"Heç təsəvvür etmirdim ki, "Vegetarian" kitabının bu qədər oxucusu olacaq" - Son Nobel mükafatçısı Han Kanq

"Vegetarian" kitabı ilə Beynəlxalq Buker Mükafatını qazanan Han Kanq müsahibələrindən birində mükafatı qazananda hansı hissləri keçirdiyindən, romanın bütün dünyada necə qarşılandığından və insan olmağın nə demək olduğundan danışıb. Həmin müsahibənin əsas hissələrini təqdim edirik.

- 2016-cı ildə Beynəlxalq Buker Mükafatının qaydaları dəyişəndən sonra ilk qalibi siz oldunuz. Qalib olmaq necə hiss idi və bu sizin üçün nə demək idi?

- 2003-2005-ci illər arasında "Vegetarian" əsərini yazdım, 2007-ci ildə bütöv roman kimi nəşr etdirdim. Çap olunmasından 10 ildən çox vaxt keçəndən sonra Beynəlxalq Buker Mükafatını qazanmağın olduqca qəribə (yaxşı mənada) olduğunu düşünürəm. Mükafatı qazandıqdan sonra digər əsərlərim, o cümlədən, "İnsanların əməlləri", "Ağ kitab" və "Yunan dərsləri", həmçinin ən son romanım "Biz ayrılmırıq" bir neçə dilə tərcümə olunub və ya tərcümə olunmaqdadır. Beynəlxalq Buker Mükafatına əsərlərimin müxtəlif mədəniyyətlərdə daha geniş oxucu kütləsinə çatmasında əvəzsiz xidmətlərinə görə minnətdaram.

- Siz, həm də mükafata namizəd olan və qazanan ilk koreyalı oldunuz. Qələbəniz nəticəsində Koreya fantastikasının daha çox tanındığını hiss edirsiniz, yoxsa, bu, beynəlxalq aləmdə belə görünür?

- O vaxtlar artıq əsərləri ingiliscəyə tərcümə edilmiş Kim Haysun kimi əla koreyalı şair və yazıçılar vardı. İndi daha çox koreyalı yazıçıların əsərləri xaricdə tərcümə edilib nəşr olunur. Son illərdə Koreya ədəbiyyatı ilə məşğul olan tərcüməçilərin sayı kəskin şəkildə artıb - bu fenomeni Koreya kinosu və pop musiqisinin qlobal uğuru ilə də əlaqələndirmək olar.

- Roman 1997-ci ildə yazdığınız "Qadınımın meyvəsi" adlı qısa hekayəniz əsasında yazılıb. Bunu böyük bir romana və ya üç hissədən ibarət hekayəyə çevirməyə sizi nə ilhamlandırdı?

- "Qadınımın meyvəsi"ni yazdıqdan sonra nə vaxtsa bu hekayənin variasiyasını yazacağıma ümid edirdim. Yalnız iki böyük roman yazdıqdan sonra üçüncü romanım olan "Vegetarian"da bunu edə bildim. Xüsusilə, "Vegetarian"ın birinci hissəsi orijinal qısa hekayənin bir çox rəsmi izlərini özündə saxlayır. Məsələn, ər mənasız söhbətlər edən adam obrazını öz üzərinə götürür və qadın qəhrəmanın "səsi" yalnız müəyyən yerlərdə, yuxuda və ya anasına ünvanlanan monoloqlarda görünür. Bitkiyə çevrilən və ya bitki olmaq istəyən qadın haqqında bu iki hekayə arasında fərq qaranlıq, ehtiras və intensivlik səviyyəsindədir. "Vegetarian" daha qaranlıq, daha ağrılıdır. "Qadınımın meyvəsi" əsərindəki kimi fövqəltəbii heç nə baş vermir və personajlar qəddar reallığın ortasında öz əzabına qərq olurlar. Digər fərq isə romanın qəhrəmanının bacısının olmamasıdır ki, bu da qəribə özünütənzimləmə hissi yaradır.

- "Vegetarian" 20-dən çox dilə tərcümə edilib. Müxtəlif ölkələrdə romana reaksiya fərqli olub və bu reaksiyalardan hər hansı biri sizi təəccübləndiribmi? Fərqli yerlərdə fərqli oxucu kütləsini (məsələn, gənc oxucular) cəlb edib və ya fərqli şəkildə rezonans doğurub?

- Müxtəlif mədəniyyətlər və nəsillər arasında təfsirdə incə fərqləri görmək maraqlıdır, lakin məni daha çox təəccübləndirən romanın ümumiyyətlə qəbul edilməsidir. Məsələn, hər yerdə qadın oxucular tərəfindən çox yaxşı qəbul edilib və başa düşülüb.

