Heç bəlkə də İntiqam Qasımzadənin yadında deyil, çünki həyatında o qədər də vacib hadisə sayılmır, mütləq surətdə xatırlasın. Ancaq 1975-ci ilin bürkülü avqust gününü, ayın 12-sini yaxşı yadımda saxlamışam. O zaman "Azərbaycan" jurnalında şeir bəyəndirmək, çap etdirmək müşkül məsələydi, heç redaksiyaya yaxın durmaq mümkün deyildi: istər talantlı olasan, istərsə də ortabab. Böyük təzyiq, basqı vardı. Əlqərəz iki şeirimi şöbə müdiri Musa Yaqub bəyənmişdi, lakin bir neçə misranı dəyişmək üçün özümə qaytarmışdı. Elə onda "Azərbaycan" dərgisinin redaksiyasının qarşısında qara saçlı, qıvraq yerişli, xoş sifətli İntiqam müəllimlə qarşılaşdım. O:
- Ağacəfər sənsən? Musa şeirlərini yaman tərifləyirdi, çapa getdi? - Mehribancasına soruşdu.
- Yox, şeirləri mənə qaytarıb, düzəliş etmək üçün...
- Bəs hara aparırsan, ver görüm? Mən "Azərbaycan" jurnalında işləyirəm.
Xeyli ürəkləndim. Musa Yaqubun qara karabdaşla nişan qoyduğu misraları İntiqama göstərdim. O, məsləhət gördü ki, bunları elə indi düzəlt, sonra mümkün olmayacaq, yaddan çıxacaq, şeirlərin də it-bata düşəcək. Bir də axı nə bilirsən, Musa şair adamdı, sabah harda hansı əhvalda olacaq. Bu günün işini sabaha qoyma. Beləliklə, həmin yazıları bir də nəzərdən keçirtdim, utana-utana İntiqam müəllimə uzatdım. Doğrudur, o şeirlərin taleyi müəmmalı oldu. Nə mən xəbər tutdum, nə Musa Yaqub bir söz dedi, nə də xeyirxahlıq eləmək istəyən İntiqam Qasımzadə o barədə mənə məlumat verməyi lazım bilmədi. Başa düşdüm ki, şeirlərimi İsmayıl Şıxlının baş redaktoru olduğu "Azərbaycan" jurnalında çap etdirməyə onun səlahiyyəti, gücü çatmayıb.
İkinci dəfə İntiqam müəllimlə 1979-cu ildə "Azərbaycan" dərgisinin redaksiyasında görüşdüm. Yağışlı-yağmurlu bir payız günündə. O zaman əvəzsiz insan, işıqlı şəxsiyyət İmran Qasımov məni işə götürmək üçün (Azərbaycan Yazıçılar İttifaqının birinci katibi) "Azərbaycan"ın baş redaktoru Əkrəm Əylisliyə zəng vurmuşdu. Hər halda redaksiyanın yaradıcı heyətində boş ştat olmasa da, mənim üçün iş tapıldı. Məsul katib İntiqam Qasımzadə əlimi sıxıb dedi: "İndi bizdə redaksiya müdiri ştatı boşdu, mətbə ilə bizim aramızda müvəqqəti əlaqə yaradacaqsan. Sənədlərini elə sabah gəlir ki, başqa müştəri çıxmasın. Əsas burda işə başlamaqdı, sonra asandı. Çünki kollektivə düşürsən..."
Qayğıkeş, diqqətcil İntiqam Qasımzadə ərizəmin üstünü yazdırdı və mən rəsmi surətdə işə başladım. Düzdü, Bakıda daimi pasport qeydiyyatım yox idi. Yazıçılar İttifaqının kadr işləri üzrə rəisi, zabitəli və hökmlü Kübraxanım bundan hiddətləndi: "A bala, əvvəl get qeydiyyata düş, sənədlərində qeydiyyatın birillikdi, özü də fəhlə yataqxanasına. Sabah bunun əngəli çıxar". Sonra nə fikirləşdisə, üzümə tərs-tərs baxdı. Baş redaktorun ərizəmdəki dərkənarı və imzasını görüb, susdu, təqdim elədiyim sənədləri qaydaya saldı.
Yenə İtiqam müəllimin üstünə başılovlu qaçdım, pilləkənləri necə qalxdımsa, nəfəsim təngiyirdi. Çünki məsul katib Kübraxanımın qanunpərəst olduğunu, sənədlərim düz olmadığı halda, dərhal geri qaytaracağını irəlicədən nəzərimə çatdırmışdı. Görünür, nigarançılıqla məndən cavab gözləyirdi: "Hə, nooldu, kadrların müdiri ilə duelin necə qurtardı?" Əhvalatı qısa danışdım, sənədlərimin onun iradlarından sonra götürdüyünü söylədim. "Əla olub ki, sən indi kollektivimizin şəksiz üzvüsən, şəkil gətir, elə bu saat sənə vəsiqə düzəltdirim".
Beləliklə, redaksiyalarda işin-gücün ceyran belinə çıxdığı bir dövrdə "Azərbaycan" kimi hörmətli dərgidə - Azərbaycan Yazıçılar İttifaqının (o zaman belə adlanırdı) orqanında fəaliyyətə başladım. Burda yaradıcılıq mühiti qaynayırdı, jurnalın bütün qapıları, pəncərələri istedadların üzünə açılmışdı. Çap sarıdan problem yox idi, hər kəs həmin qayğını görürdü. O cümlədən mənim şeirlərim və ara-sıra tərcümələrim də dərginin səhifələrinə yol tapır, bəyənilirdi.
