Görkəmli ədəbiyyat adamları Cavanşir Yusifli haqqında

 

...Demək istədiyinin, düşüncəsinin sözü üstələdiyindən daim əzab çəkən Azad Mirzəcanzadənin bir məşhur deyimi vardı: "Deyə bildim?" Etiraf edirəm - deyə bilmədim! Dünyanın ən gizli, ən dərin sirlərini üzə çıxarmağa yarayan söz insan hislərinin qarşısında aciz qalır, boş-boşuna fırlanır, adiləşir. Cavanşir, mənim əzizim, yəqin sənə olan sevgimi ona layiq olan sözlərlə ifadə edə bilmədiyimə görə suçumdan keçərsən. Axı insanlar pafoszuz da bir-birini başa düşür, bir-birini duyurlar. Axı həqiqətən sözsüz də könüldən könülə yollar var! Biz az-az görüşsək də, sənə mənəvi ehtiyac duyduğuma görə ruhən həmişə sənin yanındayam. Ümidvaram ki, sən də Bakının hansı isə bir küncündə səni sevən, səninlə fəxr edən bir dostunun olduğunu hiss edirsən.

Qorxmaz Quliyev

Professor

 

Cavanşir Yusiflinin "Filoloji fantaziya" kitabı "fantaziya" olsa da, spesifikdir: onun mütaliəsində  gündəlik işlərdən yorulmuş beynin hər iki yarımkürəsi iştirak etməlidir. Çünki bu "fantaziya" "Ramiz Rövşən" mövzusundadır: tükənməz bir mənbənin növbəti toxunuşundan "yüksəkliyə" şərait yaradılmalıdır. Çünki mütəxəssisin təxəyyülünün sərbəst uçuşu alqoritmi oxumağa adekvat münasibət diktə edir: asan, sərbəst, lakin sistemli.

Bir dəfə təkbətək söhbətdə Ramiz Rövşən bu sətirlərin müəllifinə etiraf etmişdi ki, poeziya haqqında "dərin fikirlər"dən sonra bir müddət obsesif günahkarlıq hissindən qurtula bilmir. Kimin qarşısında? Şair bunu izah etmədi, amma mənə elə gəlir ki, mən onu başa düşdüm...

Və Cavanşir Yusiflinin "filoloji fantaziyasını" oxuyanda mən də anladım ki, Şairə dərin və incə (!) məhəbbət olmadan onun Sözünə toxunmaq olmaz: barmaqlarında ancaq toz-torpaq qalacaq!.. "Yenə də Söz qalır. yepyeni!"

Vaqif İbrahimoğlu

Rejissor

 

Cavanşir Yusifli tədqiqat boyu bir-biri ilə qarşılıqlı əlaqədə olan və daxilən bir-birini şərtləndirən müxtəlif metod və üsullara müraciət edir, Azərbaycan komediyasının janr poetikasını dərindən araşdırmaq üçün onların təqdim etdiyi imkanlardan istifadə edir. Bir cəhəti xüsusi olaraq qeyd etmək lazımdır ki, tədqiqatçı janr poetikasına həsr etdiyi işində ənənəvi kateqoriyalarla yanaşı müasir nəzəri fikrin qabaqcıl nümayəndələrinin dünya filologiyasında özünə layiqli yer tutmuş tədqiqatlarına üz tutmuş, yeri gələndə bu fikirlərlə mübahisə etmiş, ancaq bütün hallarda əsas diqqətini Azərbaycan komediyasında, onun janr sferalarında aparıcı mövqe tutan cəhətlərə, Azərbaycan komediyasının daxili aləminə yetirmişdir.

Bəkir Nəbiyev

Akademik

 

Cavanşir Yusifli Azərbaycan ədəbi tənqidinin, ümumən ədəbiyyatşünaslığının o görkəmli nümayəndələrindəndir ki, bədii sözə (mətnə!) bir- biri ilə sıx bağlı olan (eyni zamanda bir- birindən müxtəlif parametrlərilə fərqlənən) üç səviyyədə kifayət qədər analitik təhlil verməyin uğurlu nümunələrini az qala hər məqaləsində nümayiş etdirir: 1) müəllif səviyyəsində, 2) müəllifin mənsub olduğu milli ədəbiyyat səviyyəsində, 3) və hər bir milli ədəbiyyatın mənsub olduğu dünya ədəbiyyatı (ümumən ədəbiyyat!) səviyyəsində.

