Azərbaycanın ünlü Xalq şairi, yazar və millət vəkili Sabir Rüstəmxanlı "Yeniçağ"ın yazarı Mais Əlizadənin suallarını cavablandırıb.
- Türkiyədə ən çox kitabı çıxan Azərbaycanlı qələm sahibi siz olduğunuza görə, ən çox tanınan da sizsiniz. Oxucularımıza özünüzü tanıtmağınızı xahiş edə bilərikmi?
- Türkiyədə ən çox kitabı çıxan və ya ən çox tanınan Azərbaycanlı qələm sahibi olmaq məsələsində Sizdən fərqli düşünürəm. Çünki mən Azərbaycanın bağımsızlığı, möhkəmlənməsi, dövlət quruculuğu uğrunda, xalq hərəkatının öncüllərindən biri, millət vəkili, nazir və parti başqanı olaraq mübarizə apardığım illərdə artıq yollar açılmışdı, Türkiyəyə hər türlü adamlar gəlirdi, kim istəsə kitabını basdırırdı. Bəlkə, məndən də çox kitab nəşr etdirənlər olub.
Yazmaq bir işdir, yazdıqlarının yurd içində və dışında çevrilməsi, nəşri və reklamı başqa iş. Mən bacardığım qədər yazmışam, ancaq onun yayılması ilə az məşğul olmuşam, Türkiyədə çıxan kitablarım da mənim yox, dostlarımın, arkadaşlarımın işidir. Sağ olsunlar.
Bir neçə ay öncə İsveçdə yaşayan universitet müəllimi, Prof. Dr.Səadət Kərimi bir məqalə çap etdirmişdi: "Sabir Rüstəmxanlının "Ömür Kitabı" Nobel mükafatına təqdim edilsin". Səadət xanım bu fikrini Nobel mükafatına layiq görülmüş digər kitablarla mənim kitabımın ingiliscə, London nəşri arasında müqayisələr apararaq əsaslandırmışdı. Bu, bir arzuydu, lakin bu yazıya heç bir reaksiya gəlmədi. Tam sükut. Hər kəs daha çox özünü düşünür. Halbuki ədəbiyyatımızı dünyada tanıtmaq baxımından belə addımlar atılmalıdır. Mükafat alacaq, almayacaq, bu önəmli deyil, kitabların çevrilib tanıtdırılması önəmlidir.
Mən Türkiyəyə, hələ Sovet dönəmində ilk gələnlərdən olmuşam. Türkiyədən Azərbaycana ilk gələnləri qarşılayanlardan biri də mən olmuşam. Bu səbəbdən mutluyam ki, Türkiyəyə ilk addım atdığım günlərdən çox dəyərli insanlarla görüşüb, yaxınlaşmışıq: İqdırdan Azərbaycanı ürəkdən sevən mərhum avukat-qazetəçi İbrahim Bozyelin vaxtsız ölümü bizim bir çox arzularımızı yarımçıq qoydu. Türk Dünyası Araşdırmalar Vaqfının Genel Başkanı Prof. Dr.Turan Yazqan ilə dostluğumuzun bəhrələrindən biri Bakının mərkəzi küçələrindən birində Vaqfın kitab mağazasına yer ayırmamız olmuşdu. Heç ayrılmadıq onu əbədiyyata uğurladığımızda İstanbul Universitetindəki çıxışımı xatırlayanda hər zaman kövrəlirəm. Türkiyənin ədəbiyyat birliyinin, sivil toplum örgütləri çevrələrində qazandığım əlaqələrimdən hər zaman məmnun qalmışam. Türkiyə boyu dolaşıb universitetlərdə Azərbaycanın Qarabağ sorununu, Xocalı soyqırımını, erməni soyqırımı iddiasının əsassız və yalan olduğunu anlatmağa çalışmışıq. Yəni, Türkiyənin ədəbi mühitini yaxından tanımağa zaman olmayıb. Ankarada, İstanbulda, İzmirdə çıxan kitablarımın çoxu amatorcasına, həvəskarlar tərəfindən çevrilib. Məsələn, mənim ən çox sevdiyim əsərim olan "Ömür kitabı"nı öyrəncilər ixtisarla çevirmişdilər və bütün tirajı Bakıya, mənə göndərmişdilər. Türkiyədə kimsə o kitabın türkcəsini görmədi... Türkiyədə kitab nəşri və kitab satışı bir ilginc şəbəkədir və ora dünyanın bütün xalqlarının yazarları yol tapır, Türk dünyası yazarlarından başqa. Türk oxucusu türk dünyasından Çingiz Aytmatovdan başqa kimsəni yetərincə tanımır... Mən də bu mühitdə tanınıram deyə bilmərəm.
