Bu yaxınlarda sosial şəbəkələrdə Türkiyədə Xalq yazıçımız Elçin haqqında bir kitabın çap olunduğu xəbərini oxuyarkən yadıma hörmətli yazıçımızın 1979-cu ildə Türkiyə səfəri barədə yazdığı "Yaxın Uzaq Türkiyə" adlı yol qeydləri düşdü. Həmin yazı, o vaxt Azərbaycanda qeyri-adi maraqla qarşılanmışdı. Bu da səbəbsiz deyildi, çünki həmin illərdə Türkiyə Azərbaycan üçün nə qədər doğma yaxın bir ölkə idisə, bir o qədər də qapalı, uzaq bir məmləkət idi.
Azərbaycanda ən azı 60 ildən sonra qardaş Türkiyə haqqında rəğbət dolu bir yazı çap edilmişdi (keçən əsrin 60-cı illərində görkəmli yazıçımız Mehdi Hüseyn də Türkiyə səfəri barədə "Bir ay, bir gün" adlı yol qeydlərini yazmışdı. Amma bu əsərdə Mehdi Hüseynin Türkiyəyə tam rəğbətini görə bilmirik və bunun da təbii ki, obyektiv səbəbləri var). Ermənistanın antitürk və həm də antiazərbaycan ruhlu yazıçıları "Yaxın Uzaq Türkiyə"dən tez bir zamanda xəbər tutdular. Və bununla da Kremlə, gənc türkçü-millətçi Azərbaycan yazıçısı Elçindən etiraz məktublarının axını başlandı. Amma necə deyərlər artıq ox yaydan çıxmışdı. Türkiyə haqqında gerçək həqiqətlər (hətta mənfi tərəfləri ilə) iki qardaş ölkə ədəbiyyatının, mədəniyyətinin bir bulaqdan qaynaqlandığını Elçin dəqiq müşahidələri ilə, danılmaz tarixi faktlarla Azərbaycan ədəbi dövriyyəsinə, daha geniş mənada isə Azərbaycan cəmiyyətinə ötürə bilmişdi. 60 illik tilsimi Elçin "Yaxın Uzaq Türkiyə"si ilə sındırmışdı. Həmin yol qeydlərini bir daha gözdən keçirirəm və həmin əsərdə kiçik bir detal diqqətimi çəkir. O yol qeydlərində Elçin, böyük türk yazıçısı Ömər Seyfəddinin "Kolleksiya" hekayəsini xatırladır. Bu hekayədə "burjua ailəsinin mənəvi pozğunluğu, əxlaqsızlığı təsvir olunur. Ana və gənc qız öz evlərində hərə öz otağında, ərin və atanın - burjuyun razılığı və hətta şirnikləndirməsi ilə "mədəni" fahişəlik edir və bu fahişəliyin haqqı kimi ləl-cəvahir kolleksiyası düzəldirlər".
Ömər Seyfəddin bu hekayəsinin qəhrəmanını türk yox, Türkiyədə yaşayan başqa millətlərin nümayəndəsi kimi təsvir edir, Müsyö Dyuran əslən Fransadandır, (fransız yox, məhz Fransadan!) arvadı isə ermənidir.
Əlbəttə, elə tək bu kiçik parça ürəkləri Türkiyəyə və Türkə nifrətlə aşıb-daşan ermənilərin nəzərindən yayına bilməzdi. Ömər Seyfəddinin bu mətninin Sovet mətbuatında yayınlanması təkcə erməniləri yox, Kremldə oturan ermənipərəst ölkə rəhbərlərini də qəzəbləndirməsi şəksiz idi.
Bu ayın 13-də 80 yaşı tamam olan Xalq yazıçımızın demək olar ki, bütün əsərlərini oxumuşam. Onun lap gənc yaşlarından yazdığı hər hekayəsi, povesti, məqaləsi həmişə hadisə kimi qarşılanıb, həmişə oxucuların maraq dairəsində olub. Onun hər bir əsərini həmişə böyük maraqla gözləyiblər. Onun ilk əsərləri Mirzə Cəlil ədəbi məktəbindən qaynaqlanır. Amma bu bir danılmaz həqiqətdir ki, Mirzə Cəlil ədəbi məktəbindən yola çıxan Elçin müəllim get-gedə püxtələşən yaradıcılığı ilə qısa bir zaman ərzində özünün bənzərsiz üslubunu yarada bildi, bir-birindən maraqlı əsərlər yazdı. Və bu gün tam əminliklə demək olar ki, Elçin öz parlaq yaradıcılığı ilə özü bu gün ayrıca bir ədəbi məktəbdir.
