"Bir vaxtlar bütün dünyada şairlər ulduz kimi parlayırdılar" - Şimali Makedoniya şairi Todorce Tasevski ilə müsahibə

Todorce Tasevski: "Güclü ədəbi, mədəni ənənələrə malik, yayğın dilləri olan ədəbiyyatların təmsilçiləri daha çox mükafat qazanırlar"

Ötən ilin noyabr ayında Türkiyədə keçirilən XIV İstanbul Beynəlxalq Şeir və Ədəbiyyat Festivalında "Sturqa Şeir Axşamları"nın direktoru Todorce Tasevski ilə tanış oldum. Onun festivalın açılış mərasimindəki parlaq nitqi, həm tədbir iştirakçıları, həm də təşkilatçılar tərəfindən maraqla qarşılandı. Festival günlərinin birində qaldığımız otelin foyesində onunla ədəbi söhbət etdik.

Todorce Tasevski 1970-ci ildə anadan olub. Kiril Metodi Universitetinin Ümumi və Müqayisəli Ədəbiyyat fakültəsində oxuyub, sonra bu sahədə təhsilini davam etdirib. O, Şimali Makedoniya Respublikasının Mədəniyyət Nazirliyinin "Nəşr və ədəbiyyat" şöbəsində çalışıb. 2018-ci ildən bu günə qədər dünyanın ən prestijli şeir festivallarından biri olan "Sturqa Şeir Axşamları"nın direktorudur.

Ədəbi söhbətimizi tanınmış şair Erol Tufan tərcümə etdi. O, 1959-cu ildə Şimali Makedoniya Respublikasında anadan olub. 1992-ci ildən Türkiyədə yaşayır və uzun illərdir İstanbulda vəkillik fəaliyyəti ilə məşğuldur. Şeirlər, esselər yazır, tərcümələr edir. Türkiyədə "Hülya bitəndə" adlı kitabı yayımlanıb. Müsahibəmizi sinxron tərcümə etdiyinə görə Erol bəyə təşəkkürümü bildirərək, keçid alıram Todorce Tasevski ilə söhbətimizə...

 

- "Sturqa Şeir Axşamları" fəaliyyəti illəri ərzində hansı ənənələrini qoruyub, hansılarısa zaman uyğun şəkildə yeniləyib?

- Biz bu festivala şairləri dəvət edərkən çalışırıq ki, həm yaxşı şeir yazanları çağıraq, həm də festivalımızda bütün qitələrin şairi təmsil olunsun. Təsadüfi deyil ki, "Sturqa Şeir Axşamları"ndakı ədəbi tədbirlərdən biri "Meridianlar gecəsi" adlanır. Yəni bu festival, həm estetik prinsipləri gözləyir, həm də coğrafi. Başqa bir prinsipimiz festivalda iştirak edən şairlər arasında mədəni dialoqun qurulmasına nail olmaqdır. Bildiyiniz kimi, soyuq müharibə dövründən sonra, dünya Şərqə və Qərbə bölünüb. "Sturqa Şeir Axşamları" poeziya vasitəsi ilə dünyanı birləşdirməyə və cahanda poetik harmoniya yaratmağa çalışır.

- Artıq dünyanın bir sıra ölkələrində əksər ədəbi mükafatlar siyasiləşib. "Sturqa Şeir Axşamları"nda iki mükafat təqdim olunur. Onlardan biri, gənc şairlərə verilən "Sturqa körpüsü" mükafatı, digəri isə, ustad şairlərin layiq görüldüyü "Qızıl çələng" ödülüdür. Bu mükafatların siyasiləşməməsi, hanısısa əyintili məqsədlərə xidmət etməməsi üçün festivalın rəhbərliyi və mükafatların münsiflər heyəti hansı prinsipial addımları atırlar?

- Həmin mükafatlar iki prinsiplə verilir: birinci prinsip yüksək estetik meyarları olan şeirlərin qiymətləndirilməsidir. İkinci prinsip isə, humanitar məna daşıyan, bəşəri mesajlar verən poetik nümunələrin dəyərləndirilməsidir. Eyni zamanda mükafatların münsiflər heyəti səy göstərir ki, ödülləri alanlar eyni qitədən olmasınlar, qaliblər müxtəlif coğrafiyaları əhatə etsin. Amma bütün bunlara nə qədər əməl etməyə çalışsalar da, bəzən mükafat alan coğrafiyalar arasında bərabərlik pozulur. Belə ki, güclü ədəbi, mədəni ənənələrə malik, yayğın dilləri olan ədəbiyyatların təmsilçiləri daha çox mükafat qazanırlar.

- Gənc şairlərə verilən "Sturqa körpüsü" mükafatı ödülə layiq görülən laureatların sonrakı ədəbi həyatında nə dərəcədə ciddi rol oynayır?

