Yücel Feyzioğlu türk topluluqlarının minilliklərdən bəri mədəni dəyərlərini qoruyub saxladığı nağılları və əfsanələri toplayaraq, yenidən tərtib edərək 35 kitab silsiləsi nəşr etdirən, 3 hekayə kitabı və 3 romanı ilə Almaniyada yaranan türk uşaq və ailə ədəbiyyatının (almanlar uşaq ədəbiyyatı deyil, ailə və uşaq ədəbiyyatı adlandırır) öndə gedən yazıçılarından biridir. Feyzioğlu, xüsusilə, bütün dünyaya yayılan türklərin və türklərə qonşu olan xalqların nağıllarını 1974-cü ildən sonra bir araya toplayıb. Topladığı bu əfsanə və nağılları dövrün sosial şərtlərinə uyğun olaraq yenidən tərtib edərək, "Türk dünyası nağılları" və "Qardaş nağılları" silsiləsi olaraq nəşr etdirmişdir. Əsərlərinin əksəriyyətini təşkil edən nağıllarla yanaşı, hekayələr, romanlar da yazan Yücel Feyzioğlu "Anarbay" və "Uğultu" romanları, "El Malı ilə necə?", "Kaçak" adlı hekayə kitablarında Almaniyada yaşayan türklərdən bəhs edirdi. Yücel Feyzioğlu müşahidələrinə əsaslanaraq Almaniyada yaşayan birinci və ikinci nəsil türklərin yaşantısını, dil və təhsil problemlərini işıqlandırmışdır.
Yücel Feyzioğlu əsərlərinə görə bir çox mükafata layiq görülüb. Bunlardan bəziləri: 1979-cu ildə "Uğultu" romanına görə "Sənət Əmək Romanı Mükafatı", 1986-87-ci illərdə "Gənclik əsəri ilə Cümhuriyyət qəzeti "Yunus Nadi Müsahibə"sində ikincilik mükafatına, 1997-ci ildə hekayə üzrə "Ömər Seyfəttin" xüsusi mükafatına layiq görülüb. 2001-ci ildə "Göçün 40. Yılı" adlı interkultural ədəbiyyat yarışmasında "Ana dili gərəklimi?" publisist yazısı ilə "Cümhuriyyət qəzeti"nin birincilik mükafatına, 2003-cü ildə TRT İNT-nin təşkil etdiyi "Aİ/Türkiyə əlaqələri" müsabiqəsində "Məsləhətçi" hekayəsi ilə birincilik mükafatına layiq görülmüşdür. 2011-ci ildə TÜRKSAV tərəfindən "Türk dünyasına xidmət ödülü" və "Elginkan Vəqfi" tərəfindən 2012-ci ildə "Türk Xalq Mədəniyyəti Araşdırmaları mükafatı" və 2019-cu ildə TÜRKSOY-un verdiyi Çingiz Aytmatov medalı ilə təltif olunmuşdur.
Onun əsərləri 1987-ci ildə Almaniyada "Gladbeck Komediya mükafatı" alanlar siyahısına girib. 2002-ci ildə isə "Sehrli limon" kitabı NRW (Şimali Vestfalen əyaləti) Təhsil və Elm Nazirliyinin 20 kitablıq seçiminə daxil edilib və bütün uşaqlara, məktəblərə və ailələrə oxunması üçün tövsiyə olunub.
Feyzioğlu Almaniya Yazarlar Birliyinin üzvüdür. O, 1974-77-ci illərdə Türk Sülh və Azadlıq Komitəsinin (TBÖK) baş katibi vəzifəsində çalışıb.
Bu gün Almaniyanın Köln şəhərində Rena sahillərində öz yaradıcılığını davam etdirir. Biz də onun yaradıcılığını tədqiq edərkən, müsahibə almağı qərara aldıq. Bizim təklifimizi geri çevirməyib, evinin və yaradıcılıq həyatının qapılarını üzümüzə açdığı üçün ona təşəkkür edərək müsahibəyə başlamaq istəyirəm...
- Hörmətli Yücel bəy, ədəbi fəaliyyətinizə nəzər saldıqda, 1972-ci ildə Almaniyaya gələndən sonra fantaziya və macəra dünyası olan nağıllar aləminə üz tutduğunuzu görürük. Orta Asiyadan Balkanlara, Mesopotamiyadan Azərbaycana qədər uzun səyahətlər edərək minlərlə nağıl topladınız. Nağıllar aləminə sizi hansı hiss və düşüncə apardı?
- Gözəl sualdır. Əslində bütün həyatımı əhatə edir. Mən nağılla böyüdüm. Ailəmdə ədəbiyyata böyük maraq vardı. Atamın çox gözəl hekayət qabiliyyəti vardı. Axşamlar atam dostları ilə birlikdə hekayə, nağıl və romanlar oxuyub onları təhlil edərdilər. Nənə və babamın nağıllarından sonra məni ən çox təsirləndirən Yaşar Kamalın "İncə Mehmet" romanı olmuşdu. Bu roman günlərlə evimizdə oxunub təhlil edilmişdi. Lakin nağılların cazibə qüvvəsindən qurtula bilmədim. Hafizəmdə çox nağıl var idi. Buna baxmayaraq heç vaxt nağıl yazmağı düşünmədim. Belə bir xəyalım da olmadı. 22 yaşında bir hekayə kitabım çıxdı. Çox da bəyənildi. Lakin 1971-ci illərdə Türkiyədə hökm sürən hərbi idarəçilik səbəbilə çox sevdiyim ölkəmi tərk edib Almaniyaya getmək məcburiyyətində qaldım. Burada alman dilini öyrəndim və məktəbdə müəllimliyə başladım. Bir alman müəllimim mənə dedi ki, biz bugünkü texnoloji, fəlsəfi düşüncəmizin inkişafını və zənginliyimizi nağıllara borcluyuq. Heyrət etdim, "Axı bu necə ola bilər?" - deyə soruşdum. Dedi ki, 1800-ci illərdə Almaniya bölünüb parçalanmışdı. Bu da ölkəni tamamən gücdən salmışdı. Elə bu məqamda, Napoleon Almaniyanı işğal edir. Məhz bu zaman Qrimm qardaşları Jacob və Wilhelm Qrimm Almaniyada nağıl kitablarını yayınlamağa başladı.
