Yaradıcı insan başqalarından intellekti, dünyagörüşü, duyğu və düşüncələri ilə seçilir. Bu baxımdan akademik Arif Paşayevin elmi-intellektual irsinin araşdırılması elmi-praktik baxımdan zəruridir. Arif müəllimin gördüyü əzəmətli işlər haqqında uzun illər müşahidələrim bizə haqq verir ki, gəncliyin hamisi olan bu böyük şəxsiyyət haqqında yazımızı qələmə alaraq oxuculara təqdim etməkdə bir payımız olsun.
1934-cü ilin fevral ayı mehriban ailəyə, ən əsası, XX yüzillik Azərbaycan xalqının tarixinə, taleyinə görkəmli alim, elmi-ictimai xadim, akademik Arif Paşayevi bəxş etdi.
O soyuq qış günü görkəmli yazıçı, filoloq alim Mir Cəlal Paşayevin və Püstə xanımın ilk övladı - Arif Paşayev dünyaya göz açdı. Ədəbiyyatşünas alim olan atası Mir Cəlal Paşayev böyük ədəbiyyatçılar nəslinin yetişməsində əvəzsiz rol oynamışdır. İmam Zeynalabdinin nəslindən olan Mir Cəlal müəllim başdan-ayağa işıq, nur parçası idi. Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasına 17 il ərzində Mir Cəlal Paşayev rəhbərlik etmiş, "Ədəbiyyatşünaslığın əsasları" kursunun əsasını qoymuşdur.
Mir Cəlal Paşayevin ata nəsihətlərini eşidən, onun seçdiyi doğru yolla irəliləyən Arif Paşayevin tədqiqatçılıq əzmi, öz zəhməti ilə qazandığı nailiyyətləri bitməz, tükənməzdir. Akademik Arif Paşayev 1959-cu ildən AMEA-nın Fizika İnstitutunda elmi fəaliyyətə başlamışdır. Alimin xarakterindəki ciddiliyi, bacarığı və böyük iradə sahibi olması tapşırılan işləri yüksək səviyyədə yerinə yetirməkdə ona dayaq olmuşdur.
İstedadlı alim elmi işlərini böyük əzmlə davam etdirərək 1960-1964-cü illərdə Moskvada "QİREDMET" İnstitutunda aspirant olmuş, 1966-cı ildə isə, "Yüksək və ifratyüksək tezliklərdə yarımkeçiricilərin parametrlərini ölçmək üçün kontaktsız üsul və cihazların işlənməsi" mövzusunda namizədlik, 1978-ci ildə "Yarımkeçiricilərin tədqiqində qeyri-dağıdıcı üsulların fiziki əsasları, inkişaf prinsipləri və tətbiqi perspektivləri" mövzusunda doktorluq dissertasiyalarını müvəffəqiyyətlə müdafiə edərək alimlik dərəcəsi almışdır.
Arif Paşayev 1987-1989-cu illərdə Milli Elmlər Akademiyasının Fizika İnstitutunda yüksək temperaturda ifratkeçirici halına keçən, yəni müqaviməti sıfır olan maddələri öyrənməyə başlayan ilk alimlərdəndir. Ulu öndər Heydər Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə mikroelektronika sənayesinin sürətli inkişafa başladığı ötən əsrin 70-ci illərində Arif Paşayevin öz tədqiqatları ilə yaratdığı yeni nəzəri-təcrübi istiqamət tarixi əhəmiyyət daşımışdı. 1972-ci ilin sentyabrında SSRİ Elmlər Akademiyasının prezidenti, alim Mıstislav Keldış məhz Arif Paşayevin rəhbərlik etdiyi Azərbaycan Elmlər Akademiyası Fizika İnstitutunun zədəsiz ölçmə və nəzarətin fiziki üsulları laboratoriyasına gəlməsi təqdirəlayiq hal idi.
Akademik Arif Paşayevin istehsala buraxdığı qurğular dünyanın bir çox elm mərkəzlərində, hərbi sənayedə və digər istehsalat sahələrində müvəffəqiyyətlə tətbiq olunur: onun elmi nəticələri ixtira səviyyəsində işlənib beynəlxalq sərgi və müsabiqələrdə qızıl, gümüş medallar və diplomlarla təltif olunub, bir sıra sənaye müəssisələrində tətbiq edilib.
Arif Paşayev 1991-ci ildə avtonom hidroakustika informasiya sisteminin yaradılması sahəsindəki nailiyyətlərinə görə Azərbaycan SSR Dövlət mükafatı laureatı olmuşdur. Parafınə qarşı hazırlanan reagent 1995-ci ildə ''Ələt" yatağının mədənlərində istifadə edilmişdir. Bu sahədə görülən işlər daha da genişləndirilmiş, unikal avtomatik elektrik qızdırıcı qurğu yaradılmışdır. Arif Paşayev 400-dən çox elmi məqalənin, sayı 30-u keçən kitab və monoqrafiyanın müəllifidir.
Məhz akademik Arif Paşayevin xidmətləri sayəsində Milli Aviasiya Akademiyası ölkə üzrə kosmos haqqında əsas elmi-tədqiqat mərkəzinə çevrilmişdir.