Elçinin ilk romanı "Mahmud və Məryəm" (1983) bənzərsiz, orijinal bir romandır. Bu romanda həm realizm var, həm romantizm var, həm sürrealist çalarlar var, həm magik realizm nümunələri var, həm simvolizm var, həm modernizm var. Ən əsası isə "Mahmud və Məryəm" Azərbaycan dastanlarından, nağıllarımızdan, əsatirlərimizdən, miflərdən, hətta "Qurani Kərim"dən qaynaqlanan bir əsərdir. Məlumdur ki, Elçin "Mahmud və Məryəm"i, "Əsli və Kərəm" dastanının motivləri əsasında yazıb. Əsər ilk baxışda sevgi romanı təsiri bağışlasa da, əslində bu romanda yazıçının məqsədi başqadır. Əsərdəki hadisələr 1514-ci ilin iyun-avqust aylarında Osmanlı dövləti ilə (Sultan Səlim) Səfəvi dövləti (Şah İsmayıl Xətai) arasında baş verən Çaldıran döyüşü ərəfəsində və döyüşdən sonrakı ilk günlərdə baş verir. Səfəvi dövlətində (qismən Gəncə xanlığında) baş verən mürəkkəb ictimai-siyasi durum, saray çəkişmələri, hakimiyyət ehtirası, valideyn ağrısı, xəyanətlər təsvir olunur. Əsərdə Gəncədən Ərzurum sarayına və Müqəddəs məbədə qədər uzanan yollarda qarşılaşdığımız ayrı-ayrı insan psixologiyaları ən incə detallarına qədər qələmə alınıb. Mürəkkəb - gərgin hadisələr fonunda Mahmudla Məryəmin din, məzhəb, məkr, hiylə bilməyən saf eşqləri oxucunu riqqətləndirir. "Mahmud və Məryəm" əsərində Elçin, bu romanın yazıldığı dövr üçün (1983) məlum ənənəvi ədəbi izmdən imtina edir. Yəni Xeyir həmişə qalib gəlmir, Şər çox vaxt Xeyri əzə bilir, hətta məhv edir.
Eyni zamanda bu romanda, başqa əsərlərdə az-az təsadüf olunan dramatik rucətlərə də (məsələn, Aysu və Azərin hekayəti) rast gəlinir. İlk baxışda əsərə dəxli olmayan, amma küll halında əsərin ən mühüm tərkib hissəsi olan hadisələrin, əsərdəki ideyanın açılmasına, tam qavranılmasına xidmət edən Aysu və Azərin faciəli şəkildə bitən taleləri həm də əsər içərisində ayrıca əsər təsiri bağışlayır.
Ədəbiyyatda milli yaddaş amili mühüm məsələdir. Xalqın milli yaddaşı nəsildən-nəsilə ədəbiyyat vasitəsi ilə ötürülür. Bu mənada milli yaddaş, yanar ocaq kimidir. Sovet imperiyası mövcud olduğu illər ərzində hər vasitə ilə xalqların milli yaddaş ocaqlarını söndürməyə cəhd edib. Yazıçı Elçin digər böyük milli ruhlu yazıçılarımız kimi, həmin milli yaddaş ocağımızı qoruyanlardan - ocağın odunu sönməyə qoymayanlardan biri olub.
"Mahmud və Məryəm" əsərində yer üzündəki bütün türk xalqlarını birliyə çağıran "Böyük Türk Xalqları Dövləti arzulayan" (Elçin "Mahmud və Məryəm") Süleyman paşa adlı bir obraz var. Bu dəliqanlı, kəkələyə-kəkələyə danışan (bu üsuldan, bəlkə də, senzuranı yayındırmaq üçün istifadə edib) paşanın dili ilə Elçin o vaxt üçün (1983-cü il) yazıçıdan böyük cəsarət tələb edən ifadələri qələmə alıb.
"- Millət bu cür ə-ə-əzab içindədi (Çaldıran döyüşü baş verəndən sonra - E.Ə.), amma iki bö-bö-böyük türk dövləti bi-bi-birləşmək əvəzinə, bir-bi-bi-birini mə-mə-məhv edir!"
