Payızın nəfəsinin təzə-təzə duyulmağa başladığı sentyabrın son günlərində hava da öz sözünü demək istəyində idi. Masmavi göylərin üfüqboyu xəttində pambıq tayalarını xatırladan ağappaq buludlar mərkəzə doğru qalxmaqdaydılar. Uzun müddətdir, istisinə alışdığımız günəşin də dizinin taqəti sınmışdı. Naxçıvanı öz odlu baxışları ilə isindirməyə gücü qalmamışdı. İşdən sonra adətim üzrə həkim dostumla Böyük bağdakı çay evində şahmat arxasında əyləşmişdim ki, zəng gəldi. Azər Turan idi. Masadan qalxıb ağacların altında gəzişərək bir neçə dəqiqə danışdıq. Geri dönəndə üzümdəki ifadəyə baxan rəqibim, - deyəsən, bu gün şans sənin tərəfində olacaq, dolan buludlar kimi qalxıb, üzündə günəş çıxmış halda geri qayıtdın,-dedi. Və üzümdə təbəssüm növbəti gedişimi etdim. Azər müəllim bir neçə gün sonra - oktyabrın 1-i axşamçağı Naxçıvana gələcəyini xəbər vermək üçün zəng etmişdi. Hədsiz dərəcədə xətrini istədiyim, böyük sayğı duyduğum birinin bu tərəflərə gəlməsi qədər gözəl xəbərə niyə də sevinməyəydim?!
Vaxt dolub, vədə yetişəndə Azər müəllimi hava limanından götürüb şəhərə doğru gələndə ziyarətinin səbəbini də öyrənmiş oldum. 2 oktyabrda Azərbaycan poeziyasının qara dumanları düşüncələri ilə yarıb keçən fikir adamının, poeziyamızın Cavid əfəndisinin son yadigarı Turan Cavidin doğumunun yüzüncü ili tamam olurdu. Turan Cavidin mənəvi övladı kimi Azər Turan da məhz bu məqsədlə Naxçıvanın yolunu tutmuşdu.
Bir anlıq fikrə getdim, Turan Cavidin anadan olmasının 100 illiyi tamam olur. Ən azından Hüseyn Cavid irsini həssaslıqla yenidən bizə təqdim etməyə həsr olunmuş bir ömrün 100 illiyinin tamamını qeyd etməyi niyə unutmuşuq? Yaxud, görəsən, sabah - oktyabrın 2-də Turan Cavidin 100 illik yubileyi hər hansısa, səviyyədə qeyd olunacaqmı? Dərindən köks ötürürəm və bunu geridə qalan günlərin hər birində təəssüflə təkrar edəcəyəm...
Dəyərli şair, filoloq Xanəli Kərimlinin də bu gəlişdən xəbəri var və şəhərin çox gözəl mənzərəli çay evlərinin birində bizi gözləyir. Birbaşa ora yollanırıq. Beləcə siqareti siqaretə calayan könül adamının, ruh adamının, ovqat adamının məhrəmanə söhbətləri ilə baş-başa qalırıq. Xanəli müəllimin Azər Turanı bu kövrək və duyğu dolu ovqatdan çıxarmağa hesablanmış ərkyana zarafatları az da olsa, işə yarayır, amma hava da elə könül adamı kimi doludur. O qədər də sərt olmayan külək bədənimizi üşütsə də, ədəbiyyat söhbətləri ilə ruhumuz od tutub yanır.