Akademik Arif Paşayev 2004-cü il fevralın 15-də elmi-pedaqoji xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Şöhrət" ordeni, 2009-cu ildə isə "Şərəf" ordeni, 2014-cü ildə "İstiqlal" ordeni ilə təltif edilmişdir. O, Beynəlxalq Elmlər Akademiyasının Elmi İnkişaf Beynəlxalq Şurasının qərarına əsasən, Nobel mükafatı laureatı İ.V.Pavlov adına "Qızıl nişan" və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının ali mükafatı - "Qızıl medal" ilə təltif olunmuşdur. Akademik Arif Paşayev, həmçinin Ukrayna və Gürcüstan Milli Aviasiya akademiyalarının fəxri doktoru, Vyana Beynəlxalq Universitetinin fəxri professoru seçilmişdir.
İlk azərbaycanlı ərəbşünas qadın, elmlər doktoru, böyük alim, AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, professor Aida xanım İmanquliyeva həyatını xalqının tarixinin, ənənələrinin minillik dərin köklərlə bağlı olduğu Şərq mədəniyyətini və ədəbiyyatını öyrənməyə sərf etməklə yanaşı, həm də öz ailəsini, həyat yoldaşını çox sevən, gözəl qadın idi.
Arif müəllim, həmçinin iki övlad atasıdır. Sevimli qızları - Nərgiz və Mehriban xanımın təlim-tərbiyəsi ilə çox ciddi məşğul olardı. Mehriban xanım Əliyeva akademik Arif Paşayevin və şərqşünas alim Aida xanım İmanquliyevanın övladı olaraq ədəbiyyatı, musiqini, gözəl sənət əsərlərini incəliyinə qədər hiss edən, duyan, yaşayan, həddindən artıq nəcib, xəlqi şəxsiyyət olmaqla, mədəniyyətimizin, incəsənətimizin, tarixi irsimizin böyük hamisidir. Tarixi həqiqətdir ki, Vətənə, xalqa, dövlətə xidməti, xeyirxahlığı həyat amalına çevirən Mehriban xanım Əliyevanın mənəvi və şəxsi keyfiyyətləri gələcək nəsillər üçün nümunəyə çevrilərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin lider portretini uğurla tamamlayır.
Akademik Nərgiz xanım Paşayeva isə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru olmaqla, elmin, təhsilin inkişafına böyük töhfələr verməkdədir.
Dövlətlərarası Aviasiya Komitəsinin qərarı ilə akademiya "Mülki Aviasiya ali təhsil müəssisəsi" sertifikatına layiq görülüb və Beynəlxalq Mülki Aviasiya Təşkilatının ali təhsil müəssisələri siyahısına daxil edilib. Təhsil sistemində Avropa standartlarına uyğun göstərdiyi yüksək xidmətlərə görə 2008-ci ildə Böyük Britaniyanın Oksford şəhərində Avropa Biznes Assambleyası, Oksford Energetika İnstitutu və Avropa Rektorlar Klubu tərəfindən təşkil olunmuş biznes, elm və incəsənət sahəsində liderlərin Oksford sammitində Milli Aviasiya Akademiyası "Avropa keyfiyyəti" beynəlxalq mükafatına layiq görülüb.
Ömrünü elmin inkişafına həsr edən akademik Arif Paşayevin fizika sahəsindəki əvəzsiz xidmətləri tarixə qızıl hərflərlə həkk olunub.
Akademik Arif Paşayev Azərbaycan Respublikasının Dövlət mükafatına, fizika sahəsindəki yüksək nailiyyətlərinə görə "SSRİ-nin ixtiraçısı" medalına, akademik Y.Məmmədəliyev adına medala və İngiltərə Beynəlxalq Bioqrafiya Mərkəzinin qızıl medalına layiq görülmüşdür. Arif müəllim elmi-yaradıcı bir insan, əsl təbiət vurğunu olmaqla, gəncliyi aydın sabahlara addımladır. Coşğun fəaliyyəti bu gün akademiyada təhsil alan tələbələrə sirayət edir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva yazır: "Atamın insani keyfiyyətləri - onun tükənməz nikbinliyi, başqalarının dərdinə şərik olmaq, onları dəstəkləmək, hamı ilə dil tapmaq xüsusiyyəti, öz müsbət enerjisini ətrafındakı bütün insanlarla bölüşmək istedadı, müdrikliyi və sonsuz xeyirxahlığı mənim həyat amalımdır. O, uzun illərdir ki, Milli Aviasiya Akademiyasına rəhbərlik edir. Tələbələrlə rektor arasında qarşılıqlı hörmət, isti yoldaşlıq münasibətləri atamın yüksək şəxsi və peşəkar keyfiyyətlərinə daha bir sübutdur".
Bəli, akademik Arif Paşayevin gəncliyə ötürdüyü enerji, böyük alimin şəxsi nümunəsi, bir növ, "master klass" dərsləridir. Akademik Arif Paşayevin çoxillik həyat təcrübəsi gənclər üçün bir nümunədir. Arif Paşayevin elmi, pedaqoji, ictimai fəaliyyəti haqqında mükəmməl məlumat verən biblioqrafik vəsait elmimizdə mühüm rola malikdir.
İnsan öz sevgisiylə yeri-göyü bəzəyə bilir. Bu sevgi ilə qəlblər göy üzü kimi durulur, ürəklərdə sonsuz arzular, ümidlər baş qaldırır. Deməli, yaşamağa, mübarizə aparmağa, sevməyə, sevilməyə dəyər. Azərbaycan elm tarixində xüsusi yeri olan böyük alim, bənzərsiz şəxsiyyət Arif müəllimin 90 yaşı biz gənclər üçün keçilən şərəfli yolun, sevgiylə əməlin birgəliyindən hasilə gəlmiş tərcümeyi-halın ən gözəl nümunəsidir. Gözəl alimimizi gənclər adından təbrik edir, ona uzun ömür, cansağlığı arzu edirik.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!