Azərbaycan ədəbiyyatının ağsaqqalı - Anarı tənqid etmək Günəşə daş atmaq kimi bir şeydir... Elşad BARAT

Bu yaxında sosial şəbəkədə Yazıçılar Birliyinin ləğv olunması haqqında beş-üç cümləlik bir status yazmışdım. Həm də heç kimin adını çəkmədən. Səhər yuxudan oyandım ki, çoxsaylı media məxsusları məni axtarır. Əvvəl özümü terrorçu kimi hiss elədim, sonra gördüm yox, məsələ ayrıdı. Çox adam çalışdı ki, dilimdən Anar müəllim haqqında neqativ bir cümlə alsın, amma bacarmadılar. Çünki mənim yazdığım üç cümləlik statusda fikir tamam başqa idi. Bu barədə lazım olarsa, daha ətraflı yazacam. İndi isə bəzəksiz-düzəksiz cümlələrlə bəzi məsələlərə toxunmaq istəyirəm.

Öncə, onu deyim ki, son vaxtlar Anar müəllimin bostanına daş atmağa çalışan adamların əksəriyyəti hansı bağ-bostanın naz-nemətləri ilə yekələndiklərini bilmirlər. Bu adamlar alma ağacının altında oturub, alma gözləməyə səbir etməyib təpik atırlar. Düşünmürlər ki, o alma bunların başına düşə bilər? Axı, bu adamlar Anar müəllimdən nə istəyirlər? Anar müəllim bunlara "Beşmərtəbəli evin altıncı mərtəbəsi"ni verib, Anar müəllim bunlara "Evləri köndələn yar"ı verib, "Dədə Qorqud"u verib, bu kimi onlarla tarixi əsərlər verib. Bu adamlar başqa nə istəyirlər?

Mən çox təəssüf edirəm ki, bu gün Anara qarşı yanlış düşüncədə olan gənclər də vardır. O gənclər ki, Anarın əsərlərinə çəkilmiş filmlərlə böyüyüblər. Demək ki, o gənclər o filmləri başa düşməyiblər, o romanları, hekayələri, povestləri anlamayıblar, əgər anlasaydılar, bu gün Anarı da anlayardılar. Anlayardılar ki, Anar bir məktəbdir, çoxumuzun oxuyub adam olduğumuz məktəb. Kimisi oxuya bilməyib sinifdə qalıbsa, kəsilibsə, bunun günahkarı Anar deyil. Bəsdirin, künc-bucaq təfəkkürlərinizlə ara qarışdırdınız. Vaxtınız olanda özünüzə qayıdın. Özünüzlə söhbət edin, özünüzü anlayın. Əgər barmağınız yaza, diliniz deyə bilmirsə, vicdanınız önündə söhbət açın, görün, bu gün Azərbaycan ədəbiyyatında ikinci bir Anar varmı? Hər söz adamının öz yeri, öz xidməti var, bu, başqa məsələdir. Amma adamı yandıran odur ki, Anarın bircə hekayəsi ola bilməyib özünü nəhəng yazıçı hesab edənlər var. Özünü ədəbiyyat adamı hesab edib, yaxşı sözün üstünə pis söz qoyub yayanlar utansın. Həm də bilsinlər ki, onların Anarı tənqid etməsi Günəşə daş atmaq kimidir.

Məsələn, biri mən. Hamı bilir ki, İkinci Qarabağ savaşından sonra şəhidlərimiz haqqında silsilə şeirlər yazmağa başladım və şeirlər geniş məlumatlarla bərabər silsilə kitablar şəklində çap olunur, hazırda 3-cü cildi çapa hazırlayırıq. Hələ ilk cildin çapında Anar müəllimin dəyərli məsləhətləri oldu. Təqdimat mərasimində iştirak edib dəyərli fikirlərini bildirdi. Anar müəllim başqa nə etməlidir? Özünü, sözünü bilən bütün gənc yazarlara Anar həmişə dəstək olub. Bu gün də o dəstəyini davam etdirir.

Gələk, əsas məsələyə, həqiqətin özü budur ki, bu gün Anar Azərbaycan ədəbiyyatının ağsaqqalıdır. Bir nəfər şair, yazıçı qalxıb deyə bilməz ki, mənim yaradıcılığım, mənim fəaliyyətim, mənim xidmətlərim, mənim sözüm Anardan böyükdür. Bu gün ciddi ədəbiyyatı və mədəniyyəti olan gənclərin əksəriyyəti Anar müəllimin yanındadır.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!