Qrimm qardaşlarının milli kodların yerləşdiyi nağılların Almaniyanın darmadağın olduğu və eləcə də Fransa ixtilalından sonra bütün dünyada milli kimlik şüurunun oyandığı bir dövrdə ortaya çıxması heç də təsadüfi deyil. Qrimm qardaşları siyasətə girmədən yayınladıqları nağıl kitablarını beyliklərə parçalanan Almaniyada uşaqlara paylayırlar. Otuz altı il sonra Almaniyanın Birləşik Məclisini məhz Qrimm qardaşlarının nağılları ilə yetişən uşaqlar qurur. Bu hadisədən çox təsirləndim. Baxdım ki, bolqarlar "Marta nənə" nağıllarını, yunanlar Homerin nağıl və dastanlarını oxuya-oxuya milli mənsubiyyətlərini dərk etmiş və müstəmləkədən qurtulmuşlar. Uzun illər Fransanın müstəmləkəsi altında inləyən Əlcəzair xalqı da "Toroman nağılları"nı oxuya-oxuya fransızları öz torpaqlarından çıxarmışlar. Bütün bu faktlar məni çox həyəcanlandırdı. Düşündüm ki, mən də türk dünyasına nağıllarla milli kodlarını ötürüm. Elə o zamandan harada türklər yaşayırsa, oraya səyahət edib, xalq nağıllarını toplamağa başladım. İlk növbədə, Anadoludan və Balkanlardan başladım. Daha sonra Azərbaycana gəldim. O zaman hələ Sovet Azərbaycanı idi.
- Böyük bir coğrafiyadan mindən çox nağıl topladınız. İşə necə başladınız? O zamanlar Orta Asiya və Azərbaycan keçmiş sovet məkanları kimi tanınırdı. Türkiyə vətəndaşı olaraq ora necə gəldiniz? Azərbaycanla bağlı xatirələrinizi bizimlə paylaşa bilərsinizmi? Hansı şair və yazıçıları tanıyırsınız?
- Anadolu və Balkanlardan sonra ilk istəyim Sovetlər Birliyinə, türk xalqlarının yaşadıqları yerləri ziyarət etmək idi. Əlbəttə, ilk üz tutduğum yer Azərbaycan olmalı idi. Dədəm, babam, atam da Borçalıdan Ağbabaya, ordan da Qarsa köçmüşlər. Çünki Azərbaycan mənim uşaqlıq xatirələrimdə var olan bir həsrət idi. Qars vilayətində gecə yarısından sonra radio dalğaları Azərbaycan kanallarından birini tuturdu. İlk duyduğum və Türkiyə şairlərindən öncə tanıdığım ilk şair Səməd Vurğun və onun,
"El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Anam, doğma vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!"
"Azərbaycan" şeiri olmuşdu. Bu şeir məni, sanki ovsunlamışdı. Vətən sevgisi, milli mənliyimə bağlılıq duyğusu məni məndən almışdı. Hətta nağıllar aləmini tədqiq etmək fikrimin formalaşmasında Səməd Vurğunun "Azərbaycan" şeirinin də təsiri olmuşdur. Bu sehrli duyğu, sevgi, həsrət məni istər-istəməz Azərbaycana çəkirdi. Mütləq getməliydim! Lakin necə? Sovetlər Birliyi içində olan bir ölkəyə getmək o qədər də asan deyildi. Hətta qorxurdum da. Almaniyadan gəldiyim üçün məni agent sanıb tutarlarsa?.. Bu qorxu və tərəddüdlər içində bir çox araşdırma apardım və ilk sığınacağım şəxsiyyəti tapdım. Bu, Asiya və Afrika ölkələri Yazıçılar Birliyi ilə Sovet Həmrəylik Komitəsinin sədri Mirzə İbrahimov idi. Kiril əlifbasını öyrənib onun hekayə və romanlarını oxudum. "Gələcək gün" romanı çox xoşuma gəldi. Bundan əlavə, onun zəngin fəaliyyəti, Azərbaycan türklərinin birlik və bütövlüyü, ana dili, xalqının milli kimliyi uğrunda fədakarlığı diqqətimi çəkdi. Azərbaycanda kimin yanına gedəcəyimi artıq müəyyənləşdirmişdim.
İlk olaraq, Azərbaycan Ədəbiyyatı Muzeyinə gəldim. Orada xeyli gəzdikdən sonra muzeydəki xanımlardan Mirzə İbrahimovun yerini öyrəndim. Birbaşa yanına getdim. Qapını döyüb içəri girdim. Yaşlı və mütəvazi bir adam məni qarşıladı. Özümü təqdim etdim. Yer göstərdi, oturdum. Gəncliyimin mənə verdiyi həyəcanla duyğu və düşüncələrimi ona anlatdım. Xeyli söhbət etdik.
