Ana Kür kimi dərin və... - Yazıçı-publisist Əlövsət Bəşirli ilə söhbət

Müsahibimiz uzun illər Azərbaycan mətbuatında çalışmış, yazıçı-publisist Əlövsət Bəşirlidir. O, bölgələrarası qəzetin müxbiri, redaktor müavini, redaktoru, Azərbaycan radiosu təbliğat redaksiyasının redaktoru, respublika televiziyası gənclər redaksiyasının şöbə müdiri, "Mədəni maarif" jurnalının baş redaktoru, Heydər Əliyev adına Hərbi Akademiyada Redaksiya-nəşriyyat şöbəsinin rəisi, baş redaktoru vəzifələrində işləmiş, SSRİ Jurnalistlər İttifaqının mükafatı laureatı olmuş, respublika Ali Sovetinin Fəxri Fərmanına, Azərbaycan mediasının inkişafında uzunmüddətli və səmərəli xidmətlərinə görə Mətbuat Şurasının mükafatına və diplomuna layiq görülmüşdür.

 

- Yazılarınızın birində belə bir obrazlı ifadə var: Kür mənim tərcümeyi-halımdır. Bəlkə bir qədər bu barədə söhbət açaq...

- Dünyaya gözümü Kürün qırağında, ata-baba yurdum Salyanın qədim Cəngən kəndində açmışam. Kürün suyu, balığı, çörəyi, mer-meyvəsi ilə boy atmışam. Onun qoynunda sapsağlam böyümüşəm. Lap ilk çağlarımda, qonşunun uşağı çayda boğulanda özüm üçün bir həqiqət "kəşf" etmişəm: Kür ana kimi mehriban, ata kimi sərtdi.

Kürlə bağlı xatirələrim tərcümeyi-halımdır, unudulmaz çağlarımdır, mənə çox əzizdir.

Doğma sahildə, Kür qırağında ürəyim sinəmə sığmır, döyüntüsü qulaqlarımda səslənir. Sonra elə bil dərin sükuta qərq oluram. Və birdən bu əsrarəngiz sükut içində qulağıma səs gəlir, Kürün səsi... "Bəs niyə qəlbimdə ümman döyünür; mən qulaq asdıqca Kürün səsinə?  (S.Vurğun)". Gözlərimi yumub hədəfə diqqət kəsilmişəm: mənə elə gəlir ki, çox uzaqlardan qopub gələn bu səs... Ulularımın səsidir. Ana Kürün bərəkətli sahillərində yurd-yuva tikən, məskən salan, barlı-bəhrəli bağlar becərən, nəsilbənəsil torpaqla çarpışan, onu göz bəbəyi kimi qoruyan, uğrunda canlarını əsirgəməyən uluların ruhunun səsi...

Sanki ürəyimdən keçən arzumu ünlü şairimiz Əliağa Kürçaylı dilə gətirib:

 

Sən mənə ömrüm boyu

Bir bulanıq Kür suyu,

bir söyüd yarpağı ver...

Canımdan əziz olan,

Üstündə çiçək solan

şor Muğan torpağı ver...

 

- Siz uzun müddət çox şərəfli, eyni zamanda çətin bir peşənin - jurnalist peşəsinin daşıyıcısı olmusunuz. Operativ, həm də ədalətli olmaq çətin deyil ki?

- Şübhəsiz, çətinliklər olub. Mən, xüsusilə, mətbuatda işləyərkən müəyyən çətinliklərlə üzləşmişəm. Universiteti bitirəndən sonra rayonlararası qəzetdə ədəbi işçi, xüsusi müxbir, redaktor müavini vəzifəsində çalışmışam. Bakıda müxtəlif qəzet-jurnallarda qələmimi sınasam da, tənqidi yazılara, xüsusən, felyetonlara üstünlük vermişəm. Həmişə çalışmışam ki, obyektiv olum, ədalətli mövqe tutum. Buna baxmayaraq qınaqlar, narazılıqlar, bəzən şikayətlər də olub. Lakin konkret, danılmaz faktlara söykəndiyimə görə haqlı olduğumu sübut etməkdə çətinlik çəkməmişəm.

