Naxçıvan Dövlət Universitetinin magistraturasını yenicə bitirib Bakıya gəlmişdim. Azərbaycan Milli Elmər Akademiyasının Geologiya və Geofizika İnstitutunda mühəndis vəzifəsində çalışırdım. Bu azmış kimi, Astrofizika İnstitutundan da elmi iş götürmüşdüm. Elmi işimin adı da nə olsa, yaxşıdır? "Neytron ulduzları fizikasına müasir baxış". Tez-tez Şamaxı Astrofizika Rəsədxanasına gedir, bütün gecəni səmaları müşahidə edirdim. Bəlkə də göylərdə Neytron ulduzu yox, Allahı axtarırdım, bilmirəm. Bircə onu bilirəm ki, ixtisasım ilə ruh halım heç üst-üstə düşmürdü. İllərlə belə yaşadım. Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirdiyim üçün hərdən özümə acığım tuturdu. Artıq səbrimin son həddi idi.
Bir gün yenə də Şamaxı Astrofizika Rəsədxanasında axşam düşən kimi işə başlamış, teleskopumu Allaha tuşlamışdım. Telefonuma nabələd nömrədən zəng gəldi. Hirslə açdım: - Kimdir?
Uzaqdan gələn asta səs məni diksindirdi.
- Musadır, Musa, Musa Yaqub.
İlahi, mənə Musa Yaqub zəng eləmişdi. Ruh halımdakı Musa Yaqub böyüklüyü real kimliyimlə birlikdə gənc bədənimə sığışmırdı. Az qalırdım, həyəcandan ölüm. O boyda Musa Yaqub "Ulduz" jurnalından şeirlərimi oxuyub mənə zəng eləmişdi. Xeyli danışdıq, xoş və məsləhət dolu söhbətdən sonra görüş üçün vədələşdik. Bu olanları yazmaqda iki səbəbim var. Birincisi, Əyyub Qiyasın poetik düşüncəsi ilə Musa Yaqubun poetik düşüncəsinin iç-içəliyi, oxşarlığı və ulğaşıqlığıdır. Bu barədə ətraflı yazacam. İkincisi isə, əgər həmin gün Musa Yaqub mənə zəng etməsəydi, bəlkə də mən bu gün də ruhuma yad olan ixtisasımın arxasındaydım, rəsədxanada işləyir, hələ də göydə Allah axtarır və başa düşmürdüm ki, Allah göydə yox, bizim içimizdədir.
Bu gün Əyyub Qiyasın da gənclərə münasibəti, düşüncələri və məsləhətləri Musa Yaqubun zəngi kimi bir taleyi dəyişdirəcək gücdə və enerjidədir. Ümumiyyətlə, hər şairin poetik düşüncə çevrəsinə daxil olanda həmin çevrənin bütün radiusları eyni olur. Amma şairlərin bir-birinə nisbətən poetik çevrə uzunluqları müxtəlifdir. Bu müxtəliflik içərisində poetik çevrə sahələri üst-üstə düşən şairlər də az deyil. Məsələn, Musa Yaqubla Əyyub Qiyas kimi. İndi bir neçə misal göstərəcəyəm, hər iki şairin yaradıcılığına müraciət edəcəyəm, ikisinin də ayrı-ayrı vaxtlarda yazdığı, həm də bir-birindən xəbərsiz yazdığı şeirləri qeyd edəcəyəm. Görəcəksiniz ki, sanki Musa Yaqubla Əyyub Qiyas bu şeirləri birlikdə yazıblar. Sanki üz-üzə oturub bir-biri ilə şeir dilində söhbət ediblər.
Əyyub Qiyas deyir:
Bu baş bu çiynə yük olub,
Durub bir edam gözləyir.
Baltalar sahib axtarır,
Kəndirlər adam gözləyir.
Musa Yaqub cavab verir:
Yaman gündə sənin, xoş gündə sənin.
Həyat ağacıyam könlündə sənin;
Onu atmaq olmaz, qurutmaq olmaz,
Daha bacarmarsan, özünü yorma.
Bir bahar ömrünü unutmaq olmaz,
Sevdiyin ağaca baltanı vurma.
Nahaqdan könlünü ağrıtma belə,
Köhnə xatirəni ağlatma belə.
Ömür ehtiyacı, gün ehtiyacı,
Mən sənin könlündə həyat ağacı -
Özün də bilmədən ürək, qanınla,
Bütün vücudunla, bütün canınla
Onu ömrün boyu yaşadacaqsan,
Unutmaqmı asan, atmaqımı asan?..
