Əbülfət Mədətoğlunun şeirləri zəngin ənənələr, dəyərlərimiz əsasında formalaşıb, xalqımızın milli-mənəvi özünəməxsusluğunu qoruyub saxlayır. Ənənəvi formada olan şeirləri belə dünyagörüşlərimizi, psixoloji, etik, estetik, fəlsəfi baxışları özündə ehtiva edir.
Hər gün göz yaşı, hər gün
Ölüb-dirilməyim var.
Gözü doymur ki dərdin,
Səssiz dərilməyim var.
Əlim bir yana çatmır,
Səsim solur içimdə.
Bircə Allahım bilir,
Nələr olur içimdə.
Dörd divar arasında
Məzardayam elə bil.
Hər yan xatirə dolu -
Bazardayam elə bil.
Cırmaqlanır yaddaşım,
Ruhum qana bələnir.
Təklik adlı sirdaşım
Məndən məni dilənir.
Hər bir şeiri əxlaqımızın dəyərlər sistemini, etnik özünəməxsusluğunu ifadə edən universal milli yaddaşdır - xalqın poeziya mədəniyyətidir. Formalaşan bədii şüurunda həmin əxlaq normaları və dünyagörüş sistemi şeirlərində əks olunur, onlar bədii düşüncədən keçərək süjetli fikir və obrazları əks edirlər.
Allahım, yoruldum daha,
Dincəlmək keçir içimdən...
Yır-yığış eyləyən ruhum -
Sakitcə köçür içimdən!
Allahım, səsim də qırıq,
Dilim dişimə dolaşır.
Didilməkdən yaxam cırıq -
Dırnağıma qan bulaşır.
Cəmiyyətin sosial-mədəni tərəqqisinə baxmayaraq, şeirlərinin folklorda təmərküzləşməsi çox ciddi bədii paradiqmadır, milli-mədəni, ictimai düşüncənin belə təqdimatı universaldır. Folklor xalqın, fərdin yaddaşıdır, bu universallıq onun şeirlərini ənənədən gələn milli atributları gerçəkləşdirə, mükəmməl şəkildə təqdim edə bilir, bu da poeziya tariximizin funksional səciyyəsidir.
Bənövşə tək açıldın
Ürəyimin üstündə...
Gözlənilməz gəlişdə -
De, qız, nədi qəsdin, nə?!
Çaşdım, titrədi səsim
Əlim əsdi nanətək...
Sən də çaşdın deyəsən -
Əlini telinə çək!
Qarşılaşan baxışlar
Nəhayət ki, dil tapdı...
Sənə etiraf edim -
Gözəl görmək savabdı!
Əbülfət Mədətoğlu şeirlərində özünü təbiətdən, uşaqlıq yaddaşından ayırmır, təbii olanla bəşəri olanı fərqləndirir, məzmun və forma keyfiyyət kimi özünü göstərir. Onun söz sənəti xalqımızın tarixi, zəngin ideya-estetik məzmun mündəricəsi, tükənməz idrak enerjisidir.
Bu dünyada
Tuğ adlı bir dağ
kəndi var
şəlaləsi,
meşələri,
bulaqları
və bir də
Nilufər çiçəyilə...
Kənd uşaqlarının
payına düşmüş
hər nə varsa,
mənim də
canıma-qanıma
hopub orada.
Həmin o uşaq
ləpirlərində
düşmən
mina əkir indi.
Xatirələrimi
göyə sovurmaq üçün.
Müdrik fikir, zəngin hiss, dərin müşahidə və böyük ümumiləşdirmə gücü həyat təcrübəsini ifadə edən bu sadə və aforizmli şeirlərindədir:
Ucalır qəmin çəpəri
Tükənir dizin təpəri...
Günün ən acı xəbəri -
"Bu telefona zəng çatmır"!..
Susanda cavabsız sual
Dərhal düşür ürəyə xal...
Həmin anda dəyişir hal -
"Bu telefona zəng çatmır"!..
Qalırsan fikir əlində
Bir ad kirimir dilində...
Keçir ağlından ölüm də -
"Bu telefona zəng çatmır"!..
Onun şeirlərində doğma dilimizin ətrini, nəsillərin zəkasının mənəvi dəyərlərini, ağsaqqalların öyüdlərini duyuruq:
Qayğılı çəkdiyim, dərdli çəkdiyim -
Bu boyda Bakıda dərddi çəkdiyim!
Mənim azadlıqda şərti çəkdiyim -
Cəzanın adını çəkənlər bilər...
Şeirlərində dilimizin saflığına, onun qorunmasına sanki bir çağırış var. Poeziyasının gücü hüdudsuz fantaziyasındadır, hər bir bəndi yaradıcı düşüncəni inkişaf etdirən gözəl sənət nümunələridir. Uğurları ilə seçilən Əbülfət Mədətoğlu fitri istedadının bədii inikasını yaradır, poeziyasının sehrli və sirli boyalarından məharətlə istifadə edir, estetik zövqü, büllurlaşan imzası çoxçalarlı üslubunu formalaşdırır, şeirlərdə poetik nəfəsini tapır və başqa səslərin arasından fərqlənir.
Yaradıcılıq yolu üslubi təkamülə meyillidir - axtarışları lirik-fəlsəfi şərhədək yol alır, janrından və bədii yozumundan asılı olmayaraq, bütün əsərləri zəngin ekspressiv ifadələrlə zəngindir. Poeziyası ilə musiqi arasında möhkəm bir bağ, güclü vəhdət var - bu, bir sənət dünyasına sığmayan qüdrətli bir ilhamın musiqi ilə səslənən ifadəsidir:
Mənə məndən yaxınsan,
məni oda yaxırsan.
Niyə elə baxırsan
bəlkə tanış gəlmirəm?
Əbülfət Mədətoğlu poeziyasında səslərin təsir gücü, melodiyası, avazı, bədii idrakın zirvəsinə yüksəlir. O, milli şeirimizin təkcə istedadlı yox, həm də daim axtarışda olan şairlərindəndir. Şeirlərini ilhamının təbii axarında yazır, həyatı şairanə, poetik ifadələrdə duyur, geniş mütaliəsi yaradıcılığına bələdçilik edir.
Təhkiyə və təsvirləri kifayət qədər lirik-psixoloji, duyğusaldır, oxudun - qopa bilmirsən, artıq onun zövqünə köklənirsən, bu kolorit lirik janrının gücüdür. Və sonra Əbülfət Mədətoğlunun "Şeirləri müəllifindən ayrı öz taleyini yaşayır" (R.Rövşən). O, bütün şüurlu yaradıcılığı ilə mədəniyyətimizin, ədəbiyyatımızın inkişafına şərəflə xidmət edir. Ədəbi və əbədi formulu belədir: söz dildən, dil sözdən doymur!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!