Bir güllə, bir kasa su, bir sarışın qız - "Söz körpüsü" layihəsinin budəfəki qonağı təbrizli şair Məhəmməd Çalğındır

 

- Xoş gördük, şair, özünüzü oxucularımıza necə tanıdardınız, kimdir Məhəmməd Çalğın?

- Salam, hər vaxtınız xeyir olsun. Mən Məhəmməd Rza Cəfəri Yusif oğlu. Ədəbiyyatda Çalğın imzası ilə tanınmışam. Təbrizdə doğulmuşam, Təbriz Universitetinin Xalçaçılıq və dizayn bölümünü bitirmişəm. Ədəbiyyatda tanınmamışdan öncə, on səkkiz-on doqquz yaşlarında şeir yazmağa təzə başladığım zamanlar mən nəinki Təbrizdə, hətta İran bazarında daha çox bir xalçaçı kimi məşhur idim. Yəni, İranın dünya səviyyəsində tanınmış xalça rəssamlarından biri də mən olmuşam. Özü də ən gənc yaşlarımda. O zamandan mənim xalçalarım "Çalğın" adıyla tanınıbdır.

- Niyə Çalğın?

- Çalğın mənim rəssamlıqdakı imzam olub əvvəlcə. Sonra da şeirlərimi də bu imzayla yazmışam. Çalğın, əslində çox anlama gəlir, oğurlanmış və yaxud vurğun, aşiq mənasında.

- Cənubi Azərbaycanda şairlərin vəziyyəti haqda danışmanızı istərdik. Çox müxtəlif problemləriniz olduğunu bilirik. Öz dilimizdə yazmaq, kitab çap etmək, onları yaymaq nə dərəcədə mümkündür?

- Əlbəttə ki, burda bir az kitab çıxarmaqda problemlər var. Amma hər halda kitab çıxarmaq mümkündür. Amma təəssüf ki, mənim burada heç bir kitabım işıq üzü görməyib. Mənim kitablarım Bakıda, Qazaxıstanda və Türkiyədə çap olunub. Bu günlərdə Bosnada kitabım çapdan çıxacaq.

- Məhəmməd bəy, öz dilimizdə təhsil almamağınıza rəğmən, şeirləriniz xalq danışıq dilində deyil. Şeirlərinizdə ədəbi dilimizdən incəliklərinə qədər ustalıqla yararlanmısınız. Buna necə nail olmusuz, Azərbaycan dilində mütaliə nə qədər mümkündür orada?

- Təbii ki, uzun illər çox əziyyətlər çəkmişik bu sahədə, amma indi şükür olsun ki, internet, sosial şəbəkələr, sizin televiziya kanallarını izləmək imkanı var. Kitabların heç olmasa pdf-lərini əldə edə bilirik. Aydındır ki, yenə də ədəbi dili sağlam şəkildə bilənlər çox azdır. Bir şairin öz üslubunu, öz dilini formalaşdırması üçün öz ədəbi dilində bazası olmalıdır. Bu elə də asan başa gəlməyib, çox çətinliklər çəkmişik, bir kitab belə tapa bilmirdik. Amma buna baxmayaraq, ruhdan düşməmişik, çalışıb-vuruşub öz dilimizin qrammatikasını öyrənmişik, sonra da şeir dilimizi formalaşdırmışıq. Və öz ədəbiyyatımıza, mədəniyyətimizə xidmət göstərməyə çalışırıq.

- Sizcə, şairlərin üsyanının səbəbi nədir, bir şair nə axtarır, azadlıqmı, ədalətmi, harmoniyamı? Məsələn, şəxsən siz nə axtarırsınız?

- Məncə, əsl şeir sualla başlamalıdır. Amma bu sualın konkret nə olduğunu biz şairlər, bəlkə də, heç dəqiq bilmirik. Yəni "ədalət", "azadlıq" məfhumları da nisbidir. Mən şeirdə özümü axtarıram. Mənim şeirim üsyandır və bu üsyan Nəsimidə var, bu türk məfkurəsidir. Mən özümü itirmişəm, axtardığım özüməm, başqa heçnə. Bilmirəm, hardayam, nəyəm, bəzən özümü bir ağacda görürəm, bəzən bir xiyabanda, bəzən bir qızda. Amma dəqiq bilirəm ki, mənə məndən yaxın dost və məndən qəddar düşmən yoxdur.

- Bir şairin özünü axtarması, neçə oxucunun yoluna çıraq tutmaqdı həm də. Bu üzdən ədəbiyyatın gücü danılmazdır. İlk şeirlərinizi necə xatırlayırsız?

