ELÇİN
4
Mən belə bir maraqlı fakta rast gəldim ki, Mir Cəfər Bağırov 1937-ci il iyulun 1-də Stalinin qəbulunda olub və 40 dəqiqə çəkən bu görüşdə o zaman Xalq Komissarları Sovetinin sədri (Baş nazir) Vyaçeslav Molotov da iştirak edib. Nə barədə söhbət olub-olmayıb - məlum deyil, ancaq maraqlı dediyim burasındadır ki, məhz həmin görüşün səhəri, yəni iyulun 2-də Siyasi Büro (Stalin), yəqin ki, dünya dövlətçiliyində və kargüzarlığında ən qara sənədlərdən birini, birincilərdən birini - "antisovet elementlər" haqqında qərar qəbul edir. Elə həmin gün də bu qərar İosif Stalinin imzası ilə müttəfiq respublikaların, bütün vilayətlərin rəhbərlərinə göndərilir və həmin qərara görə "antisovet elementlər"i dərhal güllələmək, eləcə də konslagerlərə göndərmək səlahiyyətinə malik üç nəfərdən ibarət "Üçlük" ("Troyka") institutu təsis edilir. Stalinin teleqramına əsasən, "Üçlük"lərin tərkibi və güllələnəcək, eləcə də konslagerlərə göndəriləcək, sürgün ediləcək insanların kvotası (güllələnmə və sürgün cədvəli) tərtib edilib, beş gündən gec olmayaraq, təsdiq üçün Moskvaya, MK-ya göndərilməli idi.
İyulun 1-də Mir Cəfər Bağırovla Stalinin görüşü zamanı bu qərar müzakirə olunubmu-olunmayıbmı, indi bu barədə yalnız güman söyləmək olar, fakt isə budur ki, bir neçə gündən sonra Siyasi Büro Mir Cəfər Bağırovun Bakıdan göndərdiyi təklifləri qəbul edir: Azərbaycan Respublikasının Yuvelian Sumbatov - Topuridze sədr olmaqla, Teymur Quliyev və Cahangir Axundzadədən (bu partiya xadiminin özü də bir neçə aydan sonra "xalq düşməni" kimi güllələnib) ibarət "Üçlük" təsdiq edilir və ilkin olaraq 1000 (min) nəfərin güllələnilməsi, 3000 (üç min) nəfərin isə sürgünə göndərilməsi limitləşdirilir.
Onu da deyim ki, Siyasi Büronun həmin iclasında bu şeytani limitlər yalnız Azərbaycanla bağlı yox, SSRİ üzrə bütün yerlərdəki bütün partiya rəhbərlərinin təklifləri təsdiq edilmişdi. Misal üçün, Ermənistana güllələnmə üçün ilkin olaraq 500 (beş yüz), sürgün üçün 650 (altı yüz əlli) limit müəyyən edilmişdi, Zaqafqaziyada ən yüksək rəqəmlər isə Gürcüstana (Stalinin vətəninə!) aid idi: güllələnmə 1419 (min dörd yüz on doqquz), sürgün - 1562 (min beş yüz altmış iki). Ancaq Siyasi Büronun qərarından sonra da bu ilkin limitlərə yenidən baxılmış və onlar "NKVD"-də dəyişdirilmişdir: Azərbaycanda güllələnmə limiti 1500-ə (min beş yüzə), sürgün limiti isə 3750-yə (üç min yeddi yüz əlliyə) qaldırılmışdır.
İnsan həyatı ilə tam bir özbaşınalıq, dərəbəylik hadisəsi olan bu "Üçlük" cəlladlığı hələ Vladimir Lenin zamanı Sovet İttifaqı, o cümlədən də, Azərbaycan tarixi üçün yeni bir hadisə deyildi və 1921-ci ilin əvvəllərində Azərbaycanda yeni hakimiyyətin qurulduğu və möhkəmləndiyi dövrdə "əksinqilabçılar"a qarşı təcili tədbirlər görmək üçün Azərbaycanda fövqəladə səlahiyyətli "Üçlük" yaradılmışdı. Bu "Üçlük" Zaqafqaziya Sərhəd Dairəsinin rəisi Vladimr (Volf) Qureviçin sədrliyi ilə (bu adam artıq haqqında bəhs etdiyim həmin cəllad Mixail Frinovskinin bacısının əri idi) Mir Cəfər Bağırov və Pavel Qnesindən ibarət idi. Məxəzlərin göstərdiyinə görə, təxminən 5 il fəaliyyət göstərmiş bu "Üçlüy"ün qərarı ilə 67 452 (altmış yeddi min dörd yüz əlli iki) insan güllələnmişdi - bu da tariximizə yazılmış və qismən də Mir Cəfər Bağırovun adı ilə bağlı qara bir rəqəmdir.
Mən dedim ki, qələm adamlarının bəzi çağırış və donos məqalələri xəcalət hissi doğurur, ancaq Mir Cəfər Bağırov 1937-ci il iyunun əvvəllərində, artıq Böyük Terrorun başlandığı bir vaxtda partiya qurultayının yüksək tribunasından "Yazıçılar İttifaqının bu gün belə öz sıralarını Seyid Hüseyn, Salman Mümtaz, Yusif Vəzir, Sanılı, Hüseyn Cavid və başqaları kimi qəddar burjua millətçilərindən təmizləmədiyi faktdır!" deyirsə, Talıblını, Şahbazini, Əli Nazimi, Əhməd Cavadı "xalq düşməni", Hüseyn Cavidi "qəddar musavatçı" adlandırırsa, bu - artıq hökmdür, yerinə yetirilməli güllələnmə, gedər-gəlməzlik hökmüdür və yerinə yetirilir də. Daha burada xəcalətə yer yoxdur, bu - fəlakətdir.
Sistemin repressiyalarında elə bir cəldlik var idi ki, dərhal işə düşürdü, yəni güllələnən təcili güllələnir, konslagerlərə, Sibirə, Qazaxıstanın soyuq və kimsəsiz çöllərinə göndərilənlər təcili yük vaqonlarına doldurulurdu və bu repressiyaların əsasında pataloji yalan, iftira, saxtakarlıq dururdu. Rəsmi orqanlar Mikayıl Müşfiqin güllələnməsini gizli saxlayıb və yaxınlarına ünvanlanan məktubda ona 10 il iş verildiyini bildirmişlər, ancaq yalnız 50-ci illərin əvvəllərində məlum oldu ki, onu 1938-ci il yanvarın 6-da Nargin adasında ayağına daş bağlayaraq, güllələyib dənizə tullayıblar. Müşfiqin həyat yoldaşı Dilbər Axundzadə 70-ci illərdə hərdən Yazıçılar İttifaqına gəlirdi və bir dəfə mənimlə söhbətində dedi ki, biz axıracan elə bilirdik Mikayıl sağdır. Bunu da deyim ki, Müşfiqdən sonra Dilbər xanımın özünü də həbs edirlər və o zaman bu zərif qadının 23 yaşı var idi.
Bəyəm, Mir Cəfər Bağırovun bu qeyri-insani və qəddar saxtakarlıqlardan xəbəri yox idi? - Əlbəttə, var idi.
