Əziz oxucular, "Söz körpüsü" adlı yeni layihə ilə görüşünüzə gəlirik. Bu silsilədə Türkiyənin müxtəlif şəhərlərində yaşayan şairlərin həyat və yaradıcılığı ilə sizi tanış edəcək, onların fəaliyyətinə işıq salmağa çalışacağıq. İnanırıq ki, bu Böyük Türk ədəbiyyatının bugünkü qol-budaqları arasında körpü yaratmaq cəhdi olaraq sizin tərəfinizdən də yaxşı qarşılanacaqdır. İlk qonağımız "Mərsin Ədəbiyyat Qrupu"nun sədri, şair Mustafa Doğandır. Sizə onunla müsahibəni və Mustafa bəyin şeirlərindən bir neçə nümunə təqdim edirik.
- Mustafa bəy, özünüzü Azərbaycan oxucularına necə tanıdardınız?
- 1972-ci il doğumluyam. Mərsində yaşayıram, iki şeir kitabı, iki dram əsəri, on radio üçün dram müəllifiyəm. Radioda illərlə poeziya verilişi aparmışam, özəl şirkətdə çalışıram. Otuza qədər şeirim bəstələnib, şeir yarışmalarında çoxlu mükafatlara layiq görülmüşəm. "Mərsin Şairlər və Yazarlar Qrupu"nun başqanıyam.
- Şeiri sevməyə şeir yazmaqdanmı yoxsa oxumaqdanmı başladınız?
- Uşaqlıq illərimdə dinlədiyim mahnıların sözlərinə etiraz edərdim, onların daha gözəl variantını düşünürdüm, sonradan şeir yazmağa başladımsa da, müəyyən səbəblərdən onları aşkara çıxarmadım. Amma durmadan sevdiyim şairlərin şeirlərini oxudum, yazmağa davam etdim və otuz yaşlarında şeirlərimi yayımlamağa başladım.
- "Mərsin Ədəbiyyat qrupu" olaraq hansı tədbirləri həyata keçirirsiniz?
- Biz hər həftə dərnəkdə şeir dinlətisi keçiririk, "Maki" adlı dərgi çıxarırıq, məktəblərdə görüşlər keçirir, antologiyalar çap edirik və s. Bundan başqa vaxtaşırı bəzi klassiklərimizi anma günləri də olur.
- Türk poeziyasından ən çox hansı şairləri sevirsiniz?
- Yunis Əmrə, Aşık Veysəl, Karacaoğlan, Nazım Hikmət, Atilla İlhan, Cemal Safi, Cemal Süreyya və s.
- Bəs çağdaş poeziyanın nümayəndələrindən?
- Bahəddin Karakoç, Nurullah Gənç, Küçük İskəndər.
- Azərbaycan şairlərindən kimi tanıyırsınız?
- Azərbaycandan çox şair tanımaq fürsətim olmadı, burda daha çox Bəxtiyar Vahabzadənin şeirləri yayılıb deyə onun şeirlərini oxumuşam və sevmişəm. Sizin mahnılarınızı çox sevirəm, məsələn. Onların sözlərindən poeziyanızın gücünü anlayıram. Zatən, türk ədəbiyyatı bölünməzdir. İnşallah, zamanla daha çox müasir Azərbaycan şairi tanıyacağıma ümidliyəm.
- Şeirin bugünkü durumundan razısınızmı? Gənclər şeir oxuyurmu? Sizcə, poeziyanın taleyi necə olacaq?
- Şeir müasir dövrdə haqq etdiyi dəyəri görmür, burda təkcə gənclər deyil, yetişkinlər də səbəbkardı. İndi şeir oxucusundan çox şair var. Hər kəs öz səltənətində özünü şair elan edib. Sosial şəbəkələr hər kəsə ölçüsüz, meyarsız bir meydan açıb. Amma ümid edirəm ki, bu problemlər zamanla aradan qalxacaq və sosial media zamanla əsl ədəbiyyata xidmət edəcəkdir.
Söhbətləşdi: Səhər Əhməd
Iraz
Canımın yandığı yerə
Gözlərini dikib durma.
Sirrimin günahları var.
Nə vaxt ağlımın yanında olsam
Ürəyimdə bir üsyan başlar.
Yenə də incimə
Və üzümə söylə
Niyə getdin?!
Susqun bir cənazə kimi
Anlada bilmərəm itirdiklərimi.
Məni düşünməyə qoyma, Iraz
Sən cümlələrə sığmazsan.
Canımı varlığına bağışladım,
Məni öldürmədən anlamalısan.
Sən hər gülümsəyəndə
Həyat məni məhv edər.
Könlümün sahillərindən köhnə bir gəmi
Sənə doğru hey üzər.
Sən bunu bilməzsən, Iraz
Mənim qanım səndə doğular,
Məndə dövr edər...
Yenə də incimə
Və üzümə söylə
Niyə getdin?!
Ağrıya öyrətmə
Hələ yox...
Başımı götürüb gedə bilmirəm yoxluğundan,
Sahillərə çıxara bilmirəm huzur gəmilərini.
Uşaq tərəflərim boş təsəllilərə fit çalırkən,
Bu qanadı qırıq təbəssümlərə güvənə bilmirəm, ana.