- "Məni hardan tanıyırsan?" - deyə soruşdu. Mən də:
- "Gələcək gün" romanınızı oxudum və haqqınızda geniş araşdırma apardım" dedim. "Gələcək gün" romanında M.İbrahimov imperializmə qarşı mücadilədən bəhs edir. M.İbrahimov mənə:
- Sən də Türkiyədən yaz, - dedi. Mən də gəncliyimin mənə verdiyi təkəbbürlə:
- Yox, mən onu yazmayacağam. Bu haqda yazan çox yazıçı var. Mən heç kimin yazmadığını yazacağam, - dedim.
- O nədir ki, elə? - deyə təəccüblə üzümə baxdı. Ürəyimdən keçənləri ona danışmaq istəyirdim, amma bir tərəfdən də çəkinirdim. Lakin səmimi davranışından cəsarətlənərək fikirlərimi ona danışdım. Dedim ki:
- Baxın, Mirzə müəllim, bizim övladlarımız Türkiyədə, ya ərəb mədəniyyətinin, ya da Avropa mədəniyyətinin təsiri ilə yetişir. Digər türk övladlarımız, ya rus, ya Çin, ya da fars mədəniyyəti ilə böyüyür. Bəs bizim mədəniyyətimiz haradadır? Mən istəyirəm ki, bizim uşaqlara milli mənliyini dərk etdirən əsərlərlə yetişsinlər. Öz köklərini tanıyıb, milli mənsubiyyətinə sahib çıxsınlar.
Sözlərim Mirzə müəllimi kövrəltmişdi. Başımı qaldıranda gözündə iki damla yaş gördüm. Özünü ələ alıb telefonu çevirdi. Elçin müəllimə zəng vurmuşdu. Elçin müəllim o zaman Azərbaycan Yazıçılar İttifaqının İdarə Heyətinin katibi və Beynəlxalq Dostluq Dərnəyinin sədri idi. M.İbrahimov Elçin müəllimə dedi:
- Sənə cəsur və gənc bir yazıçı göndərirəm. Ona yaxşı qulaq as.
Doğru yolda olduğumu və mənim üçün əlindən gələni edəcəyini bildirdi. Sürücüsünü çağırdı. Qalxıb gedərkən paltomu tutmaq istədi, "Olmaz, qətiyyən olmaz", - dedim. Onun iyirmi doqquz-otuz yaşlarında bir gəncə göstərdiyi bu diqqət məni çox utandırdı.
- Qoy, bu cavan oğlan sənə hörmət eləsin, - dedim.
Əlindən almağa çalışdım, amma güclü bir şəkildə paltonu buraxmamaqda qətiyyətini görüb tabe oldum. Paltomu geydirib, mənə sarıldı; sanki "mən sənin arxandayam" mesajını verirdi. Böyüklüyə bax! Ürəyim dağa döndü. Bu görüş, sanki mənə qol-qanad verdi. Öz-özümə bundan sonra bu yolda mətin addımlarla irəliləyəcəyimə söz verdim. Öz sürücüsü ilə məni Elçin müəllimin yanına göndərdi. Elçin müəllim mənə Azərbaycan nağıllarının zəngin xəzinəsinin qapısını açdı. Səməd Vurğunun "Balalarımıza əllərindən düşürməyəcəkləri kitablar yazaq" sözləri mənə ilham verdi. İki nağıl kitabında Azərbaycan nağıllarını toplayıb yenidən tərtib etdim. Sovetlər Birliyinə də rahat gedib-gəlməyimə, oradakı nağılları toplamağıma Mirzə İbrahimovun böyük mənəvi dəstəyi oldu. 1986-cı ildə Bəxtiyar Vahabzadə ilə də tanış olmuşdum. Onunla da bu mövzuda çox gözəl söhbətlərimiz olub. B.Vahabzadə şairlik adının arxasına sığınan bir şəxsiyyət deyildi. O, xalqdan biri idi. Əsl xalq şairi idi. Onun fəlsəfi fikirləri milli ənənəyə dayansa da, müasirlik yolunda xalqı irəli aparmağa yönəlmişdi.
Bu gün də, Azərbaycanda yazıçı Elçin, Anar, Tofiq Məlikzadə və adlarını sadalamadığım bir çox dostlarım var.
- Nağıllarda, əfsanələrdə və dastanlarda baş verən hadisələr, ümumiyyətlə bütün dünyada ümumbəşəri dəyərlərə malik olduğu bəllidir. Orta Asiya, Azərbaycan və Avropa nağıllarında hansı oxşar xüsusiyyətlərə, obrazlara rast gəlmisiniz?
