Günay Əfəndiyeva: "Fəxr edirəm ki, 8 il boyunca Türk Dünyasının mədəniyyətini və irsini təbliğ etdim" - Müsahibə

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun ilk prezidenti Günay Əfəndiyevanın "Trend" İnformasiya Agentliyinə müsahibəsi

 

- nay xanım, noyabr ayın 3-Astana şərində rk vlətləri Təşkilatı vlət Başçıların 10-cu yubiley Zirvə rüşündə tirak etdiniz. rk vlət xalqların qarşıqlı əlaqərinin daha da inkişaf etdirilməsi qsədilə aliyyət stən rk Əkdaşq Təşkilatlarından biri də, artıq geniş rmət qazanmış Beynəlxalq rk niyyəti və İrsi Fondudur. İstərdik ki, Fond ilə bağlumat verəsiniz.

- Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü, Qazaxıstan, Qırğız və Türkiyə Respublikaları dövlət başçılarının dəstəyi ilə təsis edilib. 15 oktyabr 2019-cu il tarixində Türk Şurasının (Türk Dövlətləri Təşkilatı - red.) Bakıda keçirilən Zirvə görüşündə Özbəkistan təşkilata üzv, Macarıstan isə Fonda müşahidəçi ölkə olaraq daxil olmuşdur.

8 il öncə Astana şəhərində Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə prezidentlərinin qərarı ilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun ilk prezidenti təyin olundum. Türk dünyasının böyük mədəniyyətini təbliğ etmək, köklərimizi, adət-ənənələrimizi üzə çıxarmaq və öyrənmək, türk xalqlarını bir-birinə daha da yaxınlaşdırmaq məqsədilə yaradılmış yeni Beynəlxalq təşkilatın qurulması və fəaliyyətə başlaması kimi çox məsuliyyətli bir iş mənə həvalə olundu. Bu gün keçmişə nəzər salanda, fəxrlə deyə bilərəm ki, üzv dövlətlərin hüquqi baxımdan müxtəlif prosedurları ilə bağlı ortaya çıxan maddi çətinliklərə, üzləşdiyimiz ciddi problemlərə baxmayaraq, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu irimiqyaslı, mötəbər tədbirlərdə təmsil olunan, nüfuzlu, tamhüquqlu Beynəlxalq təşkilat kimi fəaliyyət göstərməyi bacardı. Biz yalnız türk dövlətləri arasında mədəni-mənəvi əlaqələri gücləndirmək kimi vacib vəzifə ilə kifayətlənmədik, mədəni diplomatiya vasitəsilə bir çox başqa dövlətlərlə də əlaqələr yaratdıq, əməkdaşlıq qurduq. Bu, qədim türk mədəni irsinin təbliğində əhəmiyyətli rol oynadı.

Bizim çalışmalarımızda Heydər Əliyev Fondunun zəngin təcrübəsi və şəxsən Mehriban xanım Əliyevanın böyük vətənpərvərliklə beynəlxalq fəaliyyəti mühüm örnək oldu.

Bunu da ayrıca qeyd etmək istəyirəm ki, cənab Prezident İlham Əliyevin bilavasitə tapşırığı ilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu üçün ayrılmış bina ən yüksək müasir zövq ilə təmir olundu. Bu, Fondun fəaliyyətinə verilən önəmin bariz nümunəsidir.

- Siz mədəni diplomatiyadan bəhs etdiniz. Bu anlayışı necə izah edərdiniz?

