"...Göyçə gölü hövzəsində gördüyüm, qan yaddaşıma hopan rəngləri kətana köçürürəm." - Rəssam Əli İsmayılla müsahibə

 

- Əli müəllim, xoş gördük. Sizi redaksiyamızda görməkdən şadıq. İstərdik, söhbətə, Qərbi Azərbaycan, Göyçə həsrətinizlə başlayasız. Uşaqlığınızdan tutmuş, oranı tərk etməyə məcbur qaldığınız zaman kəsiminə qədər o gözəl diyarı, evinizi necə xatırlayırsız?

- Mənim üçün 1988-ci il dramatik bir zaman ölçüsüdür. Mənim üçün hər şey 88-ci ilə qədər və sonraya bölünür. Yaxşı və pisi, sevinc və kədəri, eləcə də yaşadığım həyatı - hər şeyi mən iki yerə bölürəm - 88-ə qədər və ondan sonra. Bu mənim üçün qaranlıq və zülmətdən ibarət və hələ də davam edən  bir zaman vahididir. Bu dövrə qədər istər uşaqlıq, istərsə də, gəncliyimin Qərbi Azərbaycanla bağlı olan müəyyən dövründə hər şey  həyatımda rəngli və qayğısız idi.  Bu zamandan sonra isə hər şey ağ-qara və statik oldu. Bu tək Qərbi Azərbaycanın, doğulduğum Basarkeçərin itirilməsi ilə baş vermədi ki... Bunun üzərinə, bu faciədən özümüzə gəlməmiş, qanlı Yanvar, erməni işğalı, Xocalı faciəsi, ümumilikdə Qarabağ faciələri və bunların nəticəsində  torpaqlarımızın bir parçasının itirilməsi oldu. Bu nisgil ucbatından uzun illər rəssamlıq fəaliyyəti ilə məşğul ola bilmədim. Əmin-amanlıq dövründə isə, sənətin məni bir ayrı yolla - hamar və bəlkə də özümün müəyyən edəcəyim rahat bir yolla aparacağına şübhəm yox idi. 1988 və 90-cı illər isə, bir çox sənət adamları kimi mənə də çətinliklərlə bərabər, Vətənsizlik “bəxş etdi”.

Əslində mən oranı tərk etmədim - o vaxt tələbə idim, həmin 1988-ci ilin yayında doğma Güney kəndimizdə yay tətilində idim, naturadan əsərlər işləyirdim və plan üzrə Bakıya universitetə qayıtdım. Bundan bir ay sonra isə köç dalğası başladı və bir daha ora qayıtmaq nəsib olmadı.

- İlk rəsm əsərinizi nə vaxt çəkdiniz və ümumiyyətlə, valideynlərinizdə bu qabiliyyət var idimi?

- Atam, tanınmış Göyçə ziyalısı, jurnalist, Qərbi Azərbaycanda erməni təpkilərinə sinə gərən mübariz insan, o vaxtkı tribunalarda erməniliyə qarşı öz sözünü deyən və deyə bilən, ensiklopedik biliyə malik İsmayıl Əliyev rəsm qabiliyyəti olan insan idi. Oxuduğu qəzetlərdəki müxtəlif qrafik təsvirləri dəqiqliklə çəkir, müxtəlif perqament kağızlarda simmetrik naxış və gül eskizləri edirdi ki, bunların əsasında da anam tikmələr toxuyardı. Bu tikmələrin, demək olar ki, hamısı bu günə qədər ailəmizdə mühafizə olunur. Bax, belə bir ziyalı mühiti - yaradıcılığa, qurub-yaratmağa meyilli olan ailəmiz məndə, özüm də bilmədən bütün gözəlliklərə məhəbbət aşıladı. 

Kiçik yaşlarımda atamdan bir ilan çəkməsini xahiş etdim - bunun üçün ona kağız, qələm də uzatdım. Bir az düşündü və sürətlə bir ilan çəkdi. Mən rəsmin belə tez alınmasından sevindim və qələmlə çəkilmiş bu şəkli rəngləmək istədim.

Atam şəkli vermədi, azca düşündü və yenə nəsə çəkməyə başladı - bu dəfə çəkmə geyinmiş bir insan  ayağı çəkdi ki, o da ilanın başını əzirdi. Bu epizod mənim həyatımda bir rəsm üzrə master-klass, atamın həyatında isə Qərbi Azərbaycanda yaşadığı bütün dövrlərdə ilanbaşlara, özünün dediyi kimi, “ciblərində iki partiya bileti” gəzdirən daşnak kommunistlərə qarşı mübarizənin leytmotivi oldu.  

9-cu sinifdə isə sevmədiyim riyaziyyat kitabımın əvvəldən-axıra qədər cüt səhifələri çap olunmamışdı, hərf və rəqəmlər,  demək olar ki, görünmürdü və bu məni çox xoşbəxt etmişdi - həmin vərəqlərə müəllimlərim və sinif yoldaşlarımı, müəyyən mövzuları çəkirdim.

Bütün yaradıcılığımı isə təşkil edən dərmə üsullu kilim, farmaş, palaz və xurcunlara, onların üstündəki qədim türk damğa və svastiklərinə - naxışlara sevgini isə mənə anam aşılamışdı.

Bir sözlə, bütün bunlar mənə valideynlərimin, Göyçənin - Vətənin, Göyçədənizin, onun su, hava  və torpağının mənə verdikləri ən qiymətli xəzinələrimdir ki, bu gün də onlardan qidalanıram. Bir sözlə, gözəlliyin qapısını mənə Göyçə açdı.

- Göyçə nisgili sizin mənəvi dünyanızdan nələr aldı? Və bu alınanlar sənət dünyanıza, həm də nələrsə gətirdi, deyə bilərik? O zaman hansı təkrarsız rəng, çalar?

- Əslində “daha çox aldı” demək doğru olar. Artıq mən İncəsənət İnstitutunda tələbə olarkən, öz sonrakı üslub və yolumu tapmışdım və bu yol ilə gedirdim. Burada əsasən, Göyçənin göyçək təbiəti, onun landşaftı, bağ-bağat, dağ və dənizin təması, minarəyə bənzəyən qələmə (söyüd) ağaclı kənd mənzərələri, hələ kənd evlərində az da olsa, işlənən qədim etnoqrafik məişət əşyalarımız - səhəng, satıl, sini, badya, eyni zamanda bu mahalın və bütövlükdə Qərbi Azərbaycan insanlarının əsas məşğuliyyəti olan qədim xalçaçılıq məhsullarını bir arada - bütöv, kompleks halında - etnoqrafik toplu kimi təqdim etməyə başlamışdım. Amma faciələrimiz nəticəsində yaranan qeyri-sabitlik bu işi, demək olar ki, on il ertələndirdi. Bu on illik zaman və otuz illik nisgil, məndən aldıqları idi.

Qazandığım isə Göyçənin qızıl payızı, həmişə və bu gün də sevə-sevə təsvir etdiyim, Göyçədə anamın bağımızda becərdiyi sarı-qızılı çiçəklər, oradan gətirdiyim farmaş, xalça və kilimlərin rəngləri mənim, həm koloritimin ortaq nöqtəsi və həm də rəng leytmotivim oldu. Və bu gün də mən uşaqlığımdan gəncliyimə qədər, Göyçə gölü hövzəsində gördüyüm, qan yaddaşıma hopan  rəngləri kətana köçürürəm.

– Tablolarınızın  ovqat göstəricisi hansı estetik işarələrdir?

- Rəsmlərimdə ovqat, əhval və mövzu mövcuddur. Mövzuya uyğun olaraq rəng koloriti, ovqat da dəyişə bilər. Mövzu, üslub və rəng koloriti ilə bağlı ağlaşma və bədbinlik qurmaqdan uzağam. Adətən faciələrimizi əks etdirəndə rəssamlarımız qara rəng bolluğundan yararlanırlar ki, bu da onların demək istədiklərini tamaşaçı ünvanına çatdırmır. Hər halda, palitramda mənim üslubuma xas olan rəng koloritimi qorumağa çalışıram. Sevdiyim çalar və demək olar ki, bütün əsərlərimdə istifadə etdiyim qədim işarə və simvollar da bu işin estetik görüntüsüdür.

- Əksər rəsmlərinizdən Qərbi Azərbaycanın təbiət gözəlliklərinin təsviri keçir. Göyçə gölü, dağlar, tanıdığınız insanların evləri, hətta Göyçə gölünü kəmər kimi dövrəyə almış Şahdağ sıra dağlarının qarına qədər fərqli çalarları əks etdirə bilirsiz, əsərlərinizdə. “Könülün hədiyyələri”, “Qərbi Azərbaycan”, “Qoca dağ”, “Gülbaharın evi”, “Güney kəndi yayda” və s. Hər birinin arxasında bir insan hekayəsinin dayandığı rəsmlərə verdiyiniz adlardan bəllidir.

- Bəli, əsərlərimin əksəriyyəti - istər təbiət təsvirləri, istərsə də, kompozisiyalar Qərbi Azərbaycana həsr olunub. Qış isə Göyçədə xüsusi gözəlliyi olan fəsildir. Həm də çox sevdiyim fəsildir. Əslində nə yayın istisi, nə də qışın soyuğu mənə doğma torpaqlarda birbaşa təbiəti, təbiətin özündə işləməyə mane olmurdu. Təbii ki,  Göyçə kəndlərində, xüsusən, doğulduğum Güney kəndində çəkdiyim mənzərələrin, o obyektlərin özü  müəyyən bir tarix hekayəsinə malikdirlər. Məsələn, 1982-ci ilin yanvar ayında, çox şaxtalı bir gündə Bakıdan Göyçəyə təqribən, 9-10 saatlıq  davam edən növbəti səfərimdə yol yorğunluğuna baxmayaraq, avtobusdan düşüb, evdən molbert və rənglərimi götürüb donmuş dənizi təsvir etmək üçün dənizin kənarına getmişdim. Gözəl bir qarlı dəniz mənzərəsi alınmışdı.

Dağlar isə qış aylarında xüsusi gözəlliyə malik olurlar. Bu üzdən Göyçənin qarlı dağlarına xüsusi məhəbbətim var. Bəzən bu nostaljini mənə Xızı dağları əvəz edir. Təəssüf ki, orada qar bir neçə gündən çox qalmır.

- Evinizin, ata yurdunuzun  da təsviri var, rəsmlərinizin arasında. Bu tablonu hansı duyğu çəkdirdi?

- Bu əsəri 1982-ci ilin qarlı fevral ayında birbaşa naturadan çəkmişəm. Əslində elə bir xüsusi duyğu mövcud deyildi o vaxt. Ən azından ona görə ki, Vətəni tərk etmək qorxusu hələ yaranmamışdı və sonralar bu qorxu mənə Qorbaçovun dövlət rəhbəri seçilməsi ilə gəldi.

Evimizin bu təsviri ilə bağlı əsil duyğular isə qaçqınlıqdan sonra başladı və bu günə qədər də hələ davam edir. Şəklə baxanda həmişə mənə elə gəlir ki, içində doğulub və bütün uşaqlığımızı keçirdiyimiz, atalı-analı böyük  ailəmizin xoşbəxt yaşadığı bu ev də, hətta Göyçə torpağı da, sanki Bakıdan hava yolu ilə 370 km., uzaqlıqda, fiziki material dünyada deyil, sanki paralel dünyadaymış...

- Yurd yerinizlə bağlı şəkilləri çəkmək sizə mənəvi rahatlıq verir, yəni azacıq da olsa, ovuna bilirsinizmi?

-   Ümumiyyətlə, rəssam əsər işlərkən xoşbəxt olur. Bütün şəkillər, çəkdiyim bütün əsərlər, Vətənə aid çəkəcəklərim də, hətta məni ovundurur. Yeri gəlmişkən, deyim ki, Qərbi Azərbaycana aid hər hansı kompozisiyanın eskizi də, bu eskiz ətrafında düşüncələr də, işin prosesi də mənə gözəl anlar yaşadır. Bu an mən, sanki Yaradanın boynuma qoyduğu tapşırıq və missiyanı yerinə yetirirmişəm kimi xoşbəxt oluram..