Saatlarla davam edən söhbətimizin sonunda Azər müəllimi qalacağı məkana aparmaq vaxtı çatır. Öncə, Xanəli müəllimlə sağollaşırıq. Saat 11-dir. Azər müəllimə təklif edirəm ki, Cavidlərin uyuduğu türbənin ətrafında bir az gəzişək. Etiraz etmir. Yenə də kövrəldiyini hiss edirəm. Ayın buludlar arasından bizə boylandığı, asfalt boyu şütüyən maşınların gecənin sükutunu dəlib-deşdiyi anlarda məqbərə ətrafında gəzişirik. Azər müəllim danışır. Əslində danışmır, pıçıltıyla söhbət edir. Mən çox diqqətlə dinləyirəm mənasında ağır mətləblərin yatdığı bu söhbətləri. Həm də düşünürəm ki, Azər müəllim bu məqbərədə yatan dörd Cavidi oyatmaq istəmir. Amma mən əminəm ki, Azər Turan burdadırsa, Cavid əfəndi çoxdan oyaqdır. Turan Cavid isə, bəlkə də elə həyatda olduğu kimi, indi də Azər müəllimin qoluna girib bu məhrəmanə söhbətləri təkrar xatırlayır. Xatirə qalsın deyə, yaxınlıqda əyləşən tələbə qızdan şəklimizi çəkməyi rica edirəm. Eşitmir. Dəfələrlə deyirəm. Yenə eşitmir. Sonra özüm-özümə fikir verirəm ki, mən də elə pıçıltıyla deyirmişəm sözümü. Əlimi yelləyirəm, bizə tərəf dönür və xahişimizi bildirəndə etiraz etmir. Burdan ayrılıb bizə tərəf yollanırıq. Azər müəllim həddindən artıq utancaq xarakterdədir. Getmək istəmir, amma çayı çox sevdiyini bildiyimdən, həyətdə çay içmək təklifimlə zorla da olsa, razılaşır. Yenə bir-birinin dalınca közərən siqaretlər və "çay nədi, say nədi?" prinsipinə əməl edərək, gecəyə sirr kimi pıçıldanan söhbətlər; ədəbiyyat dolu, əbədiyyat dolu, irfan dolu, insan dolu söhbətlər. Hardan başlayır-başlasın, söhbət Cavidlə tamamlanır, Cavid misralarıyla nöqtələnir. Külək yenə şıltaqlıq edir, lap yaxınlığımızdakı gilənar ağacının budaqları da pıçıltımıza rəng qatır. Bir anda elə bilirəm bəs, Hüseyn Cavid də, Əli bəy Hüseynzadə də, Məhəmməd Hadi də, Ömər Faiq Nemanzadə də, İsa Həbibbəyli də, Faiq İsmayılov da, Cavanşir Yusifli də bizimlə eyni masanın arxasındadır. "Elxan bəy, gecdir, sizi də narahat etməyim", -sözləri ilə fikirdən ayılıram. Mənim üçün, ailəm üçün, evim üçün bu ziyarətin xoş olduğunu bildirsəm də, qonağın yorğun olmasını da nəzərə alıb qalacağımız məkana yollanırıq.
Səhər yeməyindən sonra ilk işimiz yenə Cavidlər məqbərəsinə yollanmaq olur. Əvvəldə qeyd etdiyim kimi, Turan Cavidin bu gün doğum günüdür. 100 yaşı tamam olur. Sağ olsun, məqbərəyə məsul şəxslər, xahişimizi nəzərə alıb, məqbərədə məzarların yer aldığı hissəyə enirik. Azər Turanı bura gətirən səbəb, bizim də Cavidləri yenidən yad etməyimizə səbəb olur. Əllərimizi Yaradanın dərgahına açıb ruhlarına dualar oxuyuruq. Mənim diqqətim yenə onun üzərindədir. Səsində pıçıltı olan adamın içində hayqırtı var ki, səsində hönkürtüyə çevrilməyə hamilədir. Amma özünü sıxmağa çalışır, sıxır, pıçıltılar, hayqırtılar, hönkürtülər hıçqırıqlar şəklində məzarların üzərinə səpələnir. Çox dayana bilmir, hiss edirəm ki, tək qalmaq və məzarlarla, hətta son anına kimi yanında olduğu, ona bir övlad kimi qayğı göstərməyə çalışdığı Turan Cavidlə uzun-uzun yenidən danışmaq, dərdləşmək istəyir. Amma həm də tək qalmağa çəkinir. Bir də axı içindəki ağrıları, həsrətləri, darıxmaqları siqaretlərdə yandırmaqla ovunan bir adam qapalı yerdə siqaret çəkə də bilmir. Çəkməz də heç. Yenidən çölə çıxırıq. Məqbərə qarşısında dostlarla birgə xatirə şəkilləri çəkdiririk, yenə dəruni söhbət davam edir.
...Azər Turanın Naxçıvana gələcəyini əvvəlcədən bildiyimz üçün Naxçıvan Dövlət Universitetində və AMEA Naxçıvan Bölməsində görüşlər də nəzərdə tutulub. Xanəli müəllim qonağı bu kövrək auradan çıxarmaq üçün görüşə gec qalmamaq bəhanəsi ilə onu universitetə tərəf çəkir. Hava da gözəldir. Sərindir, şairanədir. Piyada getməyi düşünürük ki, elə görüşün vaxtına kimi ancaq çatarıq.
Saat 12-də Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin tələbələri ilə Azər Turanın görüşü başlayır. Fakültənin dekanı Arif Ağalarov giriş verir, xoş sözlər söyləyir. Ardınca Azər müəllim yenə Cavidlə başlayır, Cavidlə yekunlaşır. Müəllimlərdən Seyfəddin Eyvazov, Səyyar Məmmədov, bəndəniz, Gülay Tahirli çıxış edir, suallar verirlər, cavablar sıralanır. Görüşdən sonra bədii təfəkkürünə inandığım bir neçə tələbədən fikirlərini soruşuram. Olduqca yüksək fikirdə olduqlarını görüşdən sonra Azər Turanla xatirə şəkilləri çəkdirmələrindən də anlamaq olur.