- Mədəni diplomatiya ədəbiyyatın, musiqinin, incəsənətin və digər bu tipli mənəvi anlayışların "dili" ilə beynəlxalq dialoqun, xalqlararası ünsiyyətin gücləndirilməsidir. Yəni, xalqlar öz milli ruhlarını, milli kimliyini bir-biri ilə paylaşırlar. Beləliklə, bəşəri dəyərlər ön plana çıxır, ortaq cəhətlər sezilir, qarşılıqlı anlayış və simpatiya yaranır. Bir sözlə, mənəvi sərhədlər aşılır. Qəlblərin, zehinlərin sərhədləri. Bu da ölkələr arasında münasibətlərin dərinləşməsinə və beynəlxalq əməkdaşlığa öz təsirini göstərir. Məsələn, biz ilk layihələrimizdən biri olan "Azərbaycan qadın şairlərinin poeziya antologiyası"nı hazırlayaraq, müxtəlif dillərdə - ingilis, alman, italyan, ərəb, bolqar dillərində kitab şəklində nəşr etdik, ispan və portuqal dillərində də yaxında işıq üzü görəcək. Kitabda XII əsrdən başlayaraq - 800 il ərzində əsərləri ilə dünya ədəbi irsinə təkrarsız nümunələr bəxş etmiş Məhsəti Gəncəvinin, eləcə də Ağabəyim Ağanın, Xurşidbanu Natəvanın, Heyran xanımın, Ümmügülsümün, Mirvarid Dilbazinin, Nigar Rəfibəylinin və neçə-neçə şairələrin şeirləri toplanıb, onların milli-mənəvi duyğu və hissləri ifadə olunub. Bu şairələr ölkənin müxtəlif guşələrində, o cümlədən, Azərbaycanın ayrılmaz parçası olan Qarabağda və ya o zaman Cənubi Azərbaycanda yaşayan və yaradan şairələrdir. Bunlar nədir? Bunlar qiymətli tarixi faktlardır.

2020-ci ildə gözəl Şuşamızın yetişdirdiyi və bütün türk dünyasının dahi bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 135 illiyi qeyd olunurdu. Eyni zamanda Qazax ədəbiyyatının böyük nümayəndəsi Abay Kunanbayevin 175-ci ildönümü idi. Bu əlamətdar yubileylər münasibətilə, Fond tərəfindən İspaniyada Üzeyir bəyə və Abaya həsr olunmuş poçt markaları çap edilərək Avropada dövriyyəyə buraxıldı.

Biz bunu nəyə görə etdik? Çünki, insanlar poçt vasitəsilə əlaqə saxlayarkən, Üzeyir bəyi də, Abayı da kəşf edəcək, bilavasitə Azərbaycanın musiqisini, Qazaxıstanın ədəbiyyatını və ümumilikdə türk dünyasının mədəniyyətini tanıyacaqlar.

- Fonda rəhbərlik etdiyiniz illərdə Azərbaycan öz tarixi günlərini yaşadı. Qarabağ hadisələri ilə bağlı təşkilat tərəfindən nə kimi işlər görüldü?

- Bilirsiniz, mən bu barədə özümü, hamımız kimi çox xoşbəxt hesab edirəm. Hər şeydən öncə, bir azərbaycanlı kimi. 3 il əvvəl, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu, qəhrəman oğullarımız işğal altındakı torpaqlarımızı azad edərək, tarixi ədaləti bərpa etdilər, bizlərə müqəddəs Zəfərin sevincini yaşatdılar. Və digər tərəfdən, bu tarixi Fondun prezidenti vəzifəsində olduğum zamanlarda yaşadığım üçün özümü şanslı hiss edirəm; Qarabağla bağlı layihələrə Qələbənin qüruruyla qayıtdığımız üçün.

Bu illər ərzində biz, cahanşümul bir tarixin şahidi olduq və eyni zamanda özümüz də bu prosesdə iştirak etdik. Azərbaycanın işğaldan azad edilmiş şəhərlərini, kəndlərini ölkədə akkreditə olunmuş səfirlər ilə, diplomatik korpusun nümayəndələri ilə bərabər, bir-bir gəzdik. O dağıntıları gözlərimizlə görərək, bu vəhşilikdən dəhşətə gəldik. Amma eyni zamanda sevinc göz yaşlarımızı saxlaya bilmədik; həm özümüzə görə, həm də bu günləri həsrətlə gözləyən, amma görməyənlərə görə.

Bilirsiniz, əminliklə deyə bilərəm ki, bu böyük Qələbə, bu Zəfər bütün Türk dövlətlərini həm mənəvi, həm də irsi mənada daha artıq birləşdirdi.

II Qarabağ müharibəsi günlərində Qarabağla bağlı həqiqətləri üzv dövlətlərə, əməkdaşlıq etdiyimiz xarici ölkələrə, eyni zamanda dünya ictimaiyyətinə çatdırmaq üçün bəyanatlarla çıxış etdik. Qarabağda mövcud olan mədəni abidələrlə, onlara vurulmuş xəyanətkar zədələrlə, tarixi müqavilələrlə bağlı kitablar yayımladıq.

