Conatan Lethem: Mən gəlməmişdən əvvəl nə edirdin?
Pol Oster: Adi şeylər. Səhər oyandım. Qəzet oxudum. Bir fincan çay içdim. Sonra yaxınlıqdakı kiçik mənzilimə getdim və altı saata yaxın işlədim. Sonra bir az işim var idi. Anam iki il əvvəl öldü və onun evi ilə bağlı son bir işim var idi. Ona görə də bəzi sənədlərə möhür vurmaq üçün notariusa getdim və sonra onları vəkilə poçtla göndərdim. Evə qayıtdım. Qızımın hesabat kartını oxudum. Sonra yuxarı qalxdım və bir dəstə hesabı ödədim. Deyəsən, adi bir gün idi. Bu, kitab üzərində işləmək və gündəlik cansıxıcı şeylərlə məşğul olmaqla qarışıq bir gündür.
C.L.: Mənim üçün altı-beş saatlıq yazı çox çoxdur. Bu qədər uzun yaza bildiyim zaman başqa şeylər daha cəlbedici olur, bir növ, xilaskar kimi görünür. Ancaq yazmağa başlamazdan əvvəl başqa işiniz varsa...
P.O.: Roman yazmaq həm fiziki, həm də əqli cəhətdən tamamilə immersiv bir təcrübədir. Ritmi saxlamaq, diqqətimi etdiyim işə cəmləmək üçün hər gün yazmalıyam. Mümkünsə, bazar günləri də. Həmin gün ailə işi yoxdursa, heç olmasa, səhər işləyirəm. Hər dəfə harasa səfər edəndə dağılıram. Əgər iki həftə getsəm, əvvəlki ritmimə qayıtmaq üçün demək olar ki, bir həftə vaxt lazımdır.
C.L.: "Fiziki" sözünü bəyənirəm. Mənim də davamlılıq xəstəliyim var. Özümə müəyyən bir səhifə, söz sayı və ya vaxt təyin etmirəm. Mənim yeganə xəstəliyim hər gün yazmaqdır. Romanın çiçəklənməsinin fiziki keyfiyyəti də var.
P.O.: Yazmaq mənim üçün fiziki bir şeydir. Sözlər, sanki ağlımdan deyil, bədənimdən gəlir. Mən əllə yazıram və qələm sözləri kağıza həkk edir. Hətta yazılan sözlərin səsini də eşidirəm. Yazanda beynimdə eşitdiyim musiqini tuta biləcək cümlələr qurmağa çalışıram. Musiqini tam istədiyiniz kimi çəkmək üçün çox çalışmaq və təkrar-təkrar yazmaq lazımdır. Bu musiqi fiziki gücdür. Təkcə kitab yazmaq yox, kitab oxumaq da fiziki olaraq edilən bir işdir. Dilin ritmlərində bədənin ritmlərinə uyğun gələn bir şey var. Diqqətli oxucu kitabdakı deyilməyən mənaları bədənində kəşf edir. Məncə, insanların çoxunun bədii ədəbiyyatdan anlamadığı budur. Şeirin musiqili olacağı gözlənilir. Amma insanlar nəsri başa düşmürlər. Onlar qəzet tipli məqalələri oxumağa o qədər öyrəşiblər ki, faktlar haqqında faktlar verən səliqəsiz, işlək cümlələr - səthdən kənara çıxa bilmirlər.
C.L.: Bu, girişin yaratdığı sıx narahatlığı yada salır ki, bu da əsasən, sadəcə, işi ümumiləşdirmək istəyidir. Nəticə istər-istəməz qeyri-musiqili bir şeydir. Sanki bədəni aradan qaldırmısan, sonra konturlarını çəkib, içindəkiləri təsvir etmisən.
P.O.: Dünya o qədər dəyişib ki, yazıçıların ictimaiyyət qarşısına çıxması və yaradıcılığı haqqında danışması gözlənilir. Bilmirəm, niyə?! Bu mənə çox çətin görünür. Yenə də insan öz nəşriyyatları, kitabını satmağa çalışan insanlar qarşısında bir növ məsuliyyət hiss edir. Kitabın harada təbliğ olunacağına özüm qərar verməyə çalışıram. Mən bunu çox tez-tez etmirəm. Hərdənbir ortaya çıxıram və bunu yaxşı niyyətlə edirəm. Sonra bir müddət tək qalmağı ümid edirəm. Məsələn, son romanım olan "Peyğəmbərlik gecəsi" üçün qastrol səfərinə çıxmaqdan imtina etdim. Bunu etməyə gücüm yox idi.