Amma qürur duyduğum olaylar var. 1987-ci ildə Türkiyəyə ilk gəldiyimdə "Türkiyə" qəzetində bir müsahibəm çıxmışdı. Başlığı beləydi: "Türkiyə yüzünü doğuya çevirməlidir". Mən ilk gəncliyimdən Avropa heyranlığının bir sonuc verməyəcəyini görmüş və Türk birliyi ideyasının təbliğçisi olmuşam. Türk Parlamenti, Türk akademisi yaradılması fikrini də biz 1992-ci ildə Quzey Kıprıs Türk Cümhuriyyətində yeni müstəqillik qazanmış türk dövlətlərinin hər birindən iki millət vəkilinin qatıldığı bir toplantıda irəli sürmüşdük. Toplantı Türk Dünyası Araşdırmalar Vaqfının və Türkiyənin "Ana Vatan" partisinin təşəbbüsü ilə keçirilirdi. Bu gün sevinirəm ki, arzularımız, tısbağa yerişi ilə olsa da, gerçəkləşir.
Kəndini tanıtmaq ən zor iş. Uzun həyat hekayəsini və yaradıcılıq yolunu necə özətləmək olar? Mən Güney Azərbaycanla (İran) sınır bölgəsində doğulmuşam; buna görə də Güney və Quzey azərbaycanlılarının ayrılıq dərdi yazılarımın önəmli xətlərindən biridir. Bakı Dövlət Universitetini bitirmişəm. Filologiya doktoruyam. On il "Ədəbiyyat və İncəsənət" qəzetinin bölüm müdiri, on il də "Yazıçı" nəşriyyatının baş redaktoru olmuşam. Azərbaycanda, Türkiyədə, Özbəkistanda, Gürcüstanda, Almaniyada, İngiltərədə, İsveçdə, İranda, Rusiyada 95-dən çox kitabım çıxıb. 1988-ci ildə basılmış "Ömür kitabı" adlı əsərim Azərbaycan kitab nəşri tarixində ən çox satılan və oxunan kitablardan biridir; qızlara cehiz olaraq verilirdi. Azərbaycanın Müstəqilliyi uğrunda başlanan böyük xalq hərəkatının ilk təşkilatçılarından və liderlərindən biriyəm, bir milyon insanın toplaşdığı 18 günlük Meydan mitinqlərinin yönəticisi olmuşam. 1989-cu ildə, yəni hələ sovetlər dönəmində, Azərbaycanın ilk müstəqil və demokrat qəzeti olan "Azərbaycan"ı təsis edərək 2 il onun baş yazarılığını - baş redaktorluğunu yapmışam. Bundan sonra da "And", "Vətəndaş Həmrəyliyi", "Qarabağın səsi", "Bakı - Təbriz", "Türk dili" kimi qəzet və dərgilərin təsisçisi olmuşam. 4 ildən artıq Azərbaycanın Mətbuat və İnformasiya naziri görəvini daşımış və sonra nazirlikdən istefa vermişəm. Polşanın böyük şairi Adam Mitskeviçin (İstanbulda dəfn edilib) şeir ve poemalarını Azərbaycan türkcəsinə çevirdiyimə görə "Polşanın Əməkdar Mədəniyyət Xadimi" adına layiq görülmüşəm. 1990-cı ildən başlayaraq Azərbaycan Respublikası Milli Məclisinin millət vəkiliyəm. Dünya Azərbaycanlıları Konqresinin eşbaşqanıyam. "Azərbaycanın Xalq Şairi" fəxri adına layiq görülmüşəm. Milli Məclisdə təmsil olunan "Vətəndaş Həmrəkliyi" (dayanışma) Partiyasının sədriyəm. Azərbaycan Dil Qurumunun başqanıyam.