- Belə bir ifadə var: "Mənə dayaq, istinad nöqtəsi verin, dünyanı tərpədim". "Dünyanı tərpətdiyiniz" vaxt, yəqin ki, "tərpənən dünyanın" qəzəbinə də tuş gəlmisiniz...

- Əlbəttə (gülür), "dünyanı tərpətməkdən" söhbət gedə bilməz, bununla belə, tərpənən bölgənin, eləcə də bəzi məmurların qəzəbinə tuş gəlmək qaçılmazdır. Redaktoru olduğum "Yeni gün" qəzetinin "Dəryaz" satira və yumor səhifəsində yüksək vəzifəli və özündənrazı birisindən karikaturası ilə birlikdə felyeton vermişdim. Elə qəzəblənmişdi ki, raykomun bürosunda dil boğaza qoymur, əl-qolunu ölçürdü. Mənə söz veriləndə konkret faktlar sadalayıb, bunları sübut edən sənədləri rayon rəhbərinin qarşısına qoydum... Az sonra yoxlama keçirildi, felyetonun qəzəbli "qəhrəman"ı cəzalandırıldı.

- Ötən əsrin 60-cı illərində ədəbiyyatda olduğu kimi, jurnalistikada da bir çox uğurlu imza özünü tarixin yaddaşına həkk edə bildi. Bunun da kökündə mükəmməl təhsil dayanırdı. Təhsil aldığınız illərdən, müəllimlərdən söz açardınız...

- Bəxtimdən çox yaxşı müəllimlərim olub: orta məktəbdə, universitetdə, həyatda!

Azərbaycan Dövlət Universitetində təhsil aldığım tələbəlik illəri məni büsbütün dəyişdi. Sanki hər müəllim əsl məktəb, xəzinə idi: akademiklər: Həmid Araslı, Cəfər Cəfərov, professorlar - yazıçı Mir Cəlal, Səlim Cəfərov, Yusif Seyidov, Hadı Mirzəzadə, ixtisas müəllimlərimiz, jurnalistika kafedrasının müdiri Həsən Şahgəldiyev, Nurəddin Babayev, Şirməmməd Hüseynov, Nüsrət Bağırov, Seyfulla Əliyev, Nəriman Zeynalov...

Görkəmli jurnalist, gözəl qələm sahibi, maraqlı oçerklərin müəllifi, həm də əsl müəllim, qayğıkeş insan idi Nurəddin Babayev. Qrupumuzla ilk görüşündə bizimlə açıq söhbət edib demişdi: "Bu günədək mən sizin heç birinizi tanımamışam. Burada qohumum, yaxınım yoxdur. Müəyyən vaxtdan sonra isə olacaq. Yadınızda saxlayın: kim jurnalist sənətinə hörmətlə yanaşsa, bunu öz qələmi ilə sübut etsə, mətbuatda yazıları ilə çıxış etsə, mən həmkarım, qələm dostum kimi ona hörmət bəsləyəcəm".

Nurəddin müəllim sözünün üstündə möhkəm durdu. Bizə sənətin sirlərini, yazı mədəniyyətini öyrətdi. Sonra müxtəlif mövzularda yazılar tapşırdı. Onun köməyi ilə mətbuata ayaq açdım, yazılarım dərc olundu, efirdən səsim gəldi.

Salyanda rayonlararası qəzetdə müxbir işləyərkən Bakıdakı redaksiyalarla əlaqə saxladım. Respublika mətbuatında yazılarım dərc olundu. Nəriman müəllim "Kommunist" qəzetində kənd təsərrüfatı şöbəsinin müdiri idi. Yazılarım xoşuna gəlirdi. Deyirdi ki, Salyana, Neftçalaya, Puşkinə (indi Biləsuvar), Astraxanbazara (indi Cəlilabad) müxbir göndərmirəm, sənə arxayınam. Mən də müəllimimin etimadını doğruldur, onun tapşırığı ilə qonşu rayonlara da gedirdim. O vaxt respublikada birinci qəzet sayılan "Kommunist"in ştatdankənar müxbiri kimi hər ay yaxşı qonorar alırdım. Azərbaycan radiosunun efirindən tez-tez səsim gəlirdi. Mən informasiyanı, müxbir söhbətini, reportajı hadisə yerindən Hacı müəllim (Hacı Hacıyev Respublika radiosu Xəbərlər və Təbliğat Redaksiyasının baş redaktoru, sonralar Azərbaycan Jurnalistlər İttifaqının sədri) demişkən, "isti-isti" ötürməyi hələ tələbə ikən öyrənmişdim.

