Başqa bir yolu olsaydı, səni anlatmağın... - "Söz körpüsü"nün bugünkü qonağı şair Nafız Nayırdır

 

- Nafiz bəy, özünüzü Azərbaycan oxucusuna necə tanıdardınız?

- Sizin şəxsinizdə Azərbaycana və oradakı dostlarıma sevgi və salam göndərirəm. 1950-ci ildə Ərzincanda doğulmuşam. Təhsil illərim bitdikdən sonra Türkiyənin müxtəlif yerlərində Türk dili və Türk ədəbiyyatı müəllimi olaraq çalışmışam. Ən son müəllim işlədiyim Mersində təqaüdə çıxdım və hələ də bu şəhərdə yaşayıram.

- Sizi ilk dəfə Mersindəki bir tədbirdə öz dilinizdən  dinlədiyim Mikayıl Müşfiq haqdakı bir şeirinizlə tanımışam. Azərbaycan poeziyasından başqa kimləri tanıyırsınız?

- Təkcə Azərbaycan şair və yazarları deyil, Türkiyə xaricindəki  digər ölkələrdə olan türk şair və yazarları tanımağa can atıram. Təbii, bunun üçün Türkiyədə yayımlanan kitablardan yararlanıram. Bizdə ən çox azərbaycanlı şair və yazarların kitabları yayımlanır. Əlimdə kitabı olan şairlərimiz - Füzuli, Sabir, Şəhriyar, Bəxtiyar Vahabzadə, Rəsul Rza, Nigar Rəfibəyli, Nəbi Xəzri və s. Bundan başqa, əlimdə bir neçə antologiya da var ki, bunların da ən dəyərlisi 2000-ci ildə çap olunmuş "Min ilin yüz şairi" antologiyasıdır. Burada "Dədə Qorqud"dan müasir dövrə qədər Azərbaycan poeziyası nümunələri vardır. Orada sizin də iki sərbəst, iki heca şeirinizi oxuyub bəyənmişəm. Mikayıl Müşfiqin şeirləri ilə də orada tanış olmuşam. Mikayıl Müşfiqin faciəli ölümü məni çox təsirləndirib.

- Şeir kitabınızı bütöv bir şeir oxuyurmuş kimi, birnəfəsə və zövq alaraq oxudum. Şeirlərinizin hər misrasında bir şair ürəyi çırpınır. Bir şeirinizdə deyirsiniz ki, mən hüznləri onunçün yaşadım ki, geriyə hüzn qalmasın. Nail ola bildinizmi?

- Çox heyif ki, şairlər hüznləri ortadan qaldıra bilmədilər. İnsanların  sonu gəlməyən nəfsi, ehtirası, "mənəm-mənəm"liyi yeni hüznlər yaradır. Təkcə şairlərin deyil, bütün sənətçilərin missiyası insanlara yaxşını, gözəli, doğrunu göstərməkdir. O üzdən insanlar sənət vasitəsilə maariflənərsə, hüznlər azala bilər. Mən şeirlərimdə hər zaman insanların hüznünə ortaq olmağa çalışdım.

- Özünüzü növbətçi şair adlandırırsınız bir şeirinizdə. Dayandığınız yerdən nələri müşahidə edirsiz?

- Bir tərəfdə Qabillə Habildən bəri davam edən qovğalar görürəm. Başqa bir tərəfdə isə, daha gözəl bir dünya qurmaq istəyən sənətçilər durmadan düşünürlər. Bir şair olaraq, mənim missiyam insanlar arasındakı sevginin çoxalmasına xidmət etməkdir. Şeirlərimdə də bunu ifadə etməyə çalışmışam. Sevgi yayıldıqca hüzur çoxalacaqdır.

- "Məni ölümə tüpürdü biriləri. Onlara inad yaşadım", - deyirsiz bir şeirinizdə. Sizcə, elə həyat bu deyilmi?

- Təbii ki, həyat hər zaman güllük-gülüstanlıq ola bilməz. İnsanın qarşısına daim çətinliklər çıxa bilər. O üzdən insan, yeri gələndə, savaşmağı da bacarmalıdır. Bəli, həyata inad yaşamaq, həyatla mübarizə aparmaq elə yaşamağın özüdür.

- Nafız bəy, söhbət üçün çox sağ olun!

- Səhər xanım, şeirlərimi azərbaycanlı qardaşlarıma çatdırdığınız üçün minnətdaram, əməyiniz üçün təşəkkür edirəm.

 

Söhbətləşdi: Səhər ƏHMƏD

 

 

Nafiz NAYIR

 

 

 

Sən və başqaları

 

Sən gedirsən,

Ürəyi parçalanmış əşyalar,

Boynubükük otaqlar qalır ardında.

Gözlərindən  yaş  süzülür mətbəxin.

Ağrılı bir Ay işığı düşür

Axşamlar sənlə oturduğumuz eyvana,

Bircə yollar sevinir.

 

Əcəba

 

Saatdan soruşsan, keçir zaman,

Sən yanımda yoxsan, buna inanmaram.

 

Əhatə

 

Elə bürüdün ki hər yanımı,

Şüşəyə həbs olunmuş külək kimiyəm.

 

Kölgə

 

Kölgə deyil yanındakı,

Gözəlliyin izidir.

 

Anlatmaq

 

Başqa bir yolu olsaydı, səni anlatmağın,

Şeirə minnətmi edərdim?!

 

Qiymət

 

Zaman qiymətlidir, deyirlər,

Çox ucuzdur sənsiz keçən zaman.

 

And

 

Ondan gözəl yoxdu yer üzündə,

Türkcəmə and içirəm.

 

Layla

 

Suss!

Balıqlar yuxulasın.

Eşitmirsənmi,

Dənizlərə tökülən çayların laylasını?!

 

Yarı

 

Ən gözəl sərxoşu öldü dünyanın,

Bütün badələri yarıya endirin.

 

Sevmək

 

Hər kəsi sevmirəm,

Heç kimi sevirəm.

 

Füzuli

 

Eşqin zərgəriydi Füzuli,

Mən hüznün hambalıyam.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!