"Ayazlı, şaxtalı bir qış axşamı Yeddi yoldaş olub düzəldik yola"; Gəncəli Qərib Mehdidən sonra ustadımız kimi qəbul etdiyimiz Səyyad Aran, ədəbi hücrəmizin Bakıya çıxış qapısı olan Qəşəm Nəcəfzadə, rayon qəzetinin redaksiyasını poeziya klubuna çevirən Murad Qoçuoğlu, mən, Dayandur Sevgin, Valeh Bahaduroğlu, Səxavət Talıblı... Məşhur poemanın dili ilə dediyim kimi, tam yeddi qardaş. Yeddi sənət sevdalısı. Yeddi ruhubirlər. İmişli ədəbi mühitinin estetik duyumunu mərkəzi ədəbiyyat camisinə daşıya bilən cığırdaşlar.. Rayon qəzeti nəzində yaradılan ədəbi məclisə ən ucqar kənddən gələn Dayandur Sevgin idi. İndinin özündə də düşünürəm ki, Sovetlər dönəminin əzablı, keçilməz kənd yollarını qət edib hər bazar günü rayon mərkəzinə gəlib-qayıtmaq üçün adamı yalnız ədəbiyyat yanğısı səfrəbər, təhrik edə bilərdi. Və bu fikri görməzdən gələn kəslərə Xalq şairi Nəriman Həsənzadənin misrasını xatırlatmaq istərdim: "Gülmə, görməmisən o günləri sən..."
Dayandur Sevgin ədəbiyyata ədəbiyyat instutlarından, ali məktəb auditoriyalarından yox, həyatın özündən gəldi. Bəlkə də elə bu səbəbdəndir ki, onun şeirləri hyatın özü kimi sadə, görümlü, təbii cizgilərlə zəngin və yaddaqalandı. Dayandurun şeirlərində "bunu deyim - deməyim, yazım-yazmayın" xofu, götür-qoyuları yoxdur. O, necə düşünür, necə görür, necə demək istəyirsə, eləcə də qələmə alır. Məsələn belə:
Əsli sevgisini sən tap özündə,
Mən Kərəm olmasam, kişi deyiləm.
Yaxud:
Günəşlə gəl, yelə dön,
Mizraba dön, telə dön.
Dağdan gələn selə dön,
Xan Araz ol, Kürcə gəl.
"Yolları yığ gözümdən, Bircə gəl ey, bircə gəl" səmimiyyəti var Dayandur Sevgin poeziyasının. Bu səmimiyyət onun təbiət, Vətən, eləcə də ictimai-siyasi mövzuda yazdığı şeirlərin uğurunu təmin edir. Fərqli ölçü-biçi qaydaları olan janrdan janra keçid etməsində etibarlı dəstəkçisi olur. Poetik axtarışlarının yolunu genişləndirir. Özünəməxsus deyim tərzinin ifadəçisinə dönür. "Azərbaycan bayrağı" şeirində olduğu kimi:
Millətimin fəxridir, haqqa gedən yoludu,
Koroğlunun qılıncı, Babəkimin qoludu,
Müstəqillik günəşi, Azadlıq simvoludu,
Seyr elə, igid əsgər, dalğalanan bayrağı,
Göylərin göy qurşağı, Azərbaycan bayrağı.
Bu misralarda D.Sevginin qəlb, düşüncə duyğusunun, vətəndaş qürurunun geniş miqyası sərgilənib. Haqq-ədalət, şərəf və ləyaqət yolunda tökülən qanın bu bayrağı ucalıqda saxlamasını bir daha yaddaşlara yansıdır. Eyni qədirbilənliklə və ruhdaşlıqla da ismi pünhanına olan heyranlığının ifadəsi üçün etibarlı elçi, dilmanc bilir poeziyanı, ürək sirrini, qəlb sözünü bu misralarla bildirir:
Götür gözlərimi, mənsiz günündə
O mah camalına xal eylə barı.
...Başıma tac qoyub, can deməsən də,
Dayandur Sevgini qul eylə barı.