- Jurnalistikada sizə ən çox uğur gətirən hansı janr olub? Ümumiyyətlə, jurnalistikanın hansı janrına üstünlük verirsiniz?

- Hələ tələbəlik illərində daha çox oçerk yazmağa həvəsim olub. Nurəddin müəllimin tapşırığı ilə beşinci kursda bir az Neft daşlarında qalmışam. "İnsan və dəniz" oçerkim diplom işim kimi "əla" qiymətə layiq görülüb. Sonralar, xüsusən, uzun müddət Cəlilabadda işləyəndə tənqidi yazılara, felyetonlara üstünlük vermişəm.

- Siz hər iki dövrün, həm hakim ideologiyadan asılı olan senzuralı medianın, həm də azad medianın şahidisiniz. Bu dövrlər arasındakı fərqi necə xarakterizə edərdiniz?

- Azərbaycan mətbuatı klassiklərinin təməlini qoyduqları gözəl ənənələri sovet dönəmində senzura qadağalarına, məhdudiyyətlərinə baxmayaraq özlərinə məxsus üslubda davam və inkişaf etdirə bildi. Vaxtilə auditoriyalarda, sonra isə redaksiyalarda, həyatda bizi öyrədən ustad jurnalistlərin yaradıcılıq fəaliyyətlərini araşdıran elmi-tədqiqat işləri aparılmalı, gənc jurnalistlər nəslinə yetərincə çatdırılmalıdır. Mənim fikrimcə bu, çox vacibdir, mənəvi borcdur. Heç vəchlə tarixi mərhələ təşkil edən bütöv bir dövrün üzərinə qara pərdə çəkmək olmaz.

Mətbuatda senzuranın ləğvi, Azərbaycanda azad, müstəqil medianın yaranması böyük tarixi hadisədir. Yaşlı jurnalistlər nəslinin nümayəndəsi kimi Tanrıma, taleyimə minnətdaram ki, ömrün bu çağına yetirdi məni. Uzun illər şahidi olduğum, indi isə qəzet-jurnal məqalələri ölçüsünə sığmayan hadisələri, xarakterləri, hiss və həyəcanlar burulğanını bədii təfəkkür süzgəcindən keçirib ədəbiyyata gətirməyə imkan tapdım.

Yeri gəlmişkən, cavan həmkarlarıma bir vacib məsələyə diqqət yetirmələrini tövsiyə edərdim. Mətbuat, söz azadlığı jurnalistin bir qələm sahibi kimi məsuliyyətini qətiyyən azaltmamalıdır. Əksinə, onu düşündürən, narahat edən mövzuları yüksək məsuliyyət hissilə, konkret faktlara əsaslanaraq yazmalıdır. Tənqidi təhqirə çevirmək, heç kəsin şəxsiyyətinə toxunmaq olmaz. Hər hansı informasiya, adi xəbər belə oxucuya, dinləyiciyə düzgün, qərəzsiz, vicdanla çatdırılmalıdır.

- Bu gün jurnalist təhsili olmayan bir çox tanınmış jurnalistlər var. Sizcə, peşəkar jurnalist üçün jurnalistika təhsili vacibdirmi?

- Mənim subyektiv fikrim belədir: peşəkar jurnalist üçün jurnalistika təhsili lazımdır. Müvafiq təhsili olmadan mediada çalışıb tanınanların belə bir ixtisasa mükəmməl yiyələnmələri üçün uyğun kurslarda biliklərini təkmilləşdirmələri faydalı olardı.

- Nümunəvi bir ailəniz var. Həyat yoldaşınız da tanınmış jurnalistdir. Nəzərə alsaq ki, bu sənət insanı bütünlüklə özünə tabe edir, çətin olmadı ki, sizin üçün?

- Əksinə, həm ailədə, həm də işdə bir-birimizə dayaq olduq. Qarşımıza çıxan çətinlikləri birlikdə aradan qaldıra bildik.

