C.Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Dram Teatrı deyiləndə, yadıma bir xatirə düşür. İndi bu sətirləri oxuyan oxucunu yaxın, bəlkə də, xeyli uzaq keçmişə aparacam. Yəni ötən əsrin sonlarına. 1996-cı ilin ortaları idi, tələbə yoldaşım xəbər gətirdi ki, aparıcılıq üzrə müsabiqə elan edilib, gedək, özümüzü sınayaq. Gələcəyə, parlaq həyata, işıqlı illərə olan ümidləri indikindən çox fərqlənən iki rəfiqə üz tutduq müsabiqənin keçirildiyi məkana, yəni C.Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Dram Teatrına. Burada məlum oldu ki, müsabiqədə münsif kimi rəhmətlik Oqtay Əliyev də var. Elə teatrın qapısından içəri girəndə Oqtay Əliyevlə Dilarə Əliyevanı nə barədəsə, şirin-şirin söhbətləşən, deyib-gülən gördük. Bilmirəm, o zamanlar onlar ailə qurmuşdular, ya nişanlıydılar, amma çox mehriban və xoşbəxt görünürdülər...
Hörmətli alim, ədəbiyyatşünas Elnarə Akimova mənə İrəvan Dram Teatrı haqqında yazını hazırlamağı tapşıranda, ağlıma, dərhal həmin xoşbəxt mənzərə və Əliyevlər ailəsi düşdü. Xalq artistləri - Vidadi Əliyev və onun həyat yoldaşı Elmira Əliyeva, onların İrəvan həsrəti ilə dünyasını dəyişən övladı, Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev, digər övladı Elçin Əlibəyli və ailənin gəlini, Əməkdar artist Dilarə Əliyevanın haqqında bəhs etdiyim teatr üçün müstəsna xidmətləri olmuş, onlar İrəvan teatrı üçün canlarını, illərini, ömürlərini həsr etmişdilər.
Və məhz bu səbəbdən başqa səmtə istiqamətlənmək istəmirdim. Ancaq bu ilin mart ayında faciəvi şəkildə yol qəzasında dünyasını dəyişən Oqtay Əliyevin itkisi hələ çox təzə idi, yara qaysaq bağlamamışdı. Bu cür situasiyada nə Vidadı müəllimlə, nə Elmira xanımla danışmağa ürək etmirdim. Dilarə xanımla isə bir neçə dəfə ünsiyyətimiz olmuş, müsahibə üçün söhbətləşmişdik. Bu səbəbdən də üz tutduğum və razılıq aldığım ilk insan Dilarə xanım oldu. Gözlədiyim kimi, istəyimi hörmətlə qarşıladı, mənimlə görüşəcəyinə söz verdi.
Beləliklə, vədələşdiyimiz məkana getmək üçün yola düşdüm. Məqsədim Qərbi Azərbaycan həsrəti, tarixi və ümumilikdə, İrəvan Dram Teatrı fonunda əslən İrəvandan olan bir ailənin xatirələrini, sənət eşqini, torpaq, vətən həsrətini təqdim etmək idi. Yolboyu rəhmətlik Oqtay Əliyevin İrəvanla bağlı dediyi sözləri xatırlayıb, ən böyük arzusunu düşünüb empati qurmağa çalışırdım:
“Mən həmişə qaçqınam. Neçə ki, öz torpağıma qayıtmamışam, özümü qaçqın kimi hiss edəcəm. İrəvan mənim babalarımın şəhəridir. Mən indi də ora getsəm, gözüyumulu evimizi taparam, hər yeri tanıyaram. Ora gedə bilməmək məni yandırır. Bizim ev şəhərin mərkəzindəydi. İndi Rusiya kanallarında İrəvanın mərkəzini göstərəndə, öz evimizi görürəm. Görürəm, pis oluram ki, evimizə gedə bilmirəm. Ağrı dağının fonunda son dəfə şəhərin şəklini çəkmişdim. O şəkildə bizim evimiz də var. Həmin fotonu evimdə saxlayıram, telefonumda da gəzdirirəm. Bir dəfə bir erməni ilə yazışırdıq. Mənə dedi ki, siz İrəvan, Zəngəzur deməklə o torpaqlar sizin olmur. Onda mən ona dedim ki, bax, mən irəvanlıyam, İrəvan xanının nəslindənəm. Sən mənə İrəvanda bir dənə qədim erməni abidəsi göstər və yaxud da tarixi bir məkan göstər, mən deyim ki, sən orda yaşayıbsan. Çox istəyirəm ki, İrəvana yenidən qayıdaq. Hər bir irəvanlı üçün bu, həyati məsələdir.”
