Turan UĞUR
"Gözəl havalar", " Bir iş var", "Sarı saçlı çocuq", "Hürriyyətə doğru" və başqa şeirləri ilə böyük oxucu məhəbbətini qazanmış Orxan Vəli Kanık XX yüzilin ən böyük türk şairlərindəndir. Uzun illər klassik türk poeziyası tərəfdarlarının, ümumiyyətlə, ədəbi cameənin qəbul etmədiyi Orxan Vəli özünü isbatlamaq yolunda zaman-zaman böyük yollar qət edib və sonucda türk dünyasının sevilən, maraqlı, orijinal şairi ünvanını qazanıb.
- "Niyə?" Niyə liman deyincə, ağlıma dirəklər gəlir, niyə dəniz deyincə, ağlıma yelkənlər gəlir, niyə qoca dəyirmançını görəndə Tanrı, haqqı görəndə bəndə gəlir ağlıma, elə haqsızlıq deyəndə də ağlıma bəşər övladı gəlir. Niyə türk dünyasının şairləri deyəndə - Nizaminin, Füzulinin, Yunus Əmrənin, Nazim Hikmətin, Nəcib Fazilin, Rəsul Rzanın adı dilimin ucunda var-gəl edir?
- Görürsüz, Orxan Vəlinin bir misrasını, daha doğrusu, "Niyə?" sualını səsləndirdim, fikirlərim nəhir kimi axıb getdi. Niyə? - deyim sizə.
Şeir Orxan Vəlinin misraları kimi olmalı, hər misrası dinlənəndə gərəkdir ki, sən də qoşulasan ona, qoşulub, axıb gedəsən. Baxın, bundan sonra nə oxuyacaqsız, bəri başdan deyə bilərəm. Bir çuxurun həndəvərində əlində qalaq-qalaq kitablar, boş söz yığını olan makulatura sayılan əsərləri, fars-ərəb tərkibli yalnız qafiyə xatirinə yazılmış, çeynənmiş sözlərdən, təşbehlərdən ibarət yararsız şeirləri quyuya tökən Orxan abimizi mütləq görəcəksiniz bu yazımda: Türk şairi Orxan Vəli Kanıkı.
Yusif peyğəmbər kimi bu quyuya xoş gəlmisən, Yusifimiz nicat bulmuş o çuxurdan .Niyə quyu deyəndə gözəlüzlü, xoşbəniz Yusifi xatırladım?
Özüm də bilmirəm.
Çəpinə, köndələn yağan yağmurlu günlərin birində İstanbulda Orxan Vəli anadan olanda, təqvim 1914-cü ilin aprel ayını göstərirdi. Türk qardaşlarımız, can-ciyərlərimiz "nisan yağmuru" deyir aprel yağışına. Orxan Vəlinin də ömrünə çilədi bu qısamüddətli yağışlar. Gün o gün idi... Birinci Dünya savaşının başlama ərəfəsi: Beykozda, Yalıköyündə, Çayır küçəsi 9 nömrəli evdə Mehmet Vəli bəyin, Fatma Nigar xanımın oğlanları Orxanı sonralar yağmurlu deyil, gözəl, günəşli havalar məhv edəcəkdi.
İlk şeirlərini də belə havalarda yazsın Orxan Vəli. Beykozda 12 yaşında qonşu qızını sevsin. Amma lütfən, siqaret çəkməsin, zira, cana hədsiz zərəri var. Tütün qoxusuna gözəl havalarda alışsın, varlığına, vücuduna ziyan olmağına rəğmən.
- Doğru söyləmiş, zərərdir varlığına.
Bəs şairin ilk nəşr etdirdiyi şeir dərgisinin adı nədir?
