Nizami CƏFƏROV
Bizim nəsil ədəbiyyatşünaslıqla məşğul olanda əhatəmizdə çox böyük mütəxəssislər var idi. Onlardan dərs alırdıq. Kamal müəllim o zaman universitetdə dərs demirdi. Amma bununla yanaşı, onun ədəbiyyatçı şəxsiyyəti çoxlarımız üçün bir nümunə idi. Şəxsən mənim üçün də Kamal Talıbzadə çox maraqlı, diqqəti çəkən bir məktəb olub. Həm də nəzərə almaq lazımdır ki, Kamal Talıbzadə yalnız bir insan ömrünün tarixində yetişmiş adam deyildi. O, Abdulla Şaiqin oğlu idi. Abdulla Şaiq də bizim ədəbiyyatşünaslığımız, ziyalılığımız üçün kim olub, bu, bizim hamımıza məlmdur. Biz Kamal müəllimə Abdulla Şaiqin davamı kimi baxırıq. Elmi ilə, geniş dünyagörüşü ilə yanaşı, Kamal Talıbzadədə Abdulla Şaiqdən gələn zərif bir müəllim mədəniyəti də vardı. Ziyalı özünəməxsusluğu da... Ziyalılıq odur ki, ümumiyyətlə, daim düşünəsən ki, cəmiyyətdən nə almışam yox, cəmiyyətə nə vermişəm, nələrdə güzəştə getmişəm, yəni insan nə qədər çox güzəştə gedə bilərsə, bir o qədər ziyalıdır. Bax, bu mənada Abdulla Şaiqdən gələn ənənəni onun oğlu davam və inkişaf etdirirdi. Bu cəhətdən onun şəxsiyyəti maraqlı və doğma idi.
Kamal Talıbzadə Azərbaycan ədəbi tənqidinin tarixini yaratmışdır. Bu bizim üçün dəyərli sahə idi. Ədəbi tənqidin tarixi, eyni zamanda, xalqımızın ədəbiyyata baxışının tarixi idi. Elə xalq var ki, o, ədəbiyyat yarada bilir, amma yaratdığı ədəbiyyata bir elmi, nəzəri baxışı yoxdursa, əlbəttə, orda bir natamamlıq olur. Bu tarixi Kamal Talıbzadə yazmışdır və sübut etmişdir ki, bizim xalqımız yalnız böyük ədəbiyyat yaratmayıb, həm də kifayət qədər böyük bir ədəbiyyatşünaslıq yaradıb, ədəbiyyat barədə dünyagörüşü yaradıb. Bu mənada ədəbiyyatşünaslıq elminin patriarxı kimi sevilən Kamal müəllim çox böyük iş görmüşdü. Bu sahə onun adı ilə bağlıdır. Bu cəhətlərinə görə Kamal Talıbzadə bizim üçün dəyərli və çox qiymətli insan idi.
Mən Dilçilik İnstitutunda işə başlayanda Kamal Talıbzadə ilə şəxsən tanış oldum. Ədəbiyyat və Dil İnstitutu bir yerdə konfranslar keçirirdi, xüsusilə gənclərin konfransları olurdu. Onlara da, adətən, Kamal müəllim rəhbərlik edirdi. Mən mülayimliyin, zərifliyin, eyni zamanda prinsipiallığın vəhdətini onun xarakterində kəşf elədim. Əslində həmin xarakter Abdulla Şaiqdə olub. Abdulla Şaiqin yüksək mədəniyyətilə yanaşı, həm də kifayət qədər kəskin mövqeyi olub. Eyni xüsusiyyətlər Kamal müəllimdə də mövcud idi. ona görə də ədəbiyyatçılar, dilçilər Kamal Talıbzadəyə böyük müəllim kimi baxırlar. Sonra mən Kamal müəllimin qızı Ülkər xanımın timsalında gördüm ki, həmin səviyyə, həmin mədəniyyət, həmin özünü yüksək prinsipiallıqla ifadə etmək qabiliyyəti, ziyalılıq kamal müəllimdən sonra da davam eləyir.
Mən universitetin filologiya fakültəsində dekan olanda, işlədiyim ilk ildə Kamal Talıbzadəni dövlət imtahan komissiyasına sədr dəvət elədim. Kamal müəllimin dövlət imtahanlarını necə aparmağını müşahidə elədim. Gördüm ki, əsl müəllim nə deməkdir.
Kamal müəllimin kifayət qədər yaşlı vaxtı idi bəzən yorulurdu, amma dövlət imtahanının belə bir xarakteri var ki, qısa bir zaman ərzində daha çox tələbə diplomu işi müdafiə etməli idi. Biz çalışırdıq ki, hər bir tələbənin biliyini təxminən on dəqiqəyə qiymətləndirək. Kamal müəllim isə hərdən "problemlər" yaradırdı. O mümkün qədər şərait, imkan verdi ki, tələbə öz fikirlərini deyə bilsin, yaxşı tələbə görəndə Kamal müəllim bir saata qədər onunla söhbət edirdi, onu dinləyirdi, ona meydan açırdı. Bu da təbiidir ki, vaxt alırdı, işin gedişinə mane olurdu. O hər tələbə ilə bir saat məşğul olsaydı, onda gərək biz bir il imtahan götürəydik. Amma bu hərəkəti ilə Kamal müəllim qarşısındakının biliyini qiymətləndirərək onun gələcəkdə yaxşı mütəxəssis olmağına xeyir-dua vermək üçün zaman ayırmaqda xəsislik eləmirdi. Bu da onun xarakterinə aid bir məsələ idi.
Biz Kamal müəllimlə uzun müddət yoldaşlıq elədik. Kamal müəllimlə hər dəfə üz-üzə gələndə xeyli söhbətləşirdik. Bizim bir-birimizə xüsusi məhəbbətimiz var idi. Kamal müəllim kifayət qədər zəngin bir ömür yaşadı. O, Abdulla Şaiqin Mənzil Muzeyi ilə bağlı çox narahat idi. Orda çox tədbirlər keçirmək istəyirdi. İstəyirdi ki, Abdulla Şaiqi xalqa bütün zənginliyi ilə çatdırsın. Kamal müəllim hamıya köməklik edirdi. Bəzən istedadında problem olan adamlara da köməklik edirdi ki, bəlkə bu, ona müsbət təsir eləyə bildi. Zəngin ömründə çox böyük hadisələr olmuşdu.
Kamal müəllimin xarakterini, səviyyəsini, enerjisini nəzərə alanda mənə elə gəlirdi ki, o, gənc adamdır. O, mənalı zarafatları ilə də çox gənc idi. Xeyirxahlığı ilə də çox gənc idi. Belə adamları heç 100 yaşında da itirmək istəməzsən...
Kamal Talıbzadə Azərbaycan ədəbiyyatı tarixində, Azərbaycan ictimai fikri tarixində, Azərbaycan mədəniyyəti tarixində həqiqətən klassik bir yerdədir. Yəni o, tarixi ziyalılıq və tarixi alimlik modelinə cavab verən bir yerdədir. Biz həmişə nədənsə ona oxşamağa çalışırıq.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!