Tale elə gətirdi ki, mən Azərbaycan Televiziyasının "Gənclik" redaksiyasının şöbə müdiri işləyəndə - 1970-ci ildə Mərkəzi Komitənin qərarı ilə Cəlilabad rayon qəzetinə redaktor təyin olundum. Ailəmiz həmin rayona köçdü və birlikdə işləyib yaşadıq, uşaqlarımızı boya-başa çatdırdıq. Əvvəlki təcrübəmiz və bir yerdə çalışmağımız öz bəhrəsini verdi: "Yeni gün" qəzeti nəinki Azərbaycanda, hətta keçmiş Sovetlər İttifaqında tanındı, SSRİ Jurnalistlər İttifaqının ən yaxşı rayon qəzetləri üçün təsis etdiyi mükafata layiq görüldü. Sonra mən felyetonlarıma və tənqidi yazılarıma görə SSRİ Jurnalistlər İttifaqının mükafatı laureatı oldum və idarə heyətinin şəhər-rayon qəzetləri üzrə bürosunun üzvü seçildim.

Həyat yoldaşım da, mən də sənətimizin vurğunu, qətiyyətli, nikbin olmuşuq. Nazim Hikmətin bir sözü yadıma düşür: xoşbəxt o adamdır ki, evdən işə, işdən evə tələsir. Biz bütün günü evlə redaksiya arasında çalışır, çarpışır, ailəmizlə, ürəyimizcə olan işimizlə nəfəs alırdıq.

Həyatımızın unudulmaz illərini - düz 20 ilini Cəlilabadda yaşayıb işləmişik, öz elinə, torpağına bağlı olan əqidəli, sadə insanlarla, ziyalılarla duz-çörək kəsmişik. Azərbaycanın bu gözəl guşəsinin göz oxşayan, ürəkaçan mənzərələri yaddaşımızda dərin iz salıb.

- Jurnalistika ilə yanaşı, bədii yaradıcılıqla da məşğul olursunuz. Bədii yaradıcılığınızı jurnalist fəaliyyətinizin tərkib hissəsi kimi qəbul etmək olarmı?

- Əlbəttə, olar. Bunu ilk dəfə mənə görkəmli yazıçı-jurnalist, ustadım Nahid Hacızadə Televiziya və Radio Verilişləri Komitəsində birlikdə işləyəndə demişdi. O, baş redaktor kimi yazılarımı diqqətlə oxuyurdu, oçerklərimi sənədli hekayə kimi dəyərləndirirdi. Həvəslənib etüdlər, kiçik hekayələr yazmağa başladım. Rayonda işlədiyim müddətdə şahidi və iştirakçısı olduğum real həyat hadisələri əsasında yazdığım povesti Nahid müəllim bəyəndi, "Azərbaycan" jurnalında çap etdirməyimi məsləhət gördü. Povestin taleyi uğurlu oldu. Onun ardınca "Zirvədən zülmətə", "Günah", "Susmuş çayın nəğmələri" povestləri və "Qəsd" romanı nəşr edildi.

"Qəsd"in maraqlı, oxunaqlı bir əsər olduğunu, romanda sərt, amansız həyat gerçəkliyinin müxtəlif insan taleləriylə qovuşduğunu ədəbi tənqid xüsusilə qeyd etmişdir.

Son illərdə "Azərbaycan", "Ulduz", "Yada düşdü" jurnallarında, "Ədəbiyyat qəzeti"ndə, "Kaspi", "Ədalət" və "525-ci qəzet"də povest, hekayə, esse, publisistik məqalə və xatirələrim ("Adamsız adam", "İblis xisləti", "İnsan kimi", "Qürub çağı", "Üfüqdə qaralan dağlar", "İnam", "Yalqız", "Gecə yarısı döyülən qapılar", "Kürün sahilləri, ömrün dolayları") çap olunmuşdur.

Hazırda "Həyat hekayələri" silsiləsindən hekayələr və esselər üzərində işləyirəm.

- Sizə yaradıcılıq uğurları və cansağlığı arzulayırıq.

 

Söhbətləşdi: Sərvaz HÜSEYNOĞLU

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!