"Mənim üçün tü-tü-türklər insandan fö-fö-fövqanədir! Bütün ye-ye-yer üzünün türkləri si-si-sifətlərinin quruluşundan, a-a-adətlərindən asılı olmayaraq bi-bi-birləşməlidir!"
1988-ci ildə Qorbaçovun irəli sürdüyü "yenidənqurma" illərində, deməli, Sovet dövlətinin nəhəng okean kimi dalğalandığı bir zamanda, ədəbiyyatımızda, şəxsən mənim üçün gözlənilməz qeyri-adi bir hadisə baş verdi. Elçin "Ölüm hökmü" romanını çap etdirdi (müəllif o əsəri 1984-1988-ci illərdə yazıb. 1984-cü ildə Qorbaçov hələ hakimiyyətə gəlməmişdi). Mir Cəfər Bağırov bir obraz kimi, həm də öz adı ilə (bunu ona görə qeyd edirəm ki, əvvəldən Bağırovun adı bədii əsərlərdə "Mirqəzəb Mollayev, "dördgöz" kimi təqdim edilirdi). 1937-ci il xalqımız üçün bütövlükdə "Varfolomey gecəsidir". "Ölüm hökmü"ndə tarixinin ən kədərli, ağrılı günlərini yaşayan Azərbaycanın real gerçəkliyi qələmə alınıb. Bu yazımda "Ölüm hökmü" əsərini təhlil etmək fikrində deyiləm. Demək istədiklərim başqadır. Elə həmin 1988-ci ildə "Ölüm hökmü" əsərindən bir parça ilk dəfə olaraq "Ədəbiyyat və İncəsənət" qəzetində çap olunmuşdu. Bağırovun mürəkkəb, ziddiyyətli obrazı o vaxt üçün (elə indinin özündə də) oxucular üçün ən cazibədar obrazlardan biri olub. Amma 1955-ci ildən, Bağırovun həbs edilərək güllələnməsindən sonra bu faciəvi obraz haqqında ədəbiyyatımız ya susmuş, ya da Bağırov obrazını yuxarıda xatırladığım başqa adlar altında, ya təhrif olunmuş şəkildə, ya da ötəri epizodik şəkildə təsvir edirdilər. "Ölüm hökmü"ndə isə həm 37-ci ilin dəhşətli hadisələri, həm də Bağırov surəti oxucuya gerçək hadisələr fonunda, tam reallıqla təqdim olunur. "Ölüm hökmü"nün çapından artıq 35 ilə yaxın bir vaxt keçir və 30 ildən artıqdır ki, Sovet dövləti artıq tarixə çevrilib. Amma bu illər ərzində 37-ci ilin faciələri haqqında Bağırovun ziddiyyətli, mürəkkəb şəxsiyyəti barədə "Ölüm hökmü" səviyyəsində ikinci bir əsər hələ də yazılmayıb (bu iddiamı mənim subyektiv oxucu qənaətim kimi də qəbul edə bilərsiniz).
Elçinin yaradıcılığı çoxşaxəlidir. Çoxlu sayda hekayələr, povestlər, romanlar, məqalələr, esselər, monoqrafiyalar, publisistik yazılar, yol qeydləri, pyeslər, ssenarilər, oçerklər, portret yazılar, xatirələr, ədəbi qeydlər müəllifi olan Elçin, həm də çox gənc yaşlarından ictimai xadim kimi fəaliyyət göstərib. Yazıçılar İttifaqının ən gənc katibi olub. 1980-ci ilin sonlarında, necə deyərlər, qələmini süngüyə çevirərək Azərbaycanın haqq işi uğrunda mübarizəyə başlayıb, 1987-ci ildə "Vətən" Cəmiyyətini yaradıb. Rəhbərlik etdiyi cəmiyyət vasitəsi ilə xaricdə yaşayan mühacir həmyerlilərimizlə əlaqə yaradıb, uzun ayrılıqdan sonra, onların öz Vətənlərinə gəlmələrinə şərait yaradıb. Azərbaycan həqiqətlərini, məruz qaldığımız haqsızlıqları dünya ictimaiyyətinə çatdırıb. "Vətən" Cəmiyyəti o zaman xarici ölkələrə çıxışı olan və səsi bütün dünyada eşidilən bir cəmiyyət idi. Bu cəmiyyət Elçin müəllimin fədakar, yorulmaz fəaliyyəti nəticəsində, o ağır illərdə Azərbaycanımız naminə çox böyük işlər gördü... Təmsil olunduğu Parlamentdə də Elçin müəllim həmişə xalqımızın istək və arzularının ən fəal ifadəçisi olub.