Ağrı dağı, Ağrı dağı... Kim bilir, Oqtay Əliyev kimi neçə insan sənin şəklini ürəyinin üstündə, həsrətini isə ürəyinin içində gəzdirir?
Dilarə xanımın yanına çatanda, sakit, düşüncəli, bir xeyli də qəmgin şəkildə məni qarşıladı. Oqtay müəllimin vaxtsız itkisinin ağrısı onun bütün vücuduna, simasına, və ruhuna əbədilik çökmüş, özünə yer eləmişdi. Onunla söhbətimiz də elə Oqtay müəllim haqqında başlayır:
- Çox yaxşı, zarafat edən və yaxud da bacaran insanlar, ağrılarını gizlətmək istəyənlərdi. İrəvanla bağlı olan bütün mövzular Oqtay üçün ən ağrılı mövzu idi. O, bu barədə yaşadıqlarının heç yüzdə birini dilə gətirmirdi. Çox möhkəm insan idi, amma onun gözünü yeganə yaşardan İrəvan həsrəti idi. Rusiya kanallarında böyüdüyü məhəlləni göstərəndə, gözü dolur, kövrəlirdi.
- Dilarə xanım, Oqtay müəllimin İrəvana dair ən böyük arzusu nə idi?
- Çox idi arzuları, ancaq ən böyük arzusu heç olmasa, bir anlıq İrəvana, böyüdüyü küçəyə getmək idi. Bu onun üçün o qədər müqqədəs arzu idi ki, telefonunda, evində, iş yerində gözünün qarşısında mütləq Ağrı dağının rəsmini qoyurdu. Onun sinəsində, həqiqətən də, Ağrı dağının özü boyda bir ağrı vardı.
Dilarə xanım susur, baxışları uzaqlara dikilir, gözləri dolur... araya çökən sükut və qəhər məni də kövrəldir.
- Kövrəldiniz...
- Hə... Çünki mən onun bu həsrətinə həmişə kövrəlirdim. İnanırsınız ki, müəyyən qurumlar, cəmiyyətlər İrəvana danışıqlara, görüşlərə gedəndə, mənim ürəyimdən keçirdi ki, görəsən, necə etmək olar ki, Oqtay heç olmasa, bir dəfə həmin nümayəndə heyətinin içərisində İrəvana getsin. Amma bu heç vaxt alınmadı (kövrəlir). Onun bu nakam arzusu, inanın ki, məni yandırıb-yaxır. On səkkiz yaşı olanda ordan çıxmışdı. Onun kefi bir az yaxşı olanda, xoşbəxt anlarımız baş tutanda, o dəqiqə Oqtay İrəvandan danışır, uşaqlıq və gənclik illərini, ordakı evlərini xatırlayırdı və kövrəlirdi.
Dilarə xanımın qəhərlənməsi məni də təsirləndirir. Həm mövzunu dəyişmək, həm də İrəvan teatrı ilə Oqtay Əliyev arasındakı bağlılığı daha dərindən öyrənmək üçün aktrisaya növbəti sualımı ünvanlayıram:
- İrəvan teatrı Oqtay müəllim üçün nə ifadə edirdi?
- İrəvan teatrı Oqtay üçün çox həssas mövzu idi. O da, Elçin də gözlərini İrəvan teatrında açıblar. Teatr onların evi olmuşdu. Səhərləri orda açılır, axşamları orda bitirdi. Tamaşalara, qastrollara valideynləri ilə birgə gedirdilər. Oqtay teatrla nəfəs alır, teatrı, bütün tamaşaları əzbər bilirdi. Özünü anlayan kimi də elə teatrda işləməyə başlamışdı. Mənə elə gəlir ki, Oqtay kimi yaxşı prodüsserlər, iti və düşünən beyinlər, qurucu, yaradıcı insanlar üçün asanlıqla belə bir mühit yaranmır. İrəvan teatrı onun üçün bir münbit mühit idi. Sonradan o, özü elə bir mühitə çevrilməyi bacardı.