Əyyub Qiyas:
Ömrüm qaranquş yuvası,
Bir daşa bənddir dağıla.
Daş atma, atam balası,
Daş atma, yuvam dağılar.
Mənim payızım gələndə,
Onsuz da, çıxıb gedəcəm.
Sən mənə "getmə" desən də,
Yuvama baxıb gedəcəm.
Musa Yaqub:
O qaranquş yuvası ki, soyuyub,
O göldə ki, qərib durna uyuyub,
Könlüm sənin ümidinə çox uyub,
Apar məni bu ümidin dalınca.
Bu göstərdiyim nümunələri bir neçə dəfə oxusanız, görərsiniz ki, şeirlər, sanki bir şairin ruh halından doğulub. Şeirlərdə söz oxşarlığı və ya heca sayının fərqli olması onların eyni çevrə sahəsində yazılmasını deməyə mane olmur. Burada şairlərin ruh halının hədəfi eynidir. Hər poetik nümunənin müəyyən sayda hədəfi və tərəfi olur. Məsələn, "Yenə o bağ olaydı" misrasının bir tərəfi var və ya "Könlüm keçir Qarabağdan" misrasının bir tərəfi var, o da həsrətdir.
Bu gün Azərbaycan ədəbiyyatının xəritəsini qarşımıza qoyub baxsaq, bütün şairlərin taleyində bir-birinə oxşar detallar tapmaq olar. Bu tale oxşarlığı onların poetik çevrə oxşarlığına həmişə keçə bilmir. Dünya ədəbiyyatında elə şairlər var ki, 40 yaşından sonra başlayıb yazmağa. Amma o şeirlər onun canında, ruhunda olmasaydı, yaza bilməzdi. Hər şairin taleyi onun körpəliyindən başlayır. Düzdür, hansısa məşhur şair bir yaşında şeir yazmayıb. Amma onun körpə təbəssümü elə şeir olub. Məktəbdə hansısa fəndən müəllimə verdiyi cavab, ilk dəfə aşiq olduğu qıza baxışları, bir sabah öz anasına dediyi xoş söz... bunlar hamısı şeir olub. Və sonradan o təbəssüm, o emosiya, o sevgi şeir dilində sözə çevrilə bilib. Bu dünyada elə insan var ki, onun içində nəhəng bir şair yatır, amma o, hiss və duyğularını sözə çevirmir və ya buna cəhd etmir. Bütün bu fikirlər məndə Əyyub Qiyasın poetik çevrəsinə daxil olandan sonra yarandı. Çünki Əyyub Qiyas poeziyasının da tərəf sayı çoxdur. Təbəssüm, sevgi, hörmət, arzu, həsrət və s. insana məxsus olan bütün bu hiss və düşüncələri Əyyub Qiyas mahirlik və ustalıqla sözə çevirə bilib.
Əsir dəli-dəli külək,
Təklikdən üşüyür ürək,
Ay qız, ver əlini görək,
Səni külək aparacaq!
Bir himə bənddi, bir himə,
Hər şeyi salıb tilsimə,
Gəl, bürünək pencəyimə,
Səni külək aparacaq.
Və ya
Yorulduq işdən, əməldən,
Qəbir qazmaqdan yorulduq.
Yatıb yuxular görməkdən,
Durub yozmaqdan yorulduq.
Qatdıq gecəni gündüzə,
Baxdılar, güldülər bizə.
Özümüz öz dərdimizə
Şeir yazmaqdan yorulduq.
Göründüyü kimi, Əyyub Qiyas hər sözünü şeir ilə deyə bilir. Bir şair, həm yazdığı qədərdir, həm də yaza biləcəyi qədər. Yuxarıda dediyim kimi, bir insan şair ola bilər, amma ömrü böyu düşüncələrini poetik dilə çevirməz. Digər tərəfdən, Musa Yaqub, Əyyub Qiyas kimi öz ömrü qədər yazan şairlər də var. Bu mənada, Əyyub Qiyasın yaşı qədər poetik tərəfi də vardır. O, həyatın bütün üzünü, ürəyinin bütün sözünü poeziya dili ilə oxucuya çatdıra bilir. İstər alim olsun, istər mühəndis, istərsə də, şair, hər şeydən öncə, insanlıq gəlir. Yaxşı mühəndis olub yaxşı olmayan bina tikmək də var, yaxşı bina tikmək istəyib bunu bacarmamaq da. Bu mənada, Əyyub Qiyas öz insani keyfiyyətləri ilə bacarıq, zəhmət, hiss və düşüncələrini bir ömürə sığışdıra bildiyi üçün uğurlu şairdir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!