Akif Əlizadə: "İnsan bütün ömrü boyu yaratmalıdır. Çünki dünyada qalan yaradandır" - Müsahibə

ETN Geologiya və Geofizika İnstitutunun direktoru, əməkdar elm xadimi, Azərbaycan Dövlət Mükafatı laureatı, "Şöhrət", "Şərəf" və "İstiqlal" ordenli akademik Akif Əlizadənin fevralın 25-də 90 yaşı tamam oldu. Görkəmli elm xadimi ilə müsahibəni təqdim edirik.

- Akif müəllim, 25 fevral Sizin öl zdür, 90 yaşız tamam oldu. Çox şadam ki, bu nlərdə bizə zaman ayırdız... 90 yaş ömrün hansı çağır?

- Əlbəttə, bu, az yaş deyil, demək olar ki, insanın püxtələşən dövrüdür. İnsan 9 onillik ki, yaşayırsa, yəni Allah bunu ona qismət eləyir, bu, özü-özlüyündə, böyük xoşbəxtlikdir. Xoşbəxtəm ki, bu 9 onillikdə, belə demək mümkünsə, təhsil və elm daima məni müşayiət edib. Mən, demək olar ki, tələbəlikdən elmlə məşğulam. III kursda 1-ci elmi məruzəmi hazırladım. Onda - 1954-cü ildə mənim cəmi 20 yaşım vardı. Elə o vaxt adımı respublika üzrə gənc bir alim kimi tələbələrin konfransına yazdıra bildim. O konfransın sədri çox hörmət bəslədiyim , Milli Elmər Akademiyasını yaradanlardan, təsisçilərindən biri olan akademik Yusif Məmmədəliyev idi. Mənə 3-cü yer həvalə olundu, bürünc medal verdilər. Demək istəyirəm ki, bu 90 ilin 70-i tamamilə elmə bağlı olub. Hesab edirəm ki, həyatda seçdiyim bu yol, həm mənəvi baxımdan, həm insanın öz daxili aləmini üzə çıxarmaq baxımından mənə zövq almağa, yaşamağa, həyatı sevməyə çox imkanlar yaradıb. Bax, budur mənim seçdiyim yol həyatda...

- Sizin üçün zaman anlayışı... Hansı yaşdan zamanın dəyərini daha çox hiss etməyə başladınız?..

- Sizə açıq deyim, mən özümü öymürəm, zamanı, yaşı indi də hiss etmirəm. Mən hər səhər tezdən oyananda yoldaşım deyir ki, yorulmamısan işə getməkdən?.. Deyirəm, yox, məni gözləyirlər orda. Harda ki, səni gözləyirlər, harda ki, sən kiməsə lazımsan, o, böyük xoşbəxtlikdir, böyük bir səadətdir. Sən kiməsə lazımsan, cəmiyyətə lazımsan, insanlara lazımsan... Mən çox şadam ki, işə gəlib kiməsə kömək edirəm, kiməsə əl tuturam, gənclərə dəstək oluram. Onlar mənə, hətta telefonla bir kəlmə "sağ olun" deyirlərsə, təşəkkür edirlərsə, bu mənə böyük bir sevinc bəxş edir. Bunlar məni yaşadır. Sualınıza cavab olaraq bir daha deyirəm: bu mənada zamanı hiss etmirəm. Mən 20, 30 yaşında da işə gəlirdim, indi də gəlirəm. 35 yaşımdan bu İnstitutda rəhbər vəzifədə işləməyə başlamışam. Bu mənim üçün ağır idi, çətin idi, çünki Akademiyamızın ən nəhəng institutlarından birinə rəhbərlik edirdim. Mən onda da "uf" demədim. Bilirdim ki, işləmək lazımdır. Həmkarlarımla, yanımda olanlarla əl-ələ verib işlədim. 

- Akif müəllim, neçə müharibə həyatınızdan keçib, iz buraxıb?

- 1941-45-ci illər müharibəsi yaxşı yadımdadır... Düzdü, onda uşaq idim, 10 yaşım var idi, çox çətin dövr idi. 1941-1951-ci illər məktəb illərimdi ki, onun da 5 ili müharibə dövrünə düşdü. Bununla belə biz yalnız və yalnız təhsil almaq haqqında düşünürdük, mütaliə edirdik. Siz təsəvvür edin, indiki gənclər təsəvvür edə bilməz, tədris kitablarını tapa bilmirdik, nə məktəb verirdi, nə də kitabxanada vardı. "Kubinka"da alverçilər köhnə kitablar satırdılar, 3 rubl, 5 rubl verib alırdıq. Belə çətinliklə oxuduq. Bununla belə mən məktəbi gümüş medalla bitirdim. Bu mənə imkan verdi ki, SSRİ-nin istənilən bir guşəsində universitetə imtahansız daxil ola bilim. İnsanın gərək bir devizi ola: oxumaq və həyatı düzgün qavramaq...

