"Ulu öndər "mehriban düşmənlər"i barışdırdı" - Yazıçı Hidayətlə müsahibə

 

Bu il dünyaşöhrətli şair Rəsul Həmzətovun anadan olmasının 100 illiyi tamam olur. Dünyanın bir çox ölkələrində şairin yubileyinə həsr olunmuş silsilə tədbirlər həyata keçirilir. Rəsul Həmzətov 1997-ci ildə Azərbaycanın böyük şairi Səməd Vurğunun 90 illiyi ilə əlaqadar keçirilən tədbirdə iştirak etmək üçün Bakıya gəlmişdi. Dünya şöhrətli şairin Bakıya bu  səfərinin maraqlı tarixçəsi, məqamları var.

Onun gəlişi Ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə baş tutmuşdu. Bu tarixçəni bizə həmin dövrdə Azərbaycan Respublikası Milli siyasət məsələri üzrə Dövlət müşaviri vəzifəsində çalışmış görkəmli yazıçı, Əməkdar İncəsənət Xadimi Hidayət danışır.

 

- Hidayət müəllim, Rəsul Həmzətovun Bakıya gəlişi prosesində siz yaxından iştirak etmisiniz. O günləri necə xatırlayırsınız?

- 1997-ci il idi. Mən o zaman Azərbaycan Respublikası Milli siyasət məsələri üzrə Dövlət müşaviri vəzifəsində çalışırdım. Bir gün məşğul olduğum sahə ilə bağlı Ulu Öndərə növbəti məruzə edirdim. Məruzəmi bitirdim, o mənə  tapşırıqlarını verdi və mən icazə alıb qalxmağa hazırlaşanda əliylə işarə etdi ki, əyləşim. Sonra dedi: "Səməd Vurğunun yubileyinə  Rəsul Həmzətovu gətirin". Demədi ki, dəvət edin, "gətirin" dedi. "Aydındır, Cənab Prezident" - dedim. Mən düşüncələr içində öz iş otağıma gəldim, ağır fikirlər məni başına götürdü. Onu Bakıya necə gətirəcəkdim?! Bilirsiniz ki, 1988-ci ildə  Qarabağda məlum hadisələr başlayanda Rəsul Həmzətov SSRİ Ali Soveti Rəyasət Heyətinin iclasında həqiqətlərdən tamam uzaq olan çıxış etmişdi. Bu da ölkəmizdə ona qarşı münasibətin tamam dəyişməsinə səbəb olmuşdu. Nəticədə arada çox soyuqluq yaranmışdı. Mənfi münasibət o yerə çatmışdı ki, Azərbaycandan minlərlə oxucu onun kitablarını Moskvadakı, Mahaçqaladakı evinə, Dağıstan Yazıçılar İttifaqına göndərirdilər. Ona qədər Rəsul Həmzətovu Azərbaycanda çox sevirdilər. Azərbaycan onun ikinci evi idi. Əsərləri sovetlər ölkəsində kütləvi tirajlarla nəşr olunurdu. Amma ən çox çap olunduğu ölkə Azərbaycan idi. Bir daha vurğulayıram ki, Azərbaycanda onu hədsiz dərəcədə çox sevirdilər. Rəsul Həmzətovun demək olar ki, bütün əsərləri bizim dilə tərcümə olunub. Vaxtilə gəncliyində Səməd Vurğun ona çox böyük diqqət və qayğı göstərmişdi. Nəbi Xəzri, Tofiq Bayram, Vilayət Rüstəmzadə və digər şairlərimiz onun əsərlərini bizim dilə çevirirdi və Rəsulla onların arasında sıx dostluq münasibətləri vardı.

Erməni irticası başlayanda, bayaq dediyim kimi, SSRİ Ali Soveti Rəyasət Heyətinin M. Qorbaçovun sədrliyi ilə keçirilən iclasında Rəsul Həmzətov Azərbaycanı təslimçi barışığa səsləyən bir çıxş elədi. Bu da ona münasibəti kökündən dəyişdi. Onu da deyim ki, o vaxt mən onun Azərbaycandakı dostlarına, Nəbi Xəzriyə, Vilayət Rüstəmzadəyə irad tutmuşdum ki, bəs siz dostunuza Azərbaycan həqiqətlərini çatdırmayıbsınızmı?