Naxçıvan Yazıçılar Birliyinin sədri, şair Asim Yadigar, yazıçı-publisist Fərəc Fərəcov, şair Alməmməd Eldaroğlu də bizə qoşulur. Nahar edib AMEA-nın Naxçıvan Bölməsinə yollanırıq. Bölmənin sədri, akademik İsmayıl Hacıyev Azər müəllimin gələcəyini bildiyi ilk gündə onun 60 illik yubileyinin bu yaxınlarda tamam olduğunu və bu münasibətlə vaxtı olarsa, akademiyada görüş keçirmək istəyini bildirmişdi.
Zal elmi əməkdaşlarla doludur. İsmayıl müəllim giriş sözünü deyir, Azər Turanın ailədən gələn ədəbiyyat sevgisindən, atası, filologiya elmləri doktoru, regionda - Neftçalada yaşayan İmamverdi Əbilovun bir ədəbiyyat ocağı yaratmasından bəhs edir və bu gün ən oxunaqlı qəzetlərdən biri kimi, "Ədəbiyyat qəzeti"nin bu səviyyəyə çatmasında baş redaktorun fədakar zəhmətindən danışır. 60 illik yubileyi münasibəti ilə Azər müəllimi təbrik edərək, ona xatirə-hədiyyə bağışlayır. Daha sonra AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, yenə bəndəniz və dosent Ramiz Qasımov çıxış edib fikirlərimizi bildiririk. Müşahidələrim davam edir. Azər müəllim hədsiz dərəcədə sıxılır, darıxır, utanır. Onun haqqında bu qədər söz deyilməsindən narahatdır. Bəzi pafoslu cümlələrdən sonra baxışlarını tavana dikdiyini də görürəm. Darıxan adamdır, pıçıltı adamıdır deyə, pafos onun ruhuna yad gəlir.
Görüşlər bitir. Şəhəri gəzintiyə çıxırıq. Çay içirik, Azər müəllim yenə fikirli halda siqaretlərini tüstülətməkdə. Bir tərəfdən də, telefonla kimlərləsə danışır. Söhbətdən anlamaq olur ki, "Ədəbiyyat qəzeti"nin növbəti nömrəsi üçün tapşırıqlarını verir, məsləhətlərini verir, fikir mübadiləsi aparır. Yəni özü burda olsa da, fikri həm də qəzetin yanındadır - "Ədəbiyyat qəzeti"nin, sözün böyük mənasında, ədəbiyyatın.
Gecə düşür, ayrılırıq, səhər olur, görüşürük. Oktyabr ayının 3-üdür. Məmməd Arazı ziyarət etmək istədiyini dünəndən demişdi. Alməmməd Eldaroğlu ilə səhər yeməyinə yollanıblar, mən də onlara qoşuluram. Yeməyimizi yeyib vaxt itirmədən Şahbuz rayonunun Nursu kəndinə doğru yola çıxırıq. Xalq şairi Məmməd Arazın Ev Muzeyi bu kənddədir. Muzeyin direktoru Əzizə xanıma gələcəyimizi əvvəlcədən xəbər vermişəm. Bizi qapıda qarşılayırlar. Yenə çox gözəl hava olduğunu təkrar da olsa, yazmaq istəyirəm. Məncə, bunun bir mistikası var. Bu iki gündə ədəbiyyat dolu havamıza havanın özü də ədəbiyyat ovqatı kimi mənzərəsi qatma çabasındadır.
...Bələdçi Əfruz xanım muzeylə tanış edir. Eksponatlar haqqında danışır. Azər müəllim bəzi vitrinlər qarşısında dəqiqələrcə dayanıb, nələrəsə diqqətlə baxır. Ekspozisiya sonunda girişdə söhbət əsnasında Azər müəllimə zəng gəlir. Bəlli olur ki, xalq şairi Nəriman Həsənzadədir. Naxçıvanda, Məmməd Arazın Ev Muzeyində olduğunu bildirəndə telefonun o biri ucundan mikrofona verilmiş səs otağa, ovqata və ruhumuza yayılır: "Məmmədlə çox yaxın olmuşuq. Məmməd Arazla həmişə münasibətlərimiz olubdur. Çox böyük şairdir. Mötəbər insandır. İlahi insandır. Məmməd Arazı mən qardaş kimi bilmişəm. Zəngləşəndə, deyirdik, Məmməd, nə var, nə yox, vəziyyət necədir? Belə bir sözü vardı, deyirdi ki, v hərfini çıxsan, qaydaya düşür, yəni əziyyət qalır. Yəni zarafatlaşırdıq belə. Məmmədin ürəyi çox həssas idi. Məmməd ilahi şəxsiyyət idi, inanın. Məmməd fərqlənirdi. Yaxşı cəhətcən fərqlənirdi. Həssaslığıyla fərqlənirdi. İstedadı öz yerində, həssaslığıyla, insanlığıyla, ləyaqətiylə. Məmməd seçilmirdi insanlardan. Seçilmədiyinə görə seçilirdi. Məmmədi mən çox istəyirəm". Azər müəllim bu səsin də muzey üçün bir eksponat olduğunu Nəriman müəllimin diqqətinə çatdırır. Sonra muzeyin xatirə kitabına ürək sözlərini yazır. Mən də fürsəti fövtə verməyib, o sözləri diqqətlə oxuyuram: "Azərbaycanın dünya poeziyasındakı bütöv adlarından biri - Nizami kimi, Füzuli kimi, Hüseyn Cavid kimi bir Məmməd Araz! Eviniz, ocağınız hər zaman var olsun!" Bu yerdə Azər müəllim muzeyin direktoruna söz verir ki, Məmməd Arazın "Ədəbiyyat qəzeti"nin redaktor müavini işlədiyi dövrlərin bir pakifkasını eksponat kimi muzeyə hədiyyə edəcək.
