"Terrorizm əslində, müharibənin övladıdır" - Gənc bolqar yazıçı Yoana Valçeva ilə müsahibə

Yoana Valçeva müasir bolqar yazıçısıdır. Real hadisələrdən ilhamlanaraq yazdığı "Vicdan" ("Scvest", 2016), "Peqol" ("Peqol", 2017) və "Ayın elçisi" ("Pratenik na polumeseüa", 2020) kimi 3 romanın müəllifidir. O öz yazdığı janrı romantik triller kimi təqdim edir.

Onun kitabları əhatə etdiyi maraqlı və aktual mövzularına, dinamikasına və valehedici yazı üslubuna görə qısa müddətdə bolqar oxucularının sevimlisinə çevrilib. Bolqrıstanın Haskovo şəhərində yerləşən Regional Kitabxananın 2023-cü il üçün dərc etdiyi məlumatlara görə, Yoana Valçeva ən çox oxunan bolqar müəlliflərinin TOP 10-luğuna daxil olub. 2024-cü ildə onun "Ayın elçisi" romanı dünyanın ikinci ən böyük kitab sərgisi olan London Kitab Sərgisində iştirak edib. Elə həmin il roman İsveç nəşriyyatı "Lind&Co" ilə birgə audio formatda buraxılıb. "Storytel" platformasında yayımlandığı ilk həftədən bu yana "Ayın elçisi" bolqarca dinlənən kitablar arasında ilk 50-likdə yer alıb və iki ay boyu bu sıralamada qalmağa davam edib.

2025-ci ildə tərcüməçi Maya Stoilovanın tərcüməsində "Ayın elçisi" romanı ingilis dilində yayımlanacaq.

Bolqarıstanın gənc ən perspektivli yazıçılarından biri hesab olunan Yoana Valçevanın Türkiyə mətbuatında yayımlanan müsahibəsini təqdim edirik.

 

- İlk növbədə müsahibə təklifimizi qəbul etdiyiniz üçün təşəkkür edirik. Yazmağa necə başladınız? Yazmaq sizin üçün nə deməkdir?

- Mənim yaradıcılıq yolum çox maraqlı və qeyri-adi şəkildə başlayıb. Düşüncələrimi və hisslərimi ifadə etmək üçün gənc yaşlarımda yazmağa başlamışam, lakin heç vaxt bunu çox ciddi qəbul etməmişəm. Yazmağı ancaq hobbi kimi görürdüm. Bu, gənc, yeniyetmə ruhum üçün bir müalicə növü idi. Heç vaxt yazıçı olmağı xəyal etməmişəm.

Əvvəllər bir neçə hekayə və şeirlər yazardım. İlk romanım məhz belə başlayıb - qısa hekayə ideyası olaraq. Amma mən yazdıqca, süjet böyüdükcə böyüdü və bir anda 100-ə yaxın səhifəyə çevrildi. Onda anladım ki, bu, artıq qısa hekayə deyil. Bütöv bir roman yazmaq üçün dəqiq nə tələb olunduğu barədə heç bir fikrim olmasa da, özümü qarşıma çıxacaq çətinlikləri həll etməyə hazır hiss edirdim. Onda mənim 19 yaşım var idi.

İndi, o günlərdən on ildən çox vaxt keçib, 3 kitabım var, 4-cü üzərində işləyirəm. İkinci sualınıza gəlincə, mənim üçün yazıçılıq hobbi və ya peşədən daha çox şeydir. Bu, mənim missiyam və dünyaya dəyər əlavə etmək üsulumdur.

- İlk romanınızı əlinizə alanda hansı hissləri keçirdiniz? Hissləriniz haqqında danışa bilərsiniz?

- Başqa heç bir hissə bənzəməyən bir hiss! Bunu təsvir etmək çətindir - hətta, yazıçı üçün də, amma çalışacağam təsvir edim. Saf xoşbəxtlik, qələbə və qürur arasında bir şey. Çox işləmək, öyrənməyin və çətinliklərin öhdəsindən gəlməyin nəticəsi olaraq arzumu reallaşdırdığım an.

