- Coşkun bəy, bir şeirinizdə belə deyirsiz, "başımı götürüb gedərəm, bir şair necə gedərsə, eləcə". Bir şair necə gedər?
- Şairi başqalarından fərqləndirən odur ki, o, duyğularını daha dərindən yaşayar, sevginin anlamını açmağa çalışır, sevdiyi qadını şeirlərində ucaldır, onu ən gözəl şəkildə vəsf edır. Və ən əsası, şair aşiq olduğu qadını ayrılıqda da kiçiltmir. Qürurla getməyi bacarır.
- "Ayrılıq da sevdaya daxil" deyib ovunur, eləmi?
- Eynən. Şair ağrısını içində çəkər, iztirabını şeirlərə tökər, ona görə bu qədər gözəl ayrılıq şeirləri, sevgi şeirləri var. Sevgini şairlər ucaldır, şairlər vəsf edir.
- Sizcə, insan niyə şeir yazır, şairlik bir missiyadırmı?
- Bir yazar demiş ki, "yazmasaydım, çıldıracakdım". Bəzi şairlər ölümünü bilə-bilə, buna rəğmən, yazmışlar. Məsələn, Osmanlı dönəmində şair Nefini boğmuşlar, amma sözünü deməkdən vaz keçirə bilməmişlər. Eləcə də başına min cür oyun gətirilmiş başqa şairlər. Amma onlar yazmaqdan imtina etməmişlər.
- "Desəm öldürürlər, deməsəm, ölləm?"
- Bəli, demək ki, o missiyanı tanrı vermiş onlara, sevinci də, iztirabı da dilə gətirmək kimi vəzifəsi var şairin. Və bu həm də bir şansdır. Başqalarının acısını hiss etmək, onu ifadə etmək bir xoşbəxtlikdir. Öz xoşbəxtliyini başqalarının xoşbəxtliyində görməkdir şairlik. Quru bir odun olmaqdan imtina edib yaşıl bir budaq həyatı yaşamaqdır. Belə yaşamaq daha zövqlüdür, acı da çəksələr, həyatın mənasını daha dərindən dərk edərlər.
- Coşkun bəy, şeirlərinizin əksəriyyətində incə yumor, söz oyunu, bəzən kinayə var. Psixoloqlar yumoru müdafiə mexanizmi, həyata tutunma vasitəsi hesab edirlər, sizcə də elədirmi?
- Bunu indiyə qədər heç düşünmədim. Yumor mənim yaradılışımda var. İnsanları güldürərək düşündürmək daha gözəldir, məncə. Bir məktəbdə imza günü keçirirdim. Mənim bir şeirim var, deyirəm ki, "Vurdumduymaz olmaq, o da bir cizgi". Bir qız ayağa qalxdı, heç yadımdan çıxmaz, mənə dedi ki, siz yumoristik yazırsınız, siz də vurdumduymaz birisinizmi ?
- Demək ki, yumoru da hər kəs anlamır.
- Şairlər belə anlamır bəzən. Çıxılmaz vəziyyətə düşürəm. Bir şeirim də var, deyirəm ki, "Gəncliyimdə ürəyim pır-pır edərdi, gələn-gedəni çox olduğu üçün, amma indi yaşlandım, nə gələni var, nə gedəni, monoton kokteyl atılmış kimi". Mən burda söz oynatmışam, amma bir dərgi yazarı bunu anlamadı, sandı ki, "molotov kokteyli" yazmaq istəmişəm. Mənsə orda "monoton kokteyli" ifadəsini səssizlik bombası mənasında işlətmişəm. Yəni, bəzi şairlər belə sətraltında yatan mənanı anlamır.
- Bir dəfə tədbirdə öz şeirini telefonundan oxuyan bir şairə", yaxşı şeir olsa, özün əzəbərləyərsən" demişdiniz.
- Bunu zarafatla demişdim, amma həqiqət payı da var. Bir şairin öz şeirini telefondan oxuması gözəl mənzərə deyil. Şair dediyin şeirlərini əzbər bilməli. Sinədən söyləməli. Düzdü, bəzilərini unuda da bilər. Amma şeir oxumaq üçün kürsüyə çıxıb telefonunu qurdalayan insanlar şair təsiri bağışlamır.
- Coşkun bəy, bəzi şeirləriniz çox qısadır, qısalda-qısalda aforizm şəklinə saldığınız iki-üç misralıq şeirləriniz belə var. Müasir oxucu uzun şeirdən bezibmi?
- Mən şeirə belə baxıram, az sözlə şox mətləblər anlatmaq. Sözü azaldıb anlamı çoxaltmaq. Mən şeir bitdikdən sonra oxucunun düşünməyini istəyirəm, nəticə çıxarmağı, yozmağı oxucunun öhdəsinə buraxıram. Bir də qarşısındakını çox yük yükləmədən, ona sayğı duyaraq, onun vaxtını almadan. Təbii ki, gözəl uzun şeirlər də var. Amma çox şeirlər də var ki, söz yığınından başqa bir şey deyil.