Nizami Cəfərov

Akademik

 

Füzulinin məşhur:  "Söz candır, əgər bilirsə insan; sözdür ki, deyirlər özgədir can" - misralarına bizim, necə deyərlər, köhnə ədiblər də diqqətsiz qalmayıblar, müasir, ələlxüsus gənc ədəbiyyatşünas və tənqidçilər də onun ətrafında yetərincə mülahizələr söyləyiblər. Amma qəribədir, həmin beytin kosmoqonik və mistik mənalarını bir kənara qoyub sırf filoloji anlamına söykənsək belə, real praktikada, gerçək ədəbi tənqid və təhlildə onun bir qayda olaraq, unudulduğunun şahidi oluruq: sözün sehrindən, ovsunundan, bol-bol dəm vuranlar çox zaman bədii əsərin "cismindən", əski terminologiya ilə desək, "ləfz"indən, "surət"indən danışırlar, "məna" ("məni") isə bu ətrafda gəzişmələrin içində itib-batır, əl dəyməmiş qalır. Amma nə yaxşı ki, istisnalar da var: Cavanşir Yusiflinin bu kitabda toplanmış yazıları kimi! Bu yazıları mən "yeni tənqid"in nümunələri kimi oxudum; diqqət yetirsəniz, burada əsas etibarilə mövzu, məzmun, ideya, süjet anlayışlarında deyil, söz, işarə, məna kateqoriyalarından çıxış edildiyini aydınca görərsiniz. Elə bunun sayəsində Cavanşir həmin yazılarda ilk növbədə özünü ifadə edir (hətta mən deyərdim ara-sıra çap etdirdiyi şeirlərindən daha yaxşı ifadə edir), özü demiş, öz dilini yaratmağa çalışır ki, haqqında yazdığı əsərlərlə söhbəti tutsun. Buna görədir ki, o istər klassiklərlə (Axundov, Mirzə Cəlil), istər müasirlərlə (Əli Kərim, Vaqif Bayatlı), istər əcnəbi, istərsə də milli yazıçılarla (Folkner, Sabir Əhmədli) öz dilində danışa bilir. Cavanşirin yazılarında bədii yaradıcılığın Füzuli anlamına sadiqlik, qəribə bir inadkarlıqla məna və mətləbin ardınca qoşmaq, sözün canını tutmaq və demək ehtirası vardır. Bu sahədə uğurları kifayət qədər olsa da, o, bədii mətnin ələ və dilə gəlməyən məqamlarını yaxşı bilir və bu da onun dönə-dönə ədəbiyyatın mahiyyəti, bədii mətnin yaranması və fəaliyyətinin qanunauyğunluqları barədə nəzəri mülahizələr yürütməsinə səbəb olur. Beləliklə, əgər biz igər sahələrdə olduğu kimi, ədəbi-nəzəri fikir sahsində də sivil dünyya inteqrasiya olunmaq istəyiriksə, deyə bilərəm ki, Cavanşirin yazıları "beynəlxalq standartlar" səviyyəsindədir. Bu yazılarda klassik Şərq ədəbi tənqidinin ("nəğdi-ədəbi" adlanan elmin) ənənələri ilə çağdaş Avropa ədəbiyyatşünaslığının metodları ahəngdar şəkildə çulğaşmışdır. İkinci bir cəhər həmin yazılarda elmiliklə bədiiliyin uğurlu sintezidir. Bizdə elmi və bədii təfəkkürün differensiyaya uğraması, bir-birinə qarışması adətən kədərli nəticələr və bəhrələr verir. Cavanşirin yaradıcılığında isə bu təfəkkür tiplərinin qarışması deyil, üzvi vəhdəti özünü göstərdiyindən, nəticə də səmərəli və yenidir. Beləcə, C.Yusifli "yeni tənqid" barədə hay-küylərə ədəbi tənqidin zərurəti və vəzifələri barədə diskusiyalara qoşulmadan onun gerçək nümunələrini yaradır, eyni zamanda ədəbi mühitdə gedən predmetsiz çəkişmələri, süni şəkildə proses yaratmaq cəhdlərini, cərəyançılıq azarını ürək ağrısı ilə izləyir. O, bu çəkişmələrin içində olmasa da, özü demiş, mühit içindədir. Və mühitə yazıları, tərcümələri vasitəsi ilə təsir etməyə çalışır. Əslində bu kitabdakı yazılar onun ədəbi mühitdə baş alıb gedənlərə münasibəti və cavabıdır. Həmin yazılarda ironik pafos nə qədər güclü olsa da, mən onları son dərəcə ciddi yazılar tək qavradım vəs evindim: nə yaxşı ki, hər şeyin ucuzlaşıb bayağılaşdığı bir zəmanədə sözə ciddi yanaşanlar hələ də var!..

