Əlcəzair əsilli fransalı filosof, ədəbiyyat tənqidçisi və dekonstruksiya cərəyanının qurucusu Jak Derrida 15 iyul 1930-cu ildə Əlcəzairdə doğulub. Onun ailəsi Sefard Yəhudisi olub. Uşaqlığı və gəncliyi Əlcəzairdə keçən Derrida 1949-cu ildə Parisə köçüb. Uzun müddət fəlsəfə müəllimi kimi fəaliyyət göstərən yazıçı fəlsəfə professoru olub. 1967-ci ildə ilk üç kitabını nəşr etdirib. 1980-ci ildə ilk fəxri doktor adını alıb və bu müddətə qədər çap olunan 10 kitabını Paris Universitetinə təqdim edərək öz intellektual layihəsini müdafiə edib. Bununla da Dövlət doktoru (doctorat d'?tat) dərəcəsinə layiq görülüb. Derrida ömür boyu çoxlu səyahət edib və həmişə yüksək vəzifələrdə çalışıb. 1983-cü ildə yaradılan Beynəlxalq Fəlsəfə Kollecinin həmtəsisçilərindən biri olub və oranın ilk prezidenti seçilib.
8 may 1985-ci ildə Derrida Amerika İncəsənət və Elmlər Akademiyasının IV Sinif - Humanitar Elmlər, 3-cü Bölmə - Tənqid və Filologiya üzrə Xarici Fəxri Üzvü seçilib. 1986-cı ildə Derrida İrvin Kaliforniya Universitetində Humanitar Elmlər üzrə professor olub və 2004-cü ildə, ölümündən bir qədər əvvələ qədər burada dərs deyib.
Derrida Cons Hopkins Universiteti, Yale Universiteti, Nyu-York Universiteti, Stoni Bruk Universiteti, Sosial Tədqiqatlar üzrə Yeni Məktəb və Avropa Məktəbi də daxil olmaqla bir sıra digər böyük Amerika və Avropa universitetlərində müntəzəm qonaq professor kimi mühazirələr deyib. Kembric Universiteti (1992), Kolumbiya Universiteti, Sosial Tədqiqatlar üzrə Yeni Məktəb, Essex Universiteti, Silezya Universiteti, Koimbra Universiteti, Afina Universiteti və bir çox başqa universitetlər tərəfindən fəxri doktorluq dərəcəsinə layiq görülüb. Derridanın adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.
Üç övladı olan yazıçının Pier Alferi adlı oğlu şair və yazıçı olub.
Derridaya 2002-ci ildə mədəaltı vəzi xərçəngi diaqnozu qoyulub. 9 oktyabr 2004-cü il səhər saatlarında Parisdəki xəstəxanada əməliyyat zamanı vəfat edib.
Yazıçının müsahibəsini təqdim edirik.
- Özünüzü yazıçı hesab edirsiniz?
- Bəzi ehtiyatlı sərhədlər çəkmədən bu suala cavab vermək çətindir. Əgər "yazıçı" dedikdə, sadəcə olaraq, ənənəvi mənada şeir və bədii ədəbiyyat yazan yazıçını nəzərdə tutursunuzsa, mən özümü yazıçı hesab etmirəm. Bu mənada, mən yazıçı deyiləm. Digər tərəfdən, mən yazı prosesinə - formaya, texnikaya və s. - fikir vermədən yazan filosof və ya nəzəriyyəçi də deyiləm. Bu baxımdan mən özümü - ədəbi janrlarda çalışan biri mənasında - nə yazıçı, nə də yazıçılıqla bağlı suallarla maraqlanmayan alim və ya filosof kimi görürəm. Məni yazı qaydası, forması, dili, üslubu, kompozisiyası maraqlandırır. Mən mətn yazarkən - bildiyiniz kimi, müxtəlif janrlı mətnlər yazıram - məsələn, həm formal olaraq üsluba, həm məzmuna, eyni zamanda, performans şəklinə, janra, müəyyən bir janra aid olan bütün xüsusiyyətlərə diqqət yetirirəm. Məni daha çox ənənəvi olaraq "formal" adlandırılan problemlər maraqlandırır. Bu sərhədlər daxilində mən özümü, bir növ, yazıçı hesab edirəm. Digər tərəfdən, məsələn, bədii yazı ilə fəlsəfi yazı arasındakı sərhədlərdən narahatam. Mən yazıçı deyiləm, amma mənim üçün yazmaq ən fundamental performans və ya hərəkətdir. Düşünməyi, öyrətməyi və yazmağı bir-birindən ayrı təsəvvür edə bilmirəm. Məhz buna görə də mən yazı anlayışını dəyişdirməli və genişləndirməli oldum, çünki bu, təkcə "nəyisə kağıza yazmaq"dan ibarət deyildi. Dolayısı ilə sualınızın cavabı "həm bəli, həm də xeyr"dir.