Mən uşaq vaxtlarından yaxşı xatırlayıram ki, bizim evə gəlib-gedən yazıçılar - İlyas Əfəndiyevin azsaylı qələm dostları - etibarlı, məhrəmanə söhbətlərində KQB-nin binası dəniz kənarına yaxın olduğu üçün, ora "Dəniz qırağı" deyirdilər ("filankəs "Dəniz qırağı"nın adamıdır..."), Mir Cəfər Bağırova isə "Dörd göz" deyirdilər və bu, ancaq onun eynək taxması ilə bağlı deyildi - "Dörd göz", yəni gözündən heç nə yayınmayan, hər şeyi görən, ancaq eyni zamanda yəqin ki, bu "dörd göz"lükdə təhtəlşüur olaraq, nağıllarımızdan gələn bir dev, dördbaşlı əjdaha baxışları da ifadə olunurdu.
Müşfiqdən əvvəlki nəslə mənsub Əhməd Cavad qəddarlıq və kəmfürsətliklə Novruz bayramı günü Yazıçılar İttifaqından çıxarılmış, sentyabrda isə güllələnmişdi və ona qarşı əsas ittihamlardan biri də Türkiyədə şeirlərinin çap olunması idi, arvadı Şükriyyə xanım isə acar knyazı Süleyman Becanın qızı idi. Şükriyyə xanım uzun illərin sürgününü yaşadı, qızı və oğlanları da min bir məşəqqətlə böyüdü. Onların oğlu, rəhmətlik Yılmaz mənə danışırdı ki, atamızın güllələndiyini biz ancaq Xruşşov zamanı bildik. Sonralar isə məlum oldu ki, Əhməd Cavad heç güllələnməyib də, sadəcə (?!) "NKVD"-nin zirzəmisində dindirmə zamanı o qədər döyülüb ki, elə orada da bu işgəncələrdən vəfat edib.
Bir halda ki, söz yazıçılardan düşdü, mən maraqlı bir epizodu da qeyd etmək istəyirəm və bu epizodu mən rəhmətlik Əli Vəliyev haqqında yazdığım xatirə-portretdə də söyləmişəm, ancaq elə bilirəm ki, burada da yerinə düşər.
Mir Cəfər Bağırova cavab qaytarmaq, onun sözünün üstündən söz demək - bu, mümkün olan bir iş deyildi və mən başqa sahələri bilmirəm, ancaq yazıçılar arasında ilk və son dəfə Əli Vəliyev ona cavab qaytarıb. Müharibə təzəcə qurtaran vaxtlar Bağırov yazıçıların müşavirəsini çağırır və İlyas Əfəndiyevi də cavan yazıçıların nümayəndəsi kimi (o, 1940-cı ildən Yazıçılar İttifaqının üzvü idi) həmin müşavirəyə dəvət edirlər.
İlyas Əfəndiyev danışırdı ki, sir-sifətindən qəzəb yağan Mir Cəfər (məhrəm söhbətlərdə ona Mir Qəzəb də deyirdilər) müşavirə başlayar-başlamaz, Səməd Vurğunun son illər yaradıcılığını, fəaliyyətini kəskin tənqid edir və müşavirəni də buna görə çağırdığını deyir. Bundan sonra o dövrün tanınmış yazıçı-şairlərinə bir-bir söz verərək, münasibət bildirmələrini tələb edir və çıxış edənlər də, kimisinin əlinə fürsət düşdüyü üçün, kimisi də qorxusundan Səmədi tənqidə başlayır.
Mən ad çəkmək istəmirəm, çünki o dövrün koloritini bir daha hiss etmək üçün o rəhmətliklərin adlarını çəkib, ruhlarını incitməyə ehtiyac yoxdur - o müşavirənin aurası qorxu, həyəcan, xof, özünüqoruma (saxlama) instinktindən ibarət idi. Vaxtıyla İlyas Əfəndiyev bu hadisəni danışanda, mən qeyd etmişdim və arxivimdə axtarıb tapıb, söhbətin ardını uzaq, 14 fevral 1967-ci il tarixli o qeydlərdə yazdığım kimi də təqdim edirəm:
"Bağırov sözü Əli Vəliyevə verəndə, o da: "- Düzdür, yoldaş Bağırov, - dedi. - Səməd Vurğunun nöqsanları var, amma o, böyük talantdır". Bağırov qəzəblə onun sözünü yarımçıq kəsib, xüsusi vurğu ilə dedi: "- Talant idi!" Birdən Əli Vəliyev Bağırova baxa-baxa gözlənilmədən uca səslə: "- Xeyr! - dedi. - O, indi də talantdır!" və üzünü yana çevirib, eləcə dik dayandı. Araya elə bir sükut çökdü ki, elə bil, adamlar heç nəfəs də almır. Bağırov qalın eynək şüşələrinin arxasından gözlərini Əli Vəliyevə zilləmişdi, adama elə gəlirdi ki, bu saat mizin üstündə nə varsa, hamısını Əli Vəliyevin üstünə çırpacaq, ancaq bir müddət heç nə demədi, sonra ayağa qalxdı. Onun əllərində ekzema var idi, qaşındığı üçün hərdən əlinə bir dəstə karandaş alıb, ovuclarında bir-birinə sürtürdü. Bu dəfə də əlinə bir dəstə karandaş alıb, ovuclarında şaqqıldada-şaqqıldada var-gəl etməyə başladı, sonra üzünü eləcə tribunada dayanıb qalmış Əli Vəliyevə tutub, saktit səslə: "-Keç, otur", - dedi, sözü də başqasına yox, elə Səmədin özünə verdi. Səməd çox təsirlənmişdi, tribunaya çıxanda bir az kövrəldi. Bağırov tamam mülayim bir səslə: "- Yaxşı, özünü ələ al, - dedi. - Bu tənqidlərdən nəticə çıxarmaq lazımdır". Əli Vəliyevin eləcə söz qaytarmağı, Mir Cəfəri əməlli-başlı yumşaltmışdı".
Bunları yazıram və fikirləşirəm: Mir Cəfər Bağırov kommunist idimi? Söhbət onun neçənci ildən partiyaya üzv olmasından, kimlərin ona zəmanət verib-verməməsindən getmir (istintaq zamanı da, məhkəmədə də bu barədə xeyli sorğu-sual olmuşdu), əqidədən, sidq-ürəkdən gələn inamdan və bağlılıqdan gedir və mən bu suala da birmənalı cavab verə bilmirəm.
Mir Cəfər Bağırov və Lavrenti Beriya SSRİ respublikaları arasında yeganə iki partiya rəhbərləri idi ki, 1930-cu illərin əvvəllərindən Birinci katib kimi fəaliyyətə başlamış və 37-38-dən sağ çıxmışdılar (Nikita Xruşşov 1938-ci ildə müvəqqəti Ukraynaya göndərilmişdi, sonra da yenidən Moskvaya çağırıldı, eyni zamanda Politbüronun üzvü idi; Qriqor Arutinov 1937-də bu vəzifəyə gətirilmişdi və s.). Stalin Bağırovu güllələmədi ona görə yox ki, onunla münasibəti var idi. Stalin o tiran idi ki, Şərqdə də, Qərbdə də ən yaxın qohumlarını da güllələdir, qalanlarını da sürgünə göndərirdi və bu mənada o, tarixdə atalarını, qardaşlarını, övladlarını öldürən, onların gözlərini çıxartdıran, ən yaxın dostlarını, silahdaşlarını zəhərləyən imperatorların, şahların, sultanların varisi idi, dostluq, qohumluq Stalini heç bir mənəvi-insani öhdəliyə məcbur etmirdi.