Bu əsnada şairin qardaşı oğlu Elvin müəllim səs-sorağımızı eşidib muzeyə gəlmişdi. Onunla çöldə xeyli söhbət etdik. Söhbətlər zamanı qeyd olunanda ki, muzeyin tikildiyi bu yer şairin doğulduğu məkan deyil, Azər müəllimin istəyi ilə Məmməd Arazın ata evinə, İnfil kişinin ocağına yollandıq. Şairin "Bacım Gülsümə məktub" şeirində söylədiyi "Hanı o qocaman qoz ağacının altındakı cəhrə, gözümə dəymir" misralarında adıçəkilən qoz ağacının bar verən vədəsi idi və hərəmiz bir qoz qoparıb qırıb yeyirik. Ətrafı diqqətlə gözdən keçirən Azər müəllimin bu sözləri yaddaşıma nizə batırır: "Məmməd Araz burdadır. O ağacda, o çəpərdə, o mənzərədə, bu həyətdədir Məmməd Araz". Nursu kəndinin yuxarıdan aşağı bütün mənzərəsi ilə göründüyü bu yüksəklikdən Məmməd Araz sayağı Toğlu qayaya tərəf boylanıb təpəni enirik.
Artıq saat 12-ni keçir. Alməmməd müəllim sükan arxasında hərdən öz şeirlərindən deyir, mən tez-tez gəlib-getdiyim bu yerlərin mənzərəsində dəyişikliklər axtarıram, Azər müəllim isə xəyala dalıb, yenə darıxmaqdadır.
Naxçıvan şəhərində yenidən dostlarla bir çay süfrəsinə yığışırıq: Xanəli Kərimli, Əbülfəz Əzimli, Asim Yadigar, Alməmməd Eldaroğlu və bəndəniz. Söhbət yenə də ədəbiyyat üzərindədir. Qonağımızı diqqətlə müşahidə edirəm. Üz cizgilərindən hansı məqamda narahat olduğunu, hansı məqamda razılaşdığını, hansı məqamda fikrə getdiyini, hansı məqamda darıxdığını çətinliklə də olsa, anlayıram.
Vaxt tamam olur. Azər müəllimin ikigünlük Naxçıvan səfəri - əslində isə Turan Cavidi yad etməyə gəldiyi ziyarəti başa çatır. Axşamçağı saat 6-dır. Alməmməd müəllimin maşınına əyləşib hava limanına tərəf yollananda təklif edirəm ki, yenə Cavidlər məqbərəsi tərəfə gedək. Azər müəllimin dilinə gətirməyə utandığı bu istəyin ürəyindən xəbər verdiyini bilirəm. Son dəfə məqbərənin qarşısında dayanırıq, başına dolanırıq, yenə xatirə şəkilləri çəkdiririk. Qucaqlaşıb sağollaşırıq. Onlar hava limanına yollanır, mən isə iki gündür bir yerdə olduğum Azər Turanı az da olsa, kəşf etməyin qəribəliklərində qalmışam. Bu adamın mənə bu qədər doğma olmasının sirrini tapıram: hər yerdə həmişə darıxmaq. Əminliklə deyə bilərəm ki, bütün varlığında Hüseyn Cavidi gəzdirən, Əli bəy Hüseynzadəni daşıyan, Məhəmməd Hadini yaşayan, türkün və türk dünyasının mənəvi aurasında, irfan aləmində, sufi təfəkküründə var-gəl edən AZƏRbaycan oğlunun TURAN çırpıntılarında bitməyəcək bir darıxmaq var. Qarışqaları səksəndirməyə, quşları diksindirməyə, insanları narahat etməyə çəkinən bir səs kimi darıxmaq.
05 oktyabr 2023,
Naxçıvan
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!