Fond Şuşanın Türk Dünyasının Mədəniyyət Paytaxtı elan olunması münasibətilə 2022-ci ildə Bursada "Şuşa Günləri"nin keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Çox qürurverici haldır ki, bu təşəbbüs Türk Dövlətlərinin Başçıları tərəfindən imzalanan və Türk Dövlətləri Təşkilatının Səmərqənd Zirvə Görüşündə qəbul olunan Bəyannamədə də öz əksini tapdı.

"Şuşa Günləri" böyük bir layihədir və müxtəlif proqramlardan ibarətdir. Buraya ötən il 190 illiyi qeyd olunan Xurşidbanu Natəvanın yaradıcılığına dair Fondun hazırladığı sənədli film və ədəbi-musiqili kompozisiya, Şuşanın 270 illiyinə həsr olunan və Qarabağın tarixi həqiqətlərini canlandıran "Şuşada ürəyim qaldı" tamaşası, məşhur fotoqraf Reza Deqatinin "Azərbaycanın İncisi Şuşa" foto-sərgisi, tanınmış modelyer-dizayner Gülnarə Xəlilovanın "Qarabağ Milli Geyim Kolleksiyası"nın təqdimatı daxil edildi. Eyni zamanda silsilə tədbirlər çərçivəsində Fondun himayəsi ilə yaradılan və 7 ölkəni - Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan və Macarıstanı təmsil edən xanım musiqiçilərdən ibarət "Yeddi Gözəl" musiqi qrupunun konsertləri də yer aldı.

Layihə mədəniyyətin bir çox sahələrini - ədəbiyyatı, teatrı, kinonu, musiqini, fotoqrafiyanı, milli geyim sənətini özündə ehtiva etdi. Yəni, biz Şuşanın tarixi irsini, Qarabağın mədəniyyətini və incəsənətini hərtərəfli göstərmək istəyirdik. Qürurla deyə bilərəm ki, türk dünyasının müxtəlif şəhərlərində, Bursada, Daşkənddə, Astanada, Türküstanda, eləcə də Budapeştdə Şuşa şəhərinə həsr olunmuş tədbirlər təşkil etdik.

Qarabağla bağlı başlatdığımız sonuncu nəhəng layihə "Sağalan büstlər" adlanır. O özündə Azərbaycanın tarixi şəxsiyyətlərinin - Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəyovun, Bülbülün yaradıcılığını ehtiva edən üç böyük kitabdan ibarətdir. Layihə bu il Şuşada "Vaqif Poeziya Günləri" çərçivəsində yayımladığımız, böyük Azərbaycan şairi, ictimai-siyasi xadim Molla Pənah Vaqifin ədəbi irsinə həsr etdiyimiz kitabın davamı kimi görülə bilər. Sözügedən layihənin başa çatdırılması ciddi prosesdir, amma artıq üzərində son işlər aparılır.

- Bu il, eyni zamanda ulu öndər Heydər Əliyevin 100 illiyidir. Bununla bağlı Fond tərəfindən hansı işlər görülüb?

- Bu il yalnız Azərbaycanın deyil, bütün türk dünyasının böyük oğlu, ulu öndər Heydər Əliyevin 100 illiyi ölkədə və onun hüdudlarından kənarda təntənəli qeyd olunmaqdadır.

Biz ulu öndərin 100 illiyinə müxtəlif beynəlxalq səviyyəli layihə və tədbirlərimizi həsr etdik. Ümummilli lider Heydər Əliyevin türk dünyası qarşısında xidmətlərini böyük minnətdarlıqla xatırlayaraq, onun irsini müxtəlif ölkələrdə daha artıq tanıtmaq istiqamətində fəaliyyət göstərdik. Türk Akademiyası ilə birgə əməkdaşlıq çərçivəsində Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanasında "Heydər Əliyev və Türk Dünyası" adlı beynəlxalq konfrans keçirdik.

Az öncə, bəhs etdiyim kimi, Fondun himayəsində yaradılan "Yeddi gözəl" qrupu Azərbaycanın və türk dünyasının dahi şair və mütəfəkkiri Nizami Gəncəvinin ölməz əsərlərindən birinin adını daşıyır və çoxəsrlik Türk musiqisini xarici ölkələrə çatdırır. "Yeddi gözəl" ilk dəfə Səmərqənddə Türk Dövlətləri Təşkilatının 9-cu Zirvə Görüşü çərçivəsində çıxış edib və gənc olmasına baxmayaraq, bugünədək dünyanın bir sıra mötəbər səhnələrində uğurlu performanslar göstərib.

