“Yaşlandıqca kəşf etdiyim bir şey var: Mən dünyaya aşiqəm…” - Amerikalı illüstrator yazıçı Moris Bernard Sendakın müsahibəsi

 

Amerikalı yazıçı və uşaq kitablarının illüstratoru Moris Bernard Sendak (Maurice Bernard Sendak) 10 iyun 1928-ci ildə Nyu-Yorkda, Bruklində anadan olub. Yoxsul yəhudi ailəsində dünyaya gələn yazıçı təhsilini yarımçıq qoyaraq işləməyə başlayıb. Onun kitablara olan sevgisi uşaqkən səhhətində problemlər yarandığı üçün yataqda qalmaq məcburiyyətində qalanda başlayıb. O, 12 yaşında ikən Uolt Disneyin "Fantaziya" filminə baxdıqdan sonra illüstrator olmaq qərarına gəlib. Onun ilk illüstrasiyaları 1947-ci ildə "Milyonlar üçün atom" ("Atomics for the Millions") adlı dərslikdə nəşr edilib. O, 1950-ci illərin çoxunu, öz hekayələrini yazmağa başlamazdan əvvəl, başqalarının yazdığı uşaq kitablarına illüstrasiyalar çəkməklə keçirib.

Onun böyük qardaşı Cek Sendak da uşaq kitabları müəllifi olub,1950-ci illərdə onlardan ikisi Moris tərəfindən illüstrasiya edilib. Moris üç uşağın ən kiçiyi olub. O doğulanda bacısı Natali 9, qardaşı Cek 5 yaşında olub.

Yazıçının "Keninin pəncərəsi" ("Kenny's Window") adlı ilk şəkilli kitabı 1956-cı ildə satışa çıxıb. Amma ona dünya şöhrəti qazandıran 1963-cü ildə nəşr olunan "Vəhşi şeylər haradadır" ("Where the Wild Things Are") adlı əsəri olub. Yazıçı bu kitabla "ən yaxşı illüstrasiyalı uşaq kitabı" nominasiyası üzrə Kaldekot (Caldecott) mükafatını qazanıb.

Ateist olan M.Sendakın şərəfinə iki ibtidai məktəb var, biri Şimali Hollivudda, Kaliforniyada yerləşir, digəri Bruklin, Nyu-Yorkda. O, 1984-cü ildə Prinston Universitetinin fəxri doktoru dərəcəsini alıb.

M.Sendak bir çox rəssam, musiqiçi və yazıçıdan ilham alaraq illüstrasiyalar yaradıb. İlk yaddaqalanlardan biri atası Filip Sendakın üzərindəki təsiri olub. Atası oğluna Tövratdan dini ayələri nağılvari şəkildə danışarmış. Bunun uşaqlar üçün uyğun olmadığını başa düşməyən balaca Moris məktəbdə atasının "İncil nağılları"nı təkrar danışdığı üçün dəfələrlə evə göndərilib. Eyni ildə doğulsalar da, Sendak Miki Mausdan da təsirlənib. Onun məşhur fikirlərindən biri belədir: "Mənim Tanrım Herman Melvil, Emili Dikinson, Motsartdır. Mən onlara bütün qəlbimlə inanıram". Motsart haqqındasa, belə deyib: "Mən bilirəm ki, əgər həyatın bir məqsədi varsa, bu mənimçün Motsartı eşitməkdir".

Bruklin Xalq Kitabxanasının 125 illik yubileyi ərəfsində, 16 noyabr 2022-ci ildə kitabxana məlumat yayaraq kolleksiyada ən çox axtarılan, istifadə olunan kitabın Sendakın "Vəhşi şeylər haradadır" kitabı olduğunu bildirib.

Şəxsi həyatı ilə gündəmə gəlməməyə çalışan yazıçı 2008-ci ildə "Nyu-York tayms" jurnalına gey olduğunu etiraf edib. Müəllif 1957-ci ildən 2007-ci ilə qədər yazıçı, tənqidçi və psixoanalitik Dr.Devid Qlinin ölümünə qədər onunla münasibətdə olub.