- Siz 1937-ci ilin ziyalı faciələrindən sonra mərhum Bəxtiyar Vahabzadə və Xəlil Rza ilə birlikdə Azərbaycanın azadlığı uğrunda mübarizədə qələmdən ustalıqla istifadə etmiş bir yaradıcı insan və həmçinin kitab və qəzet naşirisiniz. Mübarizəniz "Milləti azadlığa qələm sahibi çıxarır" - həqiqətinin örnəyidir. Türk oxucularına bu barədə nə demək istərdiniz?
- Böyük demokrat yazarımız Cəlil Məmmədquluzadə XX yüzilin başlanğıcında yazmışdı: "Qələmin müqəddəs vəzifəsi xalqın xoşbəxtliyi yolunda xidmət etməkdir". Ədəbiyyat millətin ruhudur. Yüzillər boyu xalqın milli varlığı, dili, tarixi hafizəsi, mübarizə əzmi, azadlıq eşqi, bağımsız yaşamaq gücü, mənəvi dəyərləri məhz yazılı və şifahi bədii sözün sayəsində qorunmuşdur. Siyasət fars və rus işğalına, İlahiyyat ərəb işğalına yol açanda xalqı öz türk kökünün üstündə daim canlı saxlayan milli ədəbiyyat olmuşdur. Buna dörə də düşmənlər tarix boyunca, ilk növbədə, millətin görən gözü və deyən dili olan ədəbiyyat adamlarını, aydınları sıradan çıxarmağa, məhv etməyə çalışıblar. Müstəqil dövlətlərin ilk memarları hər zaman bədii ədəbiyyatın yaradıcıları, humanitar düşüncə sahibləri olmuşdur. 1918-ci ildə Şərqdə ilk demokratik dövləti - Azərbaycan Xalq Cümhuriyyətini quranların, 1991-ci ildə həmin Cümhuriyyəti bərpa edənlərin də çoxu qələm sahibləri olmuşlar.
Ötən yüzilin 60-80-ci illərində Azərbaycanda ciddi bir milli oyanış duyulurdu. Tarix şüurunun güclənməsi, milli özünüdərk, türk dünyası və İranda (Güney Azərbaycan) yaşayan bacı-qardaşlarımızla əlaqələri genişləndirmək istəyi bir intibah havası yaratmışdı. Bu gedişatın başında Azərbaycan ədəbiyyatı, şair və nasirlərimizin əsərlərindəki güclü vətəndaşlıq ruhu dayanırdı. Demək olar ki, hər gün universitetlərdə, fabriklərdə, bölgələrdə, məktəblərdə görüşlər keçirilirdi. Əsas mövzu: Milli taleyimiz və ədəbiyyatın görəvi... Xalq arasında yazıçı sözü keçərli idi; çünki xalq öz acılarını, qədərini və ümidlərini yazıçıların dilindən eşidir, əsərlərində oxuyur, ona inanır və onun ardınca gedirdi... Yürüşlərdə kitablarımızı əllərində bayraq kimi aparanlar vardı.
Türkün keçmişindən "Dədə Qorqud" boylarını, "Divani lüğət-it Türk"ü, "Manas"ı, Nizami Gəncəvini, Nəsimini, Nəvaini, Füzulini, Yunus Əmrəni, Qaracaoğlanı, Şah İsmayıl Xətaini, Pir Sultan Abdalı, Molla Pənah Vaqifi, Mirzə Fətəli Axundzadəni, Namiq Kamalı, Şinasini, Mehmet Akif Ersoyu və başqa böyük söz ustalarının əsərlərini, böyük xalq ədəbiyyatını silsək yerində nə qalar? Dil ədəbiyyatı qoruduğu kimi, ədəbiyyat da dili qoruyur. Antik yunan mifologiyası və fəlsəfəsi olmadan bu günkü Yunanıstanı, Firdovsinin "Şahnamə"si olmadan farslaşdırılan İranı, Şekspirsiz İngiltərəni, Servantessiz İspaniyanı, Qurani-Kərimsiz ərəb dünyasını təsəvvür etmək çətindir.