- Göyçə gölü yaradıcılığınızdan əsas motiv, ana xətt kimi keçir. “Göyçə gölü”, “Göyçədə qış”, “Göyçə gölündə axşam” və s. Bunu yaddaşın qorunması, tarixən bizim olanlara münasibətdə sənətin mühafizəkarlığı kimi dəyərləndirmək mümkündürmü? Yəni, Kəpəz, Qoşqar dağı, Beşbarmaq dağı, Kiçik Qafqaz dağlarının da yer aldığı sənət qalereyanızda Göyçə gölü ilə bağlı çəkdiyiniz rəsmlər bir gözəllik tablosu olaraq onlarla eyni kontekstdə yer alır, yoxsa, xatirələrə bağlılığın rəmzi olaraq fırçanın yaddaşından süzülür?

- Qeyd etdiyim kimi, istər Göyçə gölu rəsmlərimi, Qərbi Azərbaycanda işlədiyim digər rəsmləri, istərsə də, Kəpəz dağı, Qoşqar, Xızı dağları, Kiçik Qafqaza həsr olunmuş təbiət təsvirlərini  və s. - hamısını birbaşa naturadan işləmişəm. Mənim anlamımda hər hansı reproduksiyaya baxıb onu işləmək, rəssama yaraşan bir hərəkət deyil. İstər Göyçədə, istərsə də, Kiçik Qafqaz, Böyük Qafqaz, Abşeronun mənzərələrini hər zaman o ərazidə bəzən günlərlə, birbaşa naturadan işləmişəm. Bitkin əsər və kompozisiyaları isə, adətən təbiət və hər hansı obyekti birbaşa naturadan çəkdiyim etüdlər əsasında işləyirəm. 

O ki qaldı Göyçə rəsmlərinin fərqinə, düşünürəm ki, bu, orada təbiətin fərqli olması səbəbindəndir. Dəniz adlandırdığımız bu göl, Göyçə alması, xalı və gəvələr, kilim, farmaş, xurcunlar,  mis qablar, Şahdağ sıra dağları ilə bərabər, bir Göyçə rəmzlərini təşkil edir. Bu səbəbdən, mən rəmzlərimi tək gözəllik tablosu deyil, bir gözəllik etalonları hesab edirəm. Çünki tək Göyçə mahalını deyil, bütün Qərbi Azərbaycanı bu rəmzlərlə ifadə edirəm. Ona görə də bu rəmzlər Vətənə aid kompozisiyalarda tez-tez istifadə edilən ifadə vasitələridirlər.

- Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev sizin Göyçə gölü ilə bağlı yurd itkisindən əvvəl və sonra çəkdikləriniz arasında baxış bucağının fərqliliyindən bəhs edərkən, belə bir məqamı vurğulayır: “Əli İsmayılın yurd itkisindən əvvəl - Göyçədən Göyçəyə baxışın nəticəsində görüntüyə alınan tabloda göl fonunda təsvir olunanlarda mövcud olan nikbinlikdən heyrətlənmək hissi nə qədər güclüdürsə, Bakıdan Göyçəyə zillənən baxışlarda duyulası və üzüntülü bir həsrət mövcuddur”. 

- O zaman mən Ziyadxan müəllimə mənim yaradıcılığımı daha çox etnoqrafik çalardan araşdırmalı olmasını və bunu istədiyimi demişdim. Hörmətli sənətşünasımız isə əsərlərimdə ön planda bir Qərbi Azərbaycan nisgilinin  hiss olunmasını dedi. Hazırda bütün tarix boyu milyonlarla Qərbi Azərbaycan türklərinin yaşadığı bu ərazilərə əlimiz çatmasa da, Böyük Zəfərdən sonra qayıdacağım mövzularda nikbinlik yenidən özünü göstərəcək və bu artıq hiss olunmaqdadır.

- Mənzərə, natürmort janrı əsas müraciət etdiyiniz janrlardır. Kilim və xalça, mis və saxsı qablar, çiçək və meyvələr dekorativ sənət nümunəsi kimi, demək olar ki, əksər rəsmlərinizdən keçir. Bu rəsmlərdə qəribə və maraqlı hibridləşmə işi aparırsınız. Kilim üzərində çiçəklərin, meyvələrin dağılmış obrazını canlandırmaq yurd nisgilinin estetik işarəsi kimi mənalanır, sanki. “Vətən. 1988” tablosu, məsələn. Bu tablodakı bədii işarələri öz dilinizdən eşitmək istərdik.

