Mayın 1-də AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Uşaq ədəbiyyatı" şöbəsində gənc yazıçı-dramaturq Sevinc Elsevərin "Novruz nağılı" romanının müzakirəsi keçirilib. Müzakirədə "Uşaq ədəbiyyatı" şöbəsinin müdiri, filologiya elmlər doktoru Elnarə Akimova, filologiya üzə fəlsəfə doktorları Aygün Bağırlı, Mətanət Vahid, İlhamə Ağazadə, Səadət Bayramova, Gülnar Qəmbərova və romanın müəllifi Sevinc Elsevər iştirak edib. Müzakirə mətnini ixtisarla oxuculara təqdim edirik.
Elnarə Akimova: Uşaq ədəbiyyatı şöbəsində əvvəllər də bir sıra əsərlərin müzakirəsini keçirmişik. Bu gün isə Sevinc Elsevərin "Novruz nağılı" romanının müzakirəsinə yığışmışıq. İstərdim ki, bir çox məsələlərə aydınlıq gətirək. Əsəri roman adlandıra bilərikmi? Ümumiyyətlə "Novruz nağılı"nı uşaq ədəbiyyatında bu mövzuda ilk roman hesab etmək olarmı? Əsərin yaratdığı təsir, poetik bütövlüyü, strukturu, yazıçının yanaşması, novruz atributlarından, simvollardan istifadə kimi məsələlərə fikir bildirməyə çalışaq. İlk olaraq sözü İnstitutun elmi katibi Aygün Bağırlıya verirəm.
Aygün Bağırlı: Uşaq ədəbiyyatında roman janrından danışanda ilk ağlımıza Sevinc Elsevər gəlir. Bundan əvvəl də qələmə aldığı roman yeniyetmələr üçün nəzərdə tutulmuşdu. Bu əsərin adı "Novruz nağılı" olsa da, roman janrındadır. Nağılı çox böyük maraqla oxudum. Oxucu kimi məni ən çox iki süjet cəlb etdi: birinci məqam qızılı yumurtanın içindən nə çıxacaq, ikinci isə niyə Novruzəlinin yumurtası o birilərinkinə qalib gəlir.
Elnarə Akimova: Bəli, baxmayaraq ki, uşaq mətnidi, hadisələrin sonunu eyni maraqla gözləyirik.
Aygün Bağırlı: Düşünürəm ki, əsər bizi belə cəlb edibsə, uşaqlar da onu çox maraqla qarşılayacaq. Kitabın müsbət xüsusiyyətləri çoxdur. Əvvəla cəlbedici şəkillər, maraqlı tərtibat diqqətçəkiçidir. Bu təbii ki, nəşriyyatın işidi. Sağ olsunlar, yaxşı şəkillər veriblər: papaq, xurcun və s. köhnə adət-ənənələrimiz əks olunub. Etnoqrafiyamızı, folklorumuzu öyrətmək baxımından dəyərlidir, dili oxunaqlıdı. Bütün bunlar haradan doğub, haradan yaranıb açıqlayırsınız. Bundan əlavə əsərdə bir neçə məqsəd var. Od çərşənbəsi ilə bağlı mənim özümdə hər zaman belə bir sual yaranıb ki, niyə o biri çərşənbələrdə də od qalanır. Siz də orda belə bir sual qoyursunuz. Bəzi sözlər verilib ki, uşaq ilk dəfə onlarla qarşılaşır, təbii ki, soruşub öyrənəcək. Ya da mətndə nənənin, babanın cavabında həmin ifadənin mənası verilib. Uşaqların nənə-baba ilə isti münasibəti də burda əksini tapıb. Öz uşaqlığımız yada düşür, bayrama hazırlaşmaq, yazı qarşılamaq və s. Yaxşı olardı əsərin tirajı çox olsun, bütün uşaqlar oxuya bilsin. Keyfiyyətli ədəbiyyatın azlığından əziyyət çəkirik, bu, boşluğu dolduran əsərlərdəndir.