- Azərbaycan müstəqil olmadan parlament üzvü seçildiniz. 33 ildən bəri parlament üzvü kimi siyasi fəaliyyətiniz davam edir. Ədəbi şəxsiyyətin azad dünyasıyla siyasətin məhdudlaşdırıcı kriteriyaları bu günə qədər sizə təsir edə bildimi? Edə bilmədisə, səbəbi nədir?
- Öncə dəqiqləşdirim: Bu 33 ilin 5 ilini seçkilərə qatılmadım, lakin millət vəkili olub-olmamaq arasında bir fərq görmədim, çünki insanlar bir sorunları olanda yenə öz bölgələrindən olan millət vəkillərindən çox mənə üz tuturdular. Xoşbəxtəm ki, xalq arasında bu inamı və sevgini qazanmışam.
Mən siyasətə ədəbiyyatdan, ədəbiyyatın qazandırdığı sevgi və sayqının yardımı ilə gəlmişəm. Ədəbiyyatla siyasət fərqli sahələrdir. Lakin tarix boyu heç bir böyük yazıçı xalqının taleyindən, onun qədərini həll edən siyasətdən kənarda qalmayıb. Bu mənada siyasi fəaliyyətim ədəbi fəaliyyətimin davamıdır, bu iki sahə bir-birini tamamlayır və zənginləşdirir. Siyasət zamanımı alıb, lakin daxili azdlığıma, azad dünyama ciddi təsir göstərə bilməyib. Bir müxalifət partisi başqanı olaraq çox tənqid eşitmiş və sıxıntılar görmüşəm. Lakin düşmənlə üz-üzə dayanan, savaş içində olan xalq və dövlət üçün milli birliyin, vətəndaş dayanışmasının yeganə düzgün ideoloji yol olduğunu bildiyimdən, buna inandığımdan hər zaman inamlı, qətiyyətli olmuşam. Sonuncu Qarabağ savaşındakı qələbəmizdə ordumuzun böyük qəhrəmanlığı ilə yanaşı, məhz xalqla dövlət arasında, siyasi partiyalar arasında yaranmış bu həmrəylik güclü rol oynadı.
Mənim siyasi fəaliyyətimin kökündə belə bir birlik ideyası və insan sevgisi dayanır. Bu ədəbiyyatdan gəlir və ədəbiyyatın əbədi, dünya durduqca davam edəcək qayğısıdır.
- Parlament kürsüsündən toplumun üzləşdiyi problemləri daim gündəmə gətirən bir neçə millət vəkilindən biri sizsiniz.Oradakı həssaslıqları gözümüzün önünə gətirsək, siz bu gücünüzü hardan alırsınız: qələminizdən, daima xalqın içində olmaqdan, təxminən 55 illik mübarizə keçmişinizdən?
- Azərbaycan yazıçılarının bir qurultayında mən məruzəçi idim. Niyətim ədəbiyyatımızın son onbeş-iyirmi illik durumunu, hər bir yazıçının yaradıcılığını və yaranan əsərləri obyektiv, güzəştsiz qiymətləndirmək idi. Buna çalışdım, düşündüyüm kimi də yazdım, danışdım. Əslində, bu çox çətin bir işdir. Yazıçılar tənqidə dözümsüzdürlər. Lakin həmin gün mənim saatyarımlıq qonuşmama bütün yazıçılar səssizcə qulaq asdılar. Hamıya eyni məsafədə dayanıb, heç kimə güzəşt etmədiyimdən, heç kim incimədi. Sonra ünlü şairimiz Xəlil Rza Ulutürk o məruzəmə "Natəvan klubunda" adlı çox gözəl bir poema həsr edib, heyranlığını bildirdi.
Bu olayı xatırlamaqla ədəbi və siyasi taleyimdə tutduğum yolu göstərməkdir: Başlıcası düzgün olmaq və həqiqəti deməkdir. Gücüm həqiqətdən və ümumxalq sevgisinə güvəndiyimdən qaynaqlanır.
- 4 ildən artıq Azərbaycanda kitab çapına və satışına cavabdeh nazir kimi fəaliyyətiniz olub.Toplum o dönəmdə gördüyünüz işlərə görə, sizi minnətdarlıqla xatırlayır. Azərbaycanda milli gəlir düzgün bölüşdürülmədiyinə görə, indi kitab satışıyla bağlı son dərəcə ciddi problemlər var. Bu barədə nə demək istəyərdiniz?
