Yerin görünür - Təhsin Mütəllimov Firidun Hüseynov haqqında yazır

 

Ədəbiyyatşünaslıq tədqiqatlarında mövzunun xarakterinin, mahiyyətinin müəllifin ideallar dünyasına, hətta fərdi xarakterinə yaxınlığı, uyğunluğu da çox əhəmiyyətlidir. Lirik və satirik əsərlərin tədqiqi, təqdimi bu cəhətdən daha böyük estetik yaşantı və psixoloji sərrastlıq tələb edir... Görkəmli ədiblərin yaradıcılığında fərdi xarakterlərinin təzahürləri olduğu kimi kamil ədəbiyyatşünaslıq əsərlərində də müəllifin ideallar dünyasından, vətəndaşlıq əzmindən xəbər tutmaq olur.

Həyatını fədakarlıqla elmə, təhsilə həsr etmiş unudulmaz dostumuz filologiya elmləri doktoru, professor Firidun Hüseynovun elmi yadigarları buna gözəl nümunədir.

Adi söhbətlərində belə əsas mətləbini, münasibətini sakit və sərrast kinayədə, eyhamda demək Firidun müəllim üçün səciyyəvi idi. Çox vaxt özü zahirən ciddi görünürdü, amma gizli kinayəsini də "əsirgəmirdi". Zahiri ciddilik ilə məzmundakı kinayə, eyham daha effektli olurdu... Təsadüfi deyil ki, əsas tədqiqatları Mollanəsrəddinçilərə aid idi. Namizədlik dissertasiyasını görkəmli satirik şairimiz Əli Nəzminin yaradıcılığına, doktorluğunu isə dahi C.Məmmədquluzadənin nəsrinə həsr etmişdir.

Firidun müəllim elmi-pedaqoji fəaliyyətində də, dostluqda da çox ciddi və iradəli idi. Filologiya fakültəsinin dekanı olanda da, kafedramızın müdiri kimi də və xüsusilə qəbul imtahanlarında da son dərəcədə məsuliyyətli və prinsipial idi. Ən yaxın dostu isə kafedramızda yeri görünən səmimi şəxsiyyət olan professor İnayət Bəktaşi idi. Bir qrupda oxumuşdular, axıradək də etibarlı dost oldular.

Firidun müəllim lap uşaqlıqdan həyatın ağır sınaqlarını görmüşdü. Bəlkə elə buna görə də heç kəsin himayəsinə sığınmadan əzmkar, halal zəhməti ilə görkəmli alim və müəllim oldu, gözəl, halal bir ailə qurdu. Balaları da ata ocağının halallığını, ucalığını bu gün də ləyaqətlə yaşadırlar.

Firidun müəllimin yəqin ki, ən böyük "əsəri" olan qızı Jalə xanım kafedramızın dosenti kimi elmi-pedaqoji fəaliyyətini uğurla davam edir.

Firidun müəllimin əsərləri isə onun elmi irsinin davamı kimi tələbələrin vacib məsləhətçisidir.

"Molla Nəsrəddin" ədəbi məktəbi Firidun müəllimin elmi fəaliyyətinin əsas obyektidir. Mürəkkəb, təzadlı ömür yaşamış görkəmli satirik Əli Nəzmi yaradıcılığına aid ən nüfuzlu mənbə də, şübhəsiz ki, Firidun müəllimin tədqiqatlarıdır. Müxtəlif ictimai-siyasi zəmanələr mühitində təzadlı yaradıcılıq yaşamış Ə.Nəzminin çoxjanrlı əsərlərindəki satirik mətləblərin məzmun və forma, dünyagörüş və istedad müstəviliklərindəki təhlilləri tam əsaslıdır, mükəmməl nəzəri nəticələrdir.

Bu gün də Ə.Nəzmi yaradıclığının əsas elmi mənbəyi məhz Firidun müəllimin tədqiqatlarıdır. Onun "Əli Nəzmi" monoqrafiyası bu talesiz sənətkarın yaradıcılığına aid yeganə nüfuzlu mənbə və təsəllidir.

Firidun müəllim Əli Nəzmi yaradıcılığı əsasında "Molla Nəsrəddin" ədəbi məktəbinin səciyyəvi cəhətləri barədə orijinal nəzəri fikirlər də söyləmişdir. Əli Nəzminin müxtəlif zəmanələr və siyasətlər meydanındakı coşğun fəaliyyəti, gülüşünün ictimai və estetik xarakteri barədə dəqiq və müfəssəl təhlillər aparılmışdır. Şairin satirik üslubu, əsərlərinin siyasi-bədii kəsəri, orijinallığı, hətta əlyazmaları barədə mükəmməl filoloji təhlil diqqəti cəlb edir. Haqlı olaraq bütün tədqiqat Ə.Nəzmi və zəmanəsi kontekstində aparılmışdır. Ədibin realizminin, xüsusən satirasının özəllikləri dəqiq şərhini tapmışdır. Ə.Nəzmi əsərlərindəki kinayə, istehza və məsxərədən istifadə üsulları, felyetonlarının kompozisiya orijinallığı nəzərə çatdırılmışdır. Yaxşı cəhətdir ki, ədibin yaradıcılığına M.Ə.Sabirin təsiri və Ə.Nəzmi orijinallığı müqayisəsi də aparılmış, fərdi, fərqli cəhətlər dəqiqləşdirilmişdir.

C.Məmmədquluzadə yaradıcılığı  hər tədqiqatçı üçün ciddi imtahandır. C.Məmmədquluzadə nəsri də Firidun müəllim tərəfindən yeni "traktovkada" tədqiq olunmuşdur. Firidun müəllim bu əsərində də tarix, ictimai mühit, dünyagörüş və bədii yaradıcılıq prosesi, poetika problemləri ardıcıllığı ilə gedərək orijinal nəticələr söyləmişdir.

Firidun müəllimin nəzəri təhlilləri əsaslıdır, məntiqlidir. O, Mirzə Cəlil gülüşünü daima Mirzə Cəlil dərdi kimi şərh edə bilir. Oxucunu əsərin məhz yaranma, yazılma prosesinə, tarixinə apara bilir, müəllifin həmdərdinə çevirir...

Bu cəhətdən onun "Adi əhvalatlarda böyük həqiqətlər", "Molla Nəsrəddin və mollanəsrəddinçilər" kitabları çox maraqlıdır. Birinci kitabda C.Məmmədquluzadə nəsrinin ideya-bədii özünəməxsusluğu əsas mövzudur. İkincidə isə C.Məmmədquluzadə başda olmaqla Mollanəsrəddin ədəbi məktəbinin ideya-bədii xarakteri, görkəmli mollanəsrəddinçilərin fərqli, orijinal yaradıcılıq poetikası, xüsusilə kinayələrinin məcazi mahiyyəti, quruluşu və xarakteri, ən başlıcası C.Məmmədquluzadə gülüşünün əsl tragik mahiyyəti və xarakteri ifşa və ittiham üslubunun böyük cazibəsi, tarixi və milli koloriti, konkret detallarla zəmanə əlamətlərinin nəzərə çatdırılması, əsaslı poetik təhlillər diqqəti cəlb edir. M.Ə.Sabir, Ə.Haqverdiyev, Ə.Nəzmi, M.S.Ordubadi, Ə.Qəmküsar və başqa sənətkarların da fərdi yaradıcılıq üslubu dəqiq şərhini tapmışdır. Hər bir sənətkarın dünyagörüşündəki səciyyəvilik, poetik ustalığındakı orijinallıq, xüsusilə realizmindəki səciyyəviliklər göstərilir, ümumi siyasi-ictimai platformada, şəraitdə satirik hünərinin mahiyyəti nəzərə çatdırılır.

Firidunun yüksək müəllimlik mədəniyyəti var idi. O, Bakı Dövlət Universitetinin müəllimi olmağın məsuliyyətini və şərəfini qiymətləndirməyi bacarırdı və ömrü boyu pedaqoji missiyasına sədaqətli oldu!

Bu fani dünyada ən böyük və sarcıdıcı itki əvəzsizlikdir! Dostun, həmkarın əvəzsizliyi onlardan sonra yaranan boşluqda daha aydın bilinir.

Kafedramızda Firidun müəllimin də yoxluğu getdikcə daha çox nəzərə çarpır.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!