Emin Alpər: "Sadəcə, yaxşı filmlər çəkmək istəyirəm" - Müsahibə

 

 

Türkiyəli rejissor, ssenarist, prodüser, eyni zamanda İstanbul Texniki Universitetində akademik olaraq çalışan Emin Alpər 13 avqust 1974-cü ildə Qaraman vilayətinin Ermenek mahalında doğulub. Ankara Elm Liseyini bitirdikdən sonra Boğaziçi Universitetinin inşaat mühəndisliyi fakültəsinə daxil olub, lakin özünü xoşbəxt hiss etmədiyi bölümünü iki ildən sonra yenidən imtahan verərək həmin Universitetin iqtisadiyyat fakültəsinə dəyişib. Boğaziçi Universitetində iqtisadiyyat və tarix üzrə oxuyub, ardınca Müasir Türk Tarixi üzrə doktorluq dərəcəsi alıb. 18 yaşında baxdığı dünya şöhrətli rejissor E.Kusturiçanın "Qaraçılar zamanı" filmindən çox təsirlənib və bu təsir onun sonrakı həyat və fəaliyyətinə böyük təsir göstərib. Universitet vaxtı özünü sınamaq üçün müxtəlif ssenarilər yazan E.Alpər həmin illərdə universitetin kino klubuna da üzv olub. Vaxtının çoxunu kino sənayesində işləyən dostları ilə keçirib. Bu müddətdə ssenarilər, resenziyalar yazıb, daim qeydlər aparıb. Bu müddətdə o, dostları ilə birlikdə "Görüntü" adlı jurnalını nəşr etdirib. Birlikdə müxtəlif tədbirlər keçirib, filmləri müzakirə ediblər, dövrün parlaq rejissorlarını (Nuri Bilgə Ceylan, Zəki Dəmirkubuz) çıxış etmək üçün tədbirlərinə dəvət ediblər. Nəhayət, TRT-nin "Gənc Kinematoqraflar" proqramı sayəsində "Məktub" (2005) adlı ilk qısa filmi çəkilib. Ardınca "Rıfat" (2006) adlı ikinci qısametrajlı filmi ekranlara çıxıb. Daha sonra ssenarisi və montajını uzun müddətdir planladığı ilk bədii filmi "Təpənin arxasında"nı (2012) çəkərək geniş tamaşaçı kütləsinə özünü tanıdıb. Bu film Karlovı Varı Beynəlxalq Film Festivalının "Yeni İstedad Müsabiqəsi"ndə əsas mükafat başda olmaqla, elə çəkildiyi il yerli və beynəlxalq mükafatlar daxil 16 mükafat qazanıb.

Bir neçə il sonra çəkdiyi ikinci filmi "Blokada"nın (2015) premyerası 72-ci Venesiya Film Festivalında olub. Həmin festivalda əsas müsabiqə mükafatlarından biri olan Münsiflər Heyətinin Xüsusi Mükafatını qazanıb. Rejissor bu filmə görə Türkiyədə Sinema Yazarlar Dərnəyi (SİYAD) tərəfindən "Ən yaxşı rejissor" mükafatına layiq görülüb.

Rejissorun üçüncü uzun metrajlı bədii filmi olan "Bacılar"ın premyerası 69-cu Berlin Beynəlxalq Film Festivalının "Əsas müsabiqə" bölməsində olub. Film Sinema Yazarlar Dərnəyindən (SİYAD) 10 kateqoriya üzrə 11 nominasiyada mükafat qazanıb.

Sonuncu filmi olan "Quraqlıq günlər"in (2022) dünya premyerası 75-ci Kann Film festivalında, Türkiyə premyerası isə 59-cu Antalya "Qızıl Portağal" Film Festivalında baş tutub. Film Antalya "Qızıl Portağal" Film Festivalında "Ən yaxşı rejissor" daxil olmaqla 9 mükafat qazanıb.

Rejissorun  "Hacettəpə Universiteti İctimai Əlaqələr Fakültəsi Mədəniyyət Araşdırmaları" jurnalında yayımlanan müsahibəsini təqdim edirik.

 

 

- Dünya kinosunda, ya da Türkiyə kinosunda izlədiyiniz, təsirləndiyiniz rejissorlar var?

- Türkiyədə bütün məndən öncəki nəsil rejissorların filmlərini izləyirəm. Bizim nəslin də filmlərini izləyirəm, təbii ki. Dünya kinosunun bütün mühüm rejissorlarını izləməyə çalışıram. Açığı, sadalayacağım adlar çox da təəccüblü deyil. Hanekedən Ulrix Zaydla, Andrey Zvyaginsevdən Fərhadiyə dünya kinosunun məşhurlarının işlərini maraqla gözləyirəm və ilk fürsətdə izləyirəm. Söhbət təsir etməyə gələndə isə rejissorlardan çox, ayrı-ayrı filmlər gəlir ağlıma. Rejissor olaraq tərəddüd etmədən deyəcəyim ad, şübhəsiz ki, Hanekedir. Amma yenə də təsirlənmədən söhbət gedirsə, həmişə düşünürəm ki, mən kinodan daha çox ədəbiyyatdan təsirlənirəm. Xüsusilə, rus ədəbiyyatının bütün dahilərindən, Cozef Konrad, Uilyam Folkner və başqa yazarlardan.