C.L.: Kazuo İşiquro bu barədə gülməli şəkildə danışır. Sanki yazıçılar yekdilliklə buna razılıq verməklə böyük səhvə yol verirlər. Məhkum dilemması kimi bir şey. Birimiz qastrola gedəndə hamımız bunu etməliyik. Amma hamı imtina edərsə...
P.O.: O, böyük təcrübəsindən danışır. Heç kimin etmədiyi bir şeyi edib. O, iki il davam edən kitab turuna çıxıb. Kitabının çap olunduğu hər yerə, hər ölkəyə gedib. Sonda az qala öləcəkdi.
C.L.: Siz "The İnconsolables"i oxumusunuz?
P.O.: Oxumaq istəyirdim, amma hələ ki alınmayıb.
C.L.: Yaşayan yazıçının sevimli romanlarından biridir. Verə bilmədiyi konsert üçün bir şəhərə gələn pianoçunun Kafkaesk epik povesti. Kitabın mümkün təsvirlərindən biri: bir müəllifin kitab turunda yazdığı ən uzun, ən kəskin şikayət.
P.O.: Kafkanın gündəliklərində elə bir yer var ki, o, xalqın oxuduğu xəyali yazıçını təsvir edir. O, səhnəyə çıxır və insanlar narahat olur, sıxılır. "Daha bir hekayə," deyir, "yalnız bir daha..." İnsanlar ayağa qalxıb getməyə başlayırlar. Qapını döyüb gedirlər, hamı zalı tərk edir və müəllif kürsüdən boş zala oxuyana qədər "bir də, bir də" deyə yalvarmağa davam edir. Mən sənətdə qayda-qanunun olmadığına inanan adamam. Hər kəsin yolu fərqlidir. Bir gün Fransadakı naşirim mənə dedi ki, yazıçının iyirmi yaşı var və onun ən yaxşı əsərləri bu müddət ərzində yazılır. Mən buna, həqiqətən, inanmıram.
C.L.: Məncə, "Peyğəmbərlik gecəsi" ürək parçalayan, emosional kitabdır. Bu da məni təəccübləndirmir. Onun fərqləndirici xüsusiyyəti ilə bağlı izah etməyə çalışdığım şey yazının aydınlığı və vasvası olmasından irəli gəlir. Zamansızlıq kimi bir təsir ortaya çıxır.
P.O.: Mən yüz ildən sonra oxuna biləcək və oxucuların aidiyyatı olmayan təfərrüatların ağlını başından almayacaq kitablar yazmaq istəyirəm. Mən sosioloq deyiləm, amma roman çox vaxt sosiologiyadan bəhs edir. Bu, bədii ədəbiyyatı insanlar üçün cəlbedici edən mənbələrdən biridir. Amma mənim fikrim bu deyil. Mən psixologiya ilə maraqlanıram. Dünya haqqında müəyyən fəlsəfi suallarla. Hekayələri bizi əhatə edən xaosdan azad edərək, emosional həyata daha təmiz bir yanaşmaya nail olmağa çalışıram.
C.L.: Ən yaxşısı odur ki, siz eyni zərurətləri xarakterlərinizə gətirirsiniz. Onlar da münasibətlərini öz həyatları ilə təmizləməyə çalışırlar.
P.O.: Düşünürəm ki, mənim personajlarımın çoxu müəyyən mənada istehlakçı deyil, onlar günümüzün zibil və sünilikləri ilə həddindən artıq maraqlanmırlar. Təbii ki, kitablarımda konkret şeylərdən danışmıram, sadəcə, onların üzərində çox dayanmıram.
C.L.: Bəli, əsərlərinizdəki ən aktual istinadlar belə zamansız bir məkana doğru sürüklənir.
P.O.: Kitablarımdakı hər söz və cümlənin öz yerində olmasına çox diqqət edirəm. Sırf yaxşı yazmaq xatirinə gözəl abzaslar yazmaq dəbdəbəsinə qapılmaq istəmirəm. Bunun mənə aidiyyəti yoxdur. Mən hər şeyin vacib olmasını istəyirəm. Müəyyən mənada mərkəz hər yerdədir. Kitabın hər bir cümləsi kitabın mərkəzidir.
C.L.: Gözəl söhbət oldu, Pol...
P.O.: Mənim üçün də...
Tərcümə etdi: Malik Atilay
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!