Mən ədəbi aləmdə formalaşana, tanına qədər bir neçə il "Azərbaycan"da qaldım. Bunun üçün ilk növbədə İntiqam Böyükağa oğluna minnətdaram. Çünki bu səmimi, zarafatcıl, hazırlıqlı yazıçı-tərcüməçi ilə birgə işləyirdik. Şair ailəsində doğulan İntiqam Qasımzadənin şeir yazdığını sonra öyrəndim. Bir dəfə erkən gənclik illərində qələmə aldığı xeyli poeziya nümunəsini mənə göstərdi. Heca və sərbəst vəznlərdə yazılan bu şeirlər naşı müəllifin yazıları deyildi. Hamısı mükəmməl və oxunaqlı idi. Mən heyrət edə-edə "ay İntiqam müəllim, bunları niyə kitab şəklində buraxmısan? Bəs niyə indi yazmırsan, ədəbi tənqidə, tərcüməyə keçmisən" - sualları ilə ona müraciət elədim. O, təvazökarcasına cavab verdi:
- Ağa, atam məşhur şair idi, anam da ali məktəb müəllimi, dilçi-alim. Yəni ədəbiyyatın, sənətin məsuliyyətini tez başa düşdüm. Ətrafımda da hamı yazırdı, ona görə şeirdən vaz keçdim. Bir də axı, Nəsimisi, Füzulisi olan xalqın varisi əgər ortabab şairdisə, qələmini yerə qoymalıdı. Mən çoxluqdan, kütləvilikdən qaçdım, düz də elədim. Vaqif Səmədoğlu kimi şair olan yerdə təbii ki, geri çəkilməyim haqq idi...
İndi İntiqam Qasımzadə gəlib yaşının səksəninə çatıb. Maşallah, bu yaş belə sözübütöv insanı, müdrik şəxsiyyəti, cəfakeş redaktoru, zəhmətkeş, istedadlı tərcüməçini heç də səksəndirməyib. Həmişə qoltuğunda qovluq görürsən: O, nasirlərin romanlarını, şairlərin poema və şeirlərini oxumağa, peşəkar qələm adamı kimi redaktə eləməyə vaxt tapır, necə deyərlər, heç kəsi özündən narazı salmır: zəif əsərləri ustalıqla müəlliflərinə qaytarır ki, ruhları inciməsin. Amma hərdən qanı da qaralır, hövsələdən çıxır. Yenə İntiqam müəllim əsəbini boğur, təmkinlə ramolunmaz yazı sahibini ümidləndirir, qoltuğuna verməklə vəziyyətdən çıxış yolu axtarır. Mülayimlik, həlimlik, yüksək mədəniyyət qanında-canındadır İntiqam Böyükağa oğlu Qasımzadənin...
Təxminən on üç il öncə Mədəniyyət Nazirliyi tərəfindən bir layihəni reallaşdırmaq təklifini aldım: İslam ölkələri şairlərinin şeirlərindən ibarət "Sevgi fəsli" adlı nəfis tərtibatlı kitabı çap etdirməli oldum. Tatarıstandan və Başqırdıstandan iki şairin seçmə şeirlərini mərhum Böyükağa Qasımzadə vaxtilə dilimizə çevirmişdi. Sözsüz, həmin nümunələri tapdım, kitaba daxil elədim. Daha sonra ikinci bir kitabı nəşrə hazırladım. Bu, Ukrayna poeziyasının klassiki, nasir və rəssam Taras Şevçenkonun əsərlərindən ibarət idi. Heç demə, Səməd Vurğunla, Rəsul Rzayla, Süleyman Rüstəmlə, Mirvari Dilbaziylə, Əhməd Cəmillə, Bəxtiyar Vahabzadəylə yanaşı Böyükağa Qasımzadə də tükənməz Şevçenko yaradıcılığına müraciət edibmiş. Ukrayna ədibinin Azərbaycan dilində vaxtilə tərcümə olunmuş kitabdan poeziya nümunələri seçdim, kitaba saldım. Böyükağa Qasımzadənin çevirmələri rəvan, axıcı, bitkin təsir bağışlayırdı. Bu, kiçik diqqətin üstü açılan kimi dərhal İntiqam müəllimdən təşəkkür reaksiyası ünvanıma gəldi.
"Azərbaycan" dərgisində çap olunmaq hər bir Azərbaycan yazarının, sözə namusla yanaşan sənət adamının ideal arzusudur. Bu, jurnalda müxtəlif illərdə mənim də dəfələrlə silsilə şeir və poemalarım, tərcümə və publisistik qeydlərim işıq üzü görüb. Son dövrlərdə Əkrəm Əylisli, Yusif Səmədoğlu, Cabir Novruz, İsa İsmayılzadə kimi baş redaktorlar, söz sərrafları çalışıb "Azərbaycan"da. Sevindirici haldır ki, İntiqam Qasımzadə jurnalın dəst-xəttinə daim sadiq olub, onun səviyyəsini qoruyub. Dərgidə oxunaqlı bədii əsərlər, dünya ədəbiyyatından seçmə nümunələr çevirib, çap etdirib. Buna görə "Azərbaycan" nəinki hər bir yazarın, eyni zamanda hər bir oxucunun jurnalıdır.
İntiqam Qasımzadə - 80 yaş. Vallah, bu tələbkar, təvazökar, həssas, olduqca səliqəli insanın gəlib 80-ə çıxdığına inanmıram. Haçansa "Azərbaycan" dərgisində belə bir şeirim getmişdi.
Kimi səksənib yaşayır,
Gəlib sözünə çatmağa.
Kimi səksən il yaşayır,
Ömrün yüzünə çatmağa.
Özünə və Sözünə gəlib çatan, yüzünə doğru irəliləyən əziz qardaşıma, dostuma, həmkarıma, bundan sonra da sağlam ömür, xoş ovqat, yaradıcılıq sevincləri diləyirəm!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!