- İngilis dilində nəşri üçün kitabın tərcüməçisi Deborah Smis ilə işləmisiniz (Smis Koreya dilini özü öyrənib və bu, onun tərcümə etdiyi ilk kitab idi). Digər dil tərcümələri ilə müqayisədə bu təcrübə necə idi? Bəs, tərcümə ətrafında hansısa səviyyədə mübahisə yarananda necə hisslər yaranırdı?

- Çoxlarının ifadə etdiyi narahatlığın əksinə olaraq, mən tərcüməçinin bilərəkdən orijinalı korladığına, orijinaldan tamamilə fərqli yeni əsər yaratdığına inanmıram. Səhvlər düzəldilir və tərcümə öz təbiətini qorumaqla son dərəcə çətin və mürəkkəb akt olaraq həyata keçirilir. Lirizm, ritmlər, poetik gərginlik, incəlik, qatlı mənalar, gedişatın dərin mədəni konteksi - yalnız o dildə mümkün olan hər şey - tərcümə edildiyi dilə keçəndə istər-istəməz itir. İstənilən tərcüməçi üçün çətin vəzifə bu qaranlıq itki tunelindən keçmək və orijinal mətnə mümkün qədər sadiq qalmaq üçün ən yaxın ekvivalentlər və ya analogiyalar tapmaqdır.

"Vegetarian"ın ingiliscə versiyası ilə "Qranta Buks" mənə ilk nüsxəsini göndərəndə tanış oldum. Mən o vaxt "İnsan əməlləri"ni yazmağa o qədər aludə olmuşdum ki, düzünü desəm, lüğətdə söz axtarmadan tərcüməni oxumağa, təxminən, üç-dörd saat sərf etdim. Arada bir neçə səhv gördüm və onlar haqqında Debora ilə bir neçə e-poçt müzakirəsi (mübadiləsi) apardım. "Vegetarian"ın tərcüməsində iştirakım bununla tamamlandı. Bununla belə, 2015-ci ildə Debora "İnsan əməlləri" üzərində işləyərkən mən başqa heç nə yazmırdım, ona görə də onunla daha dərin dialoqa girmək üçün rahat vaxt tapdım. Debora 2017-ci ildə "Ağ kitab"ı tərcümə edəndə o və mən əlyazmanı orijinal mətnlə cümlə-cümlə müqayisə etdik. Sonralar "Vegetarian"ın tərcüməsi ətrafında qızğın mübahisə başlayanda mən istərdim ki, "İnsan əməlləri" kitabında olduğu kimi tərcüməni nəzərdən keçirməyə çox vaxt sərf edim. Əslində, bəlkə də mən bir ekspertə tapşırmalıydım ki, onu cümlə-cümlə orijinalla müqayisə etsin.

Mübahisə, iki arqumentin çaşdırıcı şəkildə bir araya gətirilməsi kimi görünür. Birincisi, səhvlər edildiyi üçün səhv tərcümə edilmişdi. Çin simvollarının səhv tərcümələri vardı, hansı ki, eyni səhvlər koreyaca da tez-tez edilir. 2017-ci ildə Debora səsləndirilən müxtəlif məqamlara əsaslanaraq 67 düzəliş etdi. 2018-ci ildə yenidən çap edilmiş "Vegetarian"ın Böyük Britaniya və ABŞ nəşrləri, eləcə də ingilis dilindən tərcümə edilmiş nəşrləri bu düzəlişlər əsasında yenidən işlənib. Fürsətdən istifadə edərək, tərcümədə səhvlər tapan və mənə e-poçt göndərən hər kəsə təşəkkür etmək istəyirəm.

İkinci mübahisəli məqam tərcümənin orijinal mətndən nə dərəcədə kənara çıxmasıdır. Burada problem ondandır ki, səhv tərcümələr bu arqument üçün sübut kimi istifadə edilib. Məsələn, Koreya dilində "cheohyeong" sözü birinin arvadının böyük bacısına deyilir, lakin sözün birinci hissəsi (cheo) "arvad", ikinci hissəsi (hyeong) isə "böyük qardaş" mənasını verdiyi üçün bu dili öyrənməyə yeni başlayanlara çaşqınlıq yarada bilər və bu sözü arvadının böyük qardaşı kimi tərcümə edə bilərlər. Nəticədə yaranan səhv tərcüməçinin personajları dəyişdiyi barədə yanlış təsəvvürə səbəb olar. Həmçinin, ingiliscə tərcümədə orijinal mətnin təxminən, yarım səhifəsi yoxdur, mən başa düşürəm ki, bu, naşirin qərarıdır. Tərcüməçi hər cümləni səylə tərcümə edib.

- Ümumiyyətlə, kitabınız haqqında çox yazıldı. Tənqidləri oxumaq necə hissdir?