- Bu günlərdə Bakıda II Türk dünyası kitab festivalına qatıldınız. Təəssüratlarınız necədir, Azərbaycan oxucusunun kitaba marağı sizi qane etdimi?
- Mən festivalın birinci günü qatıldım, kitablarım elə birinci gün bitdi. O qədər də çox kitab gətirməmişdim. Dostlar, siz daxil, çox hörmətlə yanaşdılar, sağ olsunlar. Mən "Bizim Media" saytının masasındaydım. Bu üzdən də daha çox diqqət çəkdim. Mən burdan çox razı gedirəm. Ümumiyyətlə, Azərbaycan oxucusu bizim oxuculardan daha maraqlıdır. Burada bir ədəbiyyat keçmişi, kitab ənənəsi var. Kitablarımı ədəbiyyat adamları da aldı. Xeyli məmnun qaldım. Sizləri də hər zaman Türkiyədə gözləyirik, şeir adına, türk dünyası adına tədbirlər düzənləməyə davam edəcəyik.
- Müsahibə üçün təşəkkür edirəm.
- Mən təşəkkür edir və uğurlar arzulayıram.
Söhbətləşdi: Səhər ƏHMƏD
Coşkun KARABULUT
Bu sevgi də bitəcək
bir gün
Bilirəm,
Bu sevgi də bitəcək bir gün,
Bir sevgi necə bitərsə,
Eləcə.
Tilsimi pozulacaq ömrün,
Adiləşəcək hər şey.
Dünya öz oxuna qayıdacaq,
Geri dönərkən
Bir-bir usta sərraflar.
Nə var ki,
Mənsiz doğacaq Günəş,
Külək mənsiz əsəcək.
Özbaşına fırlanacaq dünya,
Hər kəs necə bilirsə, eləcə.
Yenə də,
Yoğuraraq bütün sevgiləri,
Özümü və dünyanı
Sənin gül üzünə döndərmək
Az şeymidir?
Və dünyanın buludunu
Bir cüt gözə sığdırıb
Yağış ləzzətli
Baxışlar bəxş etmək,
Az şeymidir, sevgili?!
Bilirəm,
Bu sevgi də bitəcək bir gün
Və mən
Alıb başımı gedəcəyəm,
Bir şair necə gedərsə, eləcə...
Mən olmasam,
sevgi də yox
Sevgiylə anlamlı olur
Dənizin mavisi,
Yazda yaşıla bürünməsi
təbiətin.
Sevgi varsa, gözəldir,
Payızda hüznlənmək
Sovrulan yarpaqların ardınca...
Sən olmasan,
Nə fırtına, nə külək,
Dalğaların qayalara çırpılması,
ay, ulduzlar və Günəş,
Buludun hıçqıraraq ağlaması
Nəyə yarar?!
Səsi çıxmaz yetimlər kimi,
Mənası yox sevgisiz.
Nə təbiətin, nə sənin,
Mən olmasam, sevgi də yox,
Gözəlim.
Nə zənn edirsiniz
Siz indi
Hər şeyi özünüz etdiyinizimi
Zənn edirsiniz?!
Özünüzmü düşünür,
Özünüzmü planlayır,
Özünüzmü qərar verirsiniz?!
Günə nə ilə oyanacağınıza,
Nə ilə yuyunub daranacağınıza,
Çörəyinizə nə yaxacağınıza,
Nəyi nəylə yeyib,
Üstündən nə içəcəyinizə
Özünüzün qərar verdiyinimi
Zənn edirsiniz?!
Kimə gedib gələcəyinizə,
Kiminlə oturub-duracağınıza,
Harda necə çalışıb,
Nə qədər işləyib, nə qədər dincələcəyinizə
Özünüzün qərar verdiyinimi
zənn edirsiniz?!
Kimi seçib seçməyəcəyinizə,
Kimi düşünüb düşünməyəcəyinizə,
Televizorun qarşısında oturub
Nəyi necə seyr edəcəyinizə,
Harada nə qədər gülüb,
Harada kimə tüpürəcəyinizə
Özünüzün qərar verdiyinimi
Zənn edirsiniz?!
Və sonra bu zənn etdiklərinizi
Özünüzün zənn etdiyinizi mi
zənn edirsiniz?
Etməyin, Allah eşqinə,
Siz özünüzü nə zənn edirsiniz?!
Xoşbəxtəm
Gecə-gündüz demədən,
Kəsmək bilməyən yağışlarda
Üzümü donduran
Soyuq, buz kimi fırtınalarda
Sığınacaq tək limanımsan,
Yetər ki,
Qəza-bəla gəlmədən
Çatmağa gücüm yetsin.
Artıq
Nə fırtına, nə külək,
Nə də boyumu aşan
Böyük-böyük dalğalar,
Sadəcə hüzur və güvən.
Xoşbəxtəm.
Yolum dümdüz sənədir
Yolları hey yoxuşa çıxan
Həyatımın
Tək enişi sən idin.
İndi beş yüz metr sağa dön,
Beş yüz metr sola dön desə də
"Naviqasyon"da qızların gözəl səsi,
Yolum dümdüz sənədir,
Sağa, sola dönmədən.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!