Söhbətimiz irəlilədikcə, Dilarə xanım qayınanası Elmira xanımın və qayınatası Vidadi bəyin İrəvandan Bakıya deportasiya olunandan sonra keçdikləri ağır həyat yolundan, teatr üçün göstərdikləri fədakarlıqlardan bəhs edir:
- 1989-cu ildən bəri İrəvan Teatrının Azərbaycanda bərpası uğrunda Vidadi müəllimin, Elmira xanımın çabaları mənim gözümün qarşısında olub. Onlar, demək olar ki, hər gün rəsmi orqanlara müraciətlər edir, saatlarla qapılarda qalırdılar ki, teatrın fəaliyyəti bərpa olunsun. Nəhayətdə, onlar buna nail oldular və teatr paytaxtdakı Sarabski adına Mədəniyyət evində fəaliyyətə başladı. Mən də həmin evə gəlin gələndən sonra teatrda fəaliyyətə başladım. Oqtay mənim əlimdən tutub İrəvan teatrına apardı. Biz o vaxtlar çox gözəl tamaşalar hazırladıq. İrəvan teatrında mənim çox gözəl, parlaq, yaddaqalan rollarım oldu ki, indiyə qədər də tamaşaçılar həmin rolları xatırlayır, hafizəsində saxlayır. Bununla yanaşı, çox məşəqqətli günlərimiz də oldu. Böyük yükü, tərkibi olan teatr bir mədəniyyət evində çox çətinliklə fəaliyyət göstərirdi.
O, danışdıqca, mən İrəvan teatrının tarixən nisgillə dolu olan taleyini xatırlayıram. İrəvanda yad millətin içərisində, burada isə vətən həsrəti ilə yaşayan bir teatr idi İrəvan Dram Teatrı... düşüncələrdən məni Dilarə xanımın səsi ayırır:
- Bilirsiniz, Samirə xanım, mən çox arzu edirəm ki, İrəvan Teatrı nisgildən, qəribçilikdən bir addım irəli gəlsin. Hərdən mənə elə gəlir ki, İrəvan teatrı, sanki gəlib-gedən bir qəribdi (kövrəlir).
-Artıq ikinci dəfədir ki, məhz İrəvan Teatrından söz açılanda kövrəlirsiniz...
- Hə... Otuz ildir bu ailənin içindəyəm. O ailənin və teatrın içində olan bir insan kimi mən onların ağrılarını yaşamışam. Gözəl iş görmək istəyirsən, amma darlıq, çərçivələr, şəraitsizlik buna imkan vermir. Çox arzu edirəm ki, teatrın şəraiti, durumu güclənsin. Teatra dəstək olduğu halda özünü realizə edə bilər. Üzü İrəvandan bu yana, teatr çətinliklərə sinə gərmiş, uğurlarını dişi-dırnağı ilə əldə edən teatrdı. Vidadi müəllimin, Elmira xanımın söhbətlərindən yadımda qalanların fonunda İrəvan teatrı deyəndə, hiss etdiyim ilk şey ağrıdı. Bu baxımdan bu mövzu bizim ailə üçün çox həssas mövzudur. İnanıram ki, bu teatr və onu yaşadanlar üçün əldən nə gəlirsə, onu da edəcəklər. Çünki belə olan halda teatr, sənət və ümumilikdə hamımız uğur qazanacağıq. Dünyanın harasında olur-olsun, bir millətin adını qaldıran, ondan bəhs edən bir şey var, o da mədəniyyətdir!
Dilarə xanımla söhbətimizi bitirəndən sonra Elmira xanımla və Vidadi müəllimlə söhbətləşməyə hazırlaşırdım. Ancaq Elmira xanıma zəng edəndə, o, Vidadi müəllimin, elə özünün də səhhətinin sözəbaxan olmadığını vurğuladı. Vidadi müəllimi narahat etməsəm də, Elmira xanımdan İrəvan Teatrında çalışdığı günlərdən, xatirələrindən danışmasını, gənclik illərini yada salmasını xahiş etdim. Elmira xanım üçün danışmaq, sözün bütün mənalarında, çətin idi. Həm Oqtay bəyin itkisi, həm səhhətindəki problemlər onu narahat edirdi, ancaq elə bu mətn vasitəsi ilə Xalq artistimizə təşəkkür edirik ki, fikirlərini, xatirələrini bizimlə bölüşməyə razılıq verdi:
- Elmira xanım, Vidadi müəllimin və sizin İrəvan teatrının yaşamasında, bu günə qədər gəlib çıxmasında müstəsna xidmətləriniz olub...
