İşıqlı alim, əməlisaleh insan - Arif Səfiyevin xatirəsinə. Safurə Quliyeva yazır

Bu il may ayının 6-da ədəbiyyatşünaslıq elmimizin görkəmli alimlərindən, professor Arif Səfiyevin 90 illik yubileyini təntənəli qeyd etməyə hazırlaşırdıq. Aprelin 12-də beşcə günlük xəstəlikdən sonra dünyasını dəyişdi. Həmin gün feysbuk səhifəsində Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun verdiyi başsağlığına onlarla, yüzlərlə şərh yazıldı; bu itkiyə təəssüfünü, kədərini bildirib rəhmət oxuyurdu onu tanıyanlar: 40 ildən artıq (1964-2007) əməkdaşı olduğu institutun elmi işçiləri, 15 ilə yaxın çalışdığı Ali Attestasiya Komissiyasının üzvləri, qohumlar, tanışlar... Həmin ürəkdən gələn yazılarda yarıməsrdən artıq yaxşı tanıdığım Arif müəllimin mənəvi simasının doğma cizgilərindən xeyli təsirləndim. "Rəhmət" deyən yazılardan qalanlarımıza ibrət olsun deyə, bir neçəsini nümunə gətirirəm:

"Allah rəhmət eləsin, gözəl insan, gözəl ziyalı... Mətbuatda çıxan məqalələrimizi oxuyur, zəng edib münasibətini bildirir, xoş sözlər deyirdi." (Aygün Bağırlı).

"Allah rəhmət eləsin. Hamımızın üzərində böyük zəhməti olan insan idi. Ruhu şad olsun." (Əzizağa Nəcəfov).

"Əziz Allahın mərhəmətinə əmanət olun, çox dəyərli, mərhəmətli, xeyirxah Arif müəllim, gözəl alim..." (Siracəddin Hacı).

"Gözəl insan, böyük şəxsiyyət, kübar, ədəbli, mərhəmətli, humanist, qayğıkeş Arif müəllim, Allah sizə qəni-qəni rəhmət eləsin, nur içində uyuyun, ustad." (Almaz Ülvi Binnətova).

"...Öz səmimiliyi, obyektivliyi, təmənnasızlığı, qayğıkeşliyi ilə hamının hörmətini qazanmış gözəl alim, gözəl insan..." (Əziz Ələkbərli).

"Oy... Oy... Oy... Çox şərəfli adam idi... Onlar gedirlər..." (Zümrüd Dadaşzadə).

"Allah rəhmət eləsin. Nurlu insan idi Arif müəllim. İşıqlı insanlar aramızdan gedir. Yeri behişt olsun!..." (Tehran Əlişanoğlu).

"Arif müəllim, Allah sizi rəhmət eləsin. Halal, təmiz, xeyirxah insan! Həmişə var olacaqsan! Həyatı örnək olan kişi!.." (Rahid Ulusel).

Onunla ünsiyyətdə olan hər kəs belə vidalaşırdı Arif müəllimlə... Əbədi haqq dünyasına belə alqışlarla yola salınan insanın xoş halına...

Ömrünün son ilində tez-tez zəngləşirdik. 90 illik yubileyi münasibətilə şöbə müdirim, professor Şirindil Alışanov Arif Səfiyevin məqalələr toplusunu tərtib etməyi bu il plan işimə salmağı məsləhət görmüşdü. Onun özü yazılarını səliqə ilə ardıcıl düzüb-qoşub qızı - Folklor İnstitutunun elmi əməkdaşı Vüsal xanımla bizə 3 qovluq göndərmişdi. 1964-cü ildən bəri, 2007-ci ilədək müxtəlif mətbuat səhifələrində dərc olunmuş məqalələrini bir kitabda nəşr etdirməyi, sən demə, o, çoxdan arzulayırmış... Və bu telefon söhbətlərində Arif müəllim hər dəfə məqamına görə şeirlər deyirdi. Əksər halda, Səməd Vurğundan, yaxud da özünün şeirlərini oxuyardı əzbərdən. Bir gün heç vaxt çap etdirmədiyi şeirlərini də kitaba salmağın vacibliyinə onu inandırmağa çalışdım. Razı olmurdu. Ertəsi gün təkidlə şeirlərini, həmçinin 10-15 şəklini də göndərməsini xahiş etdim.