Bu il Avropanın şəhərlərində, Budapeştdə, Berndə, Haaqada Heydər Əliyevin xatirəsini yad etmək məqsədilə "Yeddi gözəl" musiqi qrupunun konsertlərini təşkil etdik.

Böyük məmnuniyyətlə qeyd edə bilərəm ki, Fond ulu öndərin 100 illiyi ilə bağlı çox gözəl bir kitab hazırlayıb. Əslində, bu kitab iki ildən çoxdur hazırlanır və düşünün ki, hər dəfə biz onu tamamlamaq üzrə olduqda, yeni materiallar əldə edir və bitirə bilmirdik. Nəhayət, bu günlərdə "Heydər Əliyev və Ümumtürk Mədəni İrsi" kitabı işıq üzü görəcək və bu kitab ulu öndərin yubileyinə layiqli və sanballı töhfə olacaq.

- 2023-cü ildə Türk dünyası üçün əlamətdar yubileylərdən biri də Türkiyə Respublikasının qurulmasının 100-cü ildönümüdür. Bu xüsusda Fond tərəfindən hansı layihələr həyata keçirildi?

- Bu il Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun qurucu üzv ölkəsi Türkiyəmiz şanlı 100 illiyini - Cümhuriyyətin ilk əsrini şərəflə tamamladı. Biz böyük qürur hissi ilə, mühüm bir layihəni bu əzəmətli tarixə həsr edərək, İstanbulda Milli Saraylar Dolmabahçe İncəsənət Qalereyasında "Yıldız Sarayı Foto Kolleksiyasında XIX Əsr Türk Dünyası Mədəni İrsi" adlı sərgi təşkil etdik. Sərginin açılış mərasimində Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın xüsusi təbrik məktubu oxundu.

Sərgidə Fond tərəfindən Böyük Osmanlı dövrünə aid Yıldız Sarayının arxivindən seçilmiş Türk dünyasının ortaq irsini, memarlığını, milli geyimlərini və bir çox digər elementləri özündə ehtiva edən foto-şəkillər yer aldı. Buna görə də, sərgini, həmçinin Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 10-cu yubiley Zirvə Görüşü çərçivəsində Astanada da nümayiş etdirdik.

Eyni zamanda bütün il ərzində Türkiyənin 100 illiyi Avropa məkanında "Yeddi gözəl" musiqi qrupunun konsertləri ilə də təntənəli qeyd olunub.

Təəssüflər olsun ki, bu il Türkiyəmiz böyük zəlzələ faciəsi ilə üzləşdi. Biz də Türkiyə ilə birlikdə dərindən kədərlənərək, "Tek Yürek" şüarı altında zəlzələdən zərər çəkən insanlara kömək etmək məqsədilə müxtəlif layihələr həyata keçirdik. Humanitar yardım göndərdik, uşaqlar üçün "TÜRKİYE ÇOCUKLARINA SEVGİ İLE" adlı rəsm aksiyası elan etdik. Layihə çərçivəsində Türk dövlətlərindən zəlzələ bölgəsinə "könül körpüləri" quraraq, Türk dünyası uşaqlarının çəkdikləri və zəlzələ yaşamış bacı-qardaşları ilə mənəvi birliklərini təcəssüm etdirən şəkilləri bir kataloqda topladıq. Məqsədimiz türk həmrəyliyinin böyük gücü ilə əl-ələ verərək, maddi və mənəvi dəstək göstərərək, bütün çətinlikləri birlikdə aşmaqdır.

Biz hər addımımızla "Səninləyik, Türkiyə" demək istədik. Beləliklə, növbəti layihənin ideyası yarandı və biz bu dəfə Türk dövlətlərinin və böyük türk coğrafiyasının tanınmış şairlərinə müraciət edərək, xüsusi konsepsiya ilə kitab hazırladıq. Kitabdakı hər bir şeir zəlzələ zamanı çəkilmiş bir fotoya və konkret hadisəyə, yaxud fakta həsr olundu. Bu şeirlərin hər birində həm ağrı və kədər, həm də ümid və gələcəyə inam var.

Biz də hər bir layihəmizlə zəlzələdən zərər çəkmiş insanlara Türkün sarsılmaz, mətin ruhunun daim onlarla birlikdə olduğunu hiss etdirməyə çalışdıq.

- Bu il dünyaca məşhur Çingiz Aytmatovun 95 illiyi qeyd olunur. Bununla bağlı Fond tərəfindən hansı layihələr həyata keçirilib?