Görünür, Stalin Mir Cəfər Bağırovun yüksək işləmək iqtidarını, tapşırıqları yerinə yetirmək bacarığını, çalışmaq qabiliyyətini qiymətləndirirdi və bu, Stalin üçün çox səciyyəvi bir cəhət idi. Onun irəli çəkdiyi, birgə işlədiyi Molotov, Kaqanoviç, Malenkov, Mikoyan, Xruşşov, Beriya, Kuybışev, Jdanov, Bulqanin, Şerbakov və başqaları faydalı, yaxud bəd əməllərinə baxmayaraq, yüksək iş qabiliyyətinə, təşkilatçılığa malik, gecə-gündüz işləyən adamlar idi və inqilabdan sonra geridə qalmış aqrar, ac-yalavac bir ölkənin qısa müddətdə super imperiyaya çevrilməsi onların zəhmətinin, partiya (Stalin) qarşısında məsuliyyətinin nəticəsi idi. Hətta 1930-cu illər repressiyalarının qəddarlığı və kütləviliyi də bu repressiyaları təşkilatlandıran və icra edən Henrix Yaqoda və Nikolay Yejov kimi yırtıcıların yüksək iş qabiliyyətlərinin (qara istedadlarının!) sayəsində əldə olunurdu. Mir Cəfər Bağırov beş dəfə Sovet İttifaqının ən yüksək Lenin ordeni ilə təltif edilmişdi, bir çox başqa orden və medallar almışdı və Stalin o rəhbər deyildi ki, kimisə, xüsusən də, yüksək vəzifəli partiya işçisini bu cür qiymətləndirsin.
Əgər Lavrenti Beriya 32 yaşında Zaqafqaziya Partiya Təşkilatının, eyni zamanda Gürcüstan KP MK-nın birinci katibi olursa, yaxud Anastas Mikoyan 25-26 yaşlarında artıq Rusiyada vilayət partiya komitəsinə rəhbərlik edirsə, 31 yaşında SSRİ-nin Daxili və Xarici Ticarət komissarı vəzifəsində işləyirsə, yaxud da Lazar Kaqanoviç elə o yaşlarında artıq Kremldə MK katibi seçilirsə və bu adamlar bu cür böyük, ciddi və məsuliyyətli vəzifələrinin öhdəsindən gəlirlərsə, elə bu cür səciyyəvi göstəricilər Stalin əsabələrinin bacarığından və yüksək iş qabiliyyətlərindən xəbər verir. Azərbaycan ərazisinə və əhalisinə görə böyük Sovet respublikalarından biri olmasa da, Mir Cəfər Bağırov məhz bu tipli Sovet partiya və dövlət xadimləri arasında, həm də ön sırada idi.
1938-ci ildə Moskvada Azərbaycan incəsənət dekadası keçirildi və dekada bitdikdən sonra Stalinin iştirak etdiyi qəbulda SSRİ Komissarlar Sovetinin sədri Vyaçeslav Molotov badə qaldırıb: "- Azərbaycan bolşeviklərinin rəhbəri yoldaş Bağırovun şərəfinə!" sağlıq deyirdisə, bu, şübhəsiz ki, Mir Cəfər Bağırovun nüfuzunu və yalnız Molotovun yox, Stalinin də ona münasibətinin ifadəsi idi. Yeri düşmüşkən, deyim ki, həmin qəbulda Stalinin şərəfinə sağlığı isə Mir Cəfər Bağırov yox, Üzeyir bəy Hacıbəyov demişdi.
Belə bir təəssürat yaranır ki, Stalində qeyri-xristian Qafqaz və Sibir xalqlarına qarşı siyasi etimadsızlıq kompleksi var idi və elə təkcə bir fakt - Qafqaz xalqlarının, yaxud Krım tatarlarının, eləcə də on minlərlə azərbaycanlının sürgün olunması, müharibədən sonra isə yüz mindən çox azərbaycanlının vaxtı ilə Ermənistana verilmiş doğma torpaqlarından Azərbaycana köçürülməsi və s. xatırlamaq olar. Yeri düşmüşkən, xatırlayıram ki, bizim görkəmli yazıçımız Məmməd Oruc "Köçürülmə" romanında bu sürgün məşəqqətlərini dəqiq və yaxşı bir bədiiliklə təsvir edib. Ancaq bu gün son illərdə ən populyar sovetoloqlardan (stalinçilərdən) biri olan İqor Pıxalov kimi bəzi müəlliflər, hətta bu köçürülmələrə (didərginçiliyə) də haqq qazandırır.
İqor Pıxalov müharibə vaxtı işğal olunmuş Krımda dərc edilən hansısa bir əyalət qəzetində faşist Almaniyası və şəxsən "Adolf Hitler əfəndi" haqqında xoş sözlər yazılmış bir məqaləyə istinad edərək, Krım tatarlarının kütləvi sürgününə bəraət qazandırır. (İqorğ Pıxalov. Za çto Stalin vıseləl narodı?, Moskva, Əuza, 2010, str. 77.)
Əgər bir nəfər "Adolf əfəndi" dediyi üçün bütün Krım tatarları amansızcasına sürgün olunmalıdırsa, o zaman əsir düşdükdən conra 125 minlik rus ordusu yaradıb, "Adolf əfəndi"nin əli və bayrağı altında Sovet İttifaqı ilə ölüm-dirim döyüşünə başlamış məşhur Andrey Vlasov, eləcə də Petr Krasnov, Fyodr Truxin, Vasili Malışkin, Aleksandr Budıxo və başqa rus sovet generallarına görə rus xalqı cavab verməlidir? Bir sıra Sovet İttifaqı qəhrəmanları, hətta iki dəfə Sovet İttifaqı qəhrəmanları olan Bronislav Antilevski, Semyon Bıçkov kimi rus sovet zabitləri də əsir düşdükdən sonra SSRİ-yə qarşı vuruşublar və bunun intiqamını rus xalqından almaq lazımdır? Hələ mən orasını demirəm ki, müasir Rusiyada Dövlət Dumasının deputatı general Krasnova abidə ucaltmaq barədə qərar layihəsi hazırlayır, Moskvanın keçmiş meri Qavriil Popov isə general Vlasovu "demokratiya uğrunda mübariz" adlandırır və Vlasovun şərəfinə memorial yaratmağı təklif edir (Bax: Leonid Mletin. Noj v spinu. İstoriə predatelğstva, Moskva, Üentrpoliqraf, 2-14, str. 79.).
Biz, deyəsən, yenə uzaqlara gedirik...