Sevgi əzablarına qarşılıq giley-güzar, tənə, umu-küsü yoxdu Dayandurun şeirlərində. Daha çox təskinlik var, şükranlıq var, bu iztirablar qarşılığında mərdlik, dözüm, daha çox aşiqlik, sevdalanmaq var. Bu düşüncələr, heyrətamiz qaneçilik hissi Dayandur Sevginin şair və insan təbiətinin hümanizmilə həmahəngdir. Ordan, onun öz xarakter bütövlüyündən gəlir. Qəşəm Nəcəfzadənin təbirilə desək, D.Sevgin şeirlərində hər şeydən öncə, öz taleyini yazır. Və yenə də Q.Nəcəfzadənin yazdıqları üzərinə qayıdıram: "Dayandur əzab-əziyyətlə böyüyüb. Amma halal yaşayıb. Həyatın qırnmancları onun ürəyində qabar bağlayıb. Qabar demişkən, yadıma bir hadisə düşdü. Ötən əsrin səksəninci illərinin əvvəllərində İmişlidə ""Məhsul bayramı" keçirilirdi. Rayon Partiya Komitəsində bizə (Sərvaz Hüseynoğluya, mənə də Dayandur Sevginə) demişdilər ki, o tədbirdə hərənizin bir şeir oxuması da nəzərdə tutulub. Tədbir müxtəlif məkanlarda keçiriləcəkdi. Birinci məkanda bizə söz vermədilər. İkinci, üçüncü məkanda da elə. Bizə dedilər Arazın üstündə təzə çəkilmiş körpüdən üstündən çaya tonqallar atılacaq, hazırlaşın, orda şeir oxuyacaqsınız. Burda da söz vermədilər. Həmin gün Dayandur özünə təzə bir ayaqqabı almışdı. Ayağını sıxırdı. Vəd verilən yerlər bir-birindən uzaq olduğundan əldən düşmüşdük. Dayandurun aldığı çəkmə ayağını döyüb qabar etmişdi. Çox kövrəldim. İndi də bu sətirləri yazarkən kövrəlirəm. Ürəyimdən keçir ki, o qabarların xatirinə sabah Dayandurun boynunu qucaqlayıb, onu öpəcəyəm".
Oxuyuram və mən məhz həmin anlarda keçirdiyimiz duyğuları, əsəb və ömür itkilərini Dayandur Sevginə tanınmış şair Məmməd Namazın aşağıdakı misralarıyla pıçıldamaq istəyirəm:
Bir vaxt ayağıma batan tikanlar
İndi ürəyimin başından çıxır.
Bizim - Səyyad Aranın, Dayandurun, Qəşəm Nəcəfzadənin, Səxavət Talıblının və mənim özümün də hərdən, ara-sıra özünü büruzə verən qəribəliklərimiz, anlaşılmazlığımız məhz həmin illərin dalan misallı yaşamının vurnuxmalarından gəlir. Sənətə olan dartınmalarımızın yolunu hərəmiz bir yöndən, istiqamətdən açmağa cəhd edirdik. Amma heç özümüz də bilmədən bu yollar gəlib eyni zirvələrdə - Anarda, Elçində, Nəriman Həsənzadə, Sabir Əhmədlidə, Abbas Abdullada, Sabir Rüstəmxanlıda, Ələkbər Salahzadədə, Nadir Cabbarlıda, Vaqif Bayatlı Odərdə, Vaqif Bəhmənlidə kəsişirdi. Ortaq tale minnətdarlığımızdı ki, bu böyük şəxsiyytələr o zaman bizləri gördülər. Bir vaxt ayağımıza batan tikanların sonumuzu gətirməsinə imkan vermədilər. Yolumuzu açdılar.
Dayandur Sevgin üçün belə xeyirxahlardan biri görkəmli tənqidçi Vaqif Yusifli oldu. Birmənalı şəkildə bəyan etdi ki: "Dayandur çox istiqanlı insandı və bu hərarətdən, bu istilikdən onun şeirlərində də çox şey var. Onun səmimiyyəti, bəzən lap sadəlövhlüyü ilk növbədə kənd həyatından, ilkinlikdən gəlir". Professor Təyyar Salamoğlu isə onun yaradıcılığına tam fərqli bir yöndən nəzər salır: "Dayandur Sevgin həyatımızın və sürətlə qloballaşan dünyanın, yaddaşını itirən Zamanın bütün ağrılarına, problemlərinə bir şair kimi onu narahat edən məsələlərin hamısına dərin prizmadan baxır və belə bir baxış başadüşüləndir".