Sevinc Elsevər: Kitab bu yaxınlarda "Oxu günü" marafonuna daxil edilmişdi, həmin görüşdə iştirak edən əksər uşaqların artıq romanı oxuması sevindirici haldır.
Aygün Bağırlı: Siz kənd həyatında yaşamısız?
Sevinc Elsevər: Bəli, mən on üç yaşıma qədər Saatlıda, ana nənəmin yanında yaşamışam.
Aygün Bağırlı: Nəyə görə soruşuram? Çünki əsərdə elə detallar var ki, kənd mühitində yaşamadan onları yazmaq çətin olardı. Romanda çox yaxşı ənənələri qoruyan bir-iki deyim diqqətimi çəkdi: Nağılın kiçik qəhrəmanlarından olan Turanə deyir ki, qulaqpusduya gedək. Sevindik icazə üçün babanın üzünə baxır, yəni böyüyə hörmət, böyüyün yolunu gözləmək, müəllim şagird münasibətində və s. Belə xırda, həm də əhəmiyyətli nüanslar əsərdə çoxdur.
Elnarə Akimova: Baba ilə nəvə arasındakı ağacla bağlı xəfif zarafat da bu qəbildəndir. Çox sağ olun, Aygün xanım. İstərdim sözü "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı" şöbəsinin aparıcı elmi işçisi Mətanət Vahidə verək. Mətanət xanım könüllü olaraq bu müzakirəyə qoşulub. Bu onun həm də uşaq ədəbiyyatına sevgisindən irəli gəlir.
Mətanət Vahid: Əslində, burada təəccüblü heç nə yoxdur. Bizim "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı" şöbəsinin müzakirələrində də "Uşaq ədəbiyyatı" şöbəsinin əməkdaşları hər zaman iştirak edir və İnstitutumuzun şöbələri arasındakı bu sıx əməkdaşlıq çox xoşdur. Mən hər hansı uşaq əsərini oxuyarkən bir ədəbiyyat adamı olmaqla yanaşı, həm də uşaq kimi oxumağa çalışıram və fikirləşirəm ki, uşaq olsaydım, bu əsər xoşuma gələrdimi? Çox hallarda müasir uşaq ədəbiyyatı nümunələrimiz oxucu kimi məni itələyir. "Novruz nağılı"ndan isə zövq aldım, çox xoşuma gəldi. Elnarə xanımın da dediyi kimi, "Novruz nağılı" romandır. Müəllif Sevindiyin başına gələnlərlə paralel qızılı yumurtanın macəraları əsasında novruzu nağıllaşdırıb təqdim edir. Xoşuma gələn cəhət odur ki, bütün hadisələri obrazlar yaşayır, yəni nağıl göstərilir, sadəcə danışılmır. Həmçinin şifahi xalq ədəbiyyatı nümunələri əsərə uğurlu şəkildə yerləşdirilib. Məni həmişə qıcıqlandıran məqamlardan biri odur ki, uşaq ədəbiyyatı müəllifləri öz oxucularına ya çox böyük kimi yanaşırlar, uşağın yaş xüsusiyyətlərini nəzərə almırlar, ya da tam anlayışı olmayan biri kimi görürlər. Burada isə balans gözlənilib. Amma məncə, roman bir az müasir olsaydı, daha yaxşı olardı. Əsəri oxuyanda 80-cı illərin təsiri yaranır, mən onu öz uşaqlığımın nağıl-romanı kimi oxudum. "Novruz nağılı" zamanının romanı olsaydı, balaca oxucu orada özünü görsəydi, ona daha maraqlı gələrdi. Bugünkü uşaq qadcetlərin yetirməsidir. "Novruz nağılı"nda isə müasir uşaq olan Sevindik öz dövründən qopmuş kimi görünür. Köhnəlik ad seçimində də özünü göstərir. Bu dövrün uşaqlarına bu tip adlar qoyulmur. Romanda redaktə ilə bağlı da müəyyən qüsurlar var. Mənə belə gəlir, uşaq ədəbiyyatı nümunələri çapdan öncə bu sahənin mütəxəssislərinə təqdim olunsa, qabaqcadan məsləhətlər, tövsiyələr nəzərə alınsa, işin xeyrinə olar.