- Qırğız xalqının qüruru, Türk dünyasının böyük yazıçısı, ictimai-siyasi xadim Çingiz Aytmatovun 95 illiyi münasibətilə bir sıra ədəbi-mədəni layihələr həyata keçirdik. Fondun Bakı Bələdiyyə Teatrı ilə əməkdaşlığı çərçivəsində ədibin "Ana tarla" povesti səhnələşdirildi. Tamaşanın quruluşçu rejissoru, Azərbaycanın Xalq artisti Mərahim Fərzəlibəyovdur.

Tamaşanın premyerası Azərbaycan Milli Akademik Dram Teatrında Qırğız Respublikası Prezidentinin xüsusi nümayəndəsi Taalatbek Masadikovun, Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmonaliyevin, görkəmli ictimai xadimlərin, mədəniyyət, incəsənət, ədəbiyyat nümayəndələrinin, səfirlərimizin, millət vəkillərimizin iştirakı ilə keçirildi.

Daha sonra "Ana tarla" povesti əsasında tamaşanı kitab kimi yayınlamağı qərara aldıq. Kitabın özəlliyi ondadır ki, bu nəşrdə əsərlə birlikdə, illüstrasiyaları həmin tamaşadan xarakterik fotolar əvəz edib.

Bilirsiniz, biz hələ 2018-ci ildə Çingiz Aytmatovun 90 illik yubileyini də təntənə ilə qeyd etmişdik. Fondun təşkilatçılığı və dəstəyi ilə ədibin "Cəmilə" povesti əsasında hazırlanmış tamaşa qırğız aktyorlarının ifasında göstərilmişdi. Təsəvvür edin ki, tamaşa qırğız dilində nümayiş olunurdu. Əlbəttə ki, Azərbaycan tamaşaçısı qırğız dilini bilmirdi. Amma elə böyük həvəslə seyr edirdilər ki, inanın, bir adam belə biganə qalmırdı. Tamaşaçılar saytlarda, sosial şəbəkədə ən xoş təəssüratlarını bölüşürdülər.

- Siz Fond tərəfindən yazıçının kitabının nəşr olunmasından bəhs etdiniz. Bilirik ki, bu illər ərzində Fond tərəfindən çox sayda kitablar nəşr olunub.

- Bəli, Türk dünyasının zəngin irsinin beynəlxalq miqyasda təbliğ edilməsi yönündə nəşr layihələrinin həyata keçirilməsi Fondun fəaliyyətinin prioritet istiqamətlərindəndir. Biz Azərbaycanda Abayla bağlı ədəbi irsi toplayıb nəşr etdik, eyni zamanda Qazaxıstan ədəbiyyatını, mədəniyyətini Avropada sərgilədik. Qədim "Manas"ı dərindən araşdırarkən, Qırğızıstanın irsini, adət-ənənələrini öyrəndik. Bu illər ərzində yayınladığımız kitablar vasitəsilə Nəvai və Fitrətin Azərbaycan dilində, Ömər Seyfəddin və Aşıq Veysəl almanca, Natəvan və Nəsimi italyanca, Nizami polyak dilində oxundu. Yunus Əmrə, Aşıq Ələsgər və Jambıl Jabayevi qovuşduran "3 ozan bir arada" layihəsi çərçivəsində poçt markaları çap edərək, kitab hazırlayaraq, türk irsinin vahidliyini əks etdirdik. Fondda müşahidəçi statusu ilə yer alan Macarıstanın böyük irsini Bartokun musiqisi və Radnotinin poeziyası timsalında layiqincə təbliğ edə bildik, eləcə də bu yaxınlarda macar ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqlarını "Macar ədəbiyyatı antologiyası" adlı yeni nəşrimizdə cəmləşdirdik.

Qeyd edim ki, Azərbaycanın və bütövlükdə Türk dünyasının ədəbi-mədəni, elmi-fəlsəfi, ictimai-siyasi tarixində nadir simalardan olan Əhməd bəy Ağaoğlunun Maltada sürgündə ikən yazdığı xatirələrini, fikir və düşüncələrini, ideoloji baxışlarını ehtiva edən "Sürgündən məktublar" kitabı Fond tərəfindən bu yaxınlarda işıq üzü görəcəkdir.

- Başqa hansı səpkidə layihələr gerçəkləşdirilib?

