Nizami CƏFƏROV
Mən Universitetin filologiya fakültəsinə daxil olanda Firidun Hüseynov həmin fakültənin dekanı idi. Onun bizə tələbə biletini təqdim etdiyi həyəcanlı dəqiqələr indiyə qədər yadımdadır. Və o da yadımdadır ki, gərgin imtahan günlərindən sonra biz - birinci kurs tələbələri özümüzü dünyanın ən xoşbəxt insanları hiss edərək, hərəkətlərimizdə bir az yuxarıdan getsək də, Firidun müəllim tamamilə sakit idi, illərlə həsrətində olduğumuz tələbə biletini bizə elə laqeyd verirdi ki, sanki onu xoşlamadığı bir işə vadar eləmişdilər... Bir-iki il keçdikdən, biz təhsilə başladıqdan (və dekanımızın xarakterinə bələd olduqdan!) sonra anladım ki, Firidun müəllim heç də laqeyd adam deyilmiş, sadəcə, təntənəni sevmirmiş. O zaman çox dəbdə olan iclaslarda, məşhur qəhrəmanlarını formalaşdırmış intriqalarda da dekanımız, demək olar ki, iştirak etmirdi. Ordan-burdan eşidirdik ki, Firidun müəllimi bu və ya digər oyunlara, qrup mənafelərinin müdafiəsinə cəlb etmək istəyirlər, onu məcbur edirlər ki, özünün epik həqiqətlərini kimlərinsə şıltaqlıqlarına qurban versin. Və onu da hiss edirdi ki, işbaz adamlar təmkinli, gözütox dekanın nüfuzu arxasında gizlənərək öz mənafeləri üçün çalışırlar... Fitri ağıla, zəngin həyat təcrübəsinə malik olan Firidun Hüseynov, heç şübhəsiz, bunları yaxşı görürdü, ancaq bir qayda olaraq, görməməzliyə vurur, intriqaların fövqündə dayanmaq, "dostlar"dan yuxarıda durmaq istəyirdi. Və bunu bacarırdı... Ancaq yəqin ki, bunun üçün də öz daxili ilə döyüşməli, əsəblərinə, içindən gələn tamamilə təbii etirazlara qalib gəlməli, özünü təmkinli aparmağa məcbur etməli olurdu.
Professor Firidun Hüseynovun hər cür təntənədən, dəbdəbələrdən uzaq həyat tərzi onun yalnız müəllimliyinə, dekanlığına, kafedra müdirliyinə deyil, elmi yaradıcılığına da həlledici təsir göstərmişdi. "Adi əhvalatlarda böyük həqiqətlər" axtarıb tapmağa, damlanın sükunətində dənizin təlatümünü görməyə cəhd edən bu insan müdrik idi. Ona görə də gözqamaşdırıcı perspektivlər arxasınca (buna ətrafındakılardan daha çox imkanı olsa da!) getmirdi. Və biz tələbələr görürdük ki, Firidun Hüseynov öz böyük müəllimi, təbiətən mütəfəkkir olan Mir Cəlalı nə qədər yüksək tutur, onun yaradıcılıq yolunu nə qədər məmnunluqla davam etdirir. Yadımdadır, bir dəfə Firidun müəllim dedi ki, Azərbaycan ədəbiyyatı tarixindən, ədəbiyyatşünaslıqdan mühazirə deyən müəllimlərin sayı get-gedə artır. Onlar özlərinin bilikli olduqlarını göstərmək üçün dərsi çox təmtəraqlı danışır, auditoriyada gur-gur guruldayırlar. Ancaq Mir Cəlal müəllimin asta səslə dediyi bir cümlə onların bütöv mühazirələrinə dəyər.
Firidun Hüseynov tələbələrin qayğısına elə qalırdı ki, onu hiss etmirdin... Birinci kursu bitirib Jdanov (indiki Beyləqan) rayonuna işləməyə getmişdik. Tələbə inşaat dəstələrinin dəbdə olan dövrü idi. Nə isə bir balaca şuluqluq oldu. Elə bir şey deyildi ki, böyüdüb problemə çevirəsən. Ancaq böyütdülər. Və onda ayıldıq ki, bizi Universitetdan qovmaq barədə söz-söhbət gedir. Mənim adım da başda çəkilirdi... Bir-iki gündən sonra qurbağa gölünə, sanki bir yekə daş atdılar. Daha bizi itirib-axtaran olmadı... Çox keçməmişdi ki, təsadüfən dəhlizdə dekanla üzbəüz gəldim. Yavaşca aradan çıxmaq istəyəndə yanına çağırıb klassik müəllimlər sayağı, astaca qolumdan tutdu. Dəhliz boyu yeriməyə başladıq. Və görünür, deyəcəyi sözlərin ağır-yüngüllüyünü seçdiyindən bir xeyli dinmədi. Əslində mənə də imkan verdi ki, adət eləmədiyim söhbət şəraitinə bir az uyğunlaşım. Nəhayət, özünəməxsus təmkinlə: "İşlər necədi?" dedi. Doğrudur, dekanın isti münasibətindən elə əvvəlcədən duymuşdum ki, söhbət sərt olmayacaq, lakin bu qədər yumşaq olacağını da gözləmirdim. Lap uzaqdan başladım: "Firidun müəllim, mənim elə bir günahım yox idi. Hamımız qərara gəlmişdik ki, işləməkdən imtina edək. Çünki bizə yuxarıdan aşağı baxırdılar. İstədik ki, özümüzü saydıraq. Ara qarışdı..."
Firidun müəllimə tərəf baxdım ki, görüm, sözlərim ona necə təsir edir. Və çox yaxşı ki, baxdım... Mənim özümü təmizə çıxarmaq üçün dediyim bu sözlərə dekan qətiyyən qulaq asmırdı, yanımızdan keçən müəllimlərə, tələbələrə başı ilə salam verib, salam alırdı. Susdum...
Beş-altı addım da atandan sonra, astaca sağollaşıb getdi. Handan-hana özümə gəlib istədim ki, arxasınca qaçıb təşəkkür edəm, bizi xilas elədiyi üçün minnətdarlığımı bildirəm; ancaq bu mötəbər insanın mənim təşəkkürümə, minnətdarlığıma heç bir ehtiyacı olmadığını düşünüb geri qayıtdım. Və günlərlə həmin görüşün ilıq təəssüratı altında yaşadım.
Firidun Hüseynovun dünyadan nə qədər erkən getdiyini mən çox sonralar, onun tərcümeyi-halını bir daha nəzərdən keçirərkən bütün ağrı-acısı ilə anladım. Sən demə, tələbə olduğumuz illərdə bizə Mirzə Cəlil, Sabir, Firidun bəy Köçərli yaşda (və müdriklikdə!) görünən hörmətli müəllimimiz qırx yaşlarında imiş.
Noyabr, 2008
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!