Məsiağa Məhəmmədi

Şərqşünas alim və tərcüməçi

 

...Cavanşir Yusiflinin yazıları bir növ "SƏSSİZ" YAZILARDIR, adama elə gəlir ki, bu yazılar ürəyində özüylə danışmağın şəkilləridir, həmişə isti, duyğulu və yenidir.

Arif Əmrahoğlu

Ədəbiyyatşünas

 

Müasir Azərbaycan tənqidi fikrini təmsil edən tənqidçi-ədəbiyyatşünasların içərisində həmişə maraqla oxuduğum bir imza var - Cavanşir Yusifli.  Təkcə estetik qanunları bilməklə qalmayıb, ciddi etik normaları da gözləyən, yəni oxucunu avam yerinə qoyaraq, bədii əsərin qavranılması üçün sağa-sola hazır formullar və reseptlər səpələməyən, heç vaxt təmkinin pozmayan, ədəbi tənqidin ictimai fikrin bir fenomeni olduğunu hər addımda bizə xatırladan Cavanşir Yusifli.

Cavanşirin "Bədii mətnin sirləri", "Bir söz söylə, bu dünyadan olmasın", "Ədəbiyyatda yaşamağın formulu", "Azərbaycan poeziyasında Əli Kərim mərhələsi" Fərdi yaradıcılıqdan ədəbiyyat tarixinə baxış", "Azərbaycan komediyasının poetikası" "Gülüş və dünyanın sonu", "Filoloji fantaziya" və s. kitabları, ədəbi prosesə işıq tutan çoxsaylı məqalələri  ədəbi hadisələrə sadəcə refleksiya kimi görsənmir, çünki onlar həmişə yaradıcı əməyin məhsuludur və bu onu başqalarından müsbət mənada fərqləndirən cəhətdir.

Təhlil pafosu, yersiz bəlağəti, klişe yanaşmaları sevmir. Çox zaman yazılarını riyazi əməliyyat aparırmış kimi qələmə alan və müvafiq nəticələr əldə edən sənətkarlardan fərqli olaraq, Cavanşir Yusifli yazıçının obrazlarla ifadə etdiyini və ya etməyə çalışdığını "şifahi" formaya salmağa, anlaşıqlı etməyə həmişə müvəffəq olur. Burada səviyyə və ya standart axtarmalıyıqsa, bu elə onların göstəricisidir.

Etimad Başkeçid

Yazıçı, şair 

 

Azərbaycan filoloji fikrinin çox istedadlı və maraqlı nümayəndələrindən biri olan Cavanşir Yusiflinin görkəmli şairimiz Əli Kərim haqqında araşdırmasını oxuyanda nədənsə həmin hekayə yadıma düşdü. Və istədim ki, yazam: Cavanşir Yusifli, Əli Kərim şeirlərinin müəllifi.

Cavanşir Yusifli poetik mətnlərin gizli identikliyini, onların semantik yerarxiyasını bərpa etməyə çalışan FİLOLOQDUR. Onun yazı texnikasını səciyyələndirən metodlardan biri  - ilk baxışdan bir-birilə əlaqəsi olmayan mətnləri bir semantik-konseptual müstəvidə birləşdirmək qabiliyyətidir. Bu araşdırma o qədər bütöv süjet məntiqinə malikdir ki, hətta örnək gətirdiyi mətnlərin (fraqmentlərin) montajını görmək mümkünsüzdür. Ümumiyyətlə, montaj bir fiqur kimi onun yaradıcılığında (surrealistlərin montajı, Eyzenşteynin kinomontajı, Bodlerin kaleydoskopu kimi) önəmli yer tutur.

C.Yusifli sübut etməyə çalışır ki, Əli Kərim poeziyası Azərbaycan şerinin miqyasını genişləndirmiş və sınırlarını dəyişdirmişdir. Və bizi buna inandırır.

Cavanşir Yusiflinin metodoloji prinsipləri harmonik, üzvi xarakter daşıyır və müəllifin yüksək filoloji hazırlığını göstərir. Əlbəttə, onun söykəndiyi metodoloji prinsiplərə maraqlı filoloji-fəlsəfi ideyaların (M.Baxtin, R.Bart, Y.Lotman, Qaston Başlyar, J.Derrida, Y.Qarayev və başqaları) təsiri təbiidir və labüddür, araşdırmanın ümumi layihəsinə və pafosuna uyğun gəlir.