Bir neçə gün sonra Vüsalın gətirdiyi nazik qovluqda, yazıldığı tarixə görə ardıcıllıqla düzülmüş otuzadək şeir var idi. Bunları oxuduqca şüurumda iz salan duyğuları belə ifadə edərdim: yaşıllığa bürünmüş dağ kəndinin dar cığırları ilə məktəbdən evə qayıdan bir qız və arxasınca yaxınlaşmağa cürət etməyərək qarabaqara onu izləyən yeniyetmə gənc oğlan. Səhəri gün deyə bilmədiklərini şeir dili ilə vərəqə köçürüb qıza ötürür və cavab almadığı üçün intizarda qalıb.

Arif müəllimin nağılabənzər sevgisi barədə müxtəlif məqamlarda ayrı-ayrı adamlardan eşitdiklərimdən:

Dostu Şamil Salmanov: "O vaxt Şərqiyyə Tibb İnstitutunda oxuyurdu, biz Azərbaycan Dövlət Universitetində. Dərsimiz onlardan tez qurtarırdı. Biz üçümüz Arif, Yaşar (Qarayev) və mən (tələbəlik illərindən bəri ədəbi mühitdə tanınıb, sonralar öz istedadları ilə məşhurlaşan üç dost) Şərqiyyənin ardınca gedib onu gözləyərdik. O görünəndən sonra ona yaxınlaşmadan, dinməz-söyləməz evinədək ötürərdik".

Yaxın qohumu: Arif onun özü və qardaşı ilə bir sinifdə oxumuşdu. Uşaqlıqdan qardaşı ilə dostluq edirdi. İnstitutu bitirəndən sonra dəfələrlə Arifin elçilərinə "yox" deyilsə də, əl çəkmirdi. Böyük bacısı ilə qardaşı Arif ilə görüşüb, Şərqiyyənin xəstəliynin sağalmayacağına, daim xüsusi diqqət və qayğıya möhtac olduğuna onu nə qədər inandırmaq istəsələr də, faydası olmadı. Sözü bir idi: "Onsuz mənim üçün həyat yoxdur..."

Ədəbiyyat İnstitutunun stajlı əməkdaşları Arif müəllimin öz xanımına olan böyük məhəbbətindən, məişət, övlad qayğılarına fədakarcasına çiyin verməsindən, uzun illər dörd nəfərin sığışdığı birotaqlı, kiçik bir mənzildə necə mehriban, isti bir ocaq yaratmasından indi də heyranlıqla söhbət açırlar. Sonralar Arif Səfiyev Azərbaycan SSR Elmlər Akademiyası tərəfindən dördotaqlı mənzillə təmin olunmuşdu.

Son iş yeri olan Ali Attestasiya Komissiyasında müdiri olduğu humanitar və ictimai şöbədə onunla bir otaqda işləmiş fil.e.d. Pərvanə İsayeva danışır ki, Arif müəllim çox xeyirxah adam idi. Hamıya kömək edirdi. Dürüst olduğu üçün sədrimiz təkcə onun fikrini sözsüz qəbul edirdi. Həm də vicdani məsuliyyət hissi güclü idi. Həmişə ciddi, qayğılı görünüşü var idi. Otağımız əməkdaşlardan boşalan kimi kresloda yerini rahatlayıb ayağını ayağının üstünə aşırır, evinə zəng edirdi. Xəttin o başındakının səsini eşidən kimi üzü elə işıqlanırdı ki, sanki nəsə şad bir xəbər eşidib. Üçcə saat bundan əvvəl ayrıldığı, yaşı səksəni keçmiş xanımından mülayim səslə əhvalını soruşur, yeməyi-içməyi, dərmanını qəbul edib-etməməsi ilə maraqlanır, hansısa bir məzəli əhvalatı xatırladıb, onun kefini açmaq üçün özü də ürəkdən gülürdü. Həmişə ondakı bu ani dəyişilməyə heyrət edir, ağızı açıla qalırdım. Söz düşəndə, deyirdi ki, 70 ildir bir gün həyatımı onsuz təsəvvür etmirəm... Şərqiyyə xanım ağır xəstələnib yatağa düşəndə Arif müəllim ona qulluq etmək üçün ərizə verib işdən çıxdı. Deyirdi ki, onu heç kimə etibar edə bilmirəm.

