Bir anda dağılıb qum dənəsitək, birdən irilirəm şeir yazanda... - Zəki Bayram YURDÇU

Şeir yazanda

 

Heç kimə qəribə gəlməsin gərək,

Əgər sinəsində vurursa ürək.

Bir anda dağılıb qum dənəsitək,

Birdən irilirəm şeir yazanda.

 

Xəyalım dolaşır dağı, çəməni.

Əllərim darayır dumanı, çəni.

Kimsə silkələyir kökümdən məni,

Tuttək dərilirəm şeir yazanda.

 

Sıyrılıb çıxıram hər cür qəbadan,

Qorxub çəkinmirəm tifdən, vəbadan.

Yarızor, yarıxoş doğma obadan,

Eldən sürülürəm şeir yazanda.

 

Qanıma qarışıb yüz Araz axır,

Kimsə ürəyimi nar kimi sıxır.

Sözlərim sinəmdən ox kimi çıxır,

Yaytək gərilirəm şeir yazanda.

 

Payızda qovzanıb səhər yelindən,

Nəsə umsunuram durna telindən...

Dəli dalğaların qaçıb əlindən

Günə sərilirəm şeir yazanda.

 

Yazda göz oxşayır hər gül, hər çiçək,

Sevincdən quş kimi atlanır ürək.

Keçən əsrdəki dəliqanlıtək

Sevib-sevilirəm şeir yazanda.

 

Dişlərim sıxılır canıma birdən,

Baş alıb qaçıram dözüm, səbirdən.

Elə bil yatmışdım dar bir qəbirdə, -

Durub çevrilirəm şeir yazanda.

 

Bəzən uçurumdan yıxılan kimi,

Bəzən də qəfəsə sıxılan kimi.

Qabıq dəyişdirən bir ilan kimi

Çönüb qıvrılıram şeir yazanda.

 

Gahdan açılıram dolu mücrütək,

Gah dəli oluram sərxoş gürcütək.

Bir topdan dağılan qala bürcütək,

Sözlə hörülürəm şeir yazanda.

 

Yüzillər ardından durub gəlirəm,

Başımı daşlara vurub gəlirəm.

Gedib o dünyanı görüb gəlirəm,

Ölüb-dirilirəm şeir yazanda.

                 

Köhnə şeirlər

 

Sarı vərəqlərdə çıxar qarşına,

Köhnə dostlar kimi köhnə şeirlər.

Baxmaz ürəyinə, baxmaz yaşına,

Köhnə dostlar kimi köhnə şeirlər.

 

Ruhunu sarsıdar, canını sarar,

Ürəyi kökündən dartıb qoparar.

Xəyalı arana, dağa aparar,

Köhnə səslər kimi köhnə şeirlər.

 

Doğma nəfəs üçün saralıb-solar,

Ürəktək boşalar, göz kimi dolar.

Hər daim oxunmaz, yazılmaz olar,

Köhnə dərslər kimi köhnə şeirlər.

 

Özündən yıxılar, özündən düşər,

Çoxundan çoxalar, azından düşər.

Bir damla yaş olub gözündən düşər,

Köhnə dostlar kimi köhnə şeirlər.

 

***

Bu xalqla daha çox əzilmək üçün

Dartıb uzadacam bu gödək ömrü.

Dəmir qəfəslərə düzülmək üçün

Nə fərqi: ya arı, ya pətək ömrü.

 

Dolanaq başına dağlar qar ikən,

Nə var yaşamağa tale yar ikən.

Bu torpaq, bu dəniz, bu göy var ikən,

Çoxları yaşayır göstəbək ömrü.

 

Dinlə bu son sözü, bu son gileyi,

Susdurma içimdə inləyən neyi.

Taleyim - yalqız bir qumru taleyi,

Ömrüm - son baharda kəpənək ömrü.

 

Başımdan getmədi dumanım, çənim,

Yağmadı yağışım, bitmədi dənim.

Yaxşı ki, qismətim olmadı mənim

Yalağa yalmanan it-köpək ömrü.

 

Kimlərin yadında qalacaq adım?

Ələndi gözümdə yaxınım, yadım.

Bu ömrü könlümcə yaşayammadım,

Bəlkə yaşayaram gələcək ömrü.

 

Üşüyən qəlb olsun...

 

Budur, yenə meydan sulayır payız,

Bağlarda od-ocaq qalayır payız.

İncə ruhumuzu dalayır payız,

Təki ürəklərdə payız olmasın.

 

Gilavar at kimi çöldə kişnəyir,

Dəniz qulaq verib yeri dinşəyir.

Hər sevən ürəkdə bir qız üşüyür;

Üşüyən qəlb olsun, o qız olmasın.