Belə məğlub olmaq yox,
Keçəcək bu küskün sıxıntı.
Səbrlə ovuclarıma söylədiklərim var,
Sözlərim çirklənməmiş dua qapılarında .
Tutacaq əllərimdən varlığının yorğun pıçıltıları,
Məğlubluğun soyuq üzünü yenəcək ümidlərim var.
İndidən gizlənməyə yer axtarır ürəyim,
Harada gizlənsəm, yaxalanıram, ana.
Ürəyimin sarı siminə toxunur sızıltılar,
İçim yanğın yeri, çölüm buz bağlamış...
Yox, yox, hələ hazır deyiləm.
Qucağına düşdüyüm an qədər təmiz,
Bu quş ürəyimin çırpınışları.
Hələ etiraf edə bilmirəm,
Yerinə kimisə qoymağın
Özümü aldatmaq olduğunu.
Ağrıdan qaçış rəsimləri bunlar
Gerçəklə xəyal arası, səssiz və dərin.
Ağısı var hər hücrəmdə tükənən çarələrin
Hələ vaxtı deyil bu amansız vidanın,
Hələ yox, ana!
Nə olar, məni belə əli ürəyində qoyub getmə,
Qorxuram, ana,
Bu qorxaq qəlbimi ağrıya öyrətmə...
Evli olaq artıq
Yığmışdı bu kirayə zəhrimar məni cana,
Getdim yaxınlıqdakı əmlakçının yanına.
Kişi bəxt qapısını mənimçün araladı,
Əlindəki evləri öyərək sıraladı.
Təcrübəsi bir xeyli rahatlatdı içimi,
Yox etdi qayğıları özgüvənli seçimi.
Dedi: Tam sizə görə şahanə bir evim var,
İçinə ən azından iyirmi beş nəfər sığar.
Sonra inandırmaqçün şəkilləri göstərdi,
Şübhəm dağılsın deyə, uzaqdan nişan verdi.
Elə həyəcanlandım, dalbadal dedim "oley",
Çox qəribə duyğuydu, evlənmək kimi bir şey.
Necə oldu, bilmədim, bir də gördüm bankdayam,
Çıxarıb verdim pulu, arxama da baxmadan.
Mən bir az tələskənəm, yoxsa tez usanardım,
Axşam düşənə qədər sənədi də çıxardım.
Elə sevindim sanki, havayı ev almışam,
Hələ evi görmədən ev sahibi olmuşam.
Bir əlimdə sənəd var, o birində də açar,
Yeri, Mustafa Doğan, artıq səni kim tutar?!
Kişi yeni ev alıb, sevinməzmi qarısı,
Yenə də nigarandı ağlımın bir yarısı.
Sanki narahat qaldı, zavallı ilk etapda,
"Arvad sözüylə işlər olmaz bizim kitabda".
"Biz də baxsaydıq" deyə heyfsləndi azacıq,
Aman, xanım, səs etmə, rahatlanım bir azcıq.
Kirədən qurtarmışıq, sonrası Allah kərim,
Daha ev sahibinin nazınımı çəkərəm?!
Uşaq-böyük şadyana, sevinci bölüşərək,
Tələm-tələsik yola düzəldik gülüşərək.
Elə ki yol qurtardı, göründü bizim mənzil,
Görsənirkən "qəsrimiz" heyrətdən tutuldu dil.
O an hamı çevrilib qınaqla mənə baxdı,
Açarı salan kimi qapı üstümə aşdı.
Hirsimdən səndələdim, bismillah deyə-deyə,
Dilimin hiddətindən getdi ədəb, tərbiyə.
Görən hansı miladdan əsər qalıb buralar,
Şüşələri salamat ikicə pəncərə var.
Divarda quş yuvası, dəhliz dolu toz-torpaq.
Yağlı boya hər yerdə, nə baca, nə çilçıraq.
Ev sanki şiddət görüb, solmuş, büzülmüş kimi,
Günəşi tapmayınca qorxub üzülmüş kimi.
Qurduğum ev xəyalı çaşdıqca hey çaşırdı,
Pilləkəndən düşəndə elə bil ev asqırdı.
Enərkən pilləkənin sonuncu pilləsini,
Hiss etmədim təpəmdə xanımın silləsini.
Vallahi dedi, xanım, köçmərəm mən bu evə,
Atam evinə belə gedərəm sevə-sevə.
Səbrimi daha artıq sınama, nə olar sən,
Kirayəyə razıyam, bu ev yerində dursun.
Geri dönərkən aldıq bir balaca hədiyyə,
Köhnə ev sahibimiz bizi əfv etsin deyə.
O isə çatan kimi bizi yamanca gərdi,
Dedi: "Az öncə evi üç illiyinə verdim".
Atdım özümü yerə, bizim xanım bağırdı,
Qorxudan təlaşlanıb ambulansı çağırdı.
Haqqa dikilmiş kimi çevirdim gözlərimi,
Uzun-uzadı əsdim titrədib dizlərimi.
Artıq bitdim deyərkən, sarıldı mənə xanım,
O evə də razıyam, təki sən ölmə, canım.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!