Günümüzün dünəni haqqında - Rəvan CAVİD

Rəvan CAVİD

 

Qərb fəlsəfəsinin və ədəbiyyatının İkinci Dünya müharibəsindən sonra tapdığı "fərdin psixoloji analizi" teoremlərini Şərq İkiçayarası mədəniyyətin təşəkkülündə kəşf etmişdi. Düşünülənlərin və yazılanların əvvəlcə fərdi, daha sonra kütləvi mahiyyət daşıdığını məğriblilər dünya yaranandan bilirdi, desək, şişirtmiş olmarıq. Qədim yunan fəlsəfə məktəblərinin təməlində cəmiyyətin tərbiyəsi dayanırdısa, Uzaq Şərqin rahib monastırlarında, ya da Orta Şərqin dini mədrəsələrində, hücrə məclislərində şəxsin batini tərbiyəsi əsas götürülürdü.

Yeni tarixdə təəssüf olsun ki, siyasi və iqtisadi münaqişələrin səbəb olduğu müharibələr Şərqin təkcə şəhərlərini, tarixini viran qoymadı, həm də fəlsəfi məktəblərini də dağıntılar altında itirdi. Günümüzdə şərqlilər öz qədim məktəblərinin axtarışındadırsa, səbəbi o viran qalmış kitabxanaların arasından öz mahiyyətlərini tapmaqdır. Qərbin Şərqdən öyrəndiklərini indi bizim onlardan öyrənməyimiz tarixin ironiyasıdır. Məsələn, parapsixologiya dedikləri elm qədim şumerlərin metafizik, mifik hekayələrinin yozumları kimi şəkilləndirilir. Ya da İlk və Tək Səbəb anlayışı Musadan Məhəmmədə qədər uzun yol qət etmiş inanc sisteminin alqoritmasıdır.

Bu gün Karl Armstronq "Ərəblər Quranı köçürərkən vacib nüanslara vahidlik donunun geyindirilməsində farsların köməyi ilə Ərəbistan yarımadasındakı "falasofların" (yunan filosofları) təsiri böyük olub" yazanda bizim ağlımızın qarışmasının səbəbi də budur. Biz Yaxın və Orta Şərqin dini tezislərini, ədəbi düşüncələrini tarixin müəyyən dövründə itirdik və beləcə hər şeyin, bütün düşüncə sisteminin "ipi"ni avropalıların əlinə verdik. Bunları yazarkən, Orhan Pamukun Nobel almasından sonra avropalı ədəbiyyatşünasların onun haqqında dedikləri "Orhan Pamuk bizə roman yazmağı yenidən öyrətdi" ifadələri yadıma düşür. Roman, əlbəttə, Qərb ədəbiyyatının hadisəsidir. Ancaq macərapərəstlik şərqlilərə xas düşüncə tərzidir. Roman sənəti də, bir növ, düşüncə tərzi ilə düşüncə texnikasının ahəngindən yaranan ortaq mədəniyyətdir. "Yenidən öyrətdi", yəni təkrar etdirdi deyəndə də onlar məhz bunu nəzərdə tuturdu.

Hazırda Amerikada və Avropada ən çox satılan poetik nümunə Mövlanənin "Məsnəvi"sidir. Dünyanın bestsellerlərinin mövzularına baxanda da yenə irfani izlər tapırıq. Məsələn, bir zamanların ən dəbdə olan kitabı "Sekret" ("Sirr") və Paulo Koelyonun "Kimyagər" romanı. "Məsnəvi"nin və sufiliyin hekayələri ilə dolu iki əsər. Və ya günümüzdə xərçəng xəstəliyi kimi yayılan şəxsi inkişaf və biznes kitablarının mahiyyətində də şərq təriqətlərinin motivativ söhbətləri dayanır. Yaxın tarixin fenomeni Oşo, məsələn. Tibet rahiblərinin monastırlarından "oğurladıqları" ilə yeni fəlsəfə məktəbi qurmuşdu. Öləndə saxta olduğunu özü etiraf etdi. XXI əsrin dəbdə olan fəlsəfi cərəyanı - ekzistensializm. Sufiliyin yolsuzluq anlayışı ilə (sufilikdə arzuolunmayan hal kimi qiymətləndirilir) birəbir eyni mahiyyəti daşıyır. "Bunların hansı əvvəl yaranıb, hansı sonra?" sualını vermək, təbii ki, gülməli olar. Sufilik və irfan məktəbləri, nəinki Qərbin fəlsəfi düşüncə tərzindən, hətta Şərqin səmavi dinlərindən də qocadır. Bu gün biz necə gün batan tərəfə boylanıb nəsə öyrənmək istəyirik, eynisini vaxtında onlar gün doğan tərəflərə baxıb öyrəniblər. Bizlər tapdıqlarımızı sandıqlara yığarkən, onlar tapdıqlarından, öyrəndiklərindən məktəblər yaradırdı. İki böyük cahan müharibələri də qərblilərə dərs oldu. Başa düşdülər ki, kilsənin qanunları, Şərqin irfan dərsləri onları müsibətlərdən qurtara bilməyəcək. Ona görə də, səhərlər laboratoriyada atom parçalamaqla, gecələr də fəlsəfə danışmaqla keçirdilər. Əllərində olan şüşəni güzgüyə çevirməyi bacardılar. Şərq insanı isə müharibəyə tez uduzur; özünə gəlməyi üçün əməlli-başlı vaxt lazım olur.

Əslində, yuxarıdakı misallar Şərqlə Qərb fəlsəfəsinin əsas fərqləridir. Bilinməli olanı gül zənn edək. Şərqli o gülə baxar, böyüdər, qoxlayar, açmasını, solmasını, şehlənməsini gözləyər. Çürüyüb torpağa qarışana kimi gülün ətrindən, budağının tikanından dəm vurar. Ləçəyini gah yağışda, gah qarda çimizdirər. Bir gün dərib yarına versə, zülüm-zülüm ağlayar - gah yarı üçün, gah gül üçün. Qərbli isə həmin gülü qoxlayıb qurtarandan sonra onu qırar, sapına, yarpağına, ləçəyinə mikroskop altında baxar. Böyüməsini, solmasını diqqətlə izləyər. Nə vaxt qırsa, pencəyinin cibinə yaxşı görünmək üçün taxar. Baxın, fərqimiz budur. Qərblinin eksperimental istəkləri bitmir, Şərqlinin isə duyğuları.

Bugünkü gündəmimizi zəbt edən süni intellektin ədəbiyyatı yox etməsi cəfəngiyyatları da qərblilərin şərqli duyğularına "xor baxması"dır, əslində. Ədəbiyyatın, fəlsəfənin mərkəzində insan dayanır. Nə gəlirsə, onun başına gəlir. Komediya, faciə, mizah insanın yaradılışından ölümünə qədər olan proseslərin cəmidir. İlk insan Yer üzünə endiriləndə necə hekayələr başladısa, son insan Yer üzündən səmaya buxarlananda da eləcə bitəcək. Yol varsa, ədəbiyyat da, onun təməlindəki bütün suallar da canlı qalacaq. Onu canlı qılansa, duyğulardır. Maşınların erasında nə qədər sönük və tənəzzüldə görünsələr də, hələ də adamlar gülür və ağlayır. Deməli, ədəbiyyat da yaşayır.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!