Özü ilə son telefon söhbətindən: Bu yaxınlarda köhnə tanışlardan biri əhvalımdan xəbər tutmaq üçün zəng etmişdi. Şərqiyyə üçün darıxdığımdan şikayətləndim (2 il idi vəfat etmişdi). Dedi ki, bu yaşımadək çox adamlar görmüşəm, hər cür talelərə təsadüf etmişəm. Ancaq sənin kimi canlı nağıl qəhrəmanına rast gəlməmişəm.

Arif Səfiyevin tərtib etdiyi məqalələrinin sonuncusu "Şərəfli həyatın səhifələri" adlanır. Yazının həsr olunduğu şəxsi "həyat dastanının qəhrəmanı" adlandırıb. Onun da nağıl həyatı ucqar bir dağ kəndindən başlayırdı. Məqalədə belə fikirlər var: "İnsanı mərhəmət, məhəbbət və məsuliyyət hissləri idarə etməlidir. Bunların da əsasında həqiqət ideyası dayanmalıdır..." "...Azərbaycan dilində bir "əməlisaleh" sözü var, lüğəti mənası düz, yaxşı, doğru, saf, təmiz, vicdanlı deməkdir. Həm də bu söz yalnız insanla əlaqədar işlədilir: əməlisaleh adam, əməlisaleh insan..." Yazının sonunda qəhrəmanının ona həsr etdiyi şeiri verir:

 

Sədaqət timsalı, əzizim Arif!

Ən incə duyğuya, hisslərə arif.

Kamal sahibisiz, nitqiniz şirin,

Sədaqət əhlisiz, zərifsiz, zərif.

 

Arif Səfiyevin çap üçün hazırladığım məqalələr məcmuəsinin sonuna əlavə olunan şeirləri onun məhz 70 il əvvəl Şərqiyyə xanıma bəslədiyi ilk saf, titrək könül çırpıntılarının təcəssümü idi. Arif müəllimin xarakterindəki "bir dəfə seçdiyinə son dərəcə bağlılıq" onun elmi yaradıcılığında da özünü büruzə vermişdi. Tələbəlik illərindən ömrünün sonuna kimi yaxın dostu olmuş nəzəriyyəçi ədəbiyyatşünas alim Şamil Salmanov onun 70 illik yubileyinə həsr etdiyi "Janra sədaqət" adlı məqaləsində yazırdı: "Mənsub olduğumuz tənqidçilər nəsli içərisində Arif Səfiyev elə yeganə şəxslərdəndir ki, ədəbiyyat haqqında geniş biliyə, məlumata malik olsa da, daha çox və əsas etibarilə bir dəfə seçdiyi problemə, yaxud tədqiqat mövzusuna mənən son dərəcə bağlıdır, onu tənqidinin əsas mövzusu, problemi və istiqaməti səviyyəsində öyrənir, tədqiq edir və hər dəfə də öz tənqidinin, tədqiqatının predmetinə baxışını, bu predmet barədəki görüşlərini inkişaf etdirir və dərinləşdirir". Şamil Salmanov "yarıməsrlik dostu"nun ilk məqaləsindən bəri ilk oxucusu olduğundandır ki, onun ədəbi-elmi fəaliyyətinin inkişaf mərhələsini, tematikasını, yaradıcılıq uğurlarını, elmi üslubunun incəliklərini ətraflı şərh edir, Arif Səfiyevin ədəbiyyatşünaslıqdakı mövqeyini dəyərləndirirdi. Bu genişhəcmli məqalədə onun yaradıcılığını hərtərəfli əhatə etdiyi üçün tərtib etdiyimiz topluya "Giriş sözü" qismində daxil etməyi məqsədəuyğun bildik. Məqalədə müəllif Arif müəllimin tələbəlik dövründəki şairliyindən də söhbət açırdı: "O illərdə çoxumuz kimi Arif də şeir yazırdı, özü də yaxşı yazırdı. Məsələn, onun "Ədəbiyyat qəzeti"ndə çıxmış, sonra "Gəncliyin səsi" almanaxına da daxil edilmiş "İşıq çeşməsi" şeirini də xatırlayıram. Orada kənd xatirələri, şəlalə altında uşaqların dayanmağı təsvir olunurdu. İndi o şəlalə işığa çevrilib. Şeirdə bütün kənd o işıq çeşməsinin içindədir:

 

İndi hər damlası o şəlalənin

Sahilə səpilmiş gur işıq kimi.