Stalinin vəfatına qədər davam edən Mir Cəfər Bağırov epoxası rəhbərin ona etibarının və şübhəsiz ki, Bağırovun özünün bacarığının, qabiliyyətinin, işgüzarlığının, tapşırıqları dərhal artıqlaması ilə yerinə yetirməsinin, görünən bolşevizminin nəticəsi idi.
Mir Cəfər Bağırov 1927-ci ildə Azərbaycanda inzibati orqanlara rəhbərlikdən uzaqlaşdırılaraq, Zaqafqaziya Su Təsərrüfatı İdarəsinin rəisi təyin edilir və o zaman Məhəmməd Əmin Rəsulzadə Türkiyədə nəşr edilən "Yeni Qafqasiya" jurnalında acı bir sarkazm ilə məşhur sözlərini yazmışdı: "Azərbaycan xalqının cəlladı Bağırovu Su Təsərrüfatına başçı qoymuşlar, zənn edirəm ki, Zaqafqaziya çaylarının suları Azərbaycan oğullarının qanına bulaşmış əllərini yuyub təmizləməkdə ona kömək edəcəkdir..." (Bax: "Odlar yurdu" qəzeti, № 17, sentyabr, 1988.)
Ancaq Mir Cəfər Bağırovun bu kənarlaşdırılması iki ildən çox çəkmir və Stalin 29-cu ilin avqustunda Vyaçeslav Molotova məktub yazır: "Bağırovu (əvvəlki günahlarına baxmayaraq), Azərbaycan çekasının sədri təyin etmək lazım olacaq: indi o, yeganə adamdır ki, Azərbaycan kəndlərində baş qaldırmış musavatçıların və ittihadçıların öhdəsindən gəlməyi bacaracaq. Bu ciddi məsələdir və bu yerdə zarafat etmək olmaz." (Elə burada qeyd edim ki, Stalin "baş qaldırmış musavatçılar"la birlikdə ittihadçıların da adını çəkir, Lavrenti Beriya isə gündəliklərində yazır ki, 1920-ci illərin əvvəllərində "Azərbaycanda İttihadı darmadağın etdim." (Lavrentiy Beriə. "Bez Stalina Rossii ne bıtğ!", Taynıy arxiv Berii, Moskva, "Əuza-Press", 2012, str. 28.)
Stalinin Molotova məktubundakı təklifi əslində təlimat və tapşırıqdır - "çekistlərin sədri" kimi onun vəzifəsi dəqiq müəyyənləşdirilir və görünür, Mir Cəfər Bağırov yüksək etimadı doğrultduğu üçün (bəlkə də Stalinin əvvəlcədən düşündüyü plana əsasən), qısa bir müddətdən sonra Moskvaya çağırılır: iki il ÜK (b)P MK-nın yanında marksizm-leninizm kurslarının dinləyicisi olur və bu kursları bitirdikdən sonra yenə də Stalinin təşəbbüsü ilə MK aparatında məsul təlimatçı vəzifəsinə, bir neçə aydan sonra isə Azərbaycan Xalq Komissarları Sovetinin sədri, bir ildən də sonra AKP MK-nın birinci katibi vəzifəsinə təyin edilir.
O zaman Mir Cəfər Bağırovun 38 yaşı var idi və bu cavan adamın bu dərəcədə sürətli karyerası ("əvvəlki günahlarına baxmayaraq"!), heç şübhəsiz ki, bilavasitə kadr məsələlərinə çox həssas yanaşan Stalinin münasibətinin və istəyinin ifadəsi idi. Bura orasını da əlavə etsək ki, Moskva rəhbərliyində Bağırovun əleyhinə işləyən Lev Mexlis, yaxud Anastas Mikoyan kimi saray intriqa ustaları, Stalinə yaxın nüfuzlu şəxslər var idi, o zaman Stalinin Mir Cəfər Bağırova inamının və etibarının nə qədər yüksək olduğunu təsəvvür etmək mümkündür. Düzdür, 1930-cu illərin sonlarından etibarən, Bağırovun Lavrenti Beriyanın timsalında güclü Kreml dayağı və dostu var idi, ancaq Stalin üçün əsas özünün qənaəti, özünün təəssüratı idi.
Lavrenti Beriya və Mir Cəfər Bağırov başqa müttəfiq respublikaların rəhbərləri kimi yerli "NKVD"-dən asılı deyildilər, onlar müttəfiq respublikalar arasında yeganə partiya rəhbərləri idi ki, yerli "NKVD"-ləri tam şəkildə özlərinə tabe etmişdilər və əslində, Azərbaycanda da, Gürcüstanda da "NKVD" - elə onların özü, güclü və sərt, amansız xarakterə malik Mir Cəfər Bağırov və Lavrenti Beriya idi.
Mir Cəfər Bağırovun uzun illər boyu maqnit kimi hakimiyyətinin əsas səbəbi onda idi ki, o, Azərbaycan Sovet Sosialist Respublikasını tam şəkildə ələ almağı, buradakı dəmir qayda-qanunu Sistemin şəksiz dayağına çevirməyi bacarmışdı və görünən budur ki, Stalin bunu qiymətləndirirdi. Bağırov hakimiyyət uğrunda mübarizədə köhnə və nüfuzlu bolşeviklərdən Trotski, Zinovyev, Kamenyev kimi Stalinə rəqib deyildi, milliyyətcə rus olan Buxarin, Kirov, Rıkov kimi gürcü Cuqaşvilinin qarşısını kəsə biləcək potensial etnik-siyasi fiqurlar da deyildi. Mir Cəfər Bağırov vəzifə baxımından Malenkov, Xruşşov, Beriya, Jdanov, Kaqanoviç kimi Stalinin onlardan aşağı kalibirli yetişdirməsi idi. Düzdür, Stalin Aleksey Kuznetsov, yaxud Nikolay Voznesenski kimi yetişdirmələrini əvvəlcə Kremlə gətirdi, sonra da çox keçmədi ki, güllələtdirdi, ancaq onlar Siyasi Büroda (yəni partiya-dövlət rəhbərliyində) nüfuz və səlahiyyətlə bağlı Stalindən sonrakı ikinci yerə yiyələnməkdən ötrü digər Stalin yetişdirmələri (elə həmin Malenkov, Beriya, Xruşşov, Kaqanoviç, Bulqanin) ilə rəqib idilər və Kuznetsovun da, Voznesenskinin də karyeralarının (və özlərinin) sürətlə məhv olmasında da saray intriqaları öz rolunu oynadı. Mir Cəfər Bağırov isə kənarda idi, bütün şəksiz bacarığı, təşkilatçılıq istedadı, xarakteri ilə, nəinki effektlə Sistemə qulluq edirdi, o, Azərbaycanda bu Sistemi, bəlkə də ümumsovet göstəricisindən də yüksək mərtəbəyə qaldırmışdı.
Mən Bağırov hakimiyyətiylə bağlı "maqnit" sözünü işlətdim: bu hakimiyyət "xalq düşməni" kimi ifşa eləmək istədiyi, güllələyəcəyi, ya da gedər-gəlməzə göndərəcəyi insanı canının qorxusundan hara qaçırsa-qaçsın, harda gizlənirsə-gizlənsin, maqnit kimi dartıb, özünə çəkərək istədiyini edəcəkdi.