- Üçüncü kino və ya inqilabi kino kimi müəyyən siyasi xətti qəbul etmiş hərəkatlar haqqında nə düşünürsünüz? Öz filmlərinizlə bu filmlər arasında, xüsusən sistemi tənqidi baxımından hər hansı paralellik / yaxınlıq görürsünüz?

- Açığı, bunlar mənim xüsusi maraq göstərdiyim mövzular deyil. Qarşıma belə missiyalar qoymaq çox çətin gəlir. Bu çox ağır yükdür. Növbəti filmimin siyasi və ya inqilabi olmayan romantik film olması ehtimalını əngəlləmək istəmirəm. Sadəcə, yaxşı filmlər çəkmək istəyirəm. Yaxşı film onsuz da tənqidi, sorğulayıcı və bəzən narahatedici filmlərdir. Bunlardan başqa, mənim daha iddialı kino məqsədim və ya manifest kino mövqeyini inkişaf etdirmək niyyətim yoxdur.

Yaşadığımız dövrün buna çox uyğun olduğunu düşünmürəm. Biz elə bir dövrdə yaşayırıq ki, düşünürəm ki, siyasi baxımdan çox iddialı çıxışlar anaxronizm olar. Özümü heç vaxt bu sahə ilə məhdudlaşdırmasam da, təbii ki, siyasi kino ənənəsindən təsirlənirəm. Kosta-Qavras, Cillo Pontekorvo, Fernando Solanas kimi rejissorların şah əsərlərindən çox şey öyrəndiyimi bilirəm.

- Filmlərinizdə Türkiyənin ictimai-siyasi həyatının izlərini tapa bilərik. Türkiyənin keçmiş və yeni tarixi filmlərinizi çəkərkən sizin üçün nə dərəcədə önəmli olur?

- Əlbəttə ki, önəmlidir. Əvvəla, bu, həlledici əhəmiyyət kəsb edir, çünki yaxın tarix mənim təxəyyülümdə iz buraxıb və demək olar ki, bütün xəyallar aləmimi müəyyənləşdirib. Mən bir hekayə danışmağa başlayanda ictimai-siyasi həyatımızın travmaları, bəlaları bu hekayələrdə kortəbii şəkildə üzə çıxır. Bəzən çox incidən bir məsələ məni yeni hekayə qaralamasını beynimdə başlatmağa sövq edir. Amma çox vaxt mənim istədiyim birbaşa siyasi və ya sosial hekayə anlatmaq deyil, hekayə özü inkişaf etdikcə, personajların xarakterləri, həyatı yazılıb doldurulduqca yaxın keçmişin və siyasətin kölgələri öz-özünə gəlib hekayənin üzərinə düşür. Tamamilə qeyri-siyasi mövzu məndən asılı olmayan səbəblərdən siyasi çalar alır, sadəcə ailə münasibətləri metaforik kimliyə bürünür. Bunlar ilkin mərhələdəki niyyətlərlə deyil, yazı prosesi zamanı formalaşır.

- Filmlərinizdə sosial problemlərin həlli yollarını təklif etməkdən konkret olaraq bilərəkdən qaçdığınızı deyə bilərik? Sizcə, siyasi kino sosial problemlərə həll yolları təklif etməlidirmi?

- Bundan qaçdığımı dəqiq deyə bilərik. Nə siyasi, nə də qeyri-siyasi kino həll yolu təklif etməməlidir. Həll təklif edən sənət əsərinin didaktiklikdən xilas olmaq şansı yoxdur. Didaktizm də sənəti öldürür. Təkcə sənəti deyil, bütün dərin intellektual layihələri öldürür, məncə. Rejissor / yaradıcı müəyyən personajları daha perspektivli xüsusiyyətlərlə təchiz edə bilər, amma bu qədər. Həll yolları təklif etməkdən qaçmağa, Tolstoyun "Dirilmə" və müxtəlif həll yolları təklif etdiyi səthi əsərləri ilə həyatı bütün amansızlıqları, mürəkkəbliyi ilə göstərdiyi möhtəşəm əsərlərini müqayisə etmək kifayətdir, məncə.

- 1990-cı illərdən sonra Türkiyədə realist üsluba sahib minimalist filmlər geniş yayıldı. "Təpənin arxasında" filminin "Blokada"ya görə o cür filmlərlə daha çox ortaq cəhətləri var. "Blokada" filmində kinematoqrafik baxımdan fərqli bir yol izlədiyinizi deyə bilərik?

- Bəli, "Blokada"nın estetik dili tamam başqa idi və mənimçün də çox həyəcanlı idi. Üslub baxımından rejissorların müəyyən dəsti-xəttinin olması təbiidir. Amma hekayənin tələb etdiyi dil də var. Bu filmin dilini həmişə ekspressionist dil hesab etmişəm. Alman ekspressionist filmləri və film nuarlar (nuar - "qara film" - tərc.) bəsləndiyim qaynaqlardır.