Elə bil evlərdən gələn şəfəqlər

Milyon əllər kimi qucur kəndimi.

İndi bu sularda çimməsək də biz,

İşıq çeşməsində çimir kəndimiz".

 

1976-1984-cü illərdə institutumuz tərəfindən nəşr olunan "Ədəbi proses" məcmuələrində dramaturgiya icmallarını Arif müəllim yazırdı. O, ilin dram əsərlərini adicə təhlil etməklə qalmır, onların ideya-məzmun, sənətkarlıq özəlliklərini araşdırır, müsbət keyfiyyətlərini dəyərləndirməklə yanaşı, nöqsanlarını da məntiqi dəlillərlə əsaslandırır, müəllifə səmimi tövsiyələr verirdi. Şamil Salmanov haqlı qeyd edirdi ki, "M.Arif, C.Cəfərov, M.Məmmədov kimi teatr və dramaturgiya tənqidçilərindən sonra komediyanın ən dolğun, nəzəri cəhətdən əsaslı və əhatəli tədqiqi Arif Səfiyevin kitablarında və məqalələrində öz həllini tapmışdır".

Görkəmli alimin 75 illik yubileyi münasibətilə fil.e.d. Zaman Əsgərlinin "Komik gülüşün sərrafı" adlı məqaləsi də belə səciyyəli olduğu üçün, onun da toplunun önündə verilməsi münasib görüldü. Z.Əsgərli Arif müəllimin elmi yaradıcılığında haqlı olaraq, XX əsr Azərbaycan komediyasının böyük üstadı Sabit Rəhmanın xüsusi mövqe tutduğunu vurğulayır. Belə ki, Arif Səfiyev Sabit Rəhmanın tədqiqi ilə əlaqədar iki monoqrafiya: "Sabit Rəhmanın komediyaları" (1978), "Sabit Rəhman" (1987) nəşr etdirmiş, görkəmli komediyanəvisin əsərlərinin sənətkarlıq problemlərinə həsr olunmuş bir sıra məqalələr dərc etdirmişdir. Onun tədqiqlərində ciddi nəzəri səviyyədən yanaşmalar və ideya-estetik təhlillər çox aydın, anlaşıqlı bir üslubda ifadə olunmuşdur. Dostu Şamil Salmanovun da "tam səmimiyyətlə etiraf" etdiyi kimi, mən də Arif Səfiyevin məqalələrindən dramaturgiyanın bir sıra nəzəri problemləri, xüsusilə, komediya janrında "konflikt və xarakter, varlığın komik dərki və inikası, bədii gülüşün mahiyyəti və estetik təbiəti, ifadə vasitələri və təzahür forması, ictimai tərbiyəvi əhəmiyyəti" (Z.Əsgərli) və s. məsələləri barədə kamil ustad dərsləri aldım. Əminəm ki, elmimizin bu sahəsini öyrənmək istəyən hər kəs Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda nəşrə hazırlanan Arif Səfiyevin məqalələr toplusundakı həmin ustad dərslərindən bəhrələnə biləcək.

Həyatı kimi yaradıcılığında da əməlisaleh olan əziz Arif müəllim, ruhun şad olsun! Sənin böyük sevgi ilə, zəhmətlə nüfuz etdiyin elminin işığından hələ çoxları öyrənib nurlanacaq; örnək olan xeyirxah, nəcib əməllərinin məğzini anlayanlar ömür yolunda özlərinə pay götürəcəklər ki, zamanı yetişəndə bəlkə onlara da "rəhmət" deyən, itkisinə ürəkdən heyifsilənənlər tapılsın...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!