Rəvan CAVİD
Hər dəfə İstanbulda boğazı seyr edərkən, dahi şairimiz Hüseyn Cavidin ilk dəfə həmin bu boğazdan keçərkən pıçıldadığı bircə cümləni xatırlayıram: "Boğaz, nə boğaz..."
Tevfik Fikrətin gözlərini əbədi yumduğu, Aşiyan muzeyinin son mərtəbəsindəki həmin otağın boğaza açılan pəncərəsindən İstanbula baxanda da eyni cümləni pıçıldadım.
Cavid əfəndi 1905-1910-cu illərdə İstanbulda təhsil alarkən Tevfik Fikrətlə dostluq edib. Onun və Namiq Kamalın sayəsində şeirlərinin, həm estetikasını, həm də məzmununu dəyişib. Tevfik Fikrət kimi o da, məmləkətinin azadlığı və yüksəlişi naminə yazıb, yaradıb. Taleləri, hardan baxsan, eynidir.
Aşiyan Tevfik Fikrətin ömrünün sonlarında inzivaya çəkildiyi, son şeirlərini, son yazılarını yazdığı səmtdir. O, Robert Kollecində dərs dediyi illərdə bu evində gənc şair dostları ilə tez-tez görüşürdü. Onun təsiri ilə gənclərin və yaşıdlarının yazdığı şeirlər Osmanlının tənəzzül dövrlərində qaranlıqları aydınladırdı. Yaddan çıxarmaq olmaz ki, Qazi Mustafa Kamal Atatürk Tevfik Fikrət və Namiq Kamaldan təsirlənmişdi. Gelibolu zəfəri haqqında danışarkən bu iki şairin adını iftixarla çəkirdi.
Aşiyan səmtindəki bu evin pəncərəsindən İstanbula baxarkən, gözümün önündə həmin illərdə işğal olunan İstanbul canlandı: Boğazda düşmən gəmiləri, şəhəri ələk-vələk edən ingilislər, göy üzü qapqara.
Hazırda Ədəbiyyat muzeyi kimi fəaliyyət göstərən bu evin hər divarından, hər eşiyindən 1910-cu ildən sonrakı Osmanlının və məğlub olmuş, yanmış imperatorluğun küllərindən qurulmuş, yeni cümhuriyyətin qoxusu gəlir. Bu evə, həm də cümhuriyyət muzeyi deyə bilərik.
Tevfik Fikrət, sadəcə, şair deyildi, həm də maarifçi, müəllim, ictimai xadim idi. Çıxardığı dərgilər hökumət tərəfindən qadağan olunduqca, qurduğu dərnəklər qapadıldıqca, yazdıqları bəzən gözardı edildikcə o, ruhdan düşmürdü, əksinə, bir-iki illik inzivadan sonra əlində mədəniyyət qılıncı ilə yenidən meydana atılırdı. Tələbələrini də, dostlarını da belə tərbiyə edirdi. Bəzən başqalarının mənafeyi uğrunda öz reputasiyasından, adının şöhrətindən tərəddüd etmədən istifadə edirdi.
İndi bu otaqda, böyük istiqlal şairinin gözlərini əbədi olaraq dünyaya qapadığı yerdən İstanbula baxanda, bir ömür mübarizəyə həsr olunmuş həyatın yüz il sonra necə bar verdiyinin şahidi oluram. Cümhuriyyətin yüz illiyi, həm də istiqlal, vətən şairlərinin mübarizəsinin yüz illiyidir. Onların milli ideoloji düşüncəsinin qalibiyyətinin yüz yaşı tamam olur.
İstanbulu ələ keçirmək, İstanbulu paytaxt etmək, demək olar ki, bütün imperiyaların arzusu olub. Bu müdhiş şəhər dünyanın mərkəzidir; dinlərin, dillərin, mədəniyyətlərin qovuşduğu şəhərdir; qədim dünyanın yeni dünyaya uzanan divarlarıdır; iki dənizin qovşağında yerlərin və göylərin möcüzələrinə şahid şəhərdir. İstanbulun fəthi də, işğalı da, qurtuluşu da bir cümhuriyyətin taleyini təyin edən hadisədir. İstanbul yoxdursa, hansısa işğalın, fəthin bir mənası yoxdur.