- "Vegetarian" cavab verməkdən daha çox sual verən bir romandır. Ona görə də müxtəlif çevrələrdə müxtəlif cür qəbul edilib başa düşüldü. Təbii ki, bu, maraqlı və gözəl vəziyyətdir.

- Tənqiddə təbii ki, müxtəlif rakurslar var idi. Amma kitabın "koreyalığı", onun Koreya ədəbiyyatının bir parçası olduğu həmişə vurğulanıb. Sizcə, bu "Koreya" kitabıdır, yoxsa ümumbəşəri?

- Romanın bir neçə qatı var. Onun ortaya çıxardığı ən mühüm sual, insanın təcəssüm etdirdiyi zorakılığı tamamilə rədd edib-etməməsidir. Normallıq və çılğınlıq təriflərimiz ətrafımızdakı insanları necə başa düşməyə imkan verir? Yoxsa, necə, qeyri-mümkün edir? Bu sual da müxtəlif təbəqələrlə üst-üstə düşür. Bu tip suallar ümumbəşəri xarakter daşıdığından, məncə, onları yalnız bir ölkənin mədəni elementləri ilə məhdudlaşdırmaq olmaz. "Vegetarian"ı yazarkən, mən bir ölkə deyil, insanlıq haqqında sual vermək istəmişəm.

- Kitabın tez-tez koreyalılara aid olduğunun vurğulanması sizi narahat etməlidir onda, elədir?

- Əlbəttə. Koreyanın patriarxal quruluşu vasitəsilə bu romanı anlamağa çalışsaq, dar və sadə bir çərçivə açmış olarıq. Biz də çoxlu qatları itirərik. Bu romanda mütləq qadın səsi var. Səssiz bir qışqırıq. Amma bunu bir neçə qatla birlikdə oxusaq, daha yaxşı olar.

- "Vegetarian" üç ayrı hekayə şəklində yazılmış romandır. Əvvəldən belə planlaşdırılmışdı?

- Mən bunu əvvəldən bir roman kimi düşünürdüm.

- Bəs niyə hissə-hissədir?

- Koreyada ədəbi jurnalların ənənəsi çox güclüdür və bir çox ədəbi jurnallar fəal şəkildə nəşr edilir. Mən bir yazıçı kimi bu jurnalları dəyərləndirmək istədim. Fəsilləri müxtəlif ədəbi jurnallarda dərc etdirdim. Çox fərqli rəvayətçilərlə özünəməxsus səsi, özünəməxsus ab-havası olan fəsillərlə əsəri yaratmaq istədim.

- Bu, Koreyada ənənədirmi?

- Koreyada da belə hal nadir hesab olunur, lakin mümkündür. Eşitmişəm ki, başqa ölkələrdə romanı mənim kimi nəşr etməmişdən əvvəl ədəbi jurnallarda fəsil-fəsil çap etmək mümkün deyil, qeyri-mümkündür, yəni.

- Bu günlərdə nə yazırsınız? Başqa trilogiya olacaqmı?

- Bəli, yenə trilogiya yazıram. Baxmayaraq ki, bu "Vegetarian"dan tamamilə fərqli bir roman olacaq. Əslində, hələ tamamlanmamış bir romandan danışanda çox diqqətli olmalısan. Mən də yazdığım bir kitabı tetralogiyaya çevirib, əvvəl yazdıqlarımı tamam silib, yenidən başqa bir şey yaza bilərəm. Hər halda, hazırda trilogiyanın ikinci hissəsini yazmaqda çətinlik çəkirəm.

- Bir gün avtobus dayanacağında gözləyərkən, bir ağaca söykəndiyinizi, sonra bu kitabı yazmağa qərar verdiyinizi deyirsiniz. Bu halda biz şəxsi hekayə oxuyuruqmu? Burada yazmaq aktı şəxsi aktdırmı?

- Şeir, hekayə və roman... Mən hər üç janrda yazıram. Mənim üçün şeir daha çox şəxsidir, çünki o, dillə daha dərindən bağlıdır. Hekayələr də şəxsidir, amma şeir qədər deyil. Hekayələr mənə dəhliz kimi açılır, yazarkən şəxsi ölçüdən çox, insanlıq haqqında fundamental suallara diqqət yetirirəm.

- Bu kitabı ağaca toxunduqdan sonra yazmağınız məni düşündürür ki, bitkiyə çevrilmək istəyi baş qəhrəman Yonqhe qədər sizə də aid ola bilər. Sanki bu romanda Han Kanqdan daha çox şey var...

- Xeyr, mənim bitki olmaq həvəsim yoxdur. Mən iddia etmirəm ki, hamımız bitki olmalıyıq. Düşünürəm ki, biz insan olaraq həyatımızı davam etdirməliyik. Ancaq bu romanda həm sual, həm də təşbeh var. Yəni insan olmağı o qədər də istəməyən qadın var və o qadının seçimi o qədər qətidir ki, ölümdən belə qorxmur. Onu başa düşə bilən adam da yoxdur. Ona görə də o, qəribə və ifrat təşbehdən istifadə edir və oxucunu insan haqqında birgə düşünməyə dəvət edir.