- Bu illər ərzində konfranslar, dəyirmi masalar, sərgilər və konsertlər kimi çoxsaylı müxtəlif tədbirlər təşkil etdik, Türk dünyasının maddi-mənəvi dəyərlərinin təbliğinə yönəlmiş bir çox layihələr həyata keçirdik, Türk xalqlarının böyük şəxsiyyətlərinin yubileylərini qeyd etdik; müxtəlif dillərdə, müxtəlif ölkələrdə, müxtəlif qitələrdə... Avropada, Asiyada, Latın Amerikasında, Şimali Amerikada.

"Yeddi gözəl"dən başqa, türk kökənli ölkələrin musiqiçilərindən ibarət "Dədə Qorqud" Kamera Orkestrini yaratdıq. Orkestr bir sıra ölkələrdə çıxışları ilə Türk dünyası musiqisinin tanıdılmasına öz töhfəsini verdi.

Dahi Üzeyir bəyin "Arşın mal alan" musiqili komediyasını, böyük Fikrət Əmirovun "Min bir gecə" baletini Bolqarıstanın müxtəlif teatr səhnələrində tamaşaya qoyduq.

Nəhayət, yalnız ötən ildən beynəlxalq büdcəmizi almağa nail olduqdan sonra, Oşda, Otrarda, Bakıda, İstanbulda, Konstansada keçirilən, bir-birindən rəngarəng festivalların təşkilinə maliyyə dəstəyi verdik.

- Fondun fəaliyyəti çərçivəsində təhsil sahəsi də yer alırmı?

- Əlbəttə. Bu illər ərzində biz, həm üzv dövlətlərin, həm də bir sıra başqa xarici ölkələrin universitetləri ilə memorandumlar imzaladıq və müxtəlif ortaq layihələr həyata keçirməyə başladıq.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası ilə birgə ümumtürk musiqisinin daha ətraflı araşdırılmasını təşviq edən, "Türkdilli ölkələrin milli musiqi alətləri" adlanan önəmli nəşr layihəmiz hazırda çap olunmaqdadır. Kitabda türk xalqlarının musiqi alətləri, onların xarakterik xüsusiyyətləri, tarixi haqqında maarifləndirici bilgilər Azərbaycan, türk, rus və ingilis dillərində oxuculara təqdim edilir. Bu il Qazaxıstanın Lev Qumilyov adına Avrasiya Milli Universiteti ilə də Memorandum imzaladıq və türk dillərinin birgə lüğətinin hazırlanması barəsində razılığa gəldik.

Eyni zamanda biz, Polşanın Varşava Universiteti ilə uğurlu işbirliyi əlaqələri qurduq və ötən il bu universitetin ev sahibliyində gerçəkləşən VI Beynəlxalq Türkologiya Konqresində əsas tərəfdaş qismində çıxış etdik. Konqres çərçivəsində çoxsaylı panellərdə Türkologiyaya həsr olunan müxtəlif mövzular müzakirə olundu.

Sevinclə deyə bilərəm ki, Bakı Dövlət Universiteti, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dillər Universiteti, Hoca Ahmet Yesevi adına Beynəlxalq Qazax-Türk Universiteti, Yusif Balasaqunlu adına Qırğızıstan Milli Universiteti, Türkiyənin Bursa Uludağ Universiteti, Macarıstanın Ötvöş Lorand Universiteti ilə gözəl əməkdaşlıq münasibətlərimiz mövcuddur. Bizim məqsədimiz bu universitetlərdə sahə üzrə Türk Dünyası Mərkəzləri yaradaraq, onlardan ibarət böyük Şəbəkə qurmaqdır.

- Səhv etmirəmsə, bu yaxınlarda Yusif Balasaqunlu adına Qırğızıstan Milli Universitetinin Fəxri Professoru adına layiq görüldünüz.

- Doğrudur. Əlbəttə, bu mənim üçün böyük şərəfdir. Biz Qırğızıstan Milli Universitetinin nəzdində "Türkdilli Ölkələrin Jurnalistika Mərkəzi"ni yaratdıq. Biz istəyirik ki, gənclərimiz ümumi türk inteqrasiyasında daha yaxından iştirak etsinlər.