- "Varlıq"
1936-cı ildə ilk şeirləri oxucusuna qovuşsun, şair isə belə desin:
- "Hamınız qəpik-quruş dərdindəsiniz, tək mənəmmi kef əhli aranızda, tək mənəmmi? Baxmayın, gün gələr, bir şeir deyərəm sizə, əlimə pul-para düşər, qarnım doyar mənim də. Şeirimə verdiyiniz qəpik-quruşdan yox, sevginizdən qarnım doyar. Görün, necə toxam, elə bil bir oturuma bir dəvə yemişəm. İstanbulu dinləyirəm, gözləri qapalı"
İstanbulun köhnə caddələri, evləri, limanları gəlməzmi xəyalıma?
İstanbulu gözübağlı dinləmək asandır, İstanbulda yaşamaq isə çətin.
Bir iş var bu işin içində, göy qübbəsinə baxırsızmı? Bəlkə, bir sınayaq?! Hamımız bir yerdə baxaq göy üzünə.
Göy qübbəsindən asılan qəndillərin əlvan şəfəqlərini necə? Görmək ürəyinizdənmi?
- Bir dalğa yaratmış sanki. Rüsxət verin, o dalğanı Oqtay Rıfat, Məlih Cövdət adlandırım.Türk şeirinə yeni nəfəs gətirənləri bu cür çağırım! Orxan Vəli də olsun onların dostu, vəlisi. Həm də dostu Məlihlə eyni qıza aşiq olan birisinin abisi olsun Orxan Vəli.
Bir yaşında qurbağadan qorxan, on üç yaşında Oqtay Rıfatı, on altı yaşında Məlih Cövdəti tanıyan Orxan özünü necə, tanıyırdımı?
- Tanıyırdı.
Köhnə qəliblərə, əruzda yazılan anlaşılmaz şeirlərə qarşı çıxanda da, xalqın sadə, saya dilini, danışıq tərzini şeirə hopdurmağın vacibliyini deyəndə də özünü tanıyırdı. Camaat da tanıyırdı gənc şairi, bəs nə üçün "Qərib" sayırdılar onu?!
"Qərib"çilər olduğundan, xalqa yox, köhnəliyə yad, özgə idi Orxan Vəli və arkadaşları. Baş bahasına sandığı hürriyyətindən kiməsə bir əlcə də qıymazdı. Ustad Nazim Hikmətin azadlığı uğrunda isə 3 gün aclıq aksiyasına qoşulub ac qala bilərdi, necə ki, qalmışdı da. Zatən, "yaşamaq müftə" deyirdi Orxan vəlimiz. Orxan dostumuz "yaşamaq bədava" deyirdi, ancaq nə yazıq ki, azadlıq baş bahasına olur bu cahanda.
"Vəzn getdi, qafiyə getdi, məna getdi"- deyib onu tənqiddə bulunanlar Orxan Vəlini və dostlarını "cücələr" də adlandırırdılar, "mikro-ədəbiyyat ünsürləri" də. Fəqət Orxan Vəlidən öncə də şairlərə bu sayaq çamırlar atılmışdı. Nazim Hikməti şair saymayanlar, Xalid Ziyanı, Sait Faiki söz qurşununa tutanlar varkən, "Qəribçi" qərib şair Orxan Vəlini anlamazsan nə olar, əcəba?
1941-ci ildə dostları ilə "Qərib" şeir kitabının "Ön söz"ünü yazmaq Orxan Vəlinin nəsibinə yazılır. "Qəribçi"lər "Ön söz"ü manifest kimi qəbul edirdilər. Hecanı da inkar edirdi, əruzu da, lap elə yeri gələndə sərbəst şeirin də vayına oturardı şair. "Orxanvari" yazırdı, elə yaşadıqları da heç kəsə bənzəmirdi. Heç kəsə bənzəmirdisə, deməli, "Orxanvari" yaşayır, ikidəbir: "əvvəla adamam" deyərdi.
Müharibəyə bizim münasibətimiz bəllidir. Bir də Orxan Vəlinin gözü ilə baxaq savaşa:
- Hitler əmi, bir gün bizə də buyur, bığlarını anama göstərim, mətbəxdəki soyuducudan sənə kərə yağı verim də, əsgərlərinə yedizdir.
Bəs Orxan Vəli köks ötürərsə, necə olar:
- Hərbə gedən sarısaçlı çocuq, yenə belə gözəl dön.