Mən hələ gənclik illərindən onun poeziyasını çox sevmişəm. Xatırlayıram, onun "Mən yüz qıza vurğunam" adlı bir şeiri var. Sevdiyi qızı bir dəfə bulaq başında görür, bir dəfə dərsə gedəndə, bir dəfə ictimai nəqliyyatda və sair. Bu "yüz qız" əslində bir qızdır. O şeiri çox sevirdim, o şeirdən təsirlənərək bir şeir də mən yazmışdım və ona ithaf etmişdim. İki misrasını deyim:

 

n z z sevirəm, nintək z z,

Adı, familləri eynidir yalnız.

 

O illərdə başqa bir şeirimdə ("Bir şairə") o, xatırlanır:

 

Özün nə yazıbsan, bilinmir hələ,

Hər kim nə yazırsa, ona tənəsən.

Gedib çatmasa da bir misran elə,

Əmma çıxarmağa bircə dənəsən.

 

Bəlkə ağ yalandır öz həyatın da,

Bəlkə laylalar da nahaq deyilib.

Bəlkə elə Lenin mükafatı da

Rəsul Həmzətova səhvən verilib?

 

İncimə, bir az da vaxtını alsam,

Bu sözü həmişə yada salarsan.

Mən hansı tarixdə kosmonavt olsam

Sən elə həmin gün şair olarsan.

Ümumiyyətlə, mən Rəsul Həmzətovun demək olar ki, bütün əsərlərini oxumuşam. "Mənim Dağıstanım" əsərindəki o bənzərsiz təsvirlər, fikirlər hələ də gözümün qabağında, qəlbimdədır. O əsərdə elə hissələr var ki, mən onları dönə-dönə oxumuşam. Məsələ burasındadır ki, onun yaradıcılığına dərindən bələd olsam da biz heç vaxt görüşməmişdik və onun məlum çıxışı məndə dərin məyusluq hissi yaratmışdı. 

İçimdə bir narahaqlıq vardı. Mən onu necə gətirə bilərdim? Onun gəlişi böyük hadisəyə çevriləcəkdi. Hansısa xoşagəlməz bir prosesin baş verməsini istəmirdim. Bunun üçün son dərəcə ehtiyatlı olmalı idim.

İş günün sonu idi. Oturub xeyli düşündüm və nəhayət, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarı dəvət elədim. Məsələni ona açdım, əmin idim ki, onlar bir-birlərini tanıyırlar.  Anardan xahiş etdim ki, Həmzətova zəng vurub, onu yubileyə dəvət etsin. Elə mənim kabinetimdən Mahaçqalaya zəng çaldıq, Anar onunla danışdı. Rəsul Həmzətov dərhal təbrik teleqramını hara göndərəcəyini soruşdu. Yazıçılar Birliyinə? Bu o demək idi ki, onun Bakıya gəlmək fikri yoxdu. Anar müəllim dedi ki, Siz çoxdandır Bakıda olmamısınız, gəlsəydiniz yaxşı olardı. Rəsul Həmzətov xəstə olduğunu deyərək Mahaçqaladan çıxmadığını söylədi. Bununla da söhbət bitdi. Amma Anar ona bildirdi ki, onun dəvət olunması məsələsi ilə Dövlət müşaviri Hidayət Orucov məşğul olur, o, sizinlə əlaqə saxlayacaq. O, tanınmış şairdir. Rəsul Həmzətov dedi ki, bilirəm, Dağıstanda onu yaxşı tanıyırlar. O vaxtlar mən işimlə əlaqədar olaraq tez-tez Dağıstana səfərlər edirdim və görünür, Rəsul Həmzətov da bundan xəbərdar idi. Beləliklə,  Anar kimi görkəmli bir yazıçının zəngi yerinə düşdü. Və bizim münasibətlərimiz üçün gözəl başlanğıc oldu.

Bir az irəli gedib deyim ki, həmin vaxt bir erməni Rəsul Həmzətov Fondu adından Qarabağ məsələsinin müzakirəyə çıxarılması təşəbbüsü ilə çıxış eləmişdi. Sonra mən Bakıda bu məsələni ona xatırlatdım, dedi mənim bu işdən xəbərim yoxdur, qayıdan kimi həmin adamları dərhal Fonddan kənarlaşdıracağam.

Dağıstanda çoxları Qarabağ konfliktinin mahiyyəti ilə bağlı o qədər də məlumatlı deyildilər. Belə bir gərgin situasiyada Rəsul Həmzətovun Bakıya dəvət edilməsi məsuliyyətli bir məsələ idi. Anar müəllimin zəngindən sonra yol açıldı. Amma bu səfərin təşkili məsələləri ilə ciddi məşğul olmaq lazım idi. Səməd Vurğunun yubileyinin vaxtına təxminən, iyirmi gün qalırdı. Mənim Dağıstana telefon zənglərim başladı. Rəsul Həmzətovun özüylə, dostlarım -  Dağıstanın Mədəniyyət naziri ilə, Milli Siyasət naziri ilə, Təhsil naziri ilə, Baş Nazirin müavini ilə, Baş nazirlə, hətta Səhiyyə naziri ilə  telefon danışıqlarım oldu.