- Təəssüf ki, Müstəqilliyin ilk qurbanları və onun zülmünü ən çox çəkən - bağımsızlığı millətə qazandıran insanlar, söz sahibləri, qələm əhli oldu. Ədəbiyyatın dövlət tərəfindən nəşri məhdudlaşdı. Nəşriyyatlar özəlləşdi, tirajlar azaldı, qonorar sistemi tamamilə ləğv edildi, kitab dükanları kitabdan xəbərsizlərin əlinə keçdi, kənd kitabxanalarına yeni ədəbiyyatın göndərilməsi unuduldu. Təbii ki, yeni ədəbiyyat olmayanda kitabxanaya da maraq azalacaq. Sonra da bunu bəhanə edərək kəndlərdə kitabxanaları yarıbayarı azaltdılar və ya ləğv edirlər, sanki kənddə yaşayanlara kitab və ədəbiyyat lazım deyil...
Oxuyanların sayı azaldı. Bunun bir səbəbi də əlifba islahatının yaratdığı müvəqqəti çətinliklər oldu.
Mən gəncliyimdə sosializmi sevməsəm və ona qarşı olsam da bir şeyi etiraf etməliyəm: yazıçıların, yaradıcı insanların sosial müdafiəsi sosializm dönəmində daha yaxşı təşkil edilmişdi.
Yazıçı sözü, kitab xalq arasında və rəsmi dairələrdə necə qəbul edilir? Deyə bilərlər ki, bu məsələyə rəsmi dairələri niyə qatırsan? Axı onlar bir ovuc insandır; oxuyur oxusun, oxumur oxumasın! Bu belədir! Ancaq təəssüf ki, ədəbiyyata, kitaba və onun müəllifinə, kitab ticarətinə və kitab evlərinə münasibəti ümumi oxucu kütləsi yox, bəlli adamlar yönəldir və rəsmiləşdirir...
Latın qrafikası ilə buraxılmış kitablara ehtiyacı nəzərə alaraq Azərbaycan Prezidenti mühüm bir addım atdı; ədəbiyyatımızın və dünya klassiklərinin kitablarının latın qrafikası ilə orta məktəblər üçün kütləvi tirajla nəşrinə sərəncam verdi və hər il bu məqsədlə böyük miqdarda vəsait ayrıldı. Mən bu işi, doğrudan da, böyük əhəmiyyəti olan, tarixi bir addım sayıram, çünki o silsilə yetərincə keyfiyyətlidir və orada hətta sovet dövründə də oxuculara çatdırılmamış bir sıra bədii əsərlər də yer almışdır. Lakin sərəncam tamamilə yerinə yetirilsə belə, bu problemin yalnız bir tərəfidir. Bir müəllifin on ildə, on beş ildə bir dəfə və məktəblər üçün nəşr edilməsiylə iş bitmir. Elə kitablar var ki, tez-tez və müxtəlif formatlarda nəşr edilməlidir.
Məncə, dövlət uşaq ədəbiyyatını, klassiklərimizi və çağdaş ədəbiyyatımızın seçmə nümunələrini ardıcıl nəşr etmək və müəlliflərinə qonorar vermək ənənəsini bərpa etməlidir. Ədəbiyyatı və kitabı bütünlüklə bazarın ümidinə qoymaq olmaz. Əyalətlərimizdə kitab ticarətinin unudulduğunu, kitab alıcılığı imkanlarının məhdudlaşdığını düşünsək - bu işə dövlət qayğısından başqa yol görmürük.
- Xüsusilə, 1789-cu ilin Fransa inqilabından bu günə qədər "Yaradıcı insanın toplumdakı yeri harda olmalıdır?" - məsələsi müzakirə edilir. Bu baxımdan Fransanın keçmiş prezidenti Charles De Gaull`ın"Jean Paul Sartre Fransa`dır" - sözlərinin dəyəri ön plana çıxarılır. Sartr isə yazarın mütləq şəkildə ictimai proseslərdə öz mövqeyini bildirərək repressiyaların qabağının alınmasında fəal rol oynamasını istəyirdi. Sizin mövqeyiniz?