Sevinc Elsevər: Müasirliklə bağlı demək istəyirəm ki, yaşadığımız zamanın, uşaqlığımın xiffətini çəkdiyimdən nağılı bu şəkildə qələmə almışam.
Mətanət Vahid: Mənim dediyim odur ki, romanda görünəydi ki, biz həm müasir dünyadayıq, həm də ənənələrdən uzaqlaşmamışıq. Axı telefon, kompüter, planşet əlimizdən düşmür. Ənənələrin yaşaması gözəldir, amma mətn o uşaqları bu dövrdən qoparıb əlli il öncəyə aparıb. Romanda Sevindik bu zamanın uşağı olsa da, zamanın obrazı yoxdur, o, məsələn, mənim uşaqlıq dövrümün yetirməsi kimi görünür - XXI əsrin üçüncü onilliyinin uşağı kimi görünmür.
Sevinc Elsevər: Bir növ, istədim, uşaq telefondan uzaq düşsün. Ordakı nənə, baba obrazları, uşaqlar mənim yaxından tanıdığım uşaqlardı. Şüuraltı məqsəd var. Heç olmasa, əsərdə telefonla əlaqə kəsilsin. Sevindik adına gələndə demək istəyirəm ki, təmiz türk kökənli olduğundan mən bu adı çox sevirəm.
Səadət Bayramova: O zaman Sevindik obrazı, bir növ, müəllifin özüdür.
Sevinc Elsevər: Uşaqlıqda mənə Sevincək deyirdilər. Sadəcə bu romanın qəhrəmanını oğlan seçdim, həm baba ilə münasibətlərinə, həm də məlum situasiyalara görə. Burada Qara toyuq obrazı da təsadüfü seçilməyib.
Mətanət Vahid: Biz peşəkar kimi öz fikrimizi bildiririk. Siz qəbul etməsəniz də, romandakı hadisələr millidi, mənəvidi, gözəldi, amma bizim dövrümüzdə deyil. Dil, üslub, poetika müasirliklə səsləşməlidir.
Elnarə Akimova: Əslində, məncə də bir detal kimi verilə bilərdi. Müasirliyin ruhu duyulsaydı, yaxşı olardı.
Səadət Bayramova: Mən bu nağılı oxumamışdan əvvəl Sevinc Elsevərin digər uşaq əsərləri ilə tanış oldum. Hər bir şeirində, hekayəsində çox dərin məna var. Həddən artıq təsirli nümunələrdi. "Novruz nağılı"nda isə özümü, uşaqlığımı gördüm. Buradakı folklor hərtərəfli işlənib. Kiçik çillə ilə böyük çillənin söhbəti, boz ayın onların söhbətinə müdaxiləsi, ağacların budanması və s. bu kimi məsələləri əsərə ətraflı yerləşdirmisiz. Gənclərin çoxu bu adətlərdən xəbərsizdir. Düşünürəm ki, müasir nənə və babalara örnək ola biləcək Gülarə nənə və Kərim baba obrazları böyük önəm daşıyır. Burada bir sətirlə də olsa, Bənövşə müəllimənin Qarabağ acısını xatırlatması böyük təəssürat oyadır, uşaqların yaşadıqları əksini tapır. Bəhrə verməyən ağacın oyadılması əhatəli qeyd olunub. Tərtibat, rəsmlər çox gözəldir, şəkillər dil açıb danışır.