 

Qovaqlar Məcnuntək saçını yolsun,

Söyüdlər Leylitək sozalıb-solsun.

Ürəyim şeirlə boşalıb-dolsun, -

Yazmağa bir qələm-kağız olmasın.

 

Xəzəl xatirələr dinir sinəmdə,

Nə odlar, ocaqlar sönür sinəmdə.

Ürək yalquzağa dönür sinəmdə;

Meşədə aslan da yalqız olmasın.

 

***

Elə bil bu adam Nuhdan qalıbdır;    

Yeriyən müqəvva, quru qabıqdır.

Qəlbi başdan-başa xarabalıqdır;

Uçulub-tökülüb, qalıb içində.

 

Ömründə seçməyib qaradan ağı,

Ruhunu tərpətməz vətən torpağı.          

Ürəyi sanki bir xəzan yarpağı,

Gizlicə sozalıb-solub içində.

 

Düşünər çox dərin, danışmaz qəti,

Gözünü yaşartmaz ilk məhəbbəti.

Üzündən oxunmaz sevgi, nifrəti, -

Daima ağlayıb-gülüb içində.

 

Görəsən, qəlbində qışmı, baharmı?

Ruhuna səpilən yağışmı, qarmı?

İlahi, sənin də xəbərin varmı? -

Bu kişi nə vaxtdır ölüb içində?!

 

M.Müşfiqin ev muzeyində düşüncələr

 

Nə vaxt səndən söz düşürsə, dolur gözlərim,

Özümə də bircə anda yer tapmıram mən.

Qəzəbimdən başım çönür, əsir dizlərim,

Acıların bir-bir gəlib keçir qəlbimdən.

 

Şimşək kimi bir ömürdən bir neçə şəkil;

Həyat eşqi gözlərində qəmlə çulğaşıb.

Bir gecədə yaşamısan bəlkə neçə il,

Görünməmiş işgəncələr üzdə daşlaşıb.

 

Hanı səni çox istəyən o doğma ellər?..

Dilbərinin saçlarına daraq dəyməyib.

Üz-gözünü oxşamayıb sevgili əllər,

Hətta sənin bəyəndiyin donu geyməyib.

 

...Yadımdadır, bir zamanlar Xızıda oldum,

Sayadlını görəmmədim əzəl yerində.

Düşündükcə bulud kimi boşalıb-doldum,

Təbiətin gözəl vaxtı, gözəl yerində.

 

Dolaşdıqca viran qalan Müşfiq yurdunu,

Başım üstdə qanad çalan bir qartal gördüm.

Təsəlliylə ovundurub könül dərdini,

Qartallaşan xəyalına salam da verdim.

 

...Qısqandılar bulaq kimi istedadına,

"Komsomolçu", "çekist" ruhlu şair olanlar.

Çamur kimi yapışmadı təmiz adına

Nəsillərin üz qarası - "qızıl" yalanlar.

 

Bu gün ölməz şeirlərin dillərdə əzbər,

Sən ki, "oxu, tar" demişdin...oxur tar yenə.

Baxışların o qartalın gözünə bənzər,

Bu dünyadan Müşfiq keçib...Müşfiq var yenə.

 

Yaşadım

 

Şələ tutdum şəfqətdən,

Qaçdım kindən, nifrətdən.

Mən sevgidən, ülfətdən

Tutub maya, yaşadım.

 

Bitmədim ot-alaqtək,

Bir kötüyə calaqtək.             

Daim qaynar bulaqtək

Axıb çaya yaşadım.

 

Vətənimdə qürbəti,

Bir ömürlük möhnəti,

Bir sevgili həsrəti

Doya-doya yaşadım.

 

Yaylar kimi gərildim,

Sürgünlərə sürüldüm.

Hər gün ölüb-dirildim,

Aydan-aya yaşadım.

 

Qədər qara yazıldı,

Yuxum tərsə yozuldu.

Yerdən əlim üzüldü,

Baxıb göyə yaşadım.

 

Gördüm xortdan, xoxanı,

Dünyaya kor baxanı.

Bu xalqa xor baxanı

Söyə-söyə yaşadım.

 

Özüm boyda bir ürək;

Yaşamadım çoxutək.

Dərdlərimi yuxutək

Deyib suya yaşadım.

 

Qəflətdən ayılmadım,

Heç kəsə əyilmədim.

Yaşayıb duyulmadım,

Duya-duya yaşadım.

 

Canı şamtək əritdim,

Ölü canlar diriltdim.

Neçə ömür çürütdüm,

Neçə dünya yaşadım.

 

Mən bir Yurdçu oğuldum,

Öz qanımda boğuldum.

Mən də dünyada oldum,

Mən də guya yaşadım.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!