- Əsas "yazı müəllimləriniz" kimlərdi? Təkcə akademik vəzifələrdə olan insanlar olmaq məcburiyyətində deyil; yazı mövzusunda sizə yaxşı məsləhətlər verən və ya öz üslubunuzu yaratmaqda sizə ilham olan insanlar da ola bilər.
- Bu suala veriləcək müxtəlif mümkün cavablar var. Həm orta məktəbdə, həm də kollecdə müəllimlərimdən çox şey öyrənmişəm. Bizdən xüsusi kompozisiyalar hazırlamağımız tələb olunurdu. Bu cür təhsil kifayət qədər çətin və ağır idi, klassik normalara uyğun olaraq çox məşəqqətli idi. Mən bu klassik normalarla təhsil almışam. Bəlkə də, məni oxuyan və normaları pozduğumu və ya onlarla oynadığımı düşünən insanlar - əslində, həqiqətən də, bunu edirəm - ümumiyyətlə, mənim bildiklərimi bilmirlər.
Lakin bütün bunlar son dərəcə klassik, sərt, çətin yazı, "sübutetmə", ritorik intizam sayəsində, eyni zamanda bu intizamla daim əlaqədə olaraq mümkün olub. Hər nə qədər mən özüm bu normalara qarşı azad və ya provokativ olduğumu hiss etsəm də, ya da bəzi oxucularım belə olduğunu düşünsə də, bu klassik təhsil aldığım və ya müəyyən dərəcədə bu klassik təhsilə sadiq olduğum həqiqəti çox böyük əhəmiyyət kəsb edir. Düşünürəm ki, amerikalı oxucularım, məsələn, məni ingiliscə oxuyanda, bu klassik supereqoluluğun ritorik baxımından - istər inandırmaq sənəti, istərsə də, məntiqi sübut baxımından - çox güclü olduğuna diqqət yetirmir və ya diqqət yetirə bilmir. Sərhədlərdən kənaraçıxma sərbəstliyim olanda, bu, həmişə bildiyim və ciddi şəkildə öyrədildiyim standartların hüdudlarında olur. Dolayısı ilə Fransadakı klassik məşqlərim - əziyyətini çəkdiyim bütün o yarışlar - böyük təsir edib. Fransız sistemi bu baxımdan, əvvəllər olduğu kimi dəhşətlidir; sizi daha yaxşı etmək üçün sizə əziyyət verən bəzi yarışlardan keçməli olursunuz. Mən siyasi olaraq bu sistemin əleyhinəyəm və bu sistemlə mübarizə aparıram; yenə də vaxtında bu sistemdən keçməli olmuşam. Digər tərəfdən, bu öz perspektivində mənfi olsa da, yaxşı bir nizam-intizamdır, ondan çox şey öyrəndim. Yazdığım tərzdə bu təcrübənin izi, yəqin ki, var. Dolayısı ilə, ilk növbədə, məktəbdəki müəllimlərim. Amma sonra oxuduğunuz hər şeydən öyrənirsiniz; heyran olduğunuz hər yazıçı və ya filosof, bir növ, yazı müəllimidir. Ona görə də bir çox yazıçılardan öyrənmişəm.
- Xüsusilə bir adam var?
- Xeyr, çünki yazdığım mətndən asılıdır bu. Müxtəlif janrda mətnlər yazıram. Təqlid etdiyimi deyə bilmərəm - bu, heç də doğru olmazdı - amma öz yazı tərzimi, haqqında yazdığım yazarın yazı tərzinə və ya üslubuna uyğunlaşdırmağa çalışıram. Stefan Malarme haqqında yazanda, Blanşot və ya Fransis Ponj haqqında yazdığımdan fərqli yazıram. Bu mimetik davranış deyil; başqasının imzasına münasibətdə öz imzamı yaratmağa çalışıram; buna görə də yazı nümunəsini öyrənirəm. Bu öyrənmək deyil; başqalarına qulaq asmayın və öz üslubunuzu başqasına əsaslanaraq yaratmayın.
