Faiq Balabəyli-60: Ədəbiyyatın dənizə gətirdiyi eşq və yaxud Bu dənizin limanları yazıqdır - Vasif SÜLEYMAN

...Çünki gəmiləri  üzüb gedib, göynəyir... Faiq Balabəylidən yazmaq bu qədər rahatdır. Yazının başlığı da öz misrasıdır, hələ yazının birinci cümləsi də... Bilirsiniz, nədəndir... Çox güman ki, bilirsiniz. Çünki müsahibələrində Faiq Balabəyli dəfələrlə etiraf edib ki, onu dənizə, dənizçi həyatına da ədəbiyyat gətirib. Ədəbiyyatdan dənizə gətirən eşqin gücüdür bu gün Faiq Balabəyli imzasını var eyləyən. Bəlkə ona görə də dəniz və poeziyadan söz düşəndə hamının yadına Faiq Balabəyli düşür. O dənizə gəlməmişdən dənizi sevirdi, ədəbiyyat ona dənizi sevdirmişdi. Ona görə də qırx il əvvəl dənizə gələndə onunla köhnə dostlar kimi görüşdü:

 

Dəniz elə həmənkidir,

gah mülayim, üzə gülər.

Gah da dönüb ölüm olar -

bizi güdər.

 

Hətta onu da bilirdi ki, dəniz qoçaqları, igidləri sevir. Bunu dənizçi olmaq istəyənlərin hamısı bilirdi, amma hamı bilmirdi ki:

 

Dənizçiyə dalğaların arasından

əl eləyər su pərisi,

Dənizçiyə ad qoyarlar -

su dəlisi.

Mavi sular mavi gözlü gözəl olar,

naz eləyər dənizçiyə...

 

Bunu şair Faiq Balabəyli bilirdi... Ona görə belə gözəl ifadə eləyirdi. Sonralar bütün yaradıcılığı boyu o mavi gözlü gözəlin cazibəsindən çıxa bilməyəcək. Bəlkə elə xəyalında yaratdığı, dənizdə gözü önündən xəyalat kimi keçən elə o gözəldi Faiqə sonralar bunu yazdıran:

 

Bir quru nəfəsdi, o da vaxt gələr,

Görərsən, budu ha, getdi, gəlmədi.

Mənim xoşbəxtliyim sənin dilində

Havaya deyilmiş quru kəlmədi -

De, axı, mən hardan xoşbəxt oluram?!

 

...Hələ dənizlə davam edirik... Çünki Faiq Balabəylinin bütün həyatı ədəbiyyatla dənizin arasında keçib. Ürəyində şeirə dönən düşüncələrini yanında qələm-kağız olmayanda sahilə, qum üstünə də yaza biləndi Faiq: 

 

Bir qağayı lələyini götürüb,

Qum üstünə bircə misra yazaram.

Külək dolmuş ağ yelkənə bürünüb,

Bir adaya qayıtmağa hazıram.

 

...Adam inanmaq belə istəmir Faiq Balabəylinin 60-a gəlib çatdığına. Amma gəlib... Özü də dopdolu gəlib - "Eh, ayrılıq, nə yamansan", "Sənə yazılan şeirlər", "Burda darıxmaq olmaz", "Yaşıl yuxulu dəniz", "Yaxın, uzaq Elazığ", "Bayıldan bayıra" bədii kitabları, "Kəsilməyən həyəcan fiti" publisistik kitabı, AYB-nin üzvü, "Ədəbiyyat qəzeti"nin redaksiya heyətinin üzvü, Müstəqil.az saytının, həm yaradıcısı, həm də baş redaktoru kimi... Hə,  həm də gəmi kapitanı, "Dənizçilərə Sosial Dəstək" İctimai Birliyinin sədri kimi... Bu İctimai Birlikdəki fəaliyyətin tam yarısı da  elə sözlə bağlıdır. "Bakı buxtası-20 Yanvar", "Dənizçilərimiz Vətən müharibəsində", "Onlar qəhrəmandır", "Dənizçi həyatı" publisistik kitabları da məhz bu təşkilatdakı fəaliyyəti sayəsində işıq üzü görüb.