Mir Cəfər Bağırov fanatik kommunist kimi fəaliyyət göstərirdi, korrupsiyanın düşməni idi, ancaq eyni zamanda onun vaxtında kolxozlarda pambıq, ya yun planını doldurmaq üçün kəndlinin yorğanının, döşəyinin yununu, pambığını çıxarırdılar və mən bunu uşaq, yeniyetmə vaxtlarımda Füzulidə elə həmin kənd camaatının dilindən, onların İlyas Əfəndiyevlə söhbətlərindən eşitmişəm. Yuxarıda yazdım ki, Mir Cəfər Bağırov korrupsiya baxımından təmiz adam idi və o, həqiqətən, rüşvətə, maliyyə maxinasiyalarına qarşı amansız idi, ancaq planı doldurmaq naminə kəndlinin yorğan-döşəyini söküb aparmaq dolayısı yolla korrupsiya deyilmi? Düzdür, bunu kolxoz, uzaqbaşı, raykom səviyyəsində məmurlar edirdi, ancaq dediyim kimi, Respublikada milçək uçsaydı belə, xəbərdar olan Mir Cəfər Bağırov bundan xəbərsiz idi? - Əlbəttə, yox.
Bağırovun Azərbaycana rəhbərlik etdiyi dövr kontekstində, əslində, "rəhbərlik" məfhumu həmin 1933-1953-cü illər arası tam şəkildə ehtiva etmir, çünki mülkədar öz şəxsi torpağının, yaxud sahibkar öz şəxsi fabrikinin necə sahibi idisə, Stalin də eləcə, SSRİ-nin sahibi idi və Bağırov da həmin Stalin sahibliyi daxilində nə qədər maksimum sahib olmaq mümkün idisə, o dərəcədə də Azərbaycanın sahibi idi. Belə eybəcər dövlət idarəçiliyini Sistem yaratmışdı və Mir Cəfər Bağırov da bu münbit zəmindən tam şəkildə istifadə (və sui-istifadə!) etməyi bacarmışdı.
Belə geniş bir fikir yaranıb ki, Bağırovla Lavrenti Beriya yaxın dost olublar və onların həyat yoluna baxanda bu fikrin həqiqət olduğu şübhə doğurmur.
Roman Rudenko Beriyanı dindirərkən soruşur: "- Bağırovla münasibətiniz necə idi?" Beriyanın cavabı: "- Yaxşı. Mən Bağırovu partiyaya ən sadiq adamlardan biri hesab edirəm. Bir-birimizin evinə gedib-gəlirdik". Beriyanın həbsindən sonra həbs və sürgün həyatı yaşayan və 84 illik həyatının sonunacan ona sadiq qalan, onun haqqında deyilənlərin yalan olduğunu söyləyən arvadı Nino Qeqeçkori də (məşhur menqrel-gürcü zadəgan nəslindən idi) dindirmə zamanı Mir Cəfər Bağırovla bağlı deyirdi: "- Biz çox yaxın idik. O, Moskvaya gələndə bizdə olur, biz Bakıya gedəndə onların evində qalırdıq".
Beriyanı uşaqlıqdan tanıyanların söylədiyinə görə, o, Suxumi peşə məktəbində oxuyarkən, tarix müəllimi ona deyib: "- Sən, ya Zəlimxan kimi qaçaq olacaqsan, ya da Fuşe kimi məşhurlaşacaqsan".
Lavrenti Beriya o zaman bütün Gürcüstanda məşhur azərbaycanlı Zəlimxan kimi qaçaq olmadı, hersoq Jozef Fuşe qədər, Sovet İttifaqında isə Fuşedən qat-qat artıq məşhurlaşdı, ancaq Fuşe kimi öz əcəli ilə ölə bilmədi. Stalin epoxasının səriştəli tədqiqatçılarından biri Yelena Prudnikova Beriya haqqındakı (və Beriyaya tam bəraət qazandıran) monoqrafiyasında yazır ki, Mir Cəfər Bağırov 1921-ci ilin aprelində Azərbaycan Fövqəladə Komissiyasının ("DTK"-nın - "KQB"-nin ilkin adı) sədri təyin edilərkən, etibarlı kadrlar seçib, ətrafına toplamağa başlayır və o vaxt Lavrenti Beriyanı da məxfi-operativ şöbə rəisinin müavini, sonra isə özünün müavini vəzifəsinə təyin edir (E.A.Prudnikova. Beriə - prestupleniə, kotorıx ne bılo, Sankt-Peterburq, "Neva", 2005, str. 62-63.).
Bəzi məxəzlər isə Mir Cəfər Bağırovla Lavrenti Beriyanın dostluğunun 1916-cı ildən başladığını yazırlar və guya o zaman dörd gənc inqilabçı - Bağırov, Lavrenti Beriya, Vsevolod Merkulov və Yevgeni Dumbadze Bakıda tanış olaraq, gizli siyasi dərnək yaradır, marksist ədəbiyyatı öyrənir və təbliğ etməyə başlayır. Bu cavanları marksist ədəbiyyatla - Marksın, Engelsin, Plexanovun, Leninin, Trotskinin, Jordaniyanın əsərləri ilə guya "Avel əmi" deyə çağırdıqları Avel Yenukidze təmin edirmiş və 1920-ci ildə Serqo Orconikidze, Sergey Kirov və onlara qoşulmuş Anastas Mikoyan XI orduyla Bakıya daxil olan gün Bağırov, Beriya, Dumbadze, Boqdan Kabulov və Vladimir Dekanozov Gənc Kommunistlər Bürosu yaradırlar.
Azərbaycanda gənc Mir Cəfər Bağırovun bioqrafiyası bəzi qaranlıq məqamlara baxmayaraq, əsasən, dəqiq tarixlərlə öyrənilib və bu deyilənləri təkzib edir, eyni zamanda Yevgeni Dumbadzenin xatirələrində də bu barədə heç nə deyilmir (maraqlananlar internetdə tanış ola bilərlər: E.Dumbadze. Na slujbe çeka i kominterna, Parij, 1930.), ancaq mən bu versiya ilə bağlı belə bir tarixi faktı qeyd etmək istəyirəm ki, adları çəkilən həmin gənc inqilabçıların hamısı rəhbər vəzifəli, tanınmış çekistlər oldu və mən bu çekistlərin gələcək həyatı ilə maraqlananda, məlum oldu ki, onları aşağı-yuxarı eyni tale gözləyirmiş: Sistem bu versiyada adıçəkilən romantik gənc inqilabçıların yeddisini də "xalq düşməni" kimi güllələdi. Stalinin yaxın ailəvi dostlarından biri, bir müddət, bəlkə də birincisi olan Avel Yenukidze 1937-ci ildə güllələndi; Dumbadze 1930-cu illərdə xaricə qaçdı və 1941-ci ildə geri qaytarılaraq güllələndi; Stalinin vəfatından sonra Beriya, Merkulov, Boqdan Kabulov (çekist qardaşı Amayik ilə birlikdə - bu qardaşlar "NKVD" generalları və Tiflis erməniləri idi) və Dekanozov (Dekanozişvili - Bakı gürcülərindən idi; şahidlərə inansaq, güllələnməyə aparılanda özünü yerə yıxıb, sürünə-sürünə ağlayır və yalvarırmış) eyni vaxtda, Bağırov isə bir az sonra güllələndi.