C.Yusiflinin yazısı (mətni) sanki heç vaxt bitib tükənmir. Hamının gördüyü, bildiyi və eşitdiyi poetik mətnləri gözlənilməz optik kombinasiyalar içinə atır. Onun məqsədi - kaleydeskop üçün mətnləri seçmək, "kəsib götürmək", sonra kombinasiya oyununa qatmaqdır. Cavanşir Yusiflinin fikirlərində bir islam mistikası var. Fikrimcə, kombinatorika islam mistikasının metodoloji əsasıdır (Cavanşirin İbn Ərəbi və Jak Derrida ilə bağlı söhbətləri əsasında bu nəticəyə gəlmişəm).

Cavanşir Yusifli bir tədqiqatçı kimi daim Əli Kərim mətnlərinin varlığını düşünübsə, belə demək mümkünsə, Əli Kərim mətnlərinin varlığı da onu düşünübdür (H.G.Qadamerin bir fikrini xatırlayıram: "İstənilən sənət əsərinin varlığı ondadır ki, onun özü sonradan subyekti dəyişməyə qadir olan təcrübəyə çevrilir"). Əli Kərim poeziyası Cavanşir Yusiflinin yaşam dünyasına, yaxud tədqiqatçı (C.Yusifli) Əli Kərimin bədii düynasına daxil olmuş, qarşılıqlı təmas nöqtələri tapmışdır.

Rüstəm KAMAL

Professor

 

Cavanşir Yusifli dünya estetik fikri ilə Azərbaycan bədii düşüncəsi arasında filoloji baxımdan maraq doğuran paralellər qurur.

Məti Osmanoğlu

Ədəbiyyatşünas-tənqidçi

 

Cavanşir Yusiflinin təhlillərində klassik şeirimizin məna çevrəsinə, onun dil və üslub imkanlarının çağdaş şeirimizdə ehtiva məqamlarına həssaslıq nəzərdən qaçmır. Təhlillərində həmin energetika aranır, bir qədər geri gedib qoşma-gəraylı stixiyasını da modern təfəkkürlü mətnlərinin daxilinə o qədər münasib biçimdə yerləşdirir ki, çoxsəsli, çoxüslublu sənət meydana çıxır. Və bunlar hamısı sonucda dilin mahiyyətini, onun müəyyən aşamalardan keçib gələn tarixinə qayıdışı gerçəkləşdirməklə etnik-mədəni sistemi bir bütün olaraq qavramağa kömək edir. "Gülüş və dünyanın sonu" monoqrafiyasında tədqiq predmetinə çevrilən M.F.Axundzadə də bu sistemin içində dərk olunur, bəhs etdiyi müxtəlif şair və yazıçı da, tərcümeyi-halının əsas hissəsini təşkil edən Əli Kərim poeziyası da. Qətiyyətlə demək olar, Əli Kərimin şair obrazı Cavanşir Yusiflinin dəst-xəttində layiq olduğu estetik cazibəsi ilə görünə bildi. Onun poeziyaya, şeirə bağlılığı, hər şairi öz fərdi üslubi başlanğıcı ilə səciyyələndirə bilmək səriştəsi ədəbi-nəzəri düşüncəmiz üçün nadir keyfiyyətdir.

Elnarə Akimova

Ədəbiyyatşünas-tənqidçi

 

Cavanşir Yusifli "mətn içində mətn" axtarışında olub həmişə... Hər şeyin üzdə, ilk təəssüratda və ilk görüntüdə olduğuna inanmayıb. Deməli, məntiqlə yanaşsaq, sadə həll və üzdə olan nəticə də onluq deyil... Mən bunu tənqidçinin digər kitablarında da görmüşəm, hiss etmişəm. Bir də tənqidçilərimizin əksəriyyətində çatışmayan bir xüsusiyyət - dünya ədəbiyyatını bilmək və paralellər aparmaq bacarığı ürəyimcə  olub...