- Hidayət müəllim, siz Rəsul Həmzətovun özünə zəng edib onu Bakıya dəvət edəndə reaksiyası necə oldu?

- Dedi ki, xəstəyəm, müalicə olunuram. Mən hiss etdim ki, o, qətiyyən gəlmək istəmir. Təbii, xəcalət hissi onun gəlməyinə imkan vermirdi. Özünü bu xalqın qarşısında günahkar hesab edirdi. Mən məcbur olub Dağıstanın Dövlət Şurasının sədri Məhəmmədəli Məhəmmədova (Prezident statusunda idi) zəng vurdum. O, məni tanıyırdı, onunla işgüzar münasibətlərimiz var idi. Onu da məsələdən agah elədim. Uzun sözün qısası, Rəsul Həmzətovu Bakıya gəlməyə razı sala bildik. Sonuncu dəfə telefonla danışanda Rəsul Həmzətov dedi ki, Patimatın sizə sözü var. Yeri gəlmişkən, deyim ki, Patimat xanım Rəsul Həmzətovun həyat yoldaşı idi və olduqca ləyaqətli, ziyalı bir xanım idi. Dağıstanda İncəsənət Muzeyinin rəhbəri idi. Patimat xanım telefonda mənə dedi ki, Hidayət müəllim, biz istəyirik ki, bəlkə də Bakıda otelə yerləşməzdən əvvəl Nəbi Xəzrigilə gedək. Ona Gülarə xanımın vəfatı ilə bağlı başsağlığı vermək istəyirik. Gülarə xanım doqquz il idi ki, dünyasını dəyişmişdi. O vaxtdan Nəbi müəllimin ailəsi ilə əlaqələri olmamışdı, bu səbəbdən köhnə dostuna baş çəkmək, dərdinə şərik olmaq istəyirdilər. Mən Nəbi Xəzriyə bu barədə məlumat verdim. Bilirsiniz ki, hələ 1989-cu ildə Rəsul Həmzətovun Nəbi Xəzriyə yazdığı məktub "Literaturnaya qazeta"da çap olunmuşdu. Məktubun canı bu idi: "Ali Sovetdəki çıxışımda mən nə demişdim ki?" Onun yazısına Nəbi Xəzri çox kəskin bir cavab yazmışdı. Rəsul Həmzətovdan fərqli olaraq Nəbi Xəzrinin yazdığı məktuba "Literaturnaya qazeta"da yer "tapılmadı". O yazı Azərbaycan mətbuatında çap olundu. O vaxtdan bu iki dost arasında inciklik yaranmışdı. Sözün açığı, Nəbi müəllimə telefonda Patimat xanımın xahişini çatdıranda o, bunu çox soyuq və sərt qarşıladı. Mən Nəbi müəllimlə də bu mövzuda işləməli oldum. Sonra bu məsələ də öz həllini tapdı. Onların gəlməyinə iki gün qalmış Nəbi müəllim özü mənə zəng elədi ki, bəs onlar nə vaxt gələcəklər? Dedim iki gündən sonra Bakıdadırlar.

Mən hələ də narahat idim, ona görə onlar gələn gün Rəsul Həmzətovun evinə zəng vurdum, telefonu qulluqçu götürdü. Rəsul Həmzətovu soruşdum, qulluqçu dedi ki, onlar çıxıblar, getdilər. Soruşdum ki, hara? Dedi ki, deyəsən Bakıya getdilər. Mən öncə Dərbənd rayonunun başçısı Qurban Qurbanovla danışmışdım və demişdim ki, Rəsul Həmzətov Bakıya gəlir. Onu qarşılayıb sərhədə qədər yola salın. Qusarın İcra başçısı İkram Əmirovla Xaçmazın İcra başçısı Rafiq Niftəliyevi bu barədə xəbərdar etmişdim. Qonaq yüksək səviyyədə qarşılandı. Samurdan Bakıya qədər Yol Polisi maşınlarının müşayiəti ilə Bakıya gəldi. Rəsul Həmzətov gümrah görünürdü. Onlar Prezidentin qonaq evində yerləşəndən dərhal sonra Nəbi Xəzrigilə getdik.