Yazıçı 8 may 2012-ci ildə Konnektikut ştatının Danberi şəhərindəki evində vəfat edib. Dünyasını dəyişəndə 83 yaşı olan yazıçının cəsədi ölümündən sonra kremasiya edilib.

Yazıçının ölümündən bir neçə ay əvvəl bir radio verilişi üçün alınan qısa müsahibəni təqdim edirik.

 

- Düşünürəm ki, dostların ölümü, qocalması və sonuna yaxınlaşan həyat insanın inancını və ya ateizmini sınayır. Ancaq sizin ateizminiz güclü olaraq qalır.

- Bəli, qocaldığıma görə özümü bədbəxt hiss etmirəm. Baş verməli olanlardan narazılığım da yoxdur. Təkcə məndən əvvəl gedən dostlarımı görəndə ağlayıram... Həyat bomboş görünür. Axirətə inanmasam da, qardaşımı yenidən görəcəyimə böyük ümidlərim var. Bu, yuxu həyatı kimi bir şeydir.

İngiltərədəki bir qadın yazıçıdan, indi adını xatırlamıram, Siril Pauelin (Cyril Powell) bioqrafiyasını oxuyuram. Mən tamamilə onun kimi hiss edirəm, yaradıcı bir insan olaraq gücünü qazanmağa başlayır. Həyatı görməyə... Allaha inanır. Cənnətə inanır. Cəhənnəmə də inanır... Aman Allahım, belə həyat, şübhəsiz ki, yaşamağı çox asanlaşdırardı... Bizim üçün - inanmayanlara - daha çətindir... Amma yaşlandıqca kəşf etdiyim bir şey var. Mən dünyaya aşiqəm və biz indi söhbət edərkən (radio proqramı üçün telefonla danışırlar - tərc.) pəncərəmdən, iş otağımdan bayıra baxıram, ağaclarımı, yüzlərlə yaşı olan gözəl, gözəl ağcaqayın ağaclarımı görürəm... Onlar gözəldir və mən onların necə gözəl olduğunu görürəm, onların nə qədər gözəl olduğunu görməyə vaxt tapıram. Qocalmaq bir nemətdir. Nəsə etmək üçün, kitab oxumaq üçün, musiqi dinləmək üçün vaxt tapmaq bir nemətdir.

Bilirsiniz, mən rasional olmağa çalışmıram, həqiqətən də, bunu etmirəm. Bunların hamısı qaçılmazdır və mənim nəzarətim xaricindədir... İndi minnətdarlıqdan başqa heç bir şeyim yoxdur... Həqiqətən... Həyatımdan narazı deyiləm... Çox ağlayıram... Çünki insanlar üçün darıxıram... Ağlayıram... Çünki insanlar ölür və onları dayandıra bilmirəm... Məni tərk edirlər və mən onları daha çox sevirəm...

Ancaq burda, ətrafımda gənclər var... Oxuyurlar və mənə hər şeyi bilən biri kimi baxırlar... Yazıq uşaqlar...

Aman Allahım, öləndə geridə qoyub getməli olduğum o qədər gözəl şeylər var ki, dünyada... Amma mən hazıram... Hazıram... Hazıram...

İndiyə qədər məndəki məni üzə çıxaran ilk insansınız... Sizdə bənzərsiz və xüsusi bir şey var... Sizdə güvən görürəm...

- Yeni kitab hazırladığınız üçün çox şadam. Bunu eşidəndə sizdən müsahibə almaq istədim. Bunu aldığım üçün şadam. Yaxşı bəhanə oldu... Sizə hər şeyin ən yaxşısını arzu edirəm...

- Başqa kitab yaza biləcəyəmmi, bilmirəm?!... Amma fərqi yoxdur... Mütləq ki, sizdən əvvəl gedəcəyəm və sizin üçün darıxacağam... Məzara gedən yolda ağlayacağam... Sizə bütün yaxşı şeyləri arzulayıram. Həyatınızı yaşayın... Həyatınızı yaşayın... Həyatınızı yaşayın...

 

Hazırladı: Nilufər Hacılı

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!