- Orta Asiya türklərinin zəngin şifahi ədəbiyyat ənənəsi vardır. Bu şifahi ədəbiyyatın ən gözəl və zəngin məhsullarından biri, əlbəttə ki, nağıllardır. Aldar Kosa Qazax, Qırğız, Özbək, Qaraqalpaq və Türkmən türklərinin nağıl və lətifələrində yer alan bir növdür. İstər nağıllarda, istərsə də, lətifələrdə Aldar Kosanın ən mühüm xüsusiyyəti onun aldadıcı bir obraz olmasıdır. Aldar Kosa da bütün türk boyları arasında danışıq qabiliyyəti və zəkası ilə məşhur olan Molla Nəsrəddən (Nəsrəddin Hoca) kimi türk dünyasının ortaq obrazlarından biridır. Türk dünyası, hələ uşaqları bir-birinə mədəni dəyərlər baxımından nə qədər yaxındırsa, bir o qədər uzaqdır. Hələ uşaqlar bir-birini heç tanımır. Çox acınacaqlı vəziyyətdir. Tibetlilərin Tompa Dayısı da Molla Nəsrəddin, Aldar Kosa kimi xarakterlərdəndir. Onların düşüncə tərzi, hadisələrə münasibəti eynidir. Avropada da Till Eulenspiegel Almaniya, Fransa və Orta Avropa ölkələrində Aldar Kosa, Molla Nəsrəddin kimi pitoreks bir folklor fiqurdur. Ən maraqlısı da odur ki, bunların dördü də eyni dövrlərdə ortaya çıxır və insanların hadisələrə baxışını dəyişdirirlər. Məsələn, gölə qatıq mayalayan Molla Nəsrəddinə: "belə şey olarmı, göl də qatıq tutar?" - deyə soruşanda: "ya tutarsa?" - deyə cavab verir. Doğrudan da, heyrət olunacaq bir davranış və düşüncədir - insanın xəyal dünyasını qanadlandıran bir düşüncə. Azərbaycan nağıllarından "Şəngülüm, şüngülüm, məngülüm" nağılı almanların "Keçi və dörd balası" nağılı ilə eynilik təşkil edir. Türkmənistan nağılı "Ayıqulaq" yenə Qrimm qardaşlarının "Qurbağa Prens" nağılı ilə eynilik təşkil edir. Burada Ayıqulağın başına gələn hadisələr Azərbaycan xalq nağılı qəhrəmanı Məlikməmmədin başına gələnlər ilə eynidir. Bu nağıllar uşaqlara qərəzli düşünməməyi və çirkinin içindəki gözəli görməyi öyrədir. Ərəb nağıllarında keçən Zümrüd və Anka quşu "Ayıqulaq" nağılında Berkut olaraq keçir. Türk folklorunda yer alan Berkut quşu Zümrüd və Ankadan daha qədimdir.
Ayrıca bunu da demək lazımdır ki, türk xalqları hər nə qədər ayrı olsalar da, aralarında bir mədəni birlik və ortaqlıq vardır. Bir misal verim: Azərbaycandakı "Cırtdan ilə Yanıq", Dağıstandakı "Çilbik", Türkiyədəki "Keloğlan", türkmənlərdəki "Yartı Kulak ilə bir qarış boy, iki qarış saqqal", başqırdlardakı "Əmanət", Sibir türklərindəki "Öksüzoğul", altaylardakı "İristu", çuvaşlardakı "Tuytuy Tupalak", göyoğuzlardakı (qaqauzlar) "Dimitraş ilə Pıtraş", qafqazlarda "Kalıcı", qırğızlardakı "Ər Tapıldı" bənzər nağıl qəhrəmanlarıdır. Bunlar görünüş olaraq bənzərlikdən ziyadə, xalqın təmsilçiləridir. Cəsurluqları və bacarıqlarıyla dəyirmanın boğazına ölü salsan, diri çıxan qəhrəmanlardır.
Bir çox ortaq dəyərlər vardır ki, bunları sadalamaqla bitməz. Bütün bu nağılların əsasını uşaqlara vermək istənilən mərhəmət duyğusu təşkil edir.
Doğruluq, dürüstlük, mərdlik, xeyirin şərə qalib gəlməsi, ədalət kimi dəyərlər türk xalqları nağıllarının ortaq ideyasıdır. Onları Avropa xalqlarının, xüsusilə də, alman nağılları ilə qarşılaşdırdıqda bu dəyərlərin sadəcə, türk xalqlarının deyil, bütün bəşəriyyətə aid dəyərlər olduğunu görürük.
- Yücel bəy, 1974-cü ildən nağıllarla məşğul olsanız da, 2007-ci ildən etibarən Türkiyədə nağıl kitablarınız işıq üzü görməyə başlayıb. Bu prosesi necə izah edirsiniz?
- İlk nağıl kitabım 1981-ci ildə Almaniyada həm alman, həm də türk dilində nəşr olundu. Bir anda Almaniyanın bütün kitabxanalarına yayıldı. Məni müxtəlif konfranslara, proqramlara, görüşlərə dəvət etməyə başladılar. O zaman mən bir alman məktəbində müəllim işləyirdim. Hər dəfə bir yerə getmək üçün icazə almaq məcburiyyətində idim. Müdirim alman idi, amma hər dəfə mənə məmnuniyyətlə icazə verirdi. Bir müddət sonra uzun fasilələr verməyə başladım. Məktəbə, müəllimlər otağına girəndə mənə kənardan gəlmiş bir adam kimi baxırdılar. Bu vəziyyət məni narahat etməyə başladı və istefa vermək istədim. Müdir məni buraxmaq istəmədi. Mənim uğurum onu da sevindirirdi. "Sən heç bilirsənmi, nə iş görürsən? Sənin yerinə mən özüm dərsə girərəm", - deyirdi. Bir müddət də qaldım. Lakin artıq utanmağa başladım. Nadir getdiyim iş yerindən məvacib almaq mənə ağır gəldi. 1985-ci ildə istefa ərizəmi yazıb işdən çıxdım. Elə o ildən etibarən peşəkar yazıçılıq fəaliyyətimə başladım. Daha sonra, 1991, 1992-95-ci illər arasında bir neçə dəfə kitablarım nəşr olundu. Ancaq Türkiyədə 2007-ci ildən etibarən kitablarım nəşr edilməyə başladı. Çünki yayınevi sahibləri "Ata-analar Qrimm qardaşları və Anderson nağıllarını oxutmağa alışmışlar, biz bunları nəşr etsək, sata bilmərik, zərər edərik", - deyirdilər. Çox çətinlik çəkdim. Bu çətinlikləri aşmaq asan olmadı. Lakin indi artıq nağıllarım təkrar-təkrar nəşr olunur. Elə Azərbaycan nağılları 8-ci dəfədir ki, təkrar nəşr olunur. Bir zamanlar kitablarımı nəşr etmək istəməyən naşirlər indi məndən nəşr etmək üçün kitab istəyirlər. Lakin "artıq gecikdiniz, inciməyin", - deyə cavab verirəm. Təkəbbürlük etmirəm, həqiqətən də, çox yaxşı redaktorum və nəşriyyat direktorum var. Kitablarımı nəşr edən "Doğu Batı Yayınevi" Türkiyənin aparıcı nəşriyyatlarından biridir və öz işlərini çox ciddi şəkildə görürlər və bütün kitablarımı da onlara çap etdirirəm.