1980-ci illərin sonlarından Qarabağda müharibə başlayanda, inanın ki, bizim institutda böyük əksəriyyət Vətəni qorumaq üçün cəbhəyə, döyüşə getməyə hazır idi. Hamının ürəyində vətənpərvərlik hissləri alovlanırdı. Mən bunun şahidi oldum. Sağ olsun, cənab Prezident, Ali Baş Komandan... Strateji baxımdan hər şeyi o qədər düzgün qurdu ki, biz qalib gəldik, torpaqlarımıza qayıtdıq. Çox xoşbəxtəm ki, mənim Vətənim, mənim xalqım belə bir zirvəyə ucaldı. Bundan sonra çətin ki, kimsə bizə bata bilsin. Ulu öndərin dediyi kimi: Azərbaycan hər zaman dünyaya günəş kimi doğacaq.

- Deyirlər, insanın dünyaya gəlişi ilə alın yazısı da yazılır. Bəzən onu dəyişmək istəyənlər tapılır, amma əbəs yerə... Bu yazını pozmaq mümkündür?..

- Mümkündür! Mən sizə deyim necə? Tanrının yazdığı irsiyyətdir, genetikadır. Həqiqətən, üzvi aləmdə genetika böyük bir elm olaraq hər şeyin əsasını təşkil edir. Olsun insan, olsun heyvanat aləmi, bitki aləmi ... Genetik əsasları da Allah-taala yaradır. Sənə ana bətnindəykən irsiyyət qoyulur. Bu bir sirdir, bir vergidir... İnsan bunu bilərək həyatını düzgün qurmasa, özünə ancaq ziyan gətirəcək. Allah da inciyir səndən ki, axı səni yaratmışam ki, axıracan yaşa, gözəl ömür sür, bu həyatın nemətlərindən zövq al... Amma sən özün onu başlayırsan dağıtmağa. Bütün yaranan genetik xüsusiyyətlərə özün rəhbərlik etməkdənsə, buraxırsan onu özbaşına... Genetik kod sənə verilib ki, ona riayət edəsən, yaşadasan, özü də bacarıqla yaşadasan.

- Məşhur bir nəsil şəcərəsinə malik Akif Əlizadənin ömür yoluna qısa nəzər salsaq... Orda, çox-çox uzaqlarda qalan o illərdə sizə doğma olan insanlardan kimləri tez-tez xatırlayırsınız?..

- Əlbəttə, ata-anamı, babam Şeyxülislam Axund Ağa Əlizadəni, müəllimlərimi. Mən Sənaye İnstitutuna daxil olanda 17 yaşım vardı. Müəllimlərimdən çox şey öyrəndim. Xoşbəxtliyimdən onlar çox görkəmli alimlər idi. Geologiya elmi, ilk növbədə, neftlə əlaqəlidir. Azərbaycan neft ölkəsi olduğuna görə neft sənayesinin inkişafına çox fikir verilirdi. Bu da Azərbaycanda geologiya elminin inkişafına olduqca böyük təsir göstərdi. Bu, çox böyük tələbat olan bir istiqamət idi. Mütəxəssislər lazım idi ki, o sahəni, istehsalatın o sahəsini inkişaf etdirsin, iqtisadiyyata kömək olsun. Onu da deyim ki, 1945-ci ildə Akademiya təsis olunanda orada 3 geoloq təsisçi vardı. Yəni 15 nəfərdən 3-ü geoloq idi - Şamil Əzizbəyov, Əliəşrəf Əlizadə, Mirəli Qaşqay. Təsəvvür edirsiniz ... belə korifeylərin mühazirələri, davranışları, həyat tərzi məni çox cəlb edirdi. Mən də onların yolunu götürdüm. Çox bəxtəvər insanam ki, institutu bitirəndən sonra belə bir mühitə düşdüm. Akademik Musa Əliyev o vaxt Akademiyanın prezidenti idi, həm də müəllim idi, məni öz laboratoriyasına götürdü. Həmişə deyirəm, o mənim böyük ustadım olub. Musa Əliyevin həyatda əsas kredosu, mövqeyi yalnız və yalnız yaxşılıq idi. Yaxşılıq onun həyat tərzi idi. Mən ondan çox şey öyrəndim.

- Sizin tələbə yoldaşlarınızdan Oqtay Rza tez-tez redaksiyamıza gələrdi. O illərlə bağlı işıqlı xatirələrinin əksəriyyətində siz vardınız...

- Oqtay Rzayla Sənaye İnstitutunda bir kursda oxumuşduq. Mən ictimai işlərlə çox məşğul olurdum. Məni fakültədə komsomol katibi seçdilər. Mən rus sektorunda idim, amma Azərbaycan sektorundakı uşaqlarla həmişə bir yerdəydik. Elə orada bir-birimizlə yaxın ünsiyyət yarandı. Ən yaxşı oxuyan tələbələrdən idi. Stalin təqaüdü alırdı. Mən ona geoloq-şair deyirdim. Mənə çoxlu şeirlər yazırdı. Yadımdadır, bir gün ona dedim: " Oqtay, mənə bir şeir yaz, sabah nişanımdır." Yazdı, gedib təzə qohumların yanında özümü göstərə bildim... (gülür)

Andına, eşqinə vəfalı Şirin

Çirpındı qoynunda daş qəfəslərin.

 

***

Koroğlu meydana vüqarla girdi,

Ağır döyüşlərə Nigarla girdi.

- Bütün həyatınızı elmə həsr etmisiniz... Bəs elmin sirri, cazibəsi nədir? Buna cavab tapmısınız?

- Elm, əsasən, məlum olmayan şeyləri araşdırmağa yönəlmiş insan fəaliyyətidir. Bu yolda böyük çətinliklərlə üzləşirsən. Çünki o qədər qapalı, bağlı yerdədir ki, elmin inciləri... Onu tapmaq üçün böyük zəhmət çəkirsən. Bəzən aylarla, illərlə əziyyət çəkirsən, hamısı hədər gedir, bir növ, boş çıxır. Onda da özündən narazı qalmırsan. Çünki nəsə tapmamağın, nəsə əldə etməməyin özü də tapıntıdır. Çünki sən bu yolu keçdin. Səndən sonra bu yolu gedən olmayacaq. Mən elm yolunda həvəslə çalışmışam. Amma daha çox idarəçiliklə məşğul olmuşam. Hətta mənə deyirdilər ki, idarəçiliyiniz çox gözəldir, sizə 5 yazmaq olar, amma laboratoriyanı yaxşı idarə etmirsiniz. Deyirdim ki, düz deyirsiniz, mənim vaxtım çatmır, mən bir istiqamətdə çalışa bilirəm. Bax, mən burda özümdə çatmamazlıq gördüm, bacarmadım. Güman edirəm ki, kollektiv də, alimlər də məni başa düşür.

- Bu qədər işin içində bəs doğmalara - yaxınlara vaxt ayıra bildiniz? Sizdən narazı qalmadılar ki?

- (gülümsəyir) Elə indi həyat yoldaşım zəng etmişdi... Mən həmişə saat 9-a kimi işdə olmuşam. Allah ömür versin, həyat yoldaşım Tamilla xanımla tələbə vaxtı tanış olmuşuq. Biz 5 il tanışlıqdan sonra evlənmişik. 60-cı ildə ilk övladımız olub. O vaxtdan bu günə kimi bir dəfə mənə demədi ki, sən niyə gec gəldin, mənə çətindir. O bütün qayğıları, zəhməti öz üzərinə götürdü. Ona bütün qəlbimlə həmişə təşəkkür etmişəm. Mən axşam gələndə uşaqlar yatmış olurdu, o da mətbəxdə işlərini görürdü. Çörəyimi yeyib yenə yazılarımla məşğul olurdum. Bu 70 il ərzində bir dəfə mənə demədi ki, axı sən uşaqlarla məşğul olmadın, dərslərinə kömək etmədin. Hamısını özü etdi. Belə bir ailəmiz oldu. Çox böyük təşəkkürüm var ona. Bu 90 yaşımda bunları ona çatdırıram.

- Deməli, gözəl anadır, gözəl həyat yoldaşıdır. Əlləri öpüləsi qadınlardandır...

- Bəli, o analardandır...

Ana ülviyyətdir,

Ana böyükdür,

Onun zəhmətinə borcludur bəşər.

Ana sözündəki məna böyükdür,

Ananın qəlbinə aləm yerləşər.

- Ədalətli, ləyaqətli, mərhəmətli olmaq, hər gün əsl insan olaraq qalmaq çətin deyil?

- Mən buna görə birbaşa müəllimlərimə borcluyam. Xoşbəxtəm ki, təkcə elm öyrətməyiblər, həm də məni mənəvi cəhətdən yetişdiriblər, mənəviyyat dərsi keçiblər, düzgün həyat yolu göstəriblər. Mən də çalışdım o yolu gedim, həyatım yaxşılıq üzərində qurulsun. Mənim dinim, həyat tərzim, ən ali hisslərim bunlardı.

Səməd Vurğunun "Vaqif "pyesində necə deyilir...

- Vidadi,

hakimin hökmü, hünəri

Onun vicdanilə qardaş olmalı.

BİZƏ QALMAYACAQ DÜNYANIN MALI...

Vaqifi göstərərək;

- Şairdir...qəlbi var, şirin sözü var,

Böyük bir ölkənin onda gözü var.

O ölsə... dağlar da dil deyib ağlar,

Əfv edin... yaxşılıq qalır yadigar.

Qacar:

- Dinin düşmənidir, o ölsün gərək.

Vidadi:

- Xeyr! O Vaqifdir, eşqə gələrək,

Bəzən qamçılayır zəmanəsini,

Allah da çox sevir şerin səsini,

Qacar:

- Allah da çox sevir? Allaha yalvar,

Onun məndən də çox ədaləti var,

Əgər bacararsa, qoy, sağ saxlasın...

Vidadi:

- Siz hökmdarsınız...

- Sizinlə söhbət etdikcə düşünürəm ki, bütün bu mənəvi zənginliyinizi kimə ötürmüsünüz? İkinci Akif Əlizadə var?

- İkinci Akif Əlizadə ola bilməz. Təkrarı çətin olur. Bir az daha yaxşı ola bilir və ya əksinə... Amma mən ailəmdən çox razıyam. Həm övladlarımdan, həm nəvələrimdən, həm də nəticələrimdən. Evdə də Tamilla xanımla bu barədə danışanda deyirik ki, Allah hamıya xoşbəxt ömür, belə övladlar versin. Hamı xoşbəxt olsun.

- Şəhriyarın aşağıdakı beyti yada düşür bu məqamda...

"Bir ömür nədir ki? - Bir əsim külək...

İnsana on ömür, yüz ömür gərək"...

Sizə o ömürdən pay düşsün, Akif müəllim!

- İnsan yarananda Allah ona elə bir ruh verir ki... O, ruhən həmişə yaşamaq istəyir. Bir gözəl sovet filmi vardi. "Vasilitsa prekrasnaya - Gözəl Vasilitsa"... Qısa deyim: orda oğlan qızı sevir, qızı da cadugər oğurlayıb aparır. Oğlan onu axtarmağa başlayır. O yola çıxmaq üçün ona bir qılınc lazım olur. Bu qılıncı da oğlana bir hörümçək verə bilər - böyük bir hörümçək. Oğlan yaxınlaşanda hörümçək onu toruna salıb istəyir ki, yesin. Hörümçək deyir: üç sual verəcəm, cavab versən, buraxacam, qılıncı da verəcəm sənə . Deyir ki, sən həyatda ən çox nəyi sevirsən? Oğlan deyir: - Vasilitsanı.

Hörümçək bu cavabla razılaşmır və üçüncü dəfə eyni şeyi soruşur. Oğlan bu dəfə deyir: - Həyatı sevirəm. Bundan sonra hörümçək onu buraxır və qılıncı da verir. Bunu nə üçün deyirəm? İnsan doğulandan həyatı sevir. Çox az insan olar ki, həyatı sevməsin. İnsan həmişə çalışır ki, çox yaşasın. Amm elə insanlar var ki, qısa ömür sürsə də, cəmiyyət üçün, yer kürəsi üçün elə böyük işlər görüblər... Möhtəşəm filmlər çəkiblər, gözəl əsərlər yaradıblar. İnsan bütün ömrü boyu yaratmalıdır. Çünki dünyada qalan yaradandır.

- Bu gün, bu yaşda insanlara nə sözünüz, arzunuz var?

- İnsanlara bir arzum var: bir-birinə həmişə sevgi ilə yanaşsınlar. Sevgi elə bir şeydir ki, mələklər onu cənnət bilir, şeytanlar onu əzab hesab edirlər. İnsanlara ancaq məhəbbət arzulayıram. Səməd Vurğun necə deyirdi...

Hər gülə, çiçəyə salam verməsəm,

Xoş üz göstərməsəm, xoş üz görməsəm;

Nanələr, reyhanlar inciyər məndən,

Güllərin yarpağı tökülər dən-dən...

Necə böyük fəlsəfə var bunda... bax, budur həyat. Ona görə bir-birini sevmək lazımdır.

Bir də Nazim Hikməti xatırlamasam, olmaz...

Sən yanmasan, mən yanmasam,

necə çıxar qaranlıqlar aydınlığa?!.

- Akif müəllim, elə bilirəm, Nazim Hikmətdən dediyiniz misralarla söhbətimizi bitirə bilərik. Mən Sizə - 90 yaşlı elm fədaisi Akif Əlizadəyə "Allahın verdiyi ömrü bundan sonra da sağlam yaşayın!" demək istəyirəm...

 

Söhbətləşdi: Kəmalə MİRZƏYEVA

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!