Burasını da deyək ki, Lavrenti Beriya daxili işlər komissarı təyin edildikdən sonra, Merkulovu, Kobulov qardaşlarını, Sergey Qoqlidzeni, Dekanozovu və bir sıra başqa qafqazlıları özü ilə Moskvaya apararaq NKVD-nin rəhbər vəzifələrinə təyin etdi və hətta Siyasi Büro üzvlərinin belə ehtiyat etdikləri, qorxduqları bu adamlar Mir Cəfər Bağırovla da yaxın idilər. Elə bilirəm ki, bu amil də onun SSRİ-nin partiya rəhbərliyindəki, Kremldəki nüfuzunun yaranmasında və artmasında az rol oynamayıb.
Vaxtı ilə Stepan Şaumyanın katibəsi olmuş Olqa Şatunovskaya yazır ki, Bağırovu Beriya ilə o tanış edib və guya Beriya 1920-ci ildə Bakıda təxribatçı kimi həbs olunub, Bağırov da onu həbsdən azad edib. Şatunovskayanın özü də 37-də "ifşa" olunanlardan və Nikita Xruşşovun qızğın anti-Stalin kompaniyasında fəal və həvəslə iştirak edənlərdən biri idi. Ola bilər ki, artıq yaşlaşmış və repressiyaya məruz qalmış bu qocaman bolşevik qadın Beriyanın da, Bağırovun da qarasına danışmaqla Nikita Xruşşova bir az yarınmaq istəyib.
1920-ci illərin əvvəllərində Mir Cəfər Bağırov Azərbaycan Baş Siyasi İdarəsinin ("QPU") rəisi olduğu zaman Lavrenti Beriya onun tabeçiliyində işlədiyi vaxtlardan etibarən, görünür, onların arasında rəsmi rəis - əməkdaş münasibətindən artıq dərəcədə şəxsi və etibarlı dostluq münasibətləri yaranıb və sonralar Zaqafqaziya Federasiyası yaranarkən, Beriya Federasiya KP MK-nın birinci katibi olur, Bağırov isə artıq Azərbaycan KP MK-nın birinci katibi idi və onlar çox effektli şəkildə bir-birini müdafiə edirdi.
Belə bir versiya var ki, 1937-ci ilin əvvəllərində Nikolay Yejov Beriyanın həbsi ilə bağlı Gürcüstan Daxili İşlər naziri (narkomu) Qoqlidzeyə (sonralar Beriya ilə birlikdə güllələndi) order göndərir və bundan xəbər tutan Beriya təcili və gizli şəkildə Bakıya gəlir və Bağırovun köməyi ilə Moskvaya uçur.
Yulian Semyonovun yazdığına görə, Beriya Lazar Kaqanoviçin vasitəçiliyi ilə Stalinlə görüşməyə nail olur və bu görüşdən sonra Beriyanın ulduzu yenidən parlamağa başlayır. Yulian Semyonov, dediyim kimi, "KQB"-yə məhrəm bir yazıçı-publisist idi və onun söylədiyi bu hadisə bir də ona görə inandırıcı görünür ki, Lazar Kaqanoviçin böyük qardaşı Mixail Kaqanoviçin şərlənməsinin və intiharının əsas səbəbkarı Nikolay Yejov idi - çox güman ki, Beriya-Yejov qarşıdurmasında Kaqanoviç həmişə ehtiyatlı olsa da, belə bir mövqe tuta bilərdi.
Stalinin Mir Cəfər Bağırova, əgər belə demək olarsa, nisbi-isti münasibət bəsləməsində Beriyanın rolu görünür, az olmayıb və ayrı-ayrı faktlara, nüanslara fikir verəndə Stalin-Beriya-Bağırov arasında bu nisbi-isti münasibət hiss olunmaqdadır. Bağırov Sov.İKP MK-nın Beriyanın "ifşa"sına həsr olunmuş plenumdakı uğursuz çıxışında deyir ki, "bir dəfə Stalinlə Beriyagilə getmişdik" və ancaq elə Beriyanın evinə Bağırovun Stalinlə müştərək baş çəkməsi, əlbəttə, az söz demir.
Yeri düşmüşkən, bir məsələni də qeyd etmək istəyirəm: belə bir tarixi fakt var ki, Beriya bir müddət Musavata yerləşdirilmiş bolşevik agenti kimi fəaliyyət göstərib və 1920-ci illərin əvvəllərində mahiyyətə bələd olmayanlar onu əslində musavat agenti hesab ediblər. Bu da maraqlı bir faktdır ki, Azərbaycan Demokratik Respublikası Əksinqilabla Mübarizə Təşkilatının rəisi (yəni Daxili İşlər naziri) Nağı bəy Şeyxzamanlı Lavrenti Beriya haqqındakı məqaləsində yazır: "Beriya sosialist kimi çar üsul-idarəsinin qatı əleyhinə idi. İşimizə yarayacağını bildiyimizdən qəbul etmişdim. 21 yaşında ciddi görkəmli bir şəxs idi. Onu senzura şöbəsinə götürmüşdüm. Az sonra onun işinə çox can yandırdığını görüb şöbəyə şef təyin etdim. O, bir anası olduğunu və çox kasıb yaşadıqlarını mənə bildirmişdi. İdarədən aldığı maaş və ərzaqla maddi vəziyyətini bir az düzəldə bilmişdi. Təmiz işi, enerjisi, qafqazlı gürcü olması və ruslara qarşı son dərəcə nifrəti olması ilə özünü mənə sevdirmişdi. Xəzər dənizi yolu ilə limanımıza gələn paraxodların sərnişinlərindən ələ keçirdiyi məlumatları mənə ətraflı surətdə raport verirdi". (Bax: Nağı Keykurin Nağı bəy Şeyxzamanlının xatirələri və istiqlaliyyət fədaisi, Bakı, 2007, səh.72.)
Əgər Beriya ADR-də, həqiqətən, bolşevik agenti kimi fəaliyyət göstəribsə, Nağı bəyi bu dərəcədə aldada bilibsə, deməli, lap gənc vaxtlarından mahir bir casus kimi cilddən-cildə girməyi bacarıb, yox, əgər o, ADR-in təhlükəsizlik orqanında Nağı bəyin dediyi kimi, əqidə və daxili bir saflıqla xidmət edibsə və birdən-birə 180 dərəcə dönərək, mətin bolşevik nüfuzu qazanıb, Sovet inzibati orqanlarına başçılıq edib, SSRİ-nin qüdrətli rəhbərlərindən biri olubsa, bu da onun böyük bacarığından, məharətindən və fitri vergisindən xəbər verir.