- Nağıllar, həqiqətən də, sirlər dünyasıdır. Yazıçı kimi deyil də, bir insan olaraq həyat reallığınızı, həyatdan gözləntilərinizi hansı nağıllarda, hansı qəhrəmanların timsalında tapırsız?
- Nağıllar hələ uşaqlıqdan mənim diqqətimi çəkib. Nağıllar mənim üçün hər zaman sehrli bir aləm olub. Tərtib etdiyim nağıllar mənim üçün çox əzizdir. Hamısını çox sevirəm. Sevməsəydim, yaza bilməzdim. Bütün nağıllar mənim üçün doğma olduğu kimi, qəhrəmanları da mənim üçün əzizdir. Hər bir nağılı yazarkən, oradakı qəhrəmanın düşüncə və davranışlarını hiss edib onunla birlikdə daxilən hadisələri yaşamışam. Hətta Almaniyada yazdığım romanlarda da obyektiv olmamaqdan çəkindiyim üçün nağıllar aləminə sığınmışam. Çünki 52 il bundan öncə, Almaniyaya gəlsəm də, bu cəmiyyəti hələ də yaxşı tanımıram. Qonşularımız, bəzən başlarından keçən bir hadisəni nəql etdiklərində hələ də təəcüblənə bilirik. Psixoloqlar da insanların doğruları ifadə edə bilmələri üçün nağıllara sığındıqlarını söyləyir. Mən də "Uğultu" və "Anarbay" romanlarında cəmiyyətdə baş verən hadisələri nağılların dili ilə anlatmağa çalışdım. Çox qəribədir ki, 1200 il əvvəl yaşanmış maraqlı bir hekayəni "Niran ilə Ziryab" adlı roman olaraq realist bir üslubla yazdım. Romanın birinci cildi 2024-cü ilin fevral ayında nəşr olundu. İkinci cildi isə bu ilin sentyabr ayında nəşr olunacaq. Fikrimcə, Nizami Gəncəvi "Əsli və Kərəm"i yazarkən Niran ilə Ziryabın yaşanmış hekayəsindən təsirlənmişdir.
Ən böyük gözləntim: nağıllarda olan mərhəmət, sevgi və insanlıq duyğuları uşaqlarımız tərəfindən oxunub öyrənilsin. O zaman dünyamız daha gözəl və insanlar daha xoşbəxt olar. Məsələn, "İlan" kürd nağılı mənə çox təsir etdi. Bu nağıl verdiyi mesaj baxımından bu gün də çox faydalıdır. Sevgi ilanı sevimli bir uşağa çevirir. Bu gün ehtiyacımız olan ən mühüm şey sevgidir. Bunu uşaqlarımıza aşılaya bilsək, cəmiyyətdə yaşanan neqativ hadisələr hiss olunur səviyyədə azalar və hətta bitər.
- Topladığınız iki mindən çox nağılı seçib yenidən tərtib etdiniz. Bu seçimi necə və nəyə görə müəyyənləşdirdiniz? Məqsədinizə çatdınızmı?