- Görünür ki, sizin Türk dünyasında qarşılıqlı münasibətlərin daha da dərinləşdirilməsi yönündə çoxşaxəli fəaliyyətləriniz Türk dövlətləri tərəfindən qiymətləndirilir. Qazaxıstan Respublikasının Ali diplomatik medalı və Qırğız Respublikasının Prezidentinin Fəxri Fərmanı ilə təltif olunmağınız bunun yüksək təcəssümünü ifadə edir. Bu münasibətlə sizi ürəkdən təbrik edirik.

- Təbrikiniz üçün təşəkkür edirəm. Bilirsiniz, bu, ilk növbədə, müasir dövrdə türk dövlət başçıları tərəfindən Türk dünyasında tarixi dostluq və qardaşlıq bağlarının, həmrəylik ideologiyasının gücləndirilməsinə verilən dəyərin, dəstəyin göstəricisidir. Qazaxıstan və Qırğız Respublikalarının Xarici İşlər nazirləri tərəfindən mənə bu fəxri mükafatlar təqdim olunarkən, mənəvi olaraq böyük hisslər yaşadım, şərəf duydum. Eyni zamanda Türk dünyasının birlik və bərabərlik içərisində gələcəyinin inşa olunmasına töhfə vermək özü də xoşbəxtlikdir.

- Maraqlıdır ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu türk xalqlarının qədim tarixi ilə də məşğul olub.

- Bəli, biz qədim türk tarixiylə bağlı böyük layihələr gerçəkləşdirmişik. Onlardan biri - Avropanın müxtəlif paytaxtlarında təşkil etdiyimiz qədim türk yazıları - petroqliflərə, tamqalara və runikalara həsr olunmuş sərgidir. Bu sərgidə Qazaxıstanın, Qırğızıstanın, Azərbaycanın tanınmış tətbiqi sənət ustalarının qədim Türk yazılarının və simvollarının daş və keramika üzərindəki bədii oymalarından ibarət müxtəlif əl işləri, sənətkarlıq nümunələri təqdim olundu, tarixi işarələrlə bağlı mühazirələr oxundu. Bu nədir? Bu, keçmişlə bu günü birləşdirən körpüdür.

Eyni zamanda bu il Bakıda Türk Akademiyası və YUNESKO üzrə Azərbaycan və Türkiyə Milli Komissiyaları ilə birgə qədim Türk yazısının oxunmasının 130 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirdik.

Digər tərəfdən, Fondun fəaliyyətinin ilk illərindən "Türk dövlətləri Böyük İpək Yolu üzərində" adlı genişmiqyaslı layihə başlatdıq. Mütəmadi olaraq, konfrans, dəyirmi masa, simpozium təşkil edərək, bizi birləşdirən amil - Böyük İpək Yolu mövzusu ətrafında Türk dövlətlərinin türkoloqlarını, elm xadimlərini bir araya gətirdik, müzakirələr apardıq. Həmçinin layihə çərçivəsində Azərbaycanın tanınmış alimləri tərəfindən hazırlanan "Azərbaycan İpək Yolu üzərində" adlı akademik kitabı Azərbaycan, ingilis və rus dillərində nəşr etdik. İnanıram ki, bu layihə davam edəcəkdir.

Digər tərəfdən, Beynəlxalq Mərkəzi Asiya Araşdırmaları İnstitutu (IICAS) ilə əməkdaşlıq çərçivəsində Gəncə keramikası ilə bağlı Azərbaycan və özbək alimləri ilə birlikdə hazırladığımız kitab bu günlərdə işıq üzü görür.

- Həqiqətən, Fondun fəaliyyəti olduqca geniş miqyasdadır.

- Düzünü deyim ki, bunlar sadalaya biləcəyim layihələrin, tədbirlərin yalnız bir hissəsidir və hamısı da Təşkilatın Nizamnaməsində qeyd olunduğu kimi, Fondun məqsədləri çərçivəsinə daxildir.

Biz təkcə Türk dövlətləri ilə deyil, eyni zamanda azsaylı türk etnik kökənli xalqlarla, o cümlədən, Litvada məskunlaşmış tatar və karaimlərlə, Polşa və Rumıniya tatarları ilə, Moldovada yaşayan qaqauzlarla münasibətlər quraraq, əməkdaşlığımızı genişləndirdik. Təsis etdiyimiz "Dədə Qorqud" mükafatını ilk dəfə Litva karaimlərinin tanınmış nümayəndəsi, diplomat, tərcüməçi Halina Kobeckaiteyə təqdim etdik.