Bir məqamı hökmən qeyd etməyi lazım bilirəm: Faiqin publisistik kitabları Azərbaycanın yaxın keçmişində bir sıra qaranlıq məqamlara ayna salır. 34 il əvvəl - o dəhşətli 20 Yanvar gecəsində Bakı buxtasında çalışan qəhrəman dənizçilərimizin fədakarlığı təkcə buxta üçün deyil, bütövlükdə Azərbaycanın şərəf tarixi üçün əvəzsiz səhifələrdir. Ona görə deyirəm ki, Faiq Balabəyli 20 Yanvar hadisələrində Bakı buxtasında dənizçilərin öz əməlləri ilə yazdığı igidlik tarixini sistemli şəkildə araşdıran tək müəllifdir. "Kəsilməyən həyəcan fiti" və  "Bakı buxtası-20 Yanvar" kitablarında o zaman çoxları üçün müəmmalı qalanlar açılır. Hə, onu da demək lazımdır ki, Faiq  34 il əvvəl Bakı buxtasında baş verənlərin, həm də iştirakçısı olub.

"Dənizçi həyatı" kitabında isə Faiq Balabəyli Azərbaycan dənizçilərinin Somali sahillərində 30-a qədər qayıqda silahlı quldurun mühasirəyə aldığı gəmini qorumasını, Sarqaz dənizində üzən cavan dənizçilərimizin  Bermud üçbucağı ərazisində üzdüklərini onların öz dili ilə ustalıqla təsvir edir.

Faiqin "Yeni xəbər" qəzetindəki redaktorluq fəaliyyətini də bir-iki cümlə ilə xatırlamağa dəyər. Bu, o "Yeni xəbər"dir ki, zamanında Məhəmməd Peyğəmbərin karikaturasını dərc etdiyinə görə İspaniyanın "Yutlandes Posten"i ilə döyüşürdü. Vəhşi Qərbin Şərqə hücumunun qabağına sinəsini vermişdi. Bu, o "Yeni xəbər"dir ki, İsveçrədə "İlin qəzeti" nominasiyasının qalibi oldu, yol xərci tapa bilmədiyindən gedib hələ mükafatını ala bilməyib. Bu, o "Yeni xəbər"dir ki, səsi gedib "Vaşinqton post"a çatdı. Jurnalist Natiq Muxtarlının qəzetdə gedən  "Vəhşi Qərbin Şərqə hücumu" adlı yazısı ilə bağlı "Vaşinqton post" material vermişdi. Hamı çox sonradan bilir ki, böyük sevgilər həmişə böyük ağrıların qonşuluğunda olur...

Gördünüzmü, Faiq Balabəylinin yaşam trayektoriyası haralardan dolanıb keçib - Cəlilabad rayonunun Sabirabad kəndindən ədəbiyyatın ağuşuna, ədəbiyyatdan dənizə, dənizdən mətbuata, arada bir dəfə Bayıla sözlə günah çəkməyə, sonradan hamısını bir yerdə yaşatmağa... Birindən o birisinə  adladıqca ürəyini də ayrılıqlara öyrədirdi. Hər şeyin ayrılığına dözə bilər, amma yaşamı ilə göstərdi ki, ədəbiyyatdan və dənizdən ayrılmağı məhşərə qaldı:

 

Təməli qoyulur ayrılıqların.

Hələ çiçəklərin ləçəyi nəmli,

Hələ buludların gözləri yaşlı.

Günləri qabaqda gözləyir bizi,

Mən yaxşı bilirəm darıxmaq nədir,

Mən yaxşı bilirəm ayrılıq nədir.

 

Altmış illik həyatının tam qırx ili bizim dostluğumuzun fonunda keçib və mən onun yelə verdiyi bir gününü görməmişəm. Əvvəllər iki qələm dostumuz - Elçin İsgəndərzadə və Əkbər Qoşalı haqqında   həmişə deyirdim ki, onlar ömrü dopdolu yaşayırlar. Sonralar bu sıraya Faiq Balabəylini də qatmalı oldum. Buna müşahidələrim rəvac verdi. Belə adamların zamanı tənzimləyə bilmək bacarıqları həmişə mənim üçün düşündürücü olub. Hətta bəzən elə bilirdim ki, mən də onlar kimiyəm, nələrəsə zamanında çata bilirəm. Onların həyat tərzi haqqında məlumatlı olduqdan sonra başa düşdüm ki, mənim zamanında yetə bilmədiklərim nə qədərmiş...