- Elədir. Ermənilərin, özü də rayon ermənilərinin yox, şəhərin mərkəzində qatı ermənilərin, xadimlərin, teatrşünasların içərisində Azərbaycan mədəniyyətini, teatrını yüksək səviyyədə saxlamaq çox çətin idi. Bunun nə demək olduğunu, yəqin, özünüz təsəvvür edərsiniz. Onlar bizim şəxsimizə qarşı heç nə edə bilmirdilər.
- Sizə qarşı yəqin ki, təzyiqlər olurdu, xüsusən də, 80-ci illərin sonunda?
- Yalandan deyə bilmərəm ki, bizi vururdular, döyürdülər. Bu, mümkün deyildi. Çünki biz sənət adamı idik və mən öz şəxsimə deyirəm ki, çox qürurlu insanam. Orda kimsə mənə desəydi ki, burda oturma, orda otur, mən ya ölməliydim, ya da çıxıb gəlməliydim. Onlar bizə qarşı pisliyi çox mədəni şəkildə edirdilər. Misalçün, fəxri ad vermirdilər, ev vermirdilər. Deyirdilər, gələn dəfə verəcəyik. Gələn dəfə də siyahıdan kənarda qalırdıq. Və yaxud da o vaxtı Moskvada keçirilən teatr festivalında birinci yer bizim teatra verilsə də, axırda elə elədilər ki, birinci yeri erməni teatrının, ikinci yer bizim oldu. Amma qanunla biz müharibə haqqında hazırladığımız tamaşaya görə birinci elan olunmuşduq. Yəni, bax, belə şeylər çox olurdu. Üzdə guya bizə heç nə etmir, xətrimizə dəymir, amma arxada öz işlərini görürdülər.
- Elmira xanım, tamaşaçılarınız çox olurdu orda?
- Əlbəttə, orda nə qədər azərbaycanlı vardısa, onlar hamısı bizim tamaşaçılarımız idilər. Bizim qastrollarımız da çox olurdu. O vaxtı bütün Göyçə mahalında, Amasiyada və bir çox yerlərdə çıxışlar edirdik. Azərbaycanlılar olan bütün bölgələrə gedirdik, onlar da bizi sevirdilər. Təsəvvür edin ki, tamaşanı bir balaca tez başlayanda, qırğın düşürdü. Deyirdilər, bir az gec başlayın, biz də işdən gəlib baxa bilək. Elə olurdu ki, bir tamaşanı eyni bölgədə beş dəfə oynayırdıq.
Elmira xanımın ifa etdiyi rolların adlarını xatırlamağa çalışıram. Sosial şəbəkələrdə Vidadi müəllimlə tamaşalardan olan şəkilləri gözlərim önünə gəlir... Onun bir az qalın, bir az zəhmli səsi məni fikirdən ayırır:
- Ulu öndərimizə Allah rəhmət eləsin. O vaxtı bizim ən çətin günlərimizdə bizim tamaşalarımıza baxdı, İrəvan teatrına, aktyorlarımıza yiyə durdu, kim layiq idisə, onlara fəxri adlar da verdi.
Elmira İsmayılova İrəvan teatrında işlədiyi dövrdə 170-dən çox rol ifa edib. Vidadi Əliyevin də ifa etdiyi rollar elə təxminən bir o qədər olub. Aktrisa “Cehizsiz qız”, “İki ağanın bir nökəri”, “Axırı xeyir olsun”, “Atayevlər ailəsi”, “Aydın”, “Müsyö Jordan və dərviş Məstəlişah” və daha çoxsaylı səhnə əsərlərində maraqlı, yaddaqalan rollar ifa edib.
- Teatrda çox rollar ifa etmisiniz. Ən çox yadınızda qalan, xatirəyə çevrilə bilən rollarınız hansılar idi?
- Eh, ay qızım, hansını deyim, hansını sayım mən... Bütün rollarım yadımdadır. Biz elə-belə əsərlər oynamırdıq. Şekspirin, Çexovun, Handoninin, Ostrovskinin, Cabbarlının, Makayonokun əsərlərini hazırlayırdıq. Biz zəif teatr deyildik. Köçkünlük dövründə bizim teatr zəiflədi, yer sarıdan əziyyət çəkdi, aktyorlarımızın bir hissəsi köçüb getdi başqa şəhərlərə. Rəhmətlik Ağakişi Kazımov həmişə deyirdi ki, İrəvan teatrı qırlıqda bitmiş böyük palıd ağacıdır. Orda erməni teatrşünaslar bizim teatrın aktyorlarına valeh olurdular.