- Nəbi müəllim köhnə dostunu necə qarşıladı?

- Çox yaxşı. Heç nə olmamış kimi mehriban görüşdülər. Şam yeməyi üç saata qədər çəkdi. Nə Nəbi müəllim, nə də Rəsul Həmzətov Patimat xanıma bir kəlmə köhnə əhvalat barədə danışmadılar. Növbəti gün görkəmli dövlət xadimi Əziz Əliyevin məzarını ziyarət etdilər. Rəsul Həmzətovun formalaşmasında, keçmiş sovetlər birliyində tanınmasında Əziz Əliyevin çox böyük xidmətləri olub. Bilirsiniz ki, Əziz Əliyev Böyük Vətən müharibəsi dövründə Dağıstan Vilayət Partiya Kömitəsinin birinci katibi olub və Dağıstanı sözün əsl mənasında işğaldan xilas edib. Eyni zamanda Rəsul Həmzətovun atası Həmzət Sadasanın da həyatında həlledici rol oynayıb. Əziz Əliyev Rəsul Həmzətovu Şada aulundan gətirərək Mahaçqalada, özünün yaşadığı binada ev vermişdi və gənc Rəsulu Moskvada M. Qorki adına Ədəbiyyat İnstitutuna oxumağa göndərmişdi. Bu mənada Rəsul Həmzətov Əziz Əliyevin məzarını ziyarət etməyi özünün mənəvi borcu sayırdı.  Səməd Vurğunun məzarını ziyarət etdik. Sonra Səməd Vurğunun ev muzeyində olduq. Mən ora xeyli sayda jurnalistlər dəvət etmişdim. Orda jurnalistlər onu əhatəyə aldılar. Qarabağ məsələsində tutduğu səhv mövqeyi ilə bağlı da sərt suallar verdilər. Rəsul Həmzətov orada etiraf elədi ki, mən o zaman bəzi məsələlərdən xəbərsiz olmuşam. Onu da dedi ki, o vaxtlar mənim ətrafımı yalanlar bürümüşdü. Jurnalistlər bu cavabı mətbuatda yazdılar.

O, Heydər Əliyev Sarayında Səməd Vurğunun 90 illiyində çıxış etdi. Mən çox narahatlıqla bu çıxışı dinləyirdim. Fikirləşirdim ki, görəsən məlum hadisələri yada salacaq? Rəsul Həmzətov bu barədə çoxmənalı dedi, Səməd Vurğun haqqında bu fikirləri səsləndirdi: "Bəziləri torpaqları qəsb etməyi sevirlər. Amma torpaqları yox, ürəkləri fəth etmək gərəkdir. Səməd Vurğun ürəkləri fəth etdi, o bizim qəlbimizdə əbədi yaşayacaqdır".

Ulu Öndərimiz Heydər Əliyev Rəsul Həmzətovu xanımı ilə birlikdə qəbul etdi. O görüşdə yalnız mən iştirak edirdim. Çox səmimi söhbət oldu, Azərbaycanla Dağıstan arasındakı münasibətlərdən, Rəsul Həmzətovun sovet dövründə Azərbaycana səfərlərindən, Əziz Əliyevin, Səməd Vurğunun onun həyatında təkrarsız xidmətlərindən danışdılar. O, Ulu Öndərə kitabını hədiyyə etdi. Axşam isə Ulu Öndər Heydər Əliyev Rəsul Həmzətovun şərəfinə şam yeməyi verdi. Orda da çoxlu xatirələr dilə gəldi, dərin və məzmunlu bir şam yeməyi oldu. Rəsul Həmzətov Azərbaycandan zəngin və xoş təəssüratlarla ayrıldı. Çox şadam ki, Ulu Öndərin tapşırığını layiqincə yerinə yetirdim. Bu səfərdən sonra inciklik də aradan qalxdı.

- Hidayət müəllim, Bakıya səfərindən sonra onunla yenidən görüşə bildinizmi?

- Əlbəttə. Dəfələrlə Dağıstanda, Elistada Davit Kuqultinovun yubileyində görüşmüşük. Rəsul Həmzətov hər sözü mənalandırmağı bacarırdı. Bakıya gəlib qayıdandan sonra həmişə, hər yerdə deyirdi ki, Hidayət "mehriban düşmənlər"i barışdırdı. Mən isə ona deyirdim ki, Rəsul Həmzətoğlu, "mehriban düşmənlər"i Prezident Heydər Əliyev barışdırdı. Mən onun köməkçisiyəm, siyasətinin həyata keçirilməsində iştirak edirəm, tapşırıqlarını layiqincə yerinə yetirməyə çalışıram. Ona görə bir daha vurğulayıram ki, bu, möhtərəm Prezidentimizin xidmətidir.

