Lui-Ferdinand Selin: "Mənim üçün istedadlı insanlar Pol Moran, Ramyu, Barbüsdür…" - Müsahibə

 

Yazar və həkim olan Lui-Ferdinand Selin 27 may 1894-cü ildə Fransada anadan olub. Özünə təxəllüs götürdüyü "Selin" yazarın nənəsinin adıdır. Yenilikçi, fərqli yazı tərzi ilə fransız və dünya ədəbiyyatını inkişaf etdirmiş yazar XX əsrin ən təsirli yazarlarından biri olaraq qəbul edilir.

Qəzəbli və dağınıq üslubu ilə dürüstlük, gözəllik və hər cür dəyərdən məhrum dünyaları qaranlıq tərzdə təsvir etməkdə ustadır. Ümidsizlik, əxlaqsızlıq, zorakılıq və pornoqrafik elementlərlə dolu əsərlərində dünyaya və insanlara qarşı olan qəzəbi hər sətirdə hiss olunur. Antisemit mövqeyi və nasistlərlə əmakdaşlıq etdiyinə görə bir müddət həbsdə olması 1930-cu illərdə onun nüfuzunu aşağı salsa da, bu vəziyyət Selinin vecinə olmayıb.

Lui-Ferdinand Selindən "Paris Review" ("Paris icmalı") jurnalı üçün 1960-cı ildə alınan müsahibənin əsas hissələrini təqdim edirik.

 

Lui-Ferdinand Selin: Sizə nədən danışım ki? Oxucularınızı necə sevindirəcəyimi bilmirəm. Bu insanlara qarşı mehriban olmalıyıq... Onlar bizdən onları incitmədən əyləndirməyimizi gözləyirlər. Yaxşı... Gəlin, danışaq. Bu müəllifin içində o qədər də çox kitab yoxdur; "Gecənin sonuna səyahət" ("Voyage au bout de la nuit"), "Kreditlə ölüm" ("Mort a crydit), bunlar bəsdir. Mən bu işə maraqdan başlamışam; Marağın qarşılığı (bədəli) ağır olur. Mən faciə tarixçisiyəm. Əksər yazarlar faciəni axtarır, tapa bilmirlər. Onların ağlına faciə ilə bağlı olmayan kiçik şəxsi hekayələr gəlir. Deyəcəksiniz ki, yunanlar var. Bədbəxt yunanlar tanrılarla danışdıqlarını zənn edirdilər... Bəli, əlbəttə... İsa, allahlarla telefonla danışmaq hər gün başımıza gələn şey deyil.

- Sizin üçün bu günün faciəsi nədir?

- Stalinqraddır. Katarsisdir! Stalinqradın dağılması Avropanın sonu deməkdir. Fəlakət idi baş verənlər; bütün bunların mərkəzi Stalinqrad idi. Bunun bitdiyini, tamamilə sona çatdığını deyə bilərsiniz, Ağ sivilizasiyanın. Bir az səs-küy, silahlar, qırğınlar, elə bu qədər. Mən bunların içindəydim... Onlardan qazanc da əldə etdim. Bu materialdan istifadə etdim, satdım. Açıq-aydın, mən bu işlərə, yəhudi məsələsinə qarışmışam. Əslində, məni maraqlandırmayan işlərdi, orada olmaq üçün heç bir səbəbim yox idi. yenə də onlar haqqında danışdım... öz üslubumla.

- Birinci romanınızda ortaya çıxmaqla qalmaqal yaradan üslubunuz... Üslubunuz bir çox vərdişləri sarsıtdı.