Ədəbiyyatşünas alim, D.Sevginin sənət və ömür yolunu həssaslıqla uğurlayan Sona Vəliyeva bu xüsusda obyektiv fikirlərini ortaya qoyur: "Dayandurun şeirlərində xarakteri, gün-cüzaranı, arzuları, keçmişi və bugünü yaşayır. Bunların kökündə isə, ən əsası, səmimiyyət dayanır". Filologiya elmləri üzrə fəlsəfə doktoru Salatın Əhmədli də, tanınmış şair Balayar Sadiq də onun poetik səmimiyyətini məhz bu yöndən dönə-dönə qeyd edirlər.
Bu fikirlər isə görkəmli yazıçı Səyyad Aranın onun 60 illik yubileyi və "İkinci addım" adlı şeirlər kitabının imza günündə dilə gətirdikləridi: "Dayandurun insanlığı, əxlaqı, tərbiyəsi çox yüksəkdir. Elə bir insan, elə bir dostdur ki, ona hər vaxt güvənmək olar. Böyük məsuliyyətlə deyə bilərəm ki, onun "Azərbaycan bayrağı" şeiri ən yaxşı bayraq şeirlərindən biri kimi dərsliklərə düşməyə layiqdir. Dayandur nədən yazmağından asılı olmayaraq səmimi yazır, ürəkdən yazır. Onun ictimai məzmunlu şeirləri də özünəməxsusdur". Bu özünəməxsusluğu onun xarakterinə də şamil etmək olar. Təsadüfi deyil ki, Xalq yazıçısı, AYB-nin sədri Anar da D.Sevginin 60 illik yubiley məclisindəki çıxışında dərin qədirbilənliklə diqqətə çatdırmışdır ki, o, bir insan və şair kimi nail olduğu sevgi və hörməti ilk növbədə özünün gözəl xasiyyəti, istedadı, xoş rəftarı ilə qazanıb. Unudulmaz Xalq şairi Fikrət Qoca D.Sevginə zəhmətkeş, hər zaman gənclik eşqi ilə yazıb-yaradan şair kimi dəyər verirdi. Yazıçılar Birliyinin birinci katibi, xalq yazıçısı Çingiz Abdullayevin bu fikirlərə əlavəsi belədi ki: "Dayandur Sevginin şeirlərinin hər biri ürək yanğısından, səmimi hisslərdən yoğrulub".
Təbii bu fikirlər ömrünün 40 ildən artıq bir dönəmini yazıb-yaratmağa sərf edən, eyni zamanda gözəl dost, səmimi insan olan Dayandur Sevginin yaradıcılığını və şəxsiyyətini dəyərləndirmək baxımından çox qiymətlidir. Ancaq bütün hallarda yaradıcı insan ömrünün dəyərini mədəniyyət müstəvisində müəyyən edən ilk növbədə onun yaradıcılığı, təqdim etdiyi əsərlərdi. Bu baxımdan D.Sevginin yaradıcılığı onun haqqında yetərincə və obyektiv şəkildə söz açmağa geniş imkan verir.
Təkcə aşağıdakı misraların iç dünyasına hakim kəsilən mətləbin belə yığcam və təsirli şəkildə ifadə edilməsi Dayandurun şair obrazını bütöv, boyaboy ortaya qoya bilir:
Mən elə tələsdim hər işə, qardaş,
Qaçmağı öyrəndim yerişdən qabaq.
"Ayazlı, şaxtalı bir qış axşamı yeddi yoldaş olub düzəldik yola". Səyyad Aran, Qəşəm Nəcəfzadə, Murad Qoçuoğlu, Mən, Valeh Bahaduroğlu, Səvaxət Talıblı və bir də əlbəttə ki, Dayandur Sevgin...
Yenə o yoldayıq. O yollara gedirik. Arzular, istəklər ha ayırsa da, bağlayır xatirə bağları bizi.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!