- Yonqhe personajı kitabın mərkəzindədir. Amma o, həmişə başqasının dili ilə təqdim edilən xarakterdir. Onun səsi yoxdur. Həmişə bir dil, səs axtarışındadır. Niyə?

- Mən qəsdən Yonqheyə səs vermədim. Onu üç fərqli rəvayətçi müşahidə etdiyi üçün oxucular onun həqiqətini ziddiyyətli ifadələr və təsvirlər arasında birləşdirməli və təsəvvür etməlidirlər. Onu səsi ilə təsvir etməkdənsə, təsəvvür edilən reallığın gücü ilə oxucularla görüşmək istədim.

- Bu romanın müxtəlif qatlarında qadın səsi var. Yonqhenin istəyini cinsi istək kimi görə bilərikmi? Yonqhenin ağrısı, məruz qaldığı zorakılıq, yoxsa məsumluğu qadınlığa xasdır?

- İnsanlığın bütün zorakılıqlarını rədd etmək üçün ət yeməyi dayandırmaq, özünü xilas edəcək bir bitkiyə çevriləcəyinə inanmaq və buna görə də həqiqətən, ölümə yaxınlaşmaq ironiyasını yaşamaq... Belə bir xarakter təsəvvür edəndə ona ən uyğun olanı bir qadındı. Şəxsən mən ümumbəşəriliyi qadın kimliyindən ayırmaq cəhdinin əleyhinəyəm. Təbii ki, ümumbəşəri olmaq və eyni zamanda qadın səsinə sahib olmaq mümkündür. Məsələn, mənim yazıçı kimliyimlə qadın kimliyim arasında heç bir ziddiyyət yoxdur.

- Bitkiyə çevrilməyi xəyal edəndə; içimizdə artıq mövcud olan bir şeyi üzə çıxarmaqdan, yoxsa özümüzə yeni forma verməkdən danışırıq? Başqa sözlə, hamımızın içində yaşayan bir bitki varmı?

- Bu romandakı bitki başqa varlıqlara zərər vermədən yaşaya bilən yeganə canlı olmasında öz yerini tapır. Daş, şüşə və torpaq yeyərək belə sağ qala bilərik. Yaşamağımız bir şeyə zərər verdiyimizin sübutudur. Zorakılıq hər yerdə baş verən bir şeydir. Yonqhe bu həqiqətə dözə bilmir və öz həyatı ilə məsumluğa və sağlığa nail olmağa çalışır. Düşünürəm ki, içimizdə az və ya çox da olsa, belə bir məsumluq var. Bunu içimizdəki bitki də adlandıra bilərik.

- Sizcə, Yonqhe tamamilə günahsız və saf varlıqdır? İçində zorakılıq yoxdur?

- Yonqhe tamamilə məsum, saf varlıq deyil. O, zorakı varlıq da deyil. O, həyatını zorakılığı tamamilə rədd etməyə həsr etmiş bir insandır. Zorakılıqdan müqəddəsliyə, alçaqlıqdan ucalığa qədər insanlıq spektrini müşahidə edərək, insanlığın bir üzvü olduğu ilə qarşılaşan və əziyyət çəkən biridir.

- Vegetarianlığı həm də bəşəriyyəti dünyanın mərkəzində görənlər üçün "oyanma" çağırışı kimi qəbul etmək olar?

- Şərq fəlsəfəsində insan təbiətə hakim olan və ya təbiətin mərkəzində olan varlıq deyil. 20 yaşıma qədər fəlsəfi olaraq Buddizmə dərindən diqqət yetirdiyim üçün bu düşüncə tərzi məndə kök salıb. Düşünürəm ki, bu fikir bu kitabda öz əksini tapıb.

- Kitabı niyə Yonqhenin təcili yardımdan qəzəbli baxışlarla baxdığı səhnə ilə bitirirsiniz? Bu səhnəni kitabın özündə birləşdirib büllurlaşdığı səhnə kimi görmək olarmı? Zorakılıq, məsumiyyət, dəlilik, ağıllılıq və insan bədəni...

- Son səhnədə Yonqhenin böyük bacısı İnhe, sanki cavab gözləyirmiş kimi, nələrəsə qarşı çıxır kimi pəncərədən çöldəki ağaclara baxır. Bu baxış belə bir sual doğurur: gözəlliyin zorakılıqla iç-içə olduğu bir dünyanı qucaqlayarkən bəşəriyyət nə qədər uzağa gedə bilər?

 

Hazırladı: Nilufər Hacılı

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!