- Türk dünyasından topladığım nağıllar böyük bir xəzinədir. Lakin qəbul edək ki, bir çox nağıl uşaqlar üçün deyil, böyüklər üçün nəzərdə tutulmuşdur. Məhz bu baxımdan, ilk öncə, uşaq və ailələr üçün olan nağılları seçib ayırdım. Daha sonra yaş qruplarına və dəyər xüsusiyyətlərinə görə ayırdım. Bu haqda "Masallar bizə nə anlatır" adlı kitabımda geniş məlumat vermişəm. Bu günə qədər Avropa alimlərinin və pedaqoqlarının nağıllar haqqında apardıqları tədqiqat əsərlərini oxudum və gördüm ki, onlar nağılların yalnız 13-14 funksiyasını ortaya çıxarmışlar. İllər uzunu apardığım tədqıqat nəticəsində nağıllarda 13-14 funksiya deyil, 40 funksiya müəyyənləşdirdim. Bir başqa alim də bu araşdırmalardan faydalanaraq nağılların funksiyalarının 100-ə qədər çıxdığını bildirmişdir. Belə nəticəyə gəldim ki, nağılların içində zəngin xəzinə var və bunları uşaqlarla yanaşı, ailələr də oxumalı, uşaqların tərbiyəsində nağıllardan geniş istifadə etməlidir. Milli mədəniyyət elementləri olan layla və nağıllarla böyüməyən uşaqlar şəxsiyyətini itirə bilər. Yəni tamam başqa bir şəxsiyyətə çevrilər. Bu da onun şəxsiyyətini parçalayar. Buna psixologiyada şəxsiyyət yarılması, şəxsiyyət bölünməsi deyilir. Milli mədəniyyətindən ayrı düşən bir uşaq özünü tam dərk edə bilmədiyi üçün başqası olmağa çalışır, lakin onu bacara bilmir. Beləliklə, arada qalan, milli mənsubiyyətindən uzaqlaşmış bir fərd meydana gəlir. Buna görə də elə Səməd Vurğunun dediyi kimi, balalarımızın əllərindən düşürməyəcəkləri kitablar nəşr etmək uşaq yazıçılarının işi olmalıdır. Arzum uşaqlarımıza öz mədəniyyətini öyrətməkdir. Çünki nağıllar, sadəcə, xəyal məhsulu kimi deyil, xəyallar içində həqiqətləri nəql edən hekayələrdir. Bu yolda almanlardan örnək alaraq şuurlu hərəkət etmək lazımdır.
- Yücel bəy, nağılları toplarkən hansı qaynaqlara müraciət etdiniz?
- Mən nağılları kitabxanalardan, arxivlərdən, xalqın folklor hafizəsindən, yəni qoca və ağbirçəklərin dilindən, aşıqların ağzından topladım. Bunlar dörd min illik bir xəzinədir. Dəclə sahilində m. ö.1750-ci ildə gil lövhələr üzərinə yazılmış dünyanın iki nağılını da mən tapıb nəşr etdirmişəm. Adı "Adapa"dır. Hər almanın Qrimm qardaşlarının nağıllarına verdiyi əhəmiyyət qədər, düşünürəm ki, bizim türk xalqları da "Türk dünyası qardaş nağılları"nı hər bir övladımıza çatdıra bilsə, o zaman mən də məqsədimə çatmış olacağam.
- Müşahidə etdiyim qədər, üçüncü nəsil türk gəncləri nə tam türkcə, nə də tam almanca danışır. Bunun fəsadları nə ola bilər? Almaniyada türk dilinin gələcəyini necə görürsünüz?
- Almaniyada interkultural kontekstdə türk ədəbiyyatını təhlil etdikdə, türk ailələrin köç problemlərini, Almaniyada yaşayan bir türk olaraq yazırlar. Bir qrup yazıçı və şair isə tamamilə alman cəmiyyətinin bir parçası olaraq ədəbi fəaliyyətlə məşğuldur. Almaniyada yaranan türk ədəbiyyatı bu günə qədər müxtəlif şəkildə adlandırılmışdır. Ən çox, "Türk göçmən ədəbiyyatı" adı geniş yayıldı. Son olaraq da "Alman-türk ədəbiyyatı" olaraq adlandırılmağa çalışılır. Bunu necə dəyərləndirirsiniz?
- Bəzi yazıçıların türk köçmən yazıçı olaraq adlandırılmaqdan xoşu gəlmir. Haqlı sayıram. Çünki bu adla cəmiyyətdən təcrid olunmuş olursan. Əlbəttə, bu vəziyyət insanı narahat edir. Lakin alman-türk ədəbiyyatı deyilincə, daha isti və daha qəbul olunur bir münasibət gördüyünü hiss edirsən. Bir də köçmən statusu ilə əsərlər yazdıqda artıq əvvəlki qədər maraq doğurmur. Almaniyada yaşayan bir yazıçı olaraq ümumi məsələləri mövzu olaraq işlədikdə daha çox bəyənilir və təqdir edilir. Biz artıq yarım əsrdən çoxdur ki, Almaniyada yaşayıb-yaradırıq. Məncə, artıq köçmənlik qalmamışdır. Ona görə alman-türk ədəbiyyatı adlandırılması daha məqsədəuyğun olar.
- Sizcə, Almaniyada yaşayan türk yazıçılar necə yazmalıdır ki, cəmiyyət və ədəbi mühit tərəfindən qəbul edilsin və sevilərək oxunsun?
- Hansı cəmiyyətdə olursan-ol, əsl yazıçı olmaq asan iş deyil. Marsel Rayx-Ranicki Polşa əsilli alman ədəbiyyatşünasıdır. O, alman ədəbiyyatı sahəsində ən nüfuzlu müasir ədəbiyyatşünaslardan biridir və Almaniyada tez-tez Literaturpapst (ədəbiyyatın atası) kimi tanınır. Onun ədəbi əsərlərə yanaşma tərzi, təhlil və tənqid gücü bütün Avropada qəbul edilmişdir. Günter Grassın ən məşhur romanı "Die Blechtrommel" (Trampet) 1959-cu ildə 700 min tirajla çıxacaqdı. Lakin son anda Marsel Rayx televizor verilişlərinin birinə çıxaraq roman haqqında tənqidi fikirlərini söylədi və 680 səhifəyə yaxın əsərin 27 səhifəsini ədəbiyyat, qalanını makulatura olaraq dəyərləndirdi. Əlbəttə, bu hadisə böyük rezonans yaratdı. Kitabın tirajı birdən-birə 200 minə düşdü.