- Bolqar yazıçılardan Emilian Stanev və Mitka Qribçevanı sevirəm. Amma mən müasir bolqar yazıçılarını tanımıram. Bolqarıstanda ədəbi mühit necədir? Daha çox hansı əsərlər yazılır, insanlar nə oxumağı sevirlər?

- Müasir bolqar ədəbiyyatı son on ildə çox inkişaf edib. Əvvəllər əsasən xarici yazıçılar nəşr olunurdusa, indi müxtəlif janrlarda - fantastik, triller, romantik janrlarda yazan çoxlu yeni bolqar yazıçıları var. Bu tendensiya onu göstərir ki, getdikcə daha çox oxucu bolqar yazıçılarına, romanlarına şans verir.

- Türk yazıçılarını oxuyursunuz?

- Elif Şəfəqi oxumuşam.

- Bizə Yoana Valçevanın bir günü haqqında danışa bilərsiniz? Yazmaqdan başqa nə işlə məşğulsunuz?

- Qısa müddət əvvələ qədər rəqəmsal marketinq mütəxəssisi idim və romanlarımı tam iş günü işləyə-işləyə yazmışam. Xoşbəxtlikdən kitablarımla bağlı işlər çox yaxşı getdi. Beləliklə, bir neçə ay əvvəl işimi tərk etdim və bütün vaxtımı, enerjimi yazıçılıq karyeramı və işimi inkişaf etdirməyə sərf etmək qərarına gəldim.

İndi mənim adi bir günüm kitab imzalamaqla başlayır. Bunları imzalamaq, paketləmək və oxuculara göndərmək bütün səhər vaxtımı alır. Mən adətən günortadan sonra yazıram. Günün o hissəsi ən məhsuldar olduğum vaxtdır. Məqsədim, mümkünsə, gündə ən azı 3-5 saat yazmaqdır. Günüm bəzi marketinq fəaliyyətləri ilə; sosial media yazıları hazırlamaqla, videolar çəkməklə və ya hazırda olduğu kimi müsahibə suallarına cavab verməklə bitir.

Təəssüf ki, oxucularım üçün son iki ayda yazı yazmağa vaxtım az olub. Bu, ona görədir ki, mənim sonuncu kitabım "Ayın elçisi" ingilis dilinə tərcümə olunub. Hazırda tərcüməni dünya səviyyəsində çap etməzdən əvvəl qaydaya salmaq üçün amerikalı bir redaktorla işləyirəm.

- Son kitabınız "Ayın elçisi"ni yazarkən nədən ilham almısınız? Romanınızın mövzusu və oxucu rəyi haqqında bir az məlumat verə bilərsiniz?

- "Ayın elçisi" müharibə və onun nəticələri haqqında hekayədir. Əsas qəhrəmanımız amerikalı jurnalist Leonora Andersonla bir italyan qatarında 5 yaşlı oğlu ilə səyahət edərkən tanış oluruq. Həyatında böyük itki yaşasa da, özünün və oğlunun həyatının yenidən dəyişəcəyini gözləmir, onlar bir terror hücumunun qurbanı olurlar.

Sonra əsas qəhrəmanımız Əli ilə tanış oluruq. O, İrqadakı terror təşkilatının üzvüdür və həyatını qisas almağa həsr edib. Deyə bilərəm ki, Əli indiyə qədər yazdığım ən mürəkəb obrazdır, amma bolqar oxucular onu sevirlər.

Məni bu roman üçün ruhlandıran, illər əvvəl Qərbi Avropada baş vermiş dəhşətli terror aktı haqqında televiziya xəbərləri oldu. Müxbirin ərəb adlarını deməsi və dərhal növbəti mövzuya keçməsi yadımdadır. Təbii ki, ilk reaksiyam mühakimə etmək oldu. Ancaq bir neçə saniyə sonra özümə bu sualı verdim: Adi bir insanı bu cür dəhşətli hərəkətlərə nə vadar edə bilərdi?