O, Bakıya gəlib qayıdandan sonra Dağıstanda Azərbaycan həqiqətləri daha çox yayıldı. Biz onunla dəfələrlə görüşdük. Həmişə deyirdi ki, Hidayətin həm özü, həm də poeziyası ilə hər görüş mənim qəlbimin milli bayramıdır. "Milli bayramıdır" ifadəsini də mənim milli siyasətlə məşğul olduğuma işarə edərək mənalandırırdı. Xatırlayıram, elə həmin il Şeyx Şamilin anadan olmasının 200 illiyi ilə əlaqədar Dağıstana səfər edəsi oldum. Prezident Heydər Əliyevin adından çıxış etdim. Rəsul Həmzətoğlu o tədbirdə iştirak edirdi, amma çıxış etmədi (o tədbirdə daha çox qonaqlara söz verilirdi), ziyafətdə isə Azərbaycan, Prezidentimiz barədə xüsusi danışdı, mənim haqqımdakı fikirlərini söylədi.

Rəsul Həmzətoğlunun yubileyinə dəvətimlə bağlı Mahaçqaladan mənə çox telefon zəngləri oldu, əlbəttə, rəsmi dəvətnamə gəldi. Təəssüf ki, üzrlü səbəbdən gedə bilmədim, ordan mənə dedilər ki, göndərdiyiniz təbrik məktubu yubiley gecəsində oxunub, mətbuatda çap olunub. Həmin məktubu "Ədəbiyyat qəzeti"nin oxucularına çatdırıram.

 

Söhbətləşdi: Kənan Hacı  

 

Dağıstan Respublikasının Yazıçılar İttifaqının sədri xanım M.A.Əhmədova-Kolyubakinaya

 

Hörmətli xanım Sədr,

Məni zəmanəmizin görkəmli şairi Rəsul Həmzətovun anadan olmasının 100 illiyi təntənələrinə dəvət etdiyiniz üçün Sizə dərin minnətdarlığımı bildirirəm.

Dağıstan rəhbərliyinin, ictimaiyyətin nümayəndələrinin, qonaqların, Rəsul Həmzətoğlunun iştirakı ilə keçirilən dahi dağıstanlı İmam Şamilin anadan olmasının 200 illiyinə həsr olunmuş yubiley təntənəsində Azərbaycan Prezidenti, mənim xalqımın Ümummilli Lideri Heydər Əliyevin adından çıxışımda demişdim: "İmam Şamil milliyətcə yalnız avar deyil, kumıkdır, ləzgidir, dargindir, noqaydır, tabasaranlıdır... Zəmanəmizin böyük şairi Rəsul Həmzətovun dediyi kimi, bütün Dağıstan xalqlarının böyük oğludur, Cənubi Qafqazda isə Azərbaycan xalqının böyük oğludur!"

Bu gün böyük qətiyyətlə bildirirəm: "Rəsul Həmzətov bütün Dağıstan xalqlarının əvəzsiz övladıdır. Cənubi Qafqazda isə Azərbaycan xalqının doğma oğludur!"

Ümummilli Liderimiz Heydər Əliyevin Rəsul Həmzətovun şəxsiyyətinin və yaradıcılığının yüksək dəyərləndirdiyinin şahidi olmuşam. Prezidentin fərdi dəvəti ilə onun son dəfə Bakıya, böyük şairimiz Səməd Vurğunun yubiley  təntənələrinə gəlişini, rəsmi görüşdə və dövlət başçımızın ona verdiyi şam süfrəsi ətrafında olan dərin mənalı, səmimi söhbətləri bu gün də xoş təəssüratla xatırlayıram.

Hörmətli xanım Sədr, Mahaçqalaya çox üzrlü səbəbdən - Bakıda olmadığımdan indi gələ bilmədiyim üçün hədsiz təəssüflənirəm. Deməliyəm ki, bütün Dağıstan, ordakı insanlar, dostlarım üçün çox darıxmışam, qəlbimdə güclü nostalgiya yaranıbdır.

İnşallah, yaxın vaxtlarda Dağıstana gələcək, Rəsul Həmzətoğlunun, Patimat xanımın, Dağlar diyarına uzun illər rəhbərlik etmiş Məhəmmədəli Məhəmmədovun məzarlarını ziyarət edərək əziz dostlarımla görüşəcəyəm.

 

HİDAYƏT

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!