- Sartr sevdiyim və fəal ictimai mövqeyi olan yazıçı və filosoflardan biridir. Bədii ədəbiyyat xalq üçün, oxucu üçün yazılırsa, bəlli bir mənəvi, əxlaqi, psixoloji, tərbiyəvi, fəlsəfi mahiyyət daşıyırsa, bu artıq öz-özlüyündə, xeyirlə şərin əbədi mübarizəsində yazıçının yerini təyin edir. Yazıçının borcu Xeyirin yanında olmaqdır. Dünyanın böyük söz sahiblərinin yüz illərlə davam edən mübarizəsinin məntiqi budur.
Bağımsızlıq dönəmində, yəni azad iqtisadiyyat və azad bazar dönəmində yazıçının durumu məni çox düşündürür. Bu barədə "Özümüzdən böyük sözümüz" adlı kitabımda da yazmışam.
Yurd sevgisi çox vaxt gözümü tutub, pisi də yaxşı saymışam, ümidim sarsılmayıb; ən çətin günlərdə də "düzələr, müvəqqəti çətinlikdir, keçib gedər, millətimiz müdrikdir, əyriliklərin qarşısını alar, köhnəliyin qalığıdır, vaxt keçdikcə düzlük, haqq, ədalət yerini tutar", - demişəm.
Dünya balacadır. Yüz cür qorunma üsullarına baxmayaraq, yoluxucu xəstəliklərin ölkədən-ölkəyə ildırım sürətilə keçib yayıldığı kimi, cəmiyyətlərdəki mənəvi xəstəliklər və dərdlər də yayılır, nə faciəni, nə yenilikləri, nə sevinci, nə kədəri bir ölkə çərçivəsində həbs edib saxlamaq olur.
Əslində, söz və cəmiyyət, ədəbiyyat və hakimiyyət problemləri bu gün ümumdünya problemidir. Düz söz demək, həqiqəti yazmaq imkanları bizdən qat-qat artıq olan Qərb dünyasında da yazarlar "düz danışmaq, ac qalmaq qorxusu" içində yaşadıqlarından gileylənirlər.
Böyük Amerika ədibi Uilyam Folknerin sözünü xatırlayaq: "Bizim zəmanəmizin faciəsi hamımızın kütləvi şəkildə cismani qorxu içində yaşamağımızdadır, biz o qədər çoxdan bu vəziyyətdəyik ki, artıq onunla barışmışıq. İnsan ruhunun bundan başqa heç bir problemi yoxdur. Yazıçı... qorxu deyilən şeyi həmişəlik unutmalı, sevgi, şərəf, qürur və fədakarlıq kimi köhnə, əbədi, universal həqiqətlərdən savayı... qalan hər şeyi kənara atmalıdır. Yazıçı bunu etmədikcə lənət təhlükəsi ilə üz-üzə qalacaq".
Bu, "azad" Amerikanın Nobel mükafatına layiq görülmüş böyük qələm sahibinin etirafıdır. Məqsəd yazıçıları qorxudan xilas etməkdir.
Dünyanın hər yerində, ədalətli, düz sözün üstündə bir qara qorxu dolaşmaqdadır. Mənəvi və cismani terrordan başlamış, oxucu ilə araya sədd çəkilməsinə, mətbuat qadağalarına, bir tikə çörəyə möhtac olmaq faciəsinə qədər... Bütün bunlar qələm sahiblərinin əsas qayğısıdır...
Yazıçısı qorxuya öyrəşən, daha doğrusu qorxuyla barışan cəmiyyət - ruhunu itirmiş, enerjisi tükənmiş, immuniteti zəifləmiş cəmiyyətdir.
Yazıçıları iqtidar-müxalifət qarşıdurmasında tərəfə çevirmək və ya paylaşmaq, bütövlükdə dünyanın və cəmiyyətin dərdlərini dilə gətirən qələm sahiblərini əsassız yerə hər hansı bir siyasi quruma yaxınlıqda suçlayıb, damğalamaq da doğru deyil. Yazıçı xalqın və haqqın yanındadır və mümkün qədər xırda, gündəlik siyasətdən kənar, uzun ömürlü milli idealları düşünür...
- Türkiyənin ədəbiyyat dünyasına daha çox inteqrasiya olmaq üçün bundan sonra hansı addımları atmağı düşünürsünüz?