İlhamə Ağazadə: "Novruz nağılı" ilk səhifələrindən sonadək maraqla oxuduğum uşaq əsərlərindəndir. Əsas qəhrəman Sevindiyin ailəsi və dostları arasındakı münasibətlər, məktəblə əlaqə, Qara toyuqla "rəfiqələri"nin başına gələnlər müəyyən ardıcıllıqla, əlaqəli şəkildə verilir, reallıqla qeyri-reallıq bir-birini əvəzləyir. Müəllif bullinqə məruzqalmanı xatırlatmaqla yaxşı və pisin nə olduğunu uşaqlara təlqin etməyə çalışır. Müharibə dönəmindən, igid şəhidlərimizin həyatından xatırlatmalar da yerində verilməklə əsərə rəngarənglik qatır. Əsərdə dolayısı yolla olsa da, uşağa dürüstlük, mərdlik, cəsurluq aşılanır, yəni döyüşəndə də mərdcəsinə döyüşmək lazımdır. Alleqorik şəkildə toyuq-cücənin dilindən səsləndirilən fikirlər maraq doğurur. Kəkilli toyuğun dediyi: "Özündən hara qaça bilərsən?", Qara toyuğun sondakı peşmanlığı: "Yaxşı oldu. Sənə bu da azdır! Öz balalarından, öz nəslindən, keçmişindən imtina edəndə belə olacaq!" kimi fikirlər nağıl diliylə ötürülən ciddi mesajlardır. Əsər bu tip mesajlarla uşaqların şüurunda iz qoyacaqdır, tarixi-yaddaşın qorunması baxımından bu cür detallar çox vacibdir. Eyni zamanda əsər adət-ənənələrin yaşadılması, ailə dəyərlərinin qorunmasına da təsir göstərəcək. Yumurta döyüşü zamanı oxunan nəğmələr, çərşənbələrə aid ayinlər, yerində işlədilmiş ata sözləri, el deyimlərinin özünəməxsus izah-yozumu, bunların yazın gəlişi ilə, yəni təbiət hadisələri ilə uzlaşdırılması, dilin sadəliyi, axıcı və lakonikliyi romanı daha da oxunaqlı edir. Qədim oyun adlarının mətnə gətirilməsi, uşaqları müəyyən qədər də olsa, müasir dövrün virtual oyunlarından uzaqlaşdırmaq məqsədi daşıyır: beşdaş, bənövşə, dəsmalaldı qaç, gözbağlıca oyun adlarını eşidən uşaq təbii ki, onların necə həyata keçirilməsi ilə maraqlanacaq. Obrazların adlandırılmasında da (Mətanət xanımın vurğuladığı kimi, müasir adlandırmadan fərqlənsə də!) novruzla əlaqələndirmə nəzərə çarpır: Sevindik, Novruzəli, Bənövşə müəllimə, Bahar müəllimə və s. bu qəbildəndir. Romanda uşaqları düşündürmək, duyğularına təsir etmək, onları həyata düzgün yönləndirə bilmək məqsəd olaraq görünür.
Gülnar Qəmbərova: Məndən əvvəl çıxış edənlər romanın müəyyən məziyyətləri haqqında ətraflı danışdılar. Demək istəyirəm ki, tərtibat çox maraqlıdır, cəlbedicidir. Novruzun detalları yerli-yerində verilib. Romanın öyrədici xüsusiyyətləri çoxdur. Novruzəli obrazı ilə (Mirzə Cəlilin "Poçt qutusu" ilə) əlaqə maraq doğurur. Əsər yaxşılıq, mərhəmət hissi aşılayır. Vüqar adlı qəhrəmana olunan təzyiqlər, sonradan onun şəhid olması epizodu real həyatdakı hadisələrlə səsləşir. Yaxşı oxumayan uşaqların təklənməsi pislənir. Bir də düşünürəm ki, "builinq" sözünün "təzyiq" sözü ilə də əvəz edib işlətmək doğru olardı. Bundan başqa demək istəyirəm ki, toyuğun yumurta üstündə yatması məsələsini 6 yaşlı uşağa anlatmaq bir qədər çətinlik yaradır. Kitabın məktəblərə əlavə oxu materialı kimi verilməsinə də çalışmaq lazımdır.
Sevinc Elsevər: Cəlil Məmmədquluzadənin "Poçt qutu"sunu təsadüfən xatırlamıram, məhz ona işarə etmək istəyirəm ki, artıq Novruzəli tamam başqadı.