Belə olar!
Yazımın əvvəlində qübbədən asılan qəndilləri misal gətirmişdim, yadınızdadır? Bir də çuxurdan bəhs etmişdim sizə, quyudan. Mənimki o quyularla tutmur nədənsə...
"Yarpaq" dərgisində tərcümələrini nəşr etdirmək üçün ahbabları ilə jurnal yaratmışdılar. Bu dərginin nizamlı, davamlı çıxması naminə, yeri gələndə, paltosunu, maraqlı rəsmlərini də satmağı bacaran Orxan Vəli idi. "Yarpaq" dərgisi dedim. Bir də yarpaq-yarpaq ömürdən tökülən illər var, illər nədir, günlər, günlər nədir, saatlar var.
Maaləsəf, Ankara Bələdiyyəsinin qazdığı çuxur var. O quyuya nimdaş kağızlar, yararsız əsərlər atılmalı idi. Lakin sərxoş şair yıxılır həmin çuxura. Başından zədələnir, 2 gün sonra İstanbula dönüb, bir dostu ilə nahar edərkən özünü pis hiss edir, canı ağrıyır, tezliklə şəfaxanada ölümə təslim olur.
- Saat neçədə?
- 23:20-də.
- Son ziyarətinə gələn kimmiş? Sevgilisimi, xatunumu, məşuqəsimi?
- Tapmadınız.
- Liseydəki müəllimi Əhməd Həmdi Tanpınar.
Son ziyarətçisi hocası idi.
Hələ ölməsin böyük şair, noolar ölməsin. Orxan Vəli, əvvəlcə, əlindəki kağızları, köhnəliyin simvolu sayılan cızma-qaraları, o nəsil şairlərinə ərmağan kimi ötürülən zəif əruz şeirlərini quyuya atsın. Bu, Orxan Vəlinin zəfəri sayılsın. Cəhaləti quyuya gömən şair kimi bu dünyadan qalib ayrılsın Orxan Vəli. Bu çuxur da şairin timsalında son böyük ziyarətçisini görsün.
Amma təkcə şairi udmamış bu cür quyular, həm də tarixə gömülən, nimdaş qoxuyan əsərlərin aqibəti sayılmış. Orxan Vəlinin əlindəki o kağızlar çuxura gömülməli idi. Bu quyu, həm də cəhalət, köhnəlik, nadanlıq quyusu olub, makulatura əsərlərin məzarlığına çevrilməli idi. Ay bələdiyyə quyusu, görüm, sənə yıxılanlar Yusif misallı nicat bulsunlar.
- Nə fərq edər: ya şair, ya peyğəmbər, eyni məfhum deyilmi?!
Unutdum deyəm ki, quyu yanında ağac vardı, bir bilsəniz, necə bənzəyir Orxan Vəlinin məhəllələrindəki ağaca. Gəlin, rahat buraxaq şairi, doğma, məhrəm sözləri qərib insanın özündən dinləyək:
"Məhəlləmizdə səndən başqa ağac olsaydı, səni bu qədər sevməzdim. Fəqət mənimlə hər gün oyun oynamağı bilsəydin, səni daha çox sevərdim. Gözəl ağacım, sən quruduğun zaman biz də, inşallah, başqa məhəlləyə köçmüş olarıq..."
1950-ci ilin noyabrın 14-də başqa məhəlləyə deyil, başqa bir dünyaya köçəcəkdi Orxan Vəli. Elə bir dünyaya ki, daha gözəl havalar onu məhv edə bilməyəcəkdi, o cür havalarda ərizə yazıb işdən çıxmayacaq, siqaret çəkməyə başlamayacaq, evə duz-çörək almağı unutmayacaq, şeir yazmaq həvəsi baş qaldırmayacaqdı.
Bəlkə bütün bunlara heç ehtiyac da olmayacaq həmin dünyada.
Eh, nə sandınız? Qərib insandan danışırdım sizə...
Zarafatmı?!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!