- Dediklərinizi bu yazıçılardan "təsirlənmək" kimi təsvir edərdiniz?
- Bu, "təsirlənmə" deyil. Malarme, Blanşot və ya Ponj haqqında yazanda fərqli yazsam da, bu fərq onların təsiri altında olduğum mənasına gəlmir. Amma demək olar ki, özümü onların yaradıcılığına kökləyirəm. Blanşot kimi yazmıram, amma səs tonum dəyişir, hər şey başqa cür səhnələşdirilir; ona görə də buna "təsirlənmə" deyə bilmərəm. Cavab vermək - başqasına cavab vermək. Blanşot fərqli olaraq qalır və mən onun yazdığı kimi yazmıram, dolayısı ilə mənim yazım da fərqli olur. Amma bu fərq cavab verən fərqlilikdir, belə demək mümkünsə, bir-birinə cavab verən fərqlilik.
- Fransa universitetlərində yazı və kompozisiya dərsi verilir?
- Xeyr, Fransada belə dərs yoxdu. Fransızca və ədəbiyyat dərsləriylə yanaşı kompozisiya dərsi də olmalıdır, amma olub-olmadığı haqqında dəqiq məlumatım yoxdur. Məsələn, fransız ədəbiyyatı müəllimi şagirdlərdən səliqəli, düzgün yazmağı tələb edir. Qrammatika və üslubla bağlı qaydalar var. Amma bu qaydalara tam əməl olunmur, - deyə bəzi problemlər ortaya çıxır. Mən buna "savadsızlıq" demək istəmirəm, amma son iyirmi ildə çox böyük dəyişikliklər olub. Normalarımıza hörmət edilmir, məsələn, bizim orfoqrafiya və s. kimi qaydalara göstərdiyimiz həssaslığı uşaqlar və gənclərdə görə bilmirik. Fransada Üçüncü Cümhuriyyət ideologiyası ilə qurulan pedaqogika çox sərt idi və müəllimin ictimai nüfuzu çox böyük idi. Bu da, orfoqrafiya, yazı ilə bağlı etika demək idi, çünki hər pozuntu, hər səhv yazı cinayət sayılırdı. Bu mənim nəslim və məndən əvvəlkilər üçün belə idi. Təbii ki, artıq belə deyil, bu dəyərlərə hörmət itib - tələbələrə və gənc müəllimlərə də. Digər tərəfdən, bu o demək deyil ki, insanlar hər şeyə hörmətini itiriblər; normaları dəyişib. Onlar az intellektli deyillər, amma intellektlərini başqa cür istifadə edirlər. Mənim nəslimin adamları bu dəyişikliyi, normaların yenidən qurulmasını anlamaqda çətinlik çəkirlər. Demək istədiyim odur ki, ayrıca kompozisiya dərsi yoxdur. Hər yerdə kompozisiyanı paralel öyrətmək lazımdır: fransız ədəbiyyatı, tarix və s. dərslərində. İndi hamı düşünür ki, fransız gəncləri intellektli olsalar da, lazım olduğu qədər oxuyub-yazmırlar. Fransada indiki narahatlığın səbəbi də budur...
- Bəzi fransız feministlər iddia edirlər ki, qadınlar "qadın dili" yaratmalıdırlar - bu dil qadınlıq izini daşımalıdır; "falloqosentrik" diskursdan azad olan, bu diskursu pozan və dəyişdirən "yeni, üsyankar" dil. Bu strategiyalar dekonstruksiyaya uyğundur, yoxsa, bir iyerarxiyanı digəri ilə əvəz edir?
- Bəzən olur; qadınların, bəzən də kişilərin bu yazını, öyrənməyi, danışmağı və s. necə həyata keçirdiyinə bağlıdır. Bəzən feminizm falloqosentrizmi başqa bir hegemonluqla əvəz edir. Bütün qadınların bunu etdiyini deyə bilmərəm, amma struktur olaraq belə bir tələ var. Müəyyən məqamda onların mövcud iyerarxiyanı tərsinə çevirməyə cəhd etməsi qaçılmaz ola bilər, lakin onlar bununla kifayətləndikcə, sadəcə olaraq, iyerarxiyanı tərsinə çevirdikdə - eyni sxemi yenidən çəkirlər. Bəzən feminizm özü bunu edir və bilirəm ki, bəzi qadınlar bu vəziyyətdən narazıdırlar.
Hazırladı: Nilufər Hacılı
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!