Bəlkə də, sadəcə, memarlıq abidələri, tarixi ilə deyil, həm də poetik atmosferi ilə Şərq-Qərb harmoniyasını özündə daşıyan bu şəhərin hansı küçəsində gəzirsənsə-gəz, nostalgiya, melanxoliya bütün ruhuna yayılır. Sahhaflarında toxunduğum hər sarı kağızlar, daş döşəməli hər küçə, qarşısında saatlarla durub tamaşa etdiyim abidələr, meydanlar, gəmilərin sıra ilə boğaza hərəkət etdiyi limanlar, qəhvə qoxusunun nəm havadan asılı qaldığı qədim qəhvəçilər, gənclərin və gəncliyin qaynadığı Kadıköy səmtləri, Beyoğlunun bitib-tükənməyən, məsumiyyət dolu küçələri zamanda səyahətimi asanlaşdıran minlərcə İstanbul detallarından, sadəcə, bir neçəsidir. Rumeli divarlarının arxasında, Aşiyan məzarlığının üstündəki təpədə quş yuvasını xatırladan bu evin bu otağının pəncərəsindən şəhəri, uzaqda qalan Anadolu tərəfinin, Şərqin xırda evlərini, yaşıl təpəliklərini seyr edərkən, İstanbul üçün mübarizə aparmağın, bu şəhərin ikitərəfli mədəniyyətinə sahib çıxmağın nə qədər məsuliyyətli olduğunu da dərk edirsən.
İndi çox yaxşı başa düşürdüm ki, Tevfik Fikrət və dostlarının başqa bir yolu, ikinci bir variantı yox idi. Ya bu şəhərin timsalında cümhuriyyət üçün mübarizə aparmalı idilər, ya da əbədiyyən istismarçı bir düşüncənin qulu olmalıydılar. Onlar imperiyanı, aldadıcı qüdrəti, ədalətsiz sistemi istəmədilər. Seçimləri aydın, intellektual, milli mədəniyyət oldu. Bu pəncərədən həmin mübarizənin, həmin yolun üfüqləri aydın görünür. Şeirlərinin necə müdhiş olduğunu indi daha yaxşı başa düşürəm. Bu otaqda inzivaya çəkilib hər gün, hər saat, hazırda baxmaqdan doymadığım mənzərəni seyr etdikdən sonra necə bu şəhəri sevməyəsən?! Necə əlinə qələm alıb İstanbulun səadəti uğrunda istiqlal şeirləri yazmayasan?!
Tarixi, romantikası, hüznü, qələbəliyi ilə şair şəhərdir İstanbul. Onun haqqında minlərlə şeir, roman yazılsa da, minlərlə şəkil çəkilsə də, haqqında hər gün, hər saat nəsə danışılsa da, xatırlansa da, yenə İstanbulu ən gözəl İstanbulun özü danışar. Mədəniyyətin beşiyi, dünyanın mərkəzi olmaq, neçə-neçə imperatorun, sultanın uğrunda mücadilə verdiyi bənzərsiz şəhər adını almaq, yəqin ki, onun taleyinə yazılmış ən yaxşı yazıdır. İstanbulda yaşamaq bir sənətdir. Onu ifadə etmək isə başqa bir sənət.
Xırda, alçaq tavanlı otaqda şairin ölüm maskası da var idi. Divardan asılmış, qarşıdakı Atatürk portretinə baxan maskanın yanında isə gözlərini yumduğu saniyədən etibarən dayanan saat durmuşdu. Bəlkə də son dəfə İstanbula baxıb hiss etdiklərini, düşündüklərini yazmaq elə son arzusu olub. Belə şairlərin ilk və son istəkləri yazmaq olur həmişə. Onlar, sadəcə, ədəbiyyatın deyil, böyük bir məmləkətin taleyini dəyişən imzalar olurlar. Bizim repressiya qurbanları kimi.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!