- Buna "yaratmaq" deyirlər. İmpressionistləri götürək. Gözəl günlərin birində kətanlarını götürüb rəsm çəkmək üçün bayıra çıxdılar. Qazonun üstündə necə nahar etdiyinizi öz gözləri ilə gördülər. Musiqiçilər də onun üzərində işlədilər. Baxdan Debussiyə qədər böyük fərq var. Bu bəstəkarlar bir sıra inqilablar başlatdılar; rənglərə, səslərə həyat verdilər. Mənimçün sözlə, sözlərin mövqeyi ilə oldu bu. Fransız ədəbiyyatına gəlincə, ordakı müdrik mən olmalıyam, səhvə yer vermək olmaz. Biz dinlərin uşaqlarıyıq - katolik, protestant, yəhudi... Bəli, xristian dinlərinin. Fransız təhsilini əsrlər boyu idarə edən yezuitlər olub. Onlar bizə latın dilindən tərcümə edilmiş cümlələri fel, mövzu, tamamlayıcı, ritmlə məntiqli şəkildə qurmağı öyrətdilər. Bir sözlə, burada çıxış, orada xütbə, hər yerdə nəsihət! Hansısa yazıçıdan danışanda "Gözəl cümlələr qurur"! deyirlər. Mənsə deyirəm ki, "Bu oxunmur". "Necə də möhtəşəm teatral dildir"!, deyirlər. Mən baxaram və dinləyərəm. Düzdür, eləsi heç nədir, sıfırdır. Mən danışıq dilini yazıya gətirirəm; həm də tək bir cəhdlə.

- Sizə təsir edən bir sarsıntı, ədəbi partlayış keçirdiyiniz vaxtı xatırlayırsınızmı?

- Xeyir, heç vaxt belə bir şey olmayıb! Mən əvvəlcə ürəyimi tibbə vermişdim; qətiyyən ədəbiyyata deyil. Aman Allahım, heç vaxt! Mənim üçün istedadlı insanlar həmişə Pol Moran, Ramyu, Barbüsdür, ədəbiyyat üçün yaradılmış adamlar yəni.

- Uşaq olandan nə vaxtsa yazıçı olacağınızı düşünmüsünüzmü?

- Oh, yox, heç vaxt, əsla, əsla, əsla. Həkimlərə qarşı inanılmaz heyranlığım var idi. Həkim olmaq mənim üçün qeyri-adi bir şey idi. Tibbə qarşı böyük ehtirasım var idi.

- Uşaqlığınızda bir həkim sizin üçün nə demək idi?

- Xəstə anama, atama baxmağa gələn bir adamdı sadəcə. Bu peşə iş kimi görünmürdü mənə o vaxt; insan bədəninə heyrətamiz şeylər edərək sağaldan möcüzəli insan idi mənim gözümdə. Mükəmmək bir şey idi mənimçün bu. Çox savadlı görünürdülər. Tamamilə sehrli gəlirdi mənə.

- Bəs bu gün sizinçün həkim nə deməkdir?

- Artıq həkimlər cəmiyyət tərəfindən xor görülür, hamı onlarla rəqabət aparır; artıq həkimlərin heç bir hörməti qalmayıb, qəti qalmayıb. Yanacaqdoldurma məntəqələrindəki operatorlar kimi geyindikləri üçün yavaş-yavaş onlara çevrilirlər, düz demirəm? İndi xəstəliklər də öz hörmətini itirib, sayları da azalıb artıq, nə siflis, nə qonoreya, nə də tif var. Antibiotiklər faciəni tibbin əlindən aldı. Buna görə, artıq taun da yoxdur, vəba da.

- Həkimlik peşəsi sizə kitablarınızda da əks olunan bəzi kəşflər və təcrübələr qazandırıb.

- Bəli, bəli. Otuz beş il həkim işləmişəm, təbii ki, bunun da mənası var. Gəncliyimdə çox işləmişəm. Çox pillə qalxmışam, çox adam görmüşəm. Bu təcrübənin mənə hər cəhətdən çox, həm də çox kömək etdiyini deməyə bilmərəm. Amma heç vaxt tibbi romanlar yazmamışam, bu çox darıxdırıcı olardı... Subiran kimi.

- Ananızın sizin üzərinizdə böyük təsiri varmı?

- Əvvəla, xarakterlərimiz eynidir. Elə sərt, elə dözülməz qadın idi ki! Həə, özünəməxsus xarakteri vardı, amma həyatdan zövq almağı bilmirdi, bu qədər. Daim kədərli, daim transda idi. Ömrünün son dəqiqəsinə qədər işlədi.