Yaxın zamanda nümayiş etdirəcəyimiz türk təsviri sənətinin qorunmasına və tanıdılmasına yönəlmiş "Miniatürlərin sirli dünyası" sənədli filmində Türk dünyasının müxtəlif miniatür məktəblərinin nümunələrini, onların oxşar cəhətlərini əks etdirdik.

Bu il ilk dəfə restavrasiya sahəsinə birbaşa daxil olduq və Qırğızıstan tərəfinin müraciətinə əsasən, böyük qırğız şairi və dramaturqu Alıkul Osmonovun ev-muzeyindən başladıq.

Eyni zamanda "Türk Dünyası 2040 Vizyonu" çərçivəsində Fondun üzərinə qoyulan Ümumtürk mədəni irsinin qorunması haqqında Konvensiyanın hazırlanmasına başladıq.

- Günay xanım, eşitdik ki, Fondda Azərbaycanın sədrliyi bitir və Qazaxıstana ötürülür.

- Bəli, bu hər bir beynəlxalq təşkilata məxsus olan rotasiya qaydasıdır. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti təşkilata üzv dövlətlərin başçıları tərəfindən dörd il müddətinə təyin edilir. Təşkilatın Nizamnaməsinə uyğun olaraq, yalnız Fondun qurucu prezidenti növbəti dördillik dönəmdə yenidən bu vəzifəyə seçilə bilər. Mən təşkilatın rəhbərliyini ikinci dəfə icra etdim və Azərbaycan Fonda 8 il sədrlik etdi. İndi isə, növbə Qazaxıstanındır. Mən göstərdikləri etimada görə Fonda üzv ölkələrin Dövlət Başçılarına, ilk növbədə, bilavasitə təşəbbüsünə və inamına görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə, həmkarlarıma, beynəlxalq birlik və əməkdaşlığa təşviq edən türk təşkilatlarının rəhbərlərinə, bərabər çalışdığımız səfirlərə böyük sevgi və həvəslə tamamladığımız ortaq işlər üçün təşəkkür etmək istəyirəm.

Fondun mənimlə birlikdə çalışan bütün əməkdaşlarına, ötən ildən etibarən, beynəlxalq tərkib qazanan heyətimə təşəkkür edirəm. Onlar söylədiyim və söyləmədiyim bütün bu işlərdə fədakarcasına əllərindən gələni əsirgəmirdilər və əminəm ki, bundan sonra da belə olacaq.

Mənim babam İlyas Əfəndiyev bir atalar sözünü hərdən təkrar edirdi: "Hər şey vaxta baxsa da, vaxt heç nəyə baxmır!" Mən də bəzən düşünürəm, bu səkkiz il necə gəlib keçdi? Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu yarandığı vaxtdan bu günə kimi keçən illər çətinliklərə, əziyyətlərə baxmayaraq, mənim həyatımın ən işıqlı illərindəndir. Sizdən gizlətmirəm, bu barədə düşünərkən, mən mənəvi rahatlıq hiss edirəm və ən əsası isə, ümumtürk mədəniyyəti ilə, irsi ilə fəxr edirəm. Fəxr edirəm ki, bu mədəniyyət, bu irs milli məhdudiyyətə yox, bəşəri dəyərlərə tuşlanıb. Ümumtürk mədəniyyəti və irsi nə qədər millidirsə, o qədər də bəşəridir. Kiçikliyindən-böyüklüyündən asılı olmayaraq, qədim və zəngin türk mədəniyyətinin və irsinin mahiyyətində bütün xalqlara məhəbbət və sevgi mövcuddur.

Artıq Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna Qazaxıstan nümayəndəsi təyin olunub. O, Qazaxıstan Respublikasının keçmiş mədəniyyət naziri, tanınmış ictimai və dövlət xadimi Aktotı Raimkulovadır. Mən, əlbəttə, ona böyük uğurlar arzu edirəm və inanıram ki, Fond yeni nailiyyətlərə imza atacaq.

Və bu gün geriyə baxarkən, gözəl bir hiss keçirirəm ki, bu səkkiz illik missiyamı yerinə yetirə bildim. Fəxr edirəm ki, 8 il boyunca Türk mədəniyyətini və irsini təbliğ etdim. Türk dünyasını təmsil etdim. Bir azərbaycanlı qadın olaraq, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun, ümumiyyətlə, Beynəlxalq təşkilatın ilk rəhbəri kimi nə etdimsə, sevgi ilə, ürəkdən etdim.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!