Mövzunu daha dərindən araşdırmağa başladım və geniş araşdırmalar apardım. Başa düşdüm ki, müharibə çoxlu günahsız insanların əziyyət çəkməsinə səbəb olur. Evlərini, sevdiklərini, arzularını itirirlər. Kiminsə itirəcək heç bir şeyi qalmayanda qisas yoluna girir. Terrorizm əslində, müharibənin övladıdır.

- Hansı kitabları oxuyursunuz? Dünya ədəbiyyatından kimləri oxuyursunuz?

- Yazdıqlarıma bənzər kitabları oxumağı çox sevirəm. Romantik triller ən çox sevdiyim janrdır. Dünyaca məşhur müəlliflərdən; Cefri Arçer, Den Braun, Qlen Kuper, Sandra Braun, Saymon Toyne, Suzan Elizabet Filips, Marlis Meltonun pərəstişkarıyam.

- Bir az çətin sual olacaq, ən sevdiyiniz roman hansıdır? Niyə?

- Həqiqətən də çətin sualdır. Bir roman seçə bilmərəm, ona görə də TOP 3-ümdə olan romanların adını deyə bilərəm:

1. Lüdmila Filipova (müasir bolqar yazıçısı) - "Məktubların müharibəsi" ("The War of Letters")

Kitab Bolqar tarixi və kiril əlifbasının yaranması haqqındadır, romanın yarınısı ağlaya-ağlaya oxumuşam.

2. Den Braun - "Mələklər və şeytanlar" ("Angels and Demons")

Süjeti çox bəyəndim. Sadəcə fikir olaraq deyil, eyni zamanda izahat olaraq çox gözəldir.

3. Sandra Braun - "Tüstü ekranı" ("Smoke Screen")

Ən azı 5 dəfə təkrar oxuduğum kitabdır. Romantik triller janrındadır. Mən personajları və onların münasibətlərinin inkişafını sevirəm. Dinamik süjeti və sonra hadisələrin əla əlaqələndirilməsi var.

- Səssizlik və ya musiqi kimi yazı rituallarınız var? Yoana Valçeva hansı şəriatdə yazır?

- Mən mütləq evdə sakit şəraitdə yazmağa üstünlük verirəm. Ən məhsuldar olduğum vaxt belə hallarda olur. Səs, musiqi və s. bu kimi diqqət yayındıran şeyləri minimuma endirməyə çalışıram. Sözümü kəsməmək üçün hətta telefonumu "təyyarə rejimi"nə qoyuram.

Yazarkən qəhvə içməyi xoşlayıram, bəzən ətirli şamlar da yandırıram.

- Hörmətli Valçeva, suallarımıza verdiyiniz səmimi cavablar üçün çox sağ olun. Sonda, yazmağa yeni başlayanlara bir neçə kiçik məsləhət verməyinizi xahiş edə bilərik?

- Bəli, əlbəttə. Hər bir yazıçının daha yaxşı olmasına kömək etmək üçün mənim 3 məsləhətim bunlardır:

1. Dayanmadan, hər gün yazın. Hər gün sizin üçün mümkün deyilsə, hər həftəsonu yazın.

2. Göstərin, danışmayın. Yeni başlayanların tez-tez etdiyi yazı səhvi budur.

3. Güclü sonluğunuz olsun. Bu, redaktorumdan öyrəndiyim bir qaydadır. Deyir ki, son sözlər bıçaq kimi iti, göz oxşayan, kitabı bitirdikdən sonra da uzun müddət oxucunun ağlında qalacaq şəkildə təsirli olmalıdır.

Sizin müsahibiniz olmaq mənimçün xoş idi!

 

Dilimizə uyğunlaşdırdı: Nilufər Hacılı

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!