Belə bir adam 1980-ci illərda köçmən ədəbiyyatı, yoxsa, xarici ədəbiyyatmı? mübahisəsinə də aydınlıq gətirməyə çalışdı. Sərt bir şəkildə "keçin bunları, əsas olan ədəbiyyatdır. Ədəbiyyatın prinsiplərinə cavab verməkdir. Qalan şeylər boş şeylərdir", - deyə fikrini ifadə etdi. Məncə, bu, çox gözəl bir tənqiddir. Yazıçı olaraq özünə qarşı tələbkarlığını artırır.
Mən Türkiyədə hələ 22 yaşlarımdan bəri böyük qəzetlərə yazılar yazırdım, bir kitabım çıxmışdı. Artıq tanınmış bir gənc olaraq yazılarımdan sitatlar gətirirdilər (Bunlardan: məşhur yazıçı Cətin Altan, İlhami Soysal, İlhan Səlcuk və digərləri). Artıq bir yazıçı kimi formalaşırdım. Yaradıcılığımın çiçəklənən dövründə Almaniyaya gəlmək məcburiyyəti birdən-birə məni dilsiz körpə uşağa çevirdi. Tam başdan başlamaq məcburiyyətində qaldım. Dili bilmirəm, mentaliteti tanımıram. Nə qədər də çətin idi! Dili öyrəndim, Almaniyada Anderson yazarlıq akademiyasını bitirdim. Alman yazıçıları və dünya ədəbiyyatı ilə yarışmaq məcburiyyətində olduğumu anladım. Çünki dünyanın ən yaxşı ədəbi əsərləri burada dərhal nəşr edilir. Belə bir yerdə mən necə məşhur ola bilərəm? Məni kim tanıyacaq? Öz-özümə: "həddini bil" dedim.
- Daha sonra Marsel Rayx görüşünü dəyişdimi, Yücel bəy?
- 1990-95-ci illərdə Marsel Rayx çıxışlarında köçmən ədəbiyyatı diqqətlə izlənilməsinin vacibliyindən və bu ədəbiyyatın Almaniyaya gətirəcəyi ədəbi faydadan bəhs etdi. O anda bizim ədəbiyyat, yazdıqlarımız əsərlərə maraq artdı. Bir çox yazıçımızı müxtəlif tədbirlərə dəvət edib, ədəbi fıkirlərimızi almağa başladılar.
- İnformasiya texnologiyalarının inkişaf etdiyi, uşaqların telefon və planşetlərlə gəzdiyi, internetdən endirilən oyunlar, filimlərlə maraqlandığı, virtual dostluqlar qurduqları bir dövrdə alman təhsil sistemində nağıl kitablarıyla təhsilin səviyyəsi nə yerdədir?
- Yuxarıda da qeyd etdiyim kimi, almanlar öz milli mədəniyyətlərini öyrənməyi, milli birliklərini yenidən qurmağı, nağılların yaratdığı təsiri bildikləri üçün məktəblərdə bu gün də bu məsələyə əhəmiyyət verilir və Avropa Birliyi mədəniyyəti xüsusi önə çıxarılır. Uşaqlara ağıllı telefonlar almırlar. Sosial mediadan daha az yararlanırlar. Sosial media üzündən kitab tirajları Almaniyada da düşdüyü halda, uşaq ədəbiyyatı seriyasından olan kitabların satışında yüksəliş qeyd olunur. Avropada uşaqlar saatlarla televizorun önündə oturmur. Əlbəttə, bəzən istisnalar da olur.
- Yücel bəy, mən apardığım tədqiqatlar zamanı görüşdüyüm insanlara və əsasən də, gənclərə diqqət etdim. Çoxu fikrini türkcə tam olaraq izah edə bilmir, qarışıq danışır. Almanca da tam səviyyədə deyil. Bu xüsus mənim diqqətimdən qaçmadı. Almaniyada doğulub-böyüyən uşaqlar alman dilində təhsil alır. Bu səfər nənə-baba olmayan gənc ailələrdə bir də alman dilində danışılır. Bir an düşündüm: "görəsən, Almaniyada türk dilinin gələcəyi necə olacaq?" Bunu siz necə qiymətləndirirsiniz?
- Çox düzgün nöqtəyə toxundunuz. Ağrılı bir məsələdir. İlk zamanlar Türkiyədən gələn işçilərə, sadəcə, iş-gücü kimi baxdıqları üçün onlara alman dili kursları vermədilər. Bu sayədə, Anadoludan gələn insanlar bütün ömürlərini zavod və fabriklərdə fəhlə olaraq keçirdilər. Onların uşaqları da az əziyyət görmədi. Dili bilməyən valideyn övladına dərslərində, sosial davranışlarında yardım edə bilmədi. Nəticədə yeni nəsil tam olaraq alman uşaqları kimi yetişməyə, onlar kimi dəyərləndirməyə çalışarkən öz ana dilini yadırğamağa başladı. Bu halda, Türkiyə dövlətinə də böyük iş düşür. Almaniyada açılan minlərlə məscid gənc nəsli dini inanc yoxsulluğundan xilas etdi və türk dilinin istifadəsinə də müəyyən qədər yardım etdi. Lakin bəzən bilgisizlikdən ərəb dilinə daha çox önəm verildi. Mənəvi dəyərlərin öyrənilməsi üçün ərəbləşməyə ehtiyac yoxdur. Ana dili, inanc və milli mənsubiyyətin kodlarını daşıyan mədəniyyətin öyrədilməsidir və bu da çox vacibdir. Mən keçənlərdə bir məsciddə seminar verdim. Altmışdan çox uşağa nağıllar danışdım, onların önəmini vurğuladım. Onlarla birlikdə valideynləri də iştirak edirdi. Çox bəyəndilər və bu cür proqramların davam etməsini arzu etdilər. Əlbəttə, dini bilgilərlə yanaşı, uşaqlarımızım milli mədəniyyətini və ana dilini öyrənməsi çox vacibdir. Almaniyada məktəblərə xarici dil kimi Türk dili qoyulmuşdur, istəyən ailələr imza toplayaraq məktəblərdə türk dili dərsi ala bilir. Lakin bu da yetərli deyil. Məncə, türk dili dərsi məcbur tutulmalıdır. Hətta istəyən alman uşaqları da bu dərslərə girsin. Bax, o zaman gələcəyə olan narahatlığımız azalar.