- Sizə necə müraciət edərdi? Ferdinand deyə?

- Xeyr, Lui deyə çağırardı. Məni böyük univermaqda, Luvrda satıcı görmək istəyirdi. Bu onun arzusu idi. Atam da onu kimi düşünürdü, çünki atamın ədəbiyyat təhsili çox uğursuz olub. Babam da elmlər doktoru olub. Dediklərinə görə ikisi də elmlə məşğul olduqları halda həyatda o qədər uğursuz olublar ki, mənim ticarətdə uğurlu olacağıma inanırdılar.

- Atanız müəllimlik fəaliyyətində daha yaxşı mövqeyə gələ bilməzdimi?

- Əlbəttə ki, gələ bilərdi, amma baxın nə olub: Müəllimlik diplomuna ehtiyacı varmış, amma bununçün təhsili kifayət deyilmiş. Pulu olmadığı üçün təhsilini davam etdirə bilməyib. Atası da öləndən sonra, bir qadın, beş uşaq da onun boynuna qalıb deyə davam etdirə bilməyib...

- Atanız nə vaxt ölüb?

- Birinci kitabım çıxan ildə, otuz ikidə.

- Kitab çıxmamışdan əvvəl?

- Bəli, az əvvəl. Onsuz da bu kitabı sevməzdi. Həm də mənə paxıllıq edirdi; yazıçı hesab etməzdi məni. Mən də özümü yazıçı hesab etmirəm, ən azından bir məsələdə eyni fikirdəyik.

- Ananızın kitablarınıza münasibəti necəydi?

- Kitab yazmağın təhlükəli, pis olduğuna inandığı üçün problem olurdu. Bunun sonunun çox pis olacağını düşünürdü. Çox ehtiyatlı xasiyyəti var idi.

- Sizin kitablarınız oxuyubmu?

- Oxuya bilmədi, oxuya bilməzdi. Oxusaydı da, çox bəsit olduğunu düşünərdi. Üstəlik, anam onsuz da kitab oxumurdu, kitab oxuyan qadınlardan deyildi. Özündənrazı qadın deyildi əslində, ölənə qədər işləməyə davam etdi. Mən həbsdə olarkən öldüyünü öyrəndim. Yox, yox, öldüyünü eşidəndə Kopenhagenə gedirdim. Dəhşətli, iyrənc səyahət idi.

- Həyatınızda nə vaxt xoşbəxt olmusunuz?

- Lənət olsun ki, heç vaxt. Xoşbəxt olmaq üçün qocalmaq lazımdır. Nəfsimdən əl çəkməyim müqabilində mənə çoxlu pul versəydilər, məst olardım. Çünki o vaxt təqaüdə çıxıb harasa getmə fürsətim olardı, işləmək məcburiyyətində qalmazdım, sadəcə başqalarını seyr edərdim. Xoşbəxtlik dəniz kənarında dinclik içində tək qalmaq deməkdir. Çox az yemək, bəli, bəli. Hətta hardasa heç bir şey yeməmək. Nə elektrik enerji istifadə edərəm, nə əşya; bir şam bəs edər. Bir şam yandıraram, qəzet oxuyaram. Digər insanların həyəcanlı, ritmi tutmaq üçün bir-birlərini əyləncə axşamlarına dəvət etmə yarışlarını, şouya çevrilmiş həyatlarını seyr edərəm. Mən bu həyatı görmüşəm, bir vaxtlar bu insanların arasında yaşamışam... Tam bir komediyadır! Vaxtlarını belə keçirirlər. Bir-birini izləyir, eyni qolf klublarına gedirlər, eyni restoranlarda görüşürlər.

- Heç örnək aldığınız insanlar olub? Bənzəmək istədiyiniz adamlar?

- Xeyr, çünki hamı mükəmməldir, hamısı; mən o qədər də mükəmməl olmaq istəmirəm, elə bir istəyim də yoxdur. Mənim istədiyim tək şey heç kimin vecinə almadığı bir qoca olmaqdır. Onlar ensiklopediyalara girən insanlardır, mən bunu istəmirəm.

 

Hazırladı: Nilufər Hacılı


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!