...1992-ci ilin səhv etmirəmsə, iyul ayında Elçinin Ümummilli liderimizə həsr etdiyi "Dünya axirət əkini" adlı məqaləsi Azərbaycan mətbuatında çap olundu. Kremldəki vəzifəsindən istefa verəndən sonra Ümummilli liderimiz böyük çətinliklər bahasına olsa da, Azərbaycana gəlmiş, Naxçıvanlılar da onu 1991-ci ilin 3 sentyabrında Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri seçmişdilər. Amma bu böyük insanın Azərbaycanda olmasını, həm Azərbaycanın mərkəzi hakimiyyətində təmsil olunan səbatsız rəhbərlər, həm də hakimiyyət uğrunda mübarizə aparan mənsəbpərəst qüvvələr həzm edə bilmirdilər. Onlar bu böyük insana qarşı böhtan kampaniyasına başlamışdılar. Bakıda Heydər Əliyev tərəfdarları təqib olunur, işdən kənarlaşdırılır, cürbəcür təzyiqlərə məruz qalır, hətta həyatlarına belə qəsd edilirdi. "Dünya axirət əkini" məqaləsi məhz belə bir mürəkkəb zaman kəsiyində yazılmışdı. Bir yazıçı və ictimai xadim kimi Azərbaycanda yüksək nüfuz sahibi olan Elçinin bu məqaləsi, Azərbaycanda mövcud hakimiyyətin qətiyyətsizliyindən narazı və bu çətin - dözülməz durumda Azərbaycanın nicatını Heydər Əliyevin hakimiyyətə gəlməsində görən milyonlarla insanın ürəyindən xəbər verən bir yazı idi. Məqalənin çap olunduğu qəzetin əl-əl gəzdiyi günləri yaxşı xatırlayıram. Heydər Əliyev şəxsiyyətinin bütövlüyünü, Heydər Əliyev əzmini, vətənsevərliyini, qətiyyətini, dönməz əzmini Elçin öz məqaləsində olduqca dəqiq ifadə etmişdi. Eyni zamanda Elçin müəllim bu məqalədə vaxtı ilə Ulu öndərin vəzifələrə təyin etdiyi, sonralar bu yaxşılıqları unudan satqın xislətli insanları cəsarətlə ifşa edirdi. Bu böyük şəxsiyyətin mədəniyyətimizin, teatrımızın, ədəbiyyatımızın böyük hamisi olmasından misallar gətirirdi. Bu yazısında Elçin öz vətəndaşlıq mövqeyini sərgiləmişdi.
...1993-cü ildə xalqımızın israrlı tələbi ilə Ümummilli liderimiz hakimiyyətə gəldi. Bu böyük lider hakimiyyətə gələndə ölkə uçurumun kənarında idi. Qarabağdakı itkilərimiz, torpaqlarımızın işğal olunması, sayı milyona çatan qaçqınlarımız, ölkədə vətəndaş müharibəsi təhlükəsi, çökmüş iqtisadiyyat, hərc-mərclik. Müdrik rəhbərimiz hakimiyyətə gəlməsi ilə fəaliyyətə başladı (o fəaliyyətin nəticəsində bu gün Azərbaycan öz çoxəsrlik tarixinin ən uğurlu dövrünü yaşayır). Həmin o 93-cü ildə Ümummilli liderimiz Elçini çox mühüm bir vəzifəyə - Baş Nazirin müavini vəzifəsinə təyin etdi. Nazirlər Kabinetində bir çox sahələrlə bərabər, mədəniyyət sahəsinə də Elçin müəllim rəhbərlik edirdi. O gərgin illərdə mədəniyyətimiz, incəsənətimiz, ədəbiyyatımız həm ölkə daxilində, həm də xarici ölkələrdə layiqincə təmsil olunmalı idi. Elçin müəllimin bu mühüm vəzifədə fövqəladə fəaliyyəti hər kəsin yaddaşındadır. Elçin müəllim Ümummilli liderