Ədəbiyyatşünaslıq elminin Baş qərargahı - İsa HƏBİBBƏYLİ

İsa HƏBİBBƏYLİ

Azərbaycanda ədəbiyyatşünaslıq tədqiqatlarının qədim tarixi və böyük ənənələri vardır. Məlum olduğu kimi, hələ qədim dövrlərdə və orta əsrlərdə bir neçə istiqamətdə ədəbiyyat haqqında tədqiqatlar aparılmışdır. Dövrünün tanınmış simalarından olan Xətib Təbrizinin apardığı sistemli elmi tədqiqatlarla ədəbiyyatşünaslıq elminin möhkəm bünövrəsi yaradılmışdır. Bundan başqa, orta əsrlərin görkəmli Azərbaycan şairlərinin bədii əsərlərində  söz və onun mahiyyəti, əhəmiyyəti, ayrı-ayrı janrların ədəbiyyatdakı yeri və funksiyaları haqqındakı fikirləri də böyük yaradıcı şəxsiyyətlərin ədəbi-nəzəri görüşləri kimi ədəbiyyatşünaslıq elminin formalaşmasında və inkişafında mühüm rol oynamışdır. Eyni zamanda, orta əsrlərin ədəbiyyat təzkirələri özünün forma və məzmununa görə dövrün ədəbiyyat antologiyaları və ədəbiyyat tarixi materialları rolunu oynamışdır.

Bununla belə, Azərbaycanda peşəkar ədəbiyyatşünaslıq Mirzə Fətəli Axundzadə ilə başlamışdır. Mirzə Fətəli təkcə Azərbaycan dramaturgiyasının və bədii nəsrin deyil, həm də professional ədəbiyyatşünaslığın da banisidir. Lakin etiraf etmək lazımdır ki, Azərbaycanda ədəbiyyatşünaslıq müstəqil və sistemli elm sahəsi kimi XX əsrin əvvəllərində yaranmışdır. Xüsusən, bu dövrdən etibarən mövcud ənənələrlə yanaşı, milli mətbuatın geniş miqyaslı inkişaf etməsi, Avropa və rus ədəbi-ictimai fikrinin tanınmış nümayəndələrinin elmi-publisist irsi ilə yaxından tanışlıq professional ədəbiyyatşünaslığın formalaşmasına ciddi təsir göstərmişdir. Eyni zamanda, maarifçilik hərəkatının və məktəb dərsliklərinin  genişlənməsi də ədəbiyyatşünaslıq elmini formalaşdıran əsas faktorlardan biri olmuşdur. Hətta XX əsrin əvvəllərində nəinki ədəbiyyat dərsliklərində yazıçı və şairlərin həyatı və yaradıcılığı haqqında yığcam ədəbiyyatşünaslıq yazıları verilmiş, hətta Hüseyn Cavidin "Qəvaidi-ədəbiyyat" dərsliyi kimi sırf ədəbiyyatşünaslıq materiallarından ibarət olan dərsliklər də meydana çıxmışdır. Görkəmli ədəbiyyatşünas və böyük ictimai xadim Firudin bəy Köçərlinin (1863-1920) bu dövrdə yazılmış məşhur "Azərbaycan ədəbiyyatı tarixi materiallları" adlı çoxcildlik əsəri Azərbaycanda professional ədəbiyyatşünaslığın ən mühüm nailiyyəti sayılmağa tamamilə layiqdir.

Sovet hakimiyyətinin ilk illərində, 1923-cü ildə yaradılmış Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti ilə Azərbaycanda elmin digər sahələri kimi, ədəbiyyatşünaslıq elmi sahəsində də ilkin təşkilatlanma işinin başlanmasına start verilmişdir. Az sonra 1929-cu ildən etibarən fəaliyyətə başlayan Azərbaycan Elmi-Tədqiqat İnstitutunun strukturunda da ədəbiyyatşünaslıq üzrə ayrıca bir istiqamət olmuşdur. Hətta Azərbaycan Elmi-Tədqiqat İnstitutunda ədəbiyyatşünaslıq üzrə aspiranturaya ilk qəbul da keçirilmişdir. Buna baxmayaraq, nə Tədqiq və Tətəbbö Cəmiyyəti və nə də Azərbaycan Elmi-Tədqiqat İnstitutu ədəbiyyatşünaslıq üzrə müstəqil elmi qurum deyildi. Bu elmi təşkilatlar yaxın gələcəkdə ədəbiyyatşünaslığa aid ayrıca bir elmi təşkilatın yaradılmasına zəmin hazırlamışdır.

Məlum olduğu kimi, 1932-ci ilin dekabr ayının axırlarında SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan şöbəsi yaradılmışdır. Az sonra 22 mart 1933-cü ildə bu elmi qurumun tərkibində Ədəbiyyat sektoru təşkil edilmişdir. Dövrün tanınmış tənqidçi və ədəbiyyatşünası Əli Nazimin rəhbərlik etdiyi Ədəbiyyat Sektoru ilə gələcək Ədəbiyyat İnstitutunun əsası qoyulmuşdur. Qısa müddət Sektor statusunda fəaliyyət göstərdikdən sonra, 1935-ci ildə bu elmi qurumun bazasında Ədəbiyyat İnstitutu təşkil olunmuşdur. Böyük Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 800 illik yubileyinə dövlət səviyyəsində hazırlıq işləri aparılarkən, 1939-cu ildə bu elmi-tədqiqat müəssisəsinə dahi sənətkarın adı verilmişdir. Beləliklə, 1933-1945-ci illər Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun formalaşması və inkişafının birinci mərhələsi hesab edilir. Bu illərdə Ədəbiyyat İnstitutuna Əli Nazimdən sonra Artur Zifeld-Simumyaqi, Əhməd Əhmədov, İdris Həsənov, Aleksey Klimov, Heydər Hüseynov rəhbərlik etmişlər. Təəssüf ki, yuxarıda adları qeyd edilən elm adamlarının demək olar ki, əksəriyyəti repressiyanın qurbanı olmuşlar. Lakin onların çox çətin və mürəkkəb şəraitdə gördükləri işlər, həyata keçirdikləri tədbirlər Ədəbiyyat İnstitutunun möhkəm elmi təməllərini təşkil etmişdir.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun inkişafında Azərbaycan SSR Elmlər Akademiyasının tərkibində fəaliyyət göstərdiyi illər xüsusi mərhələ təşkil edir. Belə ki, 27 mart 1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyası təsis edildikdən sonra Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu bu dövlət elmi təşkilatının tərkibində digər elm sahələrini əhatə edərək elmi-tədqiqat institutları ilə birlikdə özünün çoxcəhətli fəaliyyətini uğurla davam etdirmişdir. Sovet hakimiyyəti illərində Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda ədəbiyyatşünaslıq sahəsində bir sıra mühüm elmi nəticələr əldə olunmuşdur. Ədəbiyyat İnstitutunun 1957-1960-cı illərdə çapa hazırladığı və nəşr etdiyi 3 cildlik "Azərbaycan ədəbiyyatı tarixi" uzun dövr ərzində ölkəmizdə ədəbiyyatşünaslıq sahəsində ən mötəbər elmi mənbə kimi qəbul edilmişdir. Ədəbiyyat İnstitutunda Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin yaradılması və bu şöbəyə uzun illər rəhbərlik etmiş xalq yazıçısı, akademik Mirzə İbrahimovun rəhbərliyi ilə çoxcildlik "Cənubi Azərbaycan ədəbiyyatı" antologiyasının hazırlanıb kitab halında çap edilməsi də dövrün mühüm nailiyyətlərindən biri hesab edilməyə layiqdir. İnstitutun "Ədəbiyyat məcmuəsi" adlı elmi jurnalının 1946-cı ildə təsis edilməsi və uzun illər ərzində nəşrini davam etdirməsi də ədəbiyyatşünaslıq elminin inkişafına böyük təkan vermişdir. XX əsrin əlli-səksəninci illərində Elmlər Akademiyası sistemində və Ədəbiyyat İnstitutunda ədəbiyyatşünaslıq elminin ayrı-ayrı sahələri üzrə elmi məktəblər yaranıb formalaşmışdır. Görkəmli elm xadimi akademik Məmməd Arif Dadaşzadə müasir Azərbaycan ədəbiyyatı tədqiqatları üzrə, akademik Məmməd Cəfər Cəfərov ədəbiyyat nəzəriyyəsi sahəsində, akademik Həmid Araslı Azərbaycan klassik ədəbiyyatı araşdırmaları istiqamətində, akademik Kamal Talıbzadə ədəbi tənqid tarixi, müxbir üzvlər əziz Mirəhmədov mətnşünaslıq, Yaşar Qarayev ədəbi tənqid, professor Məmmədhüseyn Təhmasib folklorşünaslıq elmi məktəbləri yaratmağa müvəffəq olmuşlar. Bu elmi məktəblərin nəzəri-estetik prinsipləri formalaşmış, tanınmış simaları meydana çıxmışdır. XX əsrin altmışıncı illərindən başlamış həmin elmi məktəblərdən bir çoxu bu günə qədər öz yolunu məhsuldar şəkildə davam etdirməkdədir. Bütün bunlara görə Azərbaycan ədəbiyyatşünaslıq elmi müxtəlif tarixi mərhələlərdə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna bacarıqla rəhbərlik etmiş akademik Məmməd Arif Dadaşzadə, xalq yazıçısı - akademik Mirzə İbrahimov, akademik Məmmədağa Şirəliyev, professor Mirzəağa Quluzadə, akademik Məmməd Cəfər Cəfərov, müxbir üzvlər Əziz Mirəhmədov, Yaşar Qarayev və akademik Bəkir Nəbiyevə minnətdardır. Bu görkəmli elm xadimlərindən hər biri həm Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda fundamental ədəbiyyatşünaslıq əsərlərinin meydana çıxmasına, elmi məktəblərin yaradılmasına və həm də yeni elmi nəsillərin yetişib formalaşdırılmasına böyük töhfələr vermişlər.

Müstəqillik dövrü Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun və Azərbaycan ədəbiyyatşünaslıq elminin inkişafında xüsusi bir mərhələ kimi qiymətləndirilməlidir. Bu dövrdən etibarən bütövlükdə ölkəmizdə, o cümlədən də Akademiya sistemində hakim olan müstəqil dövlətçilik və azərbaycançılıq idealları Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun da elmi fəaliyyətinin əsaslarını təşkil etməyə başlamışdır. Ədəbiyyatşünaslıq elmində dünya elmində gedən proseslərin və ölkə dəyərlərinin ön mövqeyə çıxması, aparıcılıq təşkil etməsi keyfiyyətcə yeni bir mərhələnin yaranmasına səbəb olmuşdur. Məhz bu zəmində Azərbaycan ədəbiyyatını daha geniş və sistemli şəkildə, Azərbaycançılıq idealları və milli-mənəvi dəyərlər əsasında araşdırılıb öyrənilməsini təmin etmək məqsədi ilə 2013-cü ildən sonra Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda zəruri struktur islahatları aparılmışdır. Bu zəmində İnstitutda Nizamişünaslıq, Erkən realizm və yeni dövr, Mühacirət ədəbiyyatı, Mətbuat tarixi və publisistika, Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı, Ədəbi tənqid, Azərbaycan-Asiya ədəbi əlaqələri, Uşaq ədəbiyyatı kimi elmi-tədqiqat şöbələrinin, Füzulişünaslıq sektorunun yaradılması mahiyyət etibarilə ədəbiyyatşünaslıq elminin miqyasının daha da genişləndirilməsinə imkan yaratmışdır. Eyni zamanda, bu dövrdə Elmi nəşrlər və proqnozlaşdırma, Təhsil, Beynəlxalq əlaqələr, İctimaiyyətlə əlaqələr, Elektron xidmətlər kimi elmi-xidmət şöbələrinin təsis edilməsi ilə institutun fəaliyyətinin genişləndirilməsi təmin edilmişdir. Ədəbiyyat İnstitutunun ən müasir informasiya texnologiyaları ilə təchiz edilmiş Elektron Akt zalı Akademiyanın əsas müzakirə və diskussiya məkanlarından biridir. Dissertasiya Şurası ədəbiyyatşünaslıq elminin yeni nəsillərinin hazırlanmasına geniş meydan açır. Hazırda Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu elmlər doktorlarının kəmiyyət və keyfiyyət göstəricilərinə görə nəinki Milli Elmlər Akademiyasında, geniş mənada ölkəmizin elm və ali təhsil sistemində birinci yerdə dayanır. Belə ki, bu gün Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda 2 nəfər Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 49 nəfər elmlər doktoru, 81 nəfər isə fəlsəfə doktorları fəaliyyətlərini davam etdirməkdədirlər. Bu elm adamlarının əksəriyyəti ölkəmizdə və onun hüdudlarından kənarda ədəbiyyatşünaslıq elminin aparıcı simaları kimi tanınır və qəbul olunurlar.

Azərbaycan ədəbiyyatşünaslıq elminin əsas nəzəri-metodoloji məsələləri Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda işlənib hazırlanır və həll olunur. Müstəqillik dövründə Azərbaycan ədəbiyyatının dövrləşdirmə konsepsiyası Ədəbiyyat İnstitutunda müəyyən edilmiş, Milli Elmlər Akademiyası Humanitar və İctimai Elmlər Bölməsinin və Rəyasət Heyətinin iclaslarında, Beynəlxalq Türk Akademiyasında və Tatarıstan Elmlər Akademiyasında keçirilmiş beynəlxalq elmi konfranslarda geniş müzakirə edildikdən sonra qəbul edilmişdir. Milli və bəşəri elmi prinsiplər əsasında yaradılmış dövrləşdirmə konsepsiyası öz növbəsində Azərbaycan ədəbiyyatının keçdiyi çoxəsrlik təkamül yolunun konkret inkişaf mərhələsinin müəyyən edilməsi zərurətini meydana qoymuşdur. Və 2014-2016-cı illərdə keçirilmiş geniş müzakirələrdən sonra Ədəbiyyat İnstitutunda Azərbaycan ədəbiyyatının ən qədim zamanlardan başlayaraq bu günə qədər davam etməkdə olan çoxəsrlik inkişaf yolunun mərhələsinin elmi təsnifatı yaradılmışdır. Hazırda Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda artıq 7 cildi nəşr olunmuş "Azərbaycan ədəbiyyatı tarixi" oncildliyi məhz son illərdə hazırlanmış dövrləşdirmə konsepsiyası və elmi cəhətdən müəyyən edilmiş inkişaf mərhələləri əsasında təqdim olunur. Bundan başqa, müstəqillik dövrü Azərbaycan ədəbiyyatının yaradıcılıq metodu məsələsi də Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda nəzəri cəhətdən formalaşdırılmış və elmi dövriyyəyə daxil edilmişdir. Sovet hakimiyyəti illərindəki sosialist realizmi yaradıcılıq metodu əvəzinə müstəqillik dövrü Azərbaycan ədəbiyyatında çoxsaylı bədii metodların meydanda olması ideyası və nəzəriyyəsi Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna aid elmi qənaətdir. Bundan başqa, müstəqillik dövrü Azərbaycan ədəbiyyatının ədəbi cərəyanları: dekadentizm, postmodernizm, magik realizm, neorealizm, akademizm kimi ədəbi cərəyanların haqqında nəzəri-metodoloji prinsiplər və araşdırmalar Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda hazırlanıb ölkə ədəbiyyatşünaslıq elmi mühitinə çatdırılmışdır. Sinfilik prinsipinə əsaslanan keçmiş sovet ədəbiyyatşünaslıq təlimindən fərqli olaraq, müstəqillik dövründə ədəbi-tarixi şəxsiyyətlərin geniş şəkildə araşdırılıb tədqiq olunması, tariximizdə və ədəbiyyatşünaslığımızda, milli taleyimizdə mühüm yer tutmuş şəxsiyyətlərin həyatı və yaradıcılığının, onların ömür və sənət yollarının tədqiq edilib xalqımıza və elmi ictimaiyyətə çatdırılması layihəsi də Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna məxsusdur. Bu istiqamətdə "Sənətkarın elmi pasportu" seriyası ilə çıxmış 50 kitab Ədəbiyyat İnstitutunun ədəbiyyatşünaslıq elminin inkişafı sahəsindəki nailiyyətlərindən saymağa layiqdir.

Ədəbiyyat İnstitutunda Ulu Öndər Heydər Əliyevə həsr olunmuş çoxcildlik monoqrafik nəşrlər Azərbaycançılıq ideyasına xidmət edən mühüm əhəmiyyətli əsərlərdir.

XX əsrin yetmiş-səksəninci illərində başlanmış Ədəbi proses müşavirələrini də Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu davam etdirərək elmi-ədəbi  hərəkat səviyyəsinə qaldırmışdır. Ədəbi proses müşavirələrinə həsr  edilmiş və artıq 10 cildi nəşr olunmuş "Ədəbi proses" yaradıcılıq müşavirəsinin materialları ədəbi proses hərəkatının sanballı elmi salnaməsidir. Milli Elmlər Akademiyası səviyyəsində və onun hüdudlarından kənarda keçirilən "Fizika və lirika" layihələrinin də ana beşiyi Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutudur. Azərbaycan mühacirət ədəbiyyatı da  ilk dəfə respublika üzrə məhz Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda ardıcıl və sistemli şəkildə tədqiq edilməkdədir. "Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası" seriyasından nəşr olunan kitablar və onları tamamlayan elmi tədqiqatlar mühacirət irsimizin tədqiqi sahəsində əldə edilmiş əhəmiyyətli nəticələrdir. Azərbaycan-Asiya ədəbi əlaqələrinin elmi dövriyyəyə gətirilməsi və demək olar ki, qısa müddətdə qitənin əsas ölkələrini əhatə etməsi Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun nailiyyətidir.

Türk xalqları ilə geniş elmi-ədəbi əlaqələrin yaradılması bu istiqamətdə ardıcıl və sistemli tədqiqatların aparılması sahəsində də Ədəbiyyat İnstitutunda fəaliyyət göstərən Əlişir Nəvai mərkəzi, Mehmet Akif Ərsoy mərkəzi və hazırda işləri aparılan Məhtimqulu Fəraqi Mərkəzi, "Türk xalqları ədəbiyyatı", "Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri" şöbələrinin səmərəli fəaliyyəti nəticəsində türk dünyası haqqında sanballı elmi tədqiqatlar meydana qoyulmaqdadır.

Bu gün Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu geniş beynəlxalq əlaqələrə malik olan mötəbər elmi yaradıcılıq təşkilatıdır. Ədəbiyyat İnstitutunun dünyanın bütün qitələrində yaxın dostları, tərəfdaşları və müttəfiqləri vardır. Ədəbiyyat İnstitutunun tədqiqatçıları dünya ədəbiyyatçıları arasında tanınır və qəbul olunurlar. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ölkə ilə yanaşı, beynəlxalq aləmdə də bir sıra ədəbiyyatşünaslıq layihələrinin həyata keçirilməsində yaxından iştirak edirlər. Bu yaxınlarda Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutu və Kembric Universitetinin ortaq elmi layihəsi olan "Nizami Gəncəvi və Şota Rustaveli" adlı monoqrafik tədqiqatın Kembric Universiteti tərəfindən ingilis dilində kitab halında nəşr edilməsi bunun əyani isbatıdır.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Azərbaycanda ədəbiyyatşünaslıq elminin baş qərargahıdır.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 90 illik yubileyi münasibətilə institutun kollektivini ürəkdən təbrik edir və daha böyük uğurlar arzulayıram.

 

1 mart 2024-cü il

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!