Nağı bəy Şeyxzamanlıdan başqa, ADR-in və ADR dövrünün Məhəmməd Əmin Rəsulzadə, Mirzəbala Məmmədzadə kimi məşhur simaları da Türkiyə mətbuatında Lavrenti Beriyanın ADR-dəki fəaliyyəti barədə yazıblar və ola bilərmi ki, "NKVD" bu yazılardan xəbər tutmasın? Bu barədə Stalinə məruzə edilməsin? Yaxud Nikita Xruşşov var gücü ilə Beriyaya qarşı hərəkətə gətirdiyi təbliğat maşınında nə üçün belə bir mühüm ifşaedici materialdan istifadə etməyib? Bu cür bir çox suallar ortaya çıxır.
Kremlin (ümumiyyətlə, tarixən sarayların!) siyasi mətbəxi cavabsız suallarla zəngindir.
Mən Stalin dövründən bəhs edən sənədli ədəbiyyatda belə bir fikrə də rast gəldim ki, guya Feliks Dzerjinski Beriyanın da, Bağırovun da vəzifədən azad edilərək, həbs olunmaları barədə əmr verib. Stalin məsələyə qarışıb və onlar öz vəzifələrində qalıblar, ancaq Yelena Prudnikova bu faktın həqiqət olmadığını yazır. (E.A.Prudnikova. Beriə - prestuplenie, kotorıx ne bılo, Sankt-Peterburq, "Neva", 2005, str. 82-83.)
Beriya haqqında başqa bir monoqrafiyanın müəllifi Boris Sokolov da bu faktı uydurma hesab edir və yazır ki, Serqo Orconikidze Beriyaya qarşı bu ittihamın yanlış olduğunu təsdiq edir, hətta Stalinin də bundan xəbərdar olduğunu bildirir. (Boris Sokolov. Beriə - sudğba vsesilğnoqo narkoma, Moskva, "Veçe", 2003, str.25.)
Ancaq başqa bir məşhur və nüfuzlu sovetoloq, professor Əbdürəhman Avtorxanov isə Lavrenti Beriya ilə birlikdə Mir Cəfər Bağırovun da, həqiqətən, musavat agenti olduqlarını yazır və hər halda, bu versiyaya da diqqətlə yanaşmaq lazımdır. Milliyyətcə çeçen olan Əbdürəhman Avtorxanov 1940-cı illərin əvvəllərində SSRİ-dən qaçmış və Avropada, ABŞ-da görkəmli sovetoloq-tarixçi kimi məşhurlaşmışdı. Onun Stalin, Beriya, ümumiyyətlə "Kreml mətbəxi" haqqında yazdıqları elmi sovetologiyanın sanballı nümunələri sayılır və Avtorxanovun Beriya ilə Bağırov haqqında dedikləri məndə belə bir təəssürat yaratdı ki, onların ikili kəşfiyyat fəaliyyəti göstərmələri barədə ehtimalı bir kənara atmaq düzgün olmaz - bu ehtimalın tədqiqə ehtiyacı var.
1953-cü il iyunun 26-da Siyasi Büronun iclasında (o zaman Rəyasət heyəti adlanırdı) marşal Jukov başda olmaqla, bir qrup hərbçi (bəzi məxəzlərə görə, guya general-mayor Leonid Brejnev də (gələcək Baş katib) onların arasında olub) Beriyanı həbs ediblər - bu, rəsmi versiyadır. Başqa bir geniş yayılmış versiyaya görə isə, həmin gün Beriyanı mənzilinə basqın edib, qətlə yetiriblar. Tədqiqatçı Nikolay Zenkoviç yazır ki, SSRİ-nin keçmiş komsomol rəhbəri Nikolay Mixaylov (sonralar MK katibi, mədəniyyət naziri olmuşdu) Lavrenti Beriyanı mühakimə edən məhkəmənin üzvü olub və illər keçdikdən sonra Beriyanın oğlu Serqoya deyib ki, həmin məhkəmə tamam bir fars idi, yarımqaranlıq məhkəmə zalında oturub, yalnız "hə", "yox" deyən müttəhim Beriya deyildi. (Nikolay Zenkoviç. Marşalı i qenseki, Moskva, Olma-Press, 2005, str. 145.) Atasının evdə qətlə yetirilməsi haqqında Beriyanın oğlu Serqo Beriya (bir müddət anasının "Qeqeçkori" familini götürməyə məcbur edilmişdi) ətraflı bəhs edib. (Serqo Beriə. Moy oteü Lavrentiy Beriə, Moskva, Sovremennik, 1994.)
Azərbaycanda Lavrenti Beriyanın adını daşıyan bir çox müəsissələr, Kənd Təsərrüfatı İnstitutu, qəsəbələr, kolxozlar, şəhər və rayonlarda prospekt və küçələr var idi və onun 50 yaşı tamam olanda Mir Cəfər Bağırov Bakının Şəhər rayonuna onun adı verilməsi xahişi ilə Stalinə məktub yazmışdı, ancaq cavab gəlmədi. Kirovabad (Gəncə) Dövlət Teatrı da Beriya adına idi və mən bunu yazanda Şekspirin məşhur sözləri yadıma düşdü: "Bütün dünya teatrdır, insanlar isə - aktyor".
Bizim ailə foto-albomunda da Beriyanın əvvəlindən və sonundan xəbər verən belə bir foto var: mənim həyat yoldaşım Nüşabə xanım uşaq bağçasına getdiyi vaxtlar kollektiv foto çəkdiriblər və o uşaq bağçası da "Lavrenti Beriya adına uşaq bağçası" olub. Görünür, çəkiliş onun "ifşa"sı günlərinə təsadüf etdiyi üçün, fotoqraf bağçanın adı yazılmış başlıqda "Lavrenti Beriya" sözlərini qaralayıb, ancaq "adına" sözü qalıb.
Kimin adına uşaq bağçası? - Heç kimin.
Lavrenti Beriyanın adının hər yerdə silinməsi Sovet İttifaqında elə bir qlobal siyasi cidd-cəhdlə və partiyalı sayıqlıqla aparılırdı ki, absurd və tragikomik hərc-mərcliyə gətirib çıxarırdı: baxın, rəhmətlik Əbülhəsənin "rəşadətli sovet ordusunun faşizm üzərindəki qələbəsi"nə həsr olunmuş və hakim ideologiyanın təqdir və təbliğ etdiyi irihəcmli "Müharibə" romanında iki dəfə Beriyanın adı çəkildiyi üçün, romanın kitabxanalardan yığışdırılması barədə Azərbaycanda MK bürosunun (!) qərarı qəbul edilmişdi.
Bir-birini "ifşa" edənlər, bu gün "ifşa" edib, sabah eyni ittihamlarla özü "ifşa" olunanlar, güllələnmə hökmü kəsənlər, sonra da özləri eyni maddələrlə həbs olunub güllələnənlər - bütün bunları oxuduqca, öyrəndikcə, həqiqətən, adama elə gəlir ki, bütün bu hadisələr teatrda ifa olunur, bütün bu öldürülənlər və öldürənlər - aktyorlardır, rejissorlar isə - hansısa mifik və qorxunc varlıqlardır.