- Filmlərinizdə vestern, qara film kimi bütün dünyada istifadə edilən janrlardan istifadə etsəniz də, klassik qəliblərin xaricinə çıxdığınızı görürük. Ümumi kodlardan istifadə etmək şüurlu seçiminizdir?

- Mənim janr kinosuna qarşı heç bir iradım yoxdur. Hətta deyə bilərəm ki, yaxşı janrlı filmlər məni art-haus filmlərdən daha çox həyəcanlandırır. Ümumi kodlardan istifadəm "Təpənin arxasında" filmimdə çox kortəbii şəkildə baş verdi. Filmin vestern janrı ilə "qohumluğunu" anlayandan sonra çəkiliş zamanı vestern ikonoqrafiyasından istifadə etməyə üstünlük verdim. "Blokada"da isə artıq ssenari mərhələsində qara film detalları əlavə etməyə başlamışdım. Filmin üslub dilini inkişaf etdirərkən bu janrdan şüurlu şəkildə istifadə etdik. Düşünürəm ki, bu filmləri, son olaraq, art-haus kateqoriyasına daxil olan filmləri klassik üslub ilə əlaqələndirib çəkmək filmə həm estetik, həm də semiotik qatlar qatır. Nəzərə alsaq ki, həm vestern, həm qara filmlər obrazlar və simvollarla doludur, bu baxımdan mənim hər iki filmimdə bunların izlərini görmək mümkündür.

- Filmlərinizdə daha çox xor görmə, kasıblıq, məhrumiyyətlər mövzusuna diqqət edirsiniz. Filmlərinizin əsas mövzusunu mikro və makro səviyyədə marjinallaşma məsələsi təşkil edir?

- Xor görmə, özündən biri hesab etməmə, təcrid etmə vacib mövzulardır, bəli. Karl Şmittin təbirincə desəm, "dost / düşmən" fərqi hər iki filmin ümumi mövzusudur. "Təpənin arxasında" dost və düşmən arasında fərqin tədricən necə formalaşması haqqında filmdir. "Blokada"da isə bu fərq artıq formalaşmış vəziyyətdəydi. Burada "düşmən"ə qarşı mübarizə aparan iki qardaşın hekayəsini görürük. Amma nə olursa olur və iki qardaş birdən-birə kimin dost, kimin düşmən olduğunu anlamamağa başlayırlar. Sonra aləm qarışır və Qədir qardaşını istəmədən (ya da bəlkə, gizlincə istəyərək) "düşmən" sırasına atır. Düşünürəm ki, məni daha çox müasir dünyaya və siyasətə damğasını vuran bu fərqin dağıdıcı potensialı maraqlandırır.

- Həm "Təpənin arxasında", həm də "Blokada" zorakılıq və mülkiyyət məsələləri ətrafında yaşananlardan bəhs edir. "Blokada"da hakim gücün təzyiqinə məruz qalan iki qardaşı önə çıxarır. "Təpənin arxasında" mövzu öz mülklərini qorumaq istəyən kişilərdən ibarət icmadır. Güc, militarizm və kişilik arasındakı münasibətləri problemləşdirdiyinizi deyə bilərik?

- Bəli, dəqiq belədir. Hər iki filmdə güc çox həlledicidir. "Təpənin arxasında" gücü təmsil edən baba dost-düşmən fərqinin sərhədlərini bütün  qrup üçün müəyyən edir. Karl Şmitt iddia edirdi ki, bu fərqi uğurla həyata keçirən qurum dövlətdir. Baba bir tərəfdən ümumi düşməni göstərdiyi halda, digər tərəfdən bütün ailə üzvlərinin kişiliyini test edir və onlara daha da kişiləşmələri üçün yol göstərir.

"Blokada"da personajların güc qarşısında tutduqları mövqelər az qala onların taleyini formalaşdırır. İki qardaşın çılğınlaşma və paranoyaklaşmasında güclə üz-üzə gəldiyi səhnələr dönüş nöqtələrini təşkil edir. Əhmədə qarşı bələdiyyə məmurunun saxta ittihamlar irəli sürməsi və Qədirə polis işçiləri tərəfindən maddi dəlil gətirməsi üçün təzyiq edilməsi hər ikisinin də paranoyaklaşma prosesini tətikləyir.

- Filmlərinizdə kişi subyektivliyinə və təcrübələrinə əsaslandığınızı tez-tez görürük. Bu vəziyyətin qadın təmsilçiliyi baxımından məhdudiyyət yaratdığını düşünə bilərik?

- Təbii ki, düşünə bilərsiniz. Hər iki filmim də kişilər və kişi icmaları haqqındadır. Bu filmlərdə qadınları ancaq kişi gözü ilə görür, bu prizmadan kişiliyə dair tənqidi açıqlamalar vermişik. Bir sözlə, qadınların təmsil olunmasını filmdə müzakirə etdiyimiz və tənqid etdiyimiz kişi kimlikləri öz üzərinə götürüb. Bu filmlər qadın kimliklərin birbaşa təmsili iddiasını lap əvvəldən öz üzərinə götürməyib.

 

Hazırladı: Nilufər Hacılı


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!