- Məncə, Türkiyə ilə Azərbaycan "bir millət, iki dövlət" reallığından tədricən "bir millət, bir dövlət" olmağa doğru irəliləməlidir. Bunun hər iki ölkənin mənafeyinin qorunduğu müxtəlif variantları vardır. Ordu quruculuğunda biz bunun sonucunu gördük, sevincini yaşadıq. Türkiyə - Azərbaycan yaxınlaşması, inteqrasiya prosesi kişisəl və toplum birliklərindən, yaradıcılıq qurumlarından başlamış bütün kültür, eğitim, elmi araşdırmalar, ekonomi, basın-yayın, televiziya sahələrini də əhatə etməlidir. Bütün türk dünyasının gələcəyi bu bütövləşmədən, türk birliyinin daha sürətlə təşkilatlanmasından asılıdır. Təəssüf ki, əlimizdə olan bəzi imkanları itirə-itirə gedirik. Sürətimiz zəifdir.
Türk birliyinin iki mühüm qayğısı var: Ortaq ünsiyyət dili və ortaq əlifba. 30 ildir bu mövzu dartışılır. Danışmaqla bu iş yapılmaz. Əksinə, yeni mübahisələr, qısqanclıqlar çıxır ortaya. Mənim fikrimcə, latın qrafikasına keçiddə yanlışlığa yol verildi. Bu iş yenə dilçilərə buraxıldı və hər türk dövlətinin dilçiləri: "Bizdə bu səs də var, bunun da işarəsi olsun" prinsipi ilə əvvəlkindən də çox fərqlər yaratdılar. Bu, doğru deyil. Türk dövlətləri siyasi bir qərarla bütün dövlətlərimiz üçün vahid bir əlifba qəbul etməliydilər. Deyək ki, 30 işarə qəbul edilir və bütün fərqlər bu işarələrə sığışdırılır.
"Ortaq dil" məsələsi də əvvəldən doğru anlaşılmadı. Söz konusu "ortaq dil" yox, "Ünsiyyət dili" olmalıdır. Rus dili bütün bu türk dövlətləri üçün ortaq ünsiyyət dili idi. İndi o işi Türkiyə türkcəsi görə bilər. Bundan ötrü türk dövlətlərinin ibtidai məktəblərində 2-3 il Türkiyə türkcəsi öyrədilməlidir. Bu iş başlansa on il sonra bütün Türk dünyası başqa dilə ehtiyac duymadan asanca anlaşacaq. Təəssüf ki, bu yaxınlaşma işini sürətləndirmək yerinə ona yeni əngəllər yaradırıq. Orta okullarında yabancı dilləri ingiliscəni, faransızcanı, ərəbcəni həvəslə öyrədən dövlətlərimizdə o sıraya niyə Türkiyə türkcəsini qoşmasınlar. Düşmənə qısqanmayanlar, qardaşa qısqanırlar.
Başqa bir qəribə örnək: Azərbaycanda bütün evlərdə türk seriallarına baxılır. Hamı hər şeyi anlayır, Anlaşılmayan sözlər də zamanla aydınlaşır. Bu proses sürətlə yeni nəslin Türkiyə türkcəsini mükəmməl bilməsinə yardım edir. Bizim Televiziya işinə baxanların, guya "milli qeyrətləri" dilə gəlib və sanki qəsdən böyük vəsait sərf edərək türk seriallarını Azərbaycan türkcəsinə uyğunlaşdırmağa çalışırlar, eybəcər bir mənzərə yarandı. Bəzən də öz təmiz, ana sözlərimiz, ədəbi dilimizdə hələ də qalan ərəb, fars sözləri ilə əvəzlənir və buna Azərbaycan dilinə tərcümə deyirik. Halbuki buna heç bir ehtiyac yoxdur.
Düşüncəm belədir ki, inteqrasiya işini zamana buraxmaq yox, siyasi qərarlarla sürətlə həll etməliyik. Bizim otuz il boyunca dediyimiz bəzi sorunlar var ki, hələ indi də həll edilməyib.
Çətin dönəmdən keçirik. Mənim Türkiyə ilə ədəbi inteqrasiyam Türkiyənin bütün ağrılarını, çətinliklərini, sevinc və kədərini şəxsi duyğularım kimi yaşamağımdadır...
18.08.2023
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!