Amma Cavanşir Yusiflinin "Azərbycan poeziyasında Əli Kərim mərhələsi" kitabı belə demək mümkünsə, "mətn içində mətn" konstruksiyasının daha dərinlərinə enmək marağı ilə yazılıb. Və təkcə Əli Kərim yaradıcılığına qayıdış, Əli Kərim yaradıcılığını dəyərləndirmə kimi dərk edilə, anlaşıla bilməz. Çünki bir yaradıcılıqdan başlayan fikir axını müxtəlif məqamlarda, müxtəlif bəhanələrlə fərqli yaradıcılıqlara - Səməd Vurğun, Rəsul Rza, Mikayıl Müşfiq, Füzuli, Dostoyevski, Bulqakov, Patrik Züskind, Stendal, Baxtin, Lotmana - üz tutur... Və bildiyiniz kimi, burada yalnız sonuncu ikisinin yaradıcılığına nəzəri sitatların gətirilməsi üçün üz tutla bilərdi... Digərləri fərqli dövrlərin, fərqli dünyaların insanları və fərqli yaradıcılıq sahibləridir... Qəribə bir təzad var... Bu üz tutmalar, bu keçidlər hərdən insanı elə təsirə salır ki, Əli Kərim yaradıcılığı haqqında oxuduğunu unuda da bilirsən. Əli Kərimlə "danışdığın" anda hardansa Səməd Vurğun peyda olur, hardansa Rəsul Rza gəlir, hardansa "görünməz bir əl" səni "Ustad və Marqarita" dünyasına itələyir... Ora necə düşdüyünün fərqinə da vara bilmirsən... Amma bu unutqanlıq ani olur - çünki növbəti misralarda O - Əli Kərim səni gözləyir və mən "özünü danışmaq üçün bəhanə" dedikdə məhz bunu nəzərdə tuturdum... Cavanşir Yusifli Əli Kərim "bəhanəsi" ilə bütöv bir mərhələyə baxış edib, dəyər verib...

Nərgiz Cabbarlı

Ədəbiyyatşünas-tənqidçi

 

Cavanşir Yusifli ədəbiyyata ciddi yanaşan söz adamıdı; o, əsl sözün namus-ismətini qoruyan yazıçılarımızdandı.

Namuslu ədəbiyyatın təssübünü çəkmək, yad notlardan, bəzək-düzəkdən onu təmizləmək, sözə can vermək Cavanşirin tale qismətidi. 

Lap çoxdan hiss etmişdim ki, o, gizli-gizli poeziya ilə nəfəs alır; şerlərini oxuyanda yanılmadığıma sevindim və onun bəzi yazarlara ironiya ilə gülümsəməsinin sirrini anladım; bu ironiyada səmimiyyət var, yaxşı mənada çoxbilmişlik var, boyundan hündürə atılmamaq "qorxusu" var, həqiqəti susmaqla demək bacarığı var. Belə söz adamlarının hələ qeybə çəkilmədiyi bu məşəqqətli və ağır dövranda adam nəfəsini qorumaq istəyir, yaşamaq üçün sağ əlini ürəyinin başına qoyaraq, dünyaya gəldiyinə şükür diləyir!

Əlisəmid Kür

Şair

 

Mətnlə bir neçə qatda işləməyə və onun gizli qatlarını filoloji açarla açmağa üstünlük verən Cavanşir Yusifli həm də ədəbi-tənqidi fikrimizin Bəkir Nəbiyev, Nizami Cəfərov, Arif Əmrahoğlu, mərhum ədəbiyyatşünas Araz Dadaşzadə kimi nümayəndələri haqqında portret yazılarıyla fərqli bir mövqe nümayiş etdirib. Cavanşirin bu manerası, adətən başqaları haqqında yazan və özlərinin də dəyərləndirilməsinə ehtiyac duyan cəfakeş bir zümrəyə sayğı və diqqət nümunəsi kimi hörmətə layiqdir.

Bəsti Əlibəyli 

Tənqidçi

 

Cavanşir Yusiflinin bir təqdimatla cızmağa başladığı, bir neçə başlıq altında "Ədəbiyyatda yaşamağın formulu" sərlövhəsi altında bir yerə topladığı məqalələrində obyektlər müxtəlif olsa da, söhbət məhz bu müxtəlifliyin bir araya gəlməsinin mümkün əlamətləri, xüsusiyyətləri üzərində qurulub. Onu yazdıqlarının ədəbi dəyərini müəyyənləşdirməyə sövq edən "utopik gerçəklik" əslində, real və az-çox haqqında söz deyilməsini istəyən ədəbi materiala əsaslanıb. C.Yusifli bu məqalələr toplusunda məhz söz yaradıcılığına yanaşmağın ən sivil formasının milli zəmində, milli material əsasında mümkünlüyünü və bunu dünya ədəbiyyatının aparıcı simaları ilə müqayisəli şəkildə gerçəkləşdirmək cəhdini, bununla da tənqidin, əslində, nədən ibarət olduğunu göstərir.

Nüşabə Hüseynli

Filologiya üzrə fəlsəfə doktoru, jurnalist

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!