Stalindən sonrakı sovet rəhbərliyi, ilk növbədə isə, Nikita Xruşşov nəhəng ideoloji təbliğat aparatını var gücləri ilə işə saldı və Lavrenti Beriyanın qəddar siyasi-ideoloji düşmən, casus, qanqster, haramzadə obrazı yaranmağa başladı və yaradıldı. O, seksual manyak kimi təqdim və təbliğ olunurdu, guya maşınla Moskvanın küçələrini gəzib, xoşuna gələn yüzlərlə qızları, qadınları elə küçədə oğurlatdıraraq, onları zorlayırdı. Rəsmi-inzibati dairələr bu məsələdə əsas şahid kimi Beriyanın şəxsi mühafizəsinin rəisi, polkovnik Rafael Sarkisovdan istifadə edirdi. Rafael Sarkisov (Sərkisyan) gəncəli idi və məşhur "NKVD" generalı Pavel Sudoplatovun (Stalinin tapşırığı ilə Lev Trotskinin qətlinin təşkilatçısı) yazdığına görə, Anastas Mikoyanın qohumu olduğu üçün öz "NKVD" karyerasını qura bilmişdi. Lavrenti Beriyanın işində "Sərkisov siyahısı" deyilən bir sənəd var və burada 27 qadının adı və ünvanı yazılıb. Sarkisovun verdiyi ifadəyə görə, bunlar guya Lavrenti Beriyanın cinsi təcavüzünə məruz qalmış qadınlardır və yenə də Sarkisovun ifadəsinə görə, guya Beriya bu işdə vasitəçi kimi məhz ondan istifadə edib.
Yuri Jukov "You Tube"dəki müsahibələrindən birində deyir ki, "Sərkisov siyahısı"ndakı qadınlar elə Sarkisovun özünün təcavüz etdiyi adamlardır və özünü Beriya ilə birlikdə güllələnməkdən xilas etmək üçün atılan addım idi. Görünür, Sərkisov istintaqın tələb etdiyi bu şərə görə də, həqiqətən, güllələnmədən xilas olur və ona cəmi 10 il həbs cəzası verilir.
Beriyanın həyat yoldaşı Nino Qeqeçkorinin dediyinə görə isə, "Sərkisov siyahısı"ndakı o quraşdırma 27 qadın əslində "NKVD" əməkdaşları olublar və Mixail Qorbaçov "perestroykası"ndan sonra sovetologiyada müxtəlif fikirlər səslənsə də, Beriyanı müdrik və ədalətli bir dövlət xadimi kimi, az qala, ideallaşdırma cəhdləri yaranmağa başlasa da, bu günün özündə belə onu, hətta Stalini zəhərləyib öldürməkdə də ittiham edirlər.
Eduard Şevardnadze Ukrayna jurnalisti Dmitri Qordon ilə müsahibəsində Lavrenti Beriyanın Stalini zəhərlədiyinə daxilən inandığını deyir və belə bir hadisə danışır: Stalin Soçiyə istirahətə gələndə keçmiş seminariya yoldaşları Kabanidze və Tseradzeni qonaq dəvət edir və onlarla söhbət əsnasında Beriyadan söz düşür. Stalin ayağa qalxıb, vanna otağına gedir və onları da əlinin işarəsi ilə çağırıb, heç kim dinləyə bilməsin deyə, krantda suyu açaraq deyir: "Lavrentinin məsələsi həll olunub".
Guya Beriya bundan xəbər tutub və iki-üç aydan sonra da Stalini zəhərləyib. Doğrusu, bu əhvalat həqiqətdən çox, kento folkloruna oxşayır.
Mən Stalinin Soçiyə nə zaman getməsi ilə maraqlandım və məlum oldu ki, o, sonuncu dəfə Soçiyə 1950-ci ildə gedib. Bunu da deyim ki, "Hiyləgər tülkü", "Qoca tülkü" kimi ayamaları ilə tanınan Eduard Şevardnadze bu müsahibəni verərkən, artıq xeyli yaşlaşmışdı və yaddaşında da, görünür, problemlər yaranmışdı, bir sıra məlum faktları qarışdırır, səhv salırdı.
Serqo Beriya hadisənin bilavasitə şahidlərinə (söhbət üç dəfə Sosialist Əməyi Qəhrəmanı, general-polkovnik Boris Vannikov, yaxud iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general Sultan Amet-xan kimi tanınmış şəxslərdən gedir) və sənədlərə istinad edərək, sübuta yetirir (yaxud yetirmək istəyir) ki, Lavrenti Beriya elə həmin gün, yəni iyunun 26-da qəflətən öz mənzilində güllələnib və bir sıra sovetoloqlar, tarixçilər də bu versiyanı qəbul və təsdiq edirlər.
Lavrenti Beriya gürcü və rus dillərindən başqa Azərbaycan və erməni dillərini də yaxşı bilirdi və rus jurnalisti, siyasi şərhçi Maksim Şevçenko da sovet epoxası ilə bağlı ən məlumatlı tarixçilərdən biri olan Yevgeni Spisınla müsahibəsində deyir ki, Beriyanın məhkəməsində iştirak edən Mir Cəfər Bağırov azərbaycanca ona nəsə deyib, ancaq Beriya heç nə başa düşməyib, yəni mühakimə edilən Lavrenti Beriya yox, onun oxşarı olub.
Əgər doğrudan da belədirsə, əgər doğrudan da, Lavrenti Beriya qətlə yetirilib, həbs edilən, mühakimə edilən isə onun oxşarı olubsa, deməli, Beriya ilə bağlı Nikita Xruşşovun, Vyaçeslav Molotovun, Anastas Mikoyanın, guya onu həbs edən marşalların - Jukovun, Moskalenkonun, guya Beriyanı tapança ilə şəxsən güllələyən Batiskinin memuarları, intervüləri, dedikləri, Baş prokuror Roman Rudenkonun dindirmə stenoqramları, bu stenoqramlarda Georgi Malenkovun, Nikita Xruşşovun, Kliment Voroşilovun, Lazar Kaqanoviçin, başqa Siyasi büro üzvlərinin dərkənarları, qeydləri, istintaq, məhkəmə və edamla bağlı məktublaşmalar və s. - hamısı sonradan quraşdırılıb, saxtadır, yalandır, - o zaman nəyə inanasan?
Və kim zəmanət verə bilər ki, Mir Cəfər Bağırovla bağlı dindirmə stenoqramları, şahid ifadələri, məktublaşmalar həqiqətdir?
Doğrusu, hərdən elə bir təəssürat yaranır ki, repressiya saxtakarlıqları və bu saxtakarlıqların doğurduğu rəsmi sənədləşdirmə hərc-mərcliyinin içində hər hansı bir həqiqəti üzə çıxarmaq mümkün deyil. Çox zaman müəlliflərin Stalin, Beriya, yaxud Bağırov və başqaları haqqında söylədikləri fikirlər daban-dabana zidd olur və bu fikirlərin, mülahizələrin, nəticələrin hamısında da, öz növbəsində, müxtəlif rəsmi sənədlərə istinad edilir.
Ancaq biz hissə qapılmayaq və bu söhbəti başlamışıqsa, davam edək.
(Ardı var)
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!