Taleyin işi idi ki, Elmira xanımın övladları, Oqtay da, Elçin də elə teatrda böyüməli olmuşdular. Valideynlərinin hər ikisinin də işi teatrla bağlı olduğundan, onların məktəbdən sonra getdikləri məkan teatr olurdu. Elmira xanım 78 yaşının astanasından ötən əsrin 70-ci, 80-ci illərinə boylanır:
- Mənim uşaqlarımın hər ikisi İrəvan teatrında böyüdü. Bizim bütün tamaşaları yazıq Oqtay əzbər bilirdi. Çünki onları qoya biləcək yerim yox idi, onlar da məcburiyyətdən gəlib bütün tamaşalarımıza, məşqlərimizə baxırdılar. Hətta iş o həddə çatmışdı ki, Elçin beş yaşı olanda bizim tamaşalarımıza baxıb, bizi tənqid edirdi.
Bu məqamda qocaman aktrisamız Elçin Əlibəyli ilə bağlı maraqlı xatirəsini mənimlə bölüşür:
- Deməli, tamaşalarımızın birində səhnədə xəstə palatası hazırlanıb, iki çarpayı qoyulub və hər iki xəstənin xəstəlik tarixçəsi aktyorlar tərəfindən deyilir. Tamaşa bitəndən sonra Elçin dedi: “Olar, mən bir söz deyim? Axı sizin tamaşada digər xəstə ikinci hissədə gəlir, bəs necə olur ki, tamaşa başlanan kimi, onun da kimliyi bilinir? Həkim hardan bilir ki, növbəti xəstə kim olacaq?” Rejissor başını tutdu ki, bunu hələ uşaq görüb, bəs komissiya gəlib-görsə, necə olardı? Yəni, deməyim odur ki, onlar orda elə böyümüşdülər ki, artıq bizim tamaşalarımızı tənqid edirdilər.
Elmira xanımla danışa-danışa, vikipediyanı açıram. Vidadi Əliyevin bioqrafiyasına nəzər salıram: “Sevil”, “Lənkəran xanın vəziri”, “Solğun çiçəklər”, “Cehizsiz qız”, “Atayevlər ailəsi”, “Arşın mal alan”, “Durnalar qayıdanda” və daha neçə-neçə əsərlərdə baş qəhrəmanları canlandıran aktyorun Elmira xanımla tərəf-müqabili çox olub-olmadığını xəbər alıram. Elmira xanım cavabında deyir:
- Yox, çox tərəf-müqabili olmadıq. Çünki Vidadi müəllim həmişə teatrda qəhrəman rollarını ifa edirdi. Mən isə xarakterik rollar ifa edirdim. Vidadi müəllim bütün teatrın baş rollarını oynayırdı. Onun görkəmi yaxşı idi, cavan görünürdü deyə, bütün cavan qəhrəman rollarına onun fakturası uyğun gəlirdi. Nə bilim, bu da bir həyat idi, ömür idi, yaşadıq, keçdi...
- Amma İrəvan Teatrının da bu gün yaşamasında sizin ailənin zəhməti çox oldu...
- Çox olub, qızım. Biz iki nəfər - Vidadi ilə mən ordan gələndən sonra çox qapılar döydük, çox yerlərə getdik ki, teatr yaşasın. Bizə o dövrdə Qərbi Azərbaycandan gələn qaçqın teatr kimi baxırdılar. Beş il birtəhər teatrı saxladıq, qapılara düşdük, tamaşalarımızın biletlərinin alınması üçün o dövrki təşkilatlardan xahişlər etdik. Ancaq sonralar bizim gücümüz çatmadı. Yəni çox çətinliklərimiz oldu, ta ki, ulu öndər Heydər Əliyev gələnə qədər. O, gəldi və bizim teatra dövlət statusu verdi ki, bu teatr yaşasın. Bunu necə deməmək olar? İrəvan Teatrının yaşamasının səbəbkarı Heydər Əliyev oldu. Allah ona rəhmət eləsin! Yoxsa, bu mədəniyyət ocağı məhv olub gedəcəkdi.
Söhbətləşdi: Samirə Əşrəf
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!