- Yeniyetmə yaşlarımda hər kəs kimi mən də bir qıza aşiq olmuşdum. O qız bizim qonşuluqda idi. Öz dayısıoğluna qoşulub qaçdı. Mən düz on üç il onların məhəlləsində qaldım, elə gecə olurdu ki, o küçə ilə bəlkə yüz dəfə o baş-bu başa gedirdim. Və on üç ildən sonra ayıldım ki, o gedib, özünü yorma. Və şeir o zaman gəldi mənim həyatıma. Bir müddət lirik şeirlər yazdım. Sonralar isə ağ şeirə keçdim. Amma fikir versəz, mənim ağ şeirlərimdə harmoniya var, ritm var, bəzən hətta qafiyə var.

- Söhbət üçün təşəkkür edirəm.

- Mən təşəkkür edirəm.

 

Söhbətləşdi: Səhər ƏHMƏD

 

 

Məhəmməd ÇALĞIN

 

Xiyaban

 

adım xiyabandır

bəlkə də, xiyovlulardan bu ad

            miras qalıbdır mənə - bilmirəm

istər taxma adımı cumhur qoysunlar,

istər diktator.

istər sol böyrümə şah yapışdırsınlar,

istər imam,

adım xiyabandır.

 

məndən maşınlar keçir,

ağ maşınlar, gəlin rəngində,

qara maşınlar, mənim rəngimdə,

sən yalnız məndən keçən maşınları görürsən

üstümdən maşınlar dolusu adamlar keçir...

 

gündə neçə ambulans keçir məndən,

içərilərində əzraillə qumar oynayan canlar

bir neçə çodar keçir üstümdən göy neysanıyla,

arxasında mələşən qurbanlar

ölü daşıyan maşınlar

            məndən keçirlər saatbasaat.

ölü sahiblərinin

            göz yaşları üstümdən keçsə də,

ölülərin günahları altımdan keçir.

 

qara boz çiçəkləriylə bəzədilmiş

            ağ maşınlar məndən keçirlər,

və ağ güllərlə bəzədilmiş qara maşınlar.

bir sarıtel qırmızı yaylığını yellədir

            avtobusun pəncərəsindən

bir şüşəgöz arxa sandalda qaval çalmada.

ayaq üstündə duran o sarı kirman qıza baxsana!

əllərinə xına yaxıb - aləmdir.

bu qızcığazların arzuları altımdan keçsə də,

ağ gəlinlər, təbəssümlə üstümdən keçir.

adım xiyabandır,

məndən maşınlar keçir,

məndən adamlar keçir.

ya mən sizə məndən nələr keçə bilir, desəm?

qanından keçə bilsən,

məndən istiqlal keçir,

məndən azadlıq keçir!

 

 

Ayna

 

Saat

Əlli beş, otuz iki dəqiqə, on bir saniyə

O çırağı söndürün, lütfən,

İşıq barmaqların gözümə soxur.

 

Alnımın sağ tərəfinə baxıram...

Saçlarım sol tərəfdən tökülüb, deyəsən,

Sol ovurduma baxıram,

Üzümün sağ tərəfi çökülüb, deyəsən,

 

Sağ əlimdə siqaram

Yəni,

Sol əlimdə

Barmağımı uzadıram sol gözümə,

Yəni,

Sağ gözüm soxulur barmağıma,

Mən, burdayam hələ

Evimin içində

Sağı, sol görürəm

Aynanın qarşında...

Bir sarışın qız

 

Yuxularımda bir mədrəsə var,

Qapısını yayda bağlaya bilmir.

Bir güllə var yuxularımda,

Bir kasa su,

Bir sarışın qız,

Uzaqlardan bir zadlarda görünür,

Görə bilmirəm.

 

Dostumun atoliyəsindəyəm,

Bir Amerika filminə baxıram,

Bir güllə var filimdə,

Bir kasa su,

Bir sarışın qız,

teqzaz ləhcəsində gedən dialoqları

bilə bilmirəm.

 

Bakının "Tarqovı"sında gördüm

Üç dörd gün qabaq

Bir güllə,

Bir kasa su,

Bir sarışın qız

deyirdi, "İdi ko mne"

Rusca bilmirdim.

 

Mədrəsənin qapısından baxıram,

Cəng dərsi öyrədillər uşaqlara,

Tüfəng dərsi.

Açılır güllə,

Calanır su,

Gözlərini yumur,

Bir sarışın qız...

 

Sən

 

sən bahar kimi məni tərk etdin,

ona görə

yanaqlarımda hərdən yağış tapıram.

 

sən bu küçənin ətəyindən dişarı çıxdın,

o ətək...

o ətəkdən neçə vəfasızlar çıxıblar.

 

bulud nədən istəmir,

keçmişə qayıtsın?!

bulud nədən istəmir,

bu şəhərdə atından düşsün?!

 

nə təhər,

nə təhər buralardan çıxım gedim?!

evin hansı pəncərəsindən baxıram,

sən varsan.

 

yağış qapımıza gəlib,

yaz qapımıza gəlib,

sən qapımıza gəlibsən!

və mənim yalqızlığım

otağımdan çıxa bilmir.

 

sən varsan

və varlığın yanağımda bitən bir çiçəkdir,

mən ağladıqca

o böyüyür.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!