- Bu mükafat 2003-də yaradılıb. O zaman Şimali Makedoniyanın Mədəniyyət naziri və YUNESKO-nun rəhbəri müqavilə imzalamışdılar, məlum sənədin əsas şərti o idi ki, həmin mükafat 35 yaşına qədər və ilk kitabı çap olunan cavan şairlərə verilsin. "Sturqa körpüsü" ödülü sənət nöqteyi-nəzərindən cavan şairlərin ədəbi yollarını açır, onları dünyada tanıdır, sonrakı mərhələlər isə həmin şairlərin istedad və bacarıqlarından asılı məsələlərdir. Bu mükafat hər il dekabr ayında elan edilir, yanvara qədər qatılmaq istəyənlər müsabiqəyə əsərlərini yollayırlar və 21 martda - bahar başlayanda isə qalib bəlli olur.

- 30-40 il öncə ilə müqayisədə, son illər "Qızıl çələng" mükafatına layiq görülənlər arasında dünyaca nüfuzlu ədiblərin daha az olmasının səbəbi nədir?

- Berlin divarları sökülən qədər şairlər daha böyük nüfuza malik idilər. Bir vaxtlar bütün dünyada şairlər ulduz kimi parlayırdılar. Çünki o zamanlar insanların həyatında maddi məsələlər indiki qədər vacib amil sayılmırdı. Berlin divarları söküləndən sonra daha dünyada nasirlər parlamağa başladılar, yəni satılan və alınan sözə hər yerdə tələbat artdı. Ədəbiyyat, bir növ, sənayeyə çevrildi; romanların satışı ön plana çıxdı. Buna görə də bütün dünyada şairlər bir kənara sıxışdırıldılar. Nobel mükafatını da çox zaman nasirlər alırlar. Bu acı reallıq "Sturqa Şeir Axşamları"ndan da yan keçmədi.

- "Sturqa Şeir Axşamları"nın təşkilat qrupu ilə YUNESKO-nun əməkdaşlıq münasibətləri hansı səviyyədə davam edir?

- 2003-cü ildə YUNESKO ilə əməkdaşlığımız çərçivəsində "Sturqa körpüsü" mükafatı təsis edildi, sonralar hər ölkənin YUNESKO Milli Komissiyaları öz ölkəsindən şairləri həmin mükafata təqdim edirdilər, amma bu proses çox ləng gedirdi, nəhayət, son illər bu qayda dəyişdi, artıq şairlər özləri birbaşa müsabiqəyə əsərlərini yollayırlar. Həmin mükafatın təqdimat mərasimi YUNESKO-nun Parisdəki qərargahında baş tutur. Əməkdaşlığımız bu işlər çərçivəsində davam edir.

- Festival çərçivəsində "Qızıl çələng" mükafatı alan şairlərin adına ağac əkilir. "Sturqa Şeir Axşamları"nın ənənələri nəticəsində yaranmış Şairlər Parkından da söhbət açmanızı istərdik... 

- Həmin ağaclar xüsusi ağaclardır və hər il avqust ayında əkilir. "Sturqa Şeir Axşamları" səhər tezdən ağacların əkilməsi ilə başlanılır. Həmin parka ağac həmin il mükafat qazanmış şair tərəfindən simvolik olaraq əkilir. Ağacların əkilmə mövsümü olanda həmin ağac çıxarılıb, yerinə daha yetişmişi basdırılır. O ağaclar isə daim orada qalır. Mən "Sturqa Şeir Axşamları"na direktor təyin olunandan sonra ağacların  yanında şairin adı, mükafatı qazandığı il, ölkəsinin ismi yazılmış lövhələrə elektron kodlar (QR) əlavə etdirdim. Daha o parka gələnlər telefonlarını həmin kodlara yaxınlaşdıranda mükafat qazanmış şairlər haqqında elektron bilgilər ekranlarda açılır.

- Festivalın direktoru təyin olunandan sonra başqa hansı yeniliklər etmisiniz?

- 2018-ci ildə Şimali Makedoniya Mədəniyyət Nazirliyi tərəfindən 4 illik müddətdə "Sturqa Şeir Axşamları"na direktor təyin olundum, sonra isə ikinci dəfə bu vəzifəyə seçildim. Mən festivala direktor təyin olunana qədər televiziya kanalları əsas tədbirin açılış və bağlanış mərasimlərini, körpüdə şeir oxuma tədbirini və  kilsədəki mükafatlandırılmanı işıqlandırırdılar. Düşündüm ki, insanlar bütün dünyada festivalın gedişatını eyni zamanda izləməlidirlər. Buna görə texniki komanda yaratdım və onlar festivalla bağlı bütün yenilikləri anbaan sosial platformalarda insanlara çatdırırlar. Bundan başqa, biz hər il festivalın özəl simvolunu təqdim edirik. Həmin loqolar, simvollar insanlara xüsusi mesajlar verir. Dünyanın trendləri daim yenilədiyi üçün biz də poetik işarələrimizi, ismarıclarımızı hər il təzələyirik.

 

Söhbətləşdi: Fərid HÜSEYN

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!