-  Ümumən desək, Azərbaycan rəssamlığı dekorativ fundamentlidir. Bunu, həm qədim uyğur miniatürlərinə söykənən Təbriz miniatür məktəbi, sonrakı əsrlərdə isə - miniatür sənətinin təhrifə uğraması ilə meydana gələn divar rəssamlığımız, saray rəngkarlığımız olan Qacar məktəbi və digər sənət ənənələrimiz sübut edir. Buna görə də müasir rəssamlığımız öz milli rəssamlıq tariximizin və Avropa akademizminin şinelindən çıxıb kimi düşünə bilərik. Mənim sənət istiqamətim hər iki ənənəni birləşdirsə də, mövzu olaraq daha çox millidir. Ona görə də xalçaçılıq, misgərlik və digər dekorativ məhsullarımız əsərlərimin bəzəyidir. Mənzərə-natürmort janrı mənim yaradıcılıq yolum və dəst-xəttimdir. Məhz bu janrda  Qərbi Azərbaycan ifadəsi yerinə düşür.  Bu janrda Göyçənin, Qaraqoyunlu dərəsi və Zəngəzurun, Dərəçiçək və Ağbabanın İrəvan və İrəvanətrafının, həm coğrafiyasını, həm etnoqrafiyasını bir arada təqdim edə bilirsən. Üstəlik, kompozisiya yaradırsan ki, bu da bütöv bir əsər, bir təqdimatdır. Bunun üçün isə uzun illər yol gəldim.

Amma dediyim kimi, dünyanın yaxşı və nisbətən yaxşı vaxtlarında da Göyçə ifadəsini kilim və gəvə (xalça) üzərində, mis qab və çiçəklərin təsviri, kilim və xalçaların naxışlarını Qərbi Azərbaycan coğrafiyasında təsvir etməyə başlamışdım. “Vətən-1988” kompozisiyası da bu üslubun davamıdır. Burada fərqli olan əsərdəki dramatizmdir. Əsər Göyçə gölü və Şahdağ sıra dağlarının fonunda təsvir olunub. Bu məkanda təsvir edilmiş Göyçə rəmzi olan almaların, mis qabın kilim üzərindən dağılması, ətrafa səpələnməsi, hər şeyin öz məhvərindən çıxması,  bütün dünyanın gözü qarşısında Qərbi Azərbaycanı 1988-ci ildə tərk etmiş 400 minlik azərbaycanlının (türkün) taleyini və qaçqınlıq faciəsini ifadə edir.

- Keçmişi xatirələrində, gələcəyi isə xəyallarında yaşadan bir rəssam kimi, Qarabağla bağlı qazanılan Zəfər amilindən sonra düşüncələrinizdə hansısa təbədüllat, çevrilmələr baş veribmi? Yaxud belə deyək, Qarabağ və Zəngəzurla bağlı aparılan proseslər, ora qayıdış ümidi sənət baxışınıza kiçicik də olsa, hansısa mənada təsir etməyə başlayıbmı?

- Ən əvvəl, onu deyim ki, biz son uç ildə - bir-birindən möhtəşəm olan tarixi hadisələrin şahidi olduq. Bu, Böyük Zəfər idi. Bu Zəfər  Azərbaycan Prezidenti, Ali Baş Komandan, sözün əsl mənasında, böyük Sərkərdəmiz cənab İlham Əliyevin rəhbərliyində baş verdi. Babək, Şah İsmayıl Xətai, Nadir şah ənənələrini davam etdirən, son 200 ildə ilk dəfə olaraq Vətənə torpaq qazandıran, ərazi bütövlüyümüzü təmin edən  Prezidentimizlə mən fəxr edirəm. Bu qələbə, bu zəfər sayəsində 1988-ci il kabusu düşüncələrimdən silinməkdədir. Qarşıda isə bizi tarixi torpaqlarımız - Qərbi Azərbaycan davası gözləyir.

Zəfərimizin isə yaradıcılığıma, təbii ki, müsbət təsiri olacağı şübhəsizdir. Bu artıq hiss olunmaqdadır. Artıq müəyyən eskizlərim hazırdır və ümidvaram ki, bu qələbənin müəllifləri olan Sərkərdəmiz və Azərbaycan Əsgəri barədə, qazilərimiz və şəhidlərimiz haqqında deyiləcək sözüm, işləyəcək mövzularım qabaqdadır.

Söhbətləşdi: Azər Turan,  Elnarə Akimova

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!