Orxan Kamal kimdir?
Yunus Əmrə İnstitutunun rəhbəri Selçuq Karakılıçın böyük əmək verdiyi layihədə tanış olduğum maraqlı simalardan biri də İşık idi. Sadə görünən bu adamı xüsusi edən isə onun Orxan Kamalın oğlu olması idi.
Bu tanışlıq Atatürk Kültür Mərkəzindən İstanbul sokaklarında - Cihangirdə gizlənən bir muzeyə - Orxan Kamalın evinə qədər uzanır. Vurğulamaq doğru olar ki, Cihangir həm də ziyalıların mərkəzləşdiyi yer kimi də türklərin beynində son dərəcə xüsusi yerdədir. Orxan Kamalın muzeyini gəzdikdə onun toxunduğu əşyaları, yatdığı çarpayını, yazdığı masanı görmək beynimdə çox sayda suallar yaratdı. Nazim Hikmətin Orxan Kamala yazdığı məktublar isə məni Orxan Kamalın 72-ci koğuşuna apardı. Burada yazarın çəkdiyi əzablar, yaşadığı ağrılar, ilk şeirlərində yaşadığı uğursuzluqları gördüm. Nazim Hikmətlə tanışlıq sonradan onun həyatını, adətən bir usta kimi hörəcəkdi. 3 il yarım Nazim Hikmətlə həbsxanada eyni otağı paylaşan Orxan Kamalın daxilindəki qasırğalara zidd sakit, əngin baxışlarla dünyaya baxması onun ilk əsərlərindən başlayaraq son kitablarınadək uzanır. Nazimlə eyni havanı udmaq, eyni ruhun fərqli mərhələlərdə vücud tapması deyilmi? Bir müddət Orxan Kamalın yazarkən oturduğu masada əyləşirəm. Oğlu deyir ki, fikrimcə, bu gün Orxan Kamal sizə bir işıq, ilham bəxş edəcək. Xatırlatmaq istəyirəm ki, bu il Orxan Kamalın 110 illiyidir. Belə mənalı bir zaman kəsiyində düşünürəm ki, Orxan Kamalın oğluna bir sıra suallar ünvanlamalıyam, məncə, bu gün Orxan Kamal onun dili ilə oxucu ilə danışmalıdır...
Nargis
- Orxan Kamalın oğlu olmaq necə bir hissdir, bunun hansı məsuliyyətləri var?
- Bu böyük bir məsuliyyətdir. Muzeyi açdıqdan etibarən 24 ildir ki, Orxan Kamal irsini toplayıram. Muzeyi və mövzunu aktiv saxlamaq böyük bir maddi və mənəvi güc tələb edir. Bu, yük kimi görünsə də, qiymətli, şərəfli bir işdir. Orxan Kamalı gələcəyə daşımaq, onun irsini qorumaq, tanıtmaq mənim vəzifəmdir, borcumdur. Orxan Kamalın oğlu olmaq budur həm də.
- Tarixdə Orxan Kamal bir sıra haqsızlıqlar yaşadı. Bu onun və sizin həyatınızda nələri dəyişdi? Bununla bağlı nə düşünürsünüz? Bu illərlə bağlı bir araşdırmanız mövcuddurmu?
- Tarixən bilirik ki, yaradıcı və aydın təfəkkürə sahib bir çox şəxsiyyət bu tərz haqsızlıqlara məruz qalıb. Bu sizdə də belə olub, fikrimcə. Cəmiyyəti o dönəmdə idarə edənlər xalqın oyanmasını istəmədikləri üçün ziyalıları, düşünürləri həbs edirdilər. Orxan Kamal daim xalqın özünü tanıması üçün çalışıb. Bunu ədəbiyyatla edib; qələmi ilə bacarıb. O dönəm belə idi, bir də baxarsan, elə vaxt gələr ki, Orxan Kamal baş tacı olar. Baxın tarixə, ziyalılara o cəzaları verənlər unudulublar, bizlər isə hələ də həmin aydınlardan danışırıq. Aydınlara yaşadılan ruhsal və iqtisadi sıxıntılar dövrə vurulan zərbələrdir, bunların qayıdışı ağır olur.
- Orxan Kamalla bağlı indiyədək açıqlamadığınız bir ağrı, yaşanmışlıqdan bəhs edərsinizmi, Azərbaycan oxucuları üçün?
- Bir dəfə atamla dənizə getdik. Buna onu mən məcbur etdim. Bu xatirə məni hələ də düşünəndə çox kədərləndirir. 1969-cu ildə anam, atam və mən Menekşe plyajına getdik...İlk dəfə atamı dəniz geyimində gördüm. Necə arıq idi, ilahi... Canım yandı ona, daxili əzab yaşadım. Ömrünü bizə sərf edən, min bir çətinliyi çiyinlərində tək daşıyan adamın həmin görüntüsü, bu yaşımda da düşünəndə məni çox kədərləndirir. Uşaqlar üçün axı ataları onların qəhrəmanıdır... Ömrümüzdə bir dəfə dənizə getdik... Bir il sonra onu itirdik... Və hər şey sona çatdı... Bunu xatırlatdığınız üçün sizə dərin təşəkkürümü bildirirəm.
- Orxan Kamal Nazim Hikmətlə həbsxanada eyni otaqda yaşayıb illərcə... Nazim Hikmətdən necə bəhs edir əsərlərində? Bu birgəlik ədəbiyyata nə verib?
- "Nazim Hikmətlə 3 il yarım" adlı bir kitabı var Orxan Kamalın. Çox qiymətli xatirə kitabıdır. Sonrakı nəşrlərinə mən də bir sıra məktublar, sənədlər, gündəliklərdən əlavələr etmişəm, bir növ zənginləşdirmişəm. Atam həbsdən çıxarkən Nazim Hikmətə şeir yazıb. Nazim Hikmət bunu oxuduqda ağlayıb. Həmin şeir ortada yox idi, sonradan min bir əziyyətlə tapdıq. "Nazim Hikmətə" adlanan bu nümunə şərəfli bir tarixin, yaşanan mənalı illərin, iki ruhun birgə mübarizəsinin manifestosudur. Beləliklə... 14 kitabını təkrar və itən romanlarını uzun araşdırmalardan sonra tapıb çap etdirmişəm. Mən təkəm, bilirəm ki, mən dünyaya gözlərimi yumanda bunu edən olmayacaq....
- Orxan Kamalın 110 illik yubileyi ilə bağlı hansı işlər görülür?
- Ölkə olaraqmı?
- Bəli, bizim ölkədə bu çox qiymətlidir.
- Orxan Kamalı sizin ölkəyə göndərək, məncə...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!