstərdi. Mən də rejissor kimi öz ssenarilərim əsasında üç film çəkdim. Kurslarda İlya mənim ən yaxın dostlarımdan idi. Tibb təhsili alsa da, ədəbiyyatı, sənəti, o cümlədən, kino sənətini mükəmməl bilən, son dərəcə maraqlı şəxsiyyət idi. Kursdan sonra da Moskvada, Leninqradda, Bakıda dəfələrlə görüşmüşdük, məktublaşırdıq. Filmlərindən ancaq "Özgə məktubları" görmüşəm.
- Dünya, ya Azərbaycan ədəbiyyatında kimi ciddi nasir qəbul edirsiniz, amma estetik baxımdan o, sizə yaddır?
- Ad çəksəm, uzun bir siyahı alınar. Amma əlbəttə, böyük yazıçılar arasında da mənə çox yaxın, yaxud çox uzaq olanlar az deyil.
- İyirmi ilə yaxın atam sizin baş redaktor olduğunuz "Qobustan" jurnalında işləyib. Onun jurnaldakı fəaliyyətini necə xatırlayırsınız?
- Atanız Azər Abdullanı ən xoş hisslərlə xatırlayıram. Ona münasibətimi vəfatından sonra yazdığım "İlk "Qobustançılardan" sonuncusu" yazımda ifadə etmişəm.
- Artıq süni intellekt vasitəsilə hekayələr, romanlar yazılır. Sizcə, bu, gerçək yaradıcılıq, əsil ədəbiyyat üçün təhlükədirmi?
- Məncə, hər bir elmi, ya texniki tərəqqi hardasa əsil sənətə, ədəbiyyata təhlükədir. İnternet də, klip estetikası da, telefon "erudiyası" da. Sənətin, ədəbiyyatın mayasında sevgi dayanır. Süni intellekt sevə bilərmi? Olsa-olsa, məhəbbəti imitasiya edəcək.
Söhbətləşdi: Alpay AZƏR
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!