Yaşıl pencəkli oğlan - Seyran Səxavət yazır

 

Əzizim Elçin!

Mən səni ilk dəfə 1964-cü ildə Yazıçılar İttifaqı binasının qarşısında görmüşdüm. Kimsə səni göstərib demişdi:

- Baax... İlyas Əfəndiyevin oğlu Elçindi.

Böyük yazıçımız İlyas Əfəndiyev keçmiş Koryagin, indiki Füzuli rayonunda atama da, anama da coğrafiyadan dərs demişdi.

Sənin əynində yaşıl, məxmər pencək var idi. Sənə quşum qondu, qanım qaynadı - birinci növbədə valideynlərimin müəlliminin oğlu kimi - səbəb olmalıydı axı! Dünyanın o vaxtında belə şeylər yaxın qohumluq əlaqəsi kimi bir şey idi...

Həqiqətdir ki, Qarabağın kəndindən gəlib Bakı kimi şəhərin gözəlliyi və qəlizliyi fonunda qəribsəyən kənd uşağı üçün bu, göydəndüşmə bir toxtaqlıq idi:

- Bir şey olsa gedərəm onun yanına, tanışlıq verərəm, hər şey qaydasına düşər.

Əzizim Elçin. O vaxtdan əlli doqquz il keçsə də, yenə o fikirdəyəm:

- Bir şey olsa gedərəm onun yanına, tanışlıq verərəm, hər şey qaydasına düşər...

Mən bilən bu gözəl və qəliz dünyada hər kəsin "bir şey olsa" yanına gedəcəyi bir adam olub, lap elə sənin özünün də... Hətta "bir şey olmasa" da, sən o adamın yanına getməsən də, bu, insan taleyinin mənzərəsində son dərəcə vacib bir bəxtəvərlikdir.

Və nəhayət... Əzizim Yaşıl Pencəkli oğlan, o vaxtdan uzun illər keçdi. Dünyada çox şeylər dəyişdi - onları sadalamaq istəmirəm; ancaq sən dəyişmədin, öz yazıçılıq xasiyyətinə sadiq qaldın, yazdın-yaratdın, bir qələm sahibi kimi ölkə miqyasına sığışmayanda, dünya xalqlarının dillərində dillənməyə başladın - səsin hər yerdən gəldi, hər yerdən gəldiyinə görə hər yerdə də eşidildi...

Arzu eləyirəm, qələm əlində heç vaxt əsməsin və əlindən heç vaxt düşməsin!

Arzu eləyirəm, Allahın verdiyi ömrü sağlam yaşayasan!

Səksənin mübarək!

İnanıram ki, yüz illər keçəndən sonra hər şey təzədən başlayacaq. O zaman mən səni yenə də Yazıçılar İttifaqı binasının qarşısında görəcəyəm - yaşıl pencək də əynində...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!