Elnarə Akimova: Təşəkkür edirəm hər birinizə. Sonda mən də əsərlə bağlı düşüncələrimi səsləndirmək istəyirəm. Bu əsər xüsusilə iki əhəmiyyətli məqamı ilə önəm kəsb edir. İlk növbədə, dilinin səlisliyi, rəvanlığı, axıcılığı ilə. Məlumdur ki, uşaqlar üçün yazılan əsərdə vacib amillərdən biri dildir. Bu mətndə də Sevinc heç bir izafi sözə yol vermir. Əyanilik və konkretlik mətnin mühüm məziyyəti kimi qeyd olunmalıdır. Müəllif demək istədiyi hər nüansı balacalara göstərmək yolunu tutmaqla əyaniləşdirir. Digər məqam, əsərdəki informativlikdir. "Novruz nağılı" Novruz adət-ənənəsi, yaz fəslinin özəlliyi, bayramın ehtiva etdiyi xarakterik çalarlar haqqında olduqca gözəl məlumatlar verir və bir daha qeyd edirəm, bütün bunlar mətnin daxilində göydəndüşmə təsir bağışlamırlar. Müəllif hər detalı uğurlu şəkildə mətnin bir parçasına çevirə bilir. Digər tərəfdən, mətndəki dialoqlar çox canlıdır. Mətn boyu baba-nəvə, nənə-nəvə münasibətlərinin, qonşuluq münasibətlərinin, müəllim-şagird münasibətlərinin yüksək dəyərlər kontekstində təqdimi çox əhəmiyyətli məqamdır.
Bəzi iradlarımı da bildirmək istəyirəm. Məsələn, əsərdə müəllif təhkiyəsində rast gəlinən "yer-yemək", "şey-şüy" ifadələrinin olmaması daha yaxşı olardı. Yaxud bəzi cümlələrdə zaman uzlaşması pozulur. Məsələn, belə bir nümunə: "Nənəsi novruz xonçası üçün yumurtaları boyamağa başlayanda Sevindik həyacandan yerində dura bilmədi. Gedib gəlib nənəsindən soruşurdu". Zənnimcə, bu iki cümlənin eyni zaman kəsimində verilməsi səlislik baxımından daha məqsədəuyğun olardı. Digər bir məqam, əsərdə müəllif bullinq məqamını çox yerində daxil edib əsərə. Hətta deyərdim, aktual, vacib məqamlardan biridir. Bənövşə müəllimə şagirdlərə özü məktəbli olarkən Vüqar adlı oğlanın sinif yoldaşları tərəfindən təzyiqə məruz qalmasından, sonra həmin oğlanın torpaqlarımızın azad edilməsi uğrunda şəhid olmasından bəhs edir. Amma yaxşı olardı ki, biz xatırlanan bu hekayətin içində heç olmasa bir nəfər də olsa Vüqarın müdafiəçisini görəydik. Bütün sinfin Vüqara qarşı bullinq etməsi, onun təklənməsi və sonrakı peşmanlıq... Zənnimcə, zamanında kiminsə cəsarətlə Vüqarın yanında olması, heç nədən qorxmadan onun haqqını müdafiə etməsi bu hekayəti dinləyən şagirdlər üçün də ibrət dərsi olar, onlara belə situasiyalarla rastlaşanda cəsarət və müqavimət hissi aşılayardı.
Bütün bunlara baxmayaraq, əlbəttə ki, Sevinc Elsevərin "Novruz nağılı" romanı müzakirəyə ciddi əsas verən mətndir. Yazıçı Novruz bayramı ilə bütün atributları, ayin və mərasimləri uğurlu şəkildə mətnin üzvi hissəsinə çevirə bilib: yumurta döyüşdürmək, səməni göyərtmək, şəkərbura bəzəmək, tonqal qalamaq, papaqatdı, qapıpusdu və s. Hətta şeir parçaları da əsərin məzmununa, poetik strukturuna uğurla pərçimlənib. Ümumiyyətlə, Sevinc Elsevər nə yazdığını, uşaqlara necə xitab etmək lazım olduğunu dərk edən və bunu mətnləri vasitəsilə əyaniləşdirən uşaq yazarıdır. Bu əsər münasibəti ilə həm müəllifi, həm də uşaq ədəbiyyatını təbrik etmək olar.
Hazırladı: İlhamə AĞAZADƏ
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!