- Türk dünyasından topladığınız və yenidən yazdığınız nağıllarda uşaqların söz xəzinəsini zənginləşdirmək üçün türk xalqlarına aid sözlərdən istifadə etdinizmi?
- Əlbəttə, ilk yazdığımda müxtəlif türk topluluqlarına aid sözləri qoruyub saxlamağa çalışdım. Lakin daha sonra nağılların başa düşülməsində çətinlik yaratdı. Ona görə də belə qərara gəldim ki, bu nağılları hakim olduğum dildə yazım, düşündüm ki, daha sonra müxtəlif türk topluluqlarının dilinə tərcümə edilər. Nağıl kitablarını tərtib edərkən hər bir türk topluluğuna bir kitab ayırdım və kitabın arxasında o ölkə haqqında məlumat verdim.
- Yücel bəy, yeni layihələriniz varmı və əgər varsa, onları bizimlə bölüşə bilərsinizmi?
- Türk mifologiyasında mühüm rol oynayan, dişi qurd olaraq bilinən Asena haqqında uzun illərdən bəri tədqiqat aparırdım. Yeni mənbələr əldə etdim. Onun qurd deyil, Göktürk Xaqanı Mukan Xaqanın qızı olduğunu öyrəndim. O qədər mühüm bir obrazdır ki, 12 pərdə ilə Çin musiqisinin təməlini o yaratmışdır. Bu günə qədər təsiri davam edir. Əks təqdirdə, yüz illər boyu unudulmayan bir əfsanə olardımı? Məzarı da tapıldı, məzarın içindən Asenaya aid mindən çox əşya çıxdı. Bunların arasında qızıldan qulaq çöpləri də var. Kitab yeni nəşr olundu. Digər əsərim "Niran ilə Ziryab"ın ikinci cildidir. Nəşrə hazırlanır, önümüzdəki sentyabr ayında o da işıq üzü görəcək.
Niran və Ziryabın qeyri-adi hekayəsi Şərqin Qərbə bəxş etdiyi ən rəngli səhifələrdən biridir. Hekayənin bu qədər gözəl və cəlbedici olmasının səbəbi Niran və Ziryabın tarixi reallığa söykənməsi, incəsənətin və musiqinin intibahdan çox-çox əvvəl dünyaya ilham qapılarını açması və təbii ki, bu iki fiqurun böyük şəxsiyyəti təmsil etməsi, Şərqdə və Qərbdə dərin sevgi qazanmasıdır.
Ziryabın (Əli Nafinin) Şərqdən başlayan uzun səyahəti Kordobada bitir. Həyatı boyu qarşılaşdığı çətinliklər, rəqabətlər, qısqanclıqlar, ayrılıqlar həmişə olur. Lakin o, sənət dühası ilə bütün çətinliklərin öhdəsindən gəlməyi bacarır. O, əsl səsinin zamandan sonra da eşidiləcəyini bilir. Çox maraqlı hekayədir. Məni arxasından, ta Bağdaddan İspaniyaya qədər apardı. Altı dəfə Əndəlüsə getdim; evinin yerini, məzarını tapdım. Çox maraqlı faktlarla qarşılaşdım və ayaq izlərini belə axtarıb tapmağa çalışdım, əldə etdiklərimi yazmağa çalışdım. Nə dərəcədə müvəffəq oldum, onu bilmirəm.
- Hörmətli Yücel bəy, geniş və maraqlı müsahibənizə görə sizə təşəkkür edirik. Soruşmadığımız, lakin sizin söyləmək istədiyiniz varsa, buyurun.
- Mən də sizə təşəkkür edirəm. Bu günə qədər verdiyim ən gözəl müsahibələrdən biri oldu. Məni də düşündürən, mənə yeni fikirlər verən gözəl suallarınız bütün yaradıcılığımı açdı. Müsahibədən ziyadə, gələcəkdə Almaniyada türk ədəbiyyatı yazıçılarını araşdıran tədqiqatçılar üçün də maraqlı olacağını düşünür və sizə uğurlar arzu edirəm.
Son olaraq sözlərimi yenə də nağıllarla tamamlamaq istəyirəm. Alman türkoloq Rosemarie Kuper bir məqaləsində belə yazır: "Türk dünyası nağılları Yücel Feyzioğlunun qələmindən gəlib ailə və uşaq ədəbiyyatı kitablığında üst rəfə yerləşib". Buradan Rosemarieyə də təşəkkür edirəm.
Söhbətləşdi: Səriyyə Gündoğdu
F.ü.f.d.,dos., AMEA akademik
Z.M.Bünyadov adına Şərqşünaslıq
İnstitutu "Türk filologiyası"şöbəsinin müdiri
a
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!