...Su kimi safdır, suda işləyir. Su kimi saf dənizləri (nəvəsi də Dənizdir) var. Ad günü çox vaxt  Su çərşənbəsinə düşür. Su qədər, yəni təmiz, sağlam, uzun ömür arzulamaqdan başqa nə olsun... Yaş əlliyə, altmışa çatanda hamı illərin tez ötdüyündən gileylənir. Faiq də eyni düşüncələri yaşayır, amma bir az fərqli - tələsən illərin içində eləyə bilmədiklərinə heyifsilənir:

 

Məni çağırdılar, yoxsa, dayandım,

Məni oyatdılar, yoxsa, oyandım,

Üz tutub keçdiyim yollara baxdım -

Yollar duman idi, yollar çən idi,

Səksəkə içində bir az duruxdum,

O yola, yolağa qayıtmaq çətin,

O yola, yolağa dönmək əbəsdi,

Bu ömür, deyəsən, yaman tələsdi.

 

...Yaranan gedəcək, deyib babalar,

Qorxaraq ölümdən ağlamamışam.

Məni qınamasın ellər, obalar -

Qolumu boynuna dolamamışam...

Bu yandan bir ölüm havası əsdi,

Bu ömür, deyəsən, yaman tələsdi...

 

...Tərəddüd içində "Məni çağırdılar, yoxsa, dayandım, Məni oyatdılar, yoxsa, oyandım" dilemması arasında qalan şair o çağıranın da, oyadanın da ilahi səs olduğunu gözəl bilir. Həmin səsdir Faiqi 60 ilin o başından bu günə, bizim ürəyimizə qədər gətirən. Bu günə necə gəldiyinin də ən gözəlini də özü deyib:

 

Görübən, gəlirəm mən bu dünyanı,

Hər şeyi yoluna öncə qoymuşam.

Əllərim üstündə yeriyirəm ta,

Yorğun ayağımı dincə qoymuşam.

 

Bir dəfə yazmışdım ki, təsadüfmü olub, ya zərurətmi, bilmirəm. Otuz beş il bundan əvvəl Faiq Balabəylinin haqqında "Mən dənizi qısqanıram" adlı ilk mətbu yazını da mən yazmışam, 40, 50 və 55 illlk yubileylərində təbrik yazısını da... Hə, elə 60-ı yazmaq da mənim payıma düşdü. Payına şükür, İlahi! Altmış zirvəsində də gözlədikləri var Faiqin. Nə bilmək olar, İlahi ikimizə də möhlət versə, bəlkə ömrün yetmişinci zirvəsində də görüşdük. Baxın, aşağıda örnək gətirəcəyim şeir Faiqlə mənim dostluğumla yaşıddır, 40 il əvvəl bu onun öz dilindən eşitdiyim ilk şeirdir:

 

Daha bu yollara çıxma, yaxşımı,

Daha bu yollara baxma, yaxşımı...

Gecələr gündüzü, gündüz axşamı,

Ümidlə bu gündən gözləmə, nolar...

 

Sənin də adına söz gələ bilər,

Bəxtin çiçək açıb, döz, gələ bilər...

Dost-tanış bir yana, özgələr bilər,

Bağrımın başını közləmə, nolar...

 

Sən bahardan gözəl, bahar da səndən,

Bir də görüşərik bə harda sənnən...

Gəlmisən, gəlibdi bahar da sənnən,

Amma sən baharı izləmə, nolar,..

Gəl çıx, ta baharı gözləmə, nolar...

 

...Əvvələ qayıdıram... Faiq Balabəylinin  həyatının qırx ili  sözlə dəniz arasında keçib. O, ömrün çalın-çarpaz yollarında nə sözə, nə də dənizə vəfasız çıxıb; təpədən-dırnağa sözə və dənizə bələnib. Bəlkə ona görədir ki, hərdən dənizə də rəhmi gəlir, halına acıyır:

 

Yamyaşıldı duzlu suyun köynəyi,

Qayaların üzü cızıq-cızıqdı.

Gəmiləri üzüb gedib, göynəyir,

Bu dənizin limanları yazıqdı...

 

Tanınmış jurnalist dostumuz Nəzirməmməd Zöhrablı deyir ki, dənizi bilərmi kimsə Faiqtək?.. Bilməz, qardaş, kimsə bilməz Faiqtək... Bilməz ki, qırx ildir dəniz də onu məhrəm sularının qoynunda sədaqətlə qoruyur. Faiq Balabəyli ədəbiyyatın dənizə gətirdiyi, sonralar isə dənizi ədəbiyyata gətirən  eşqdir. Hər şey çəkilib gedəndə də eşqin qalmağı var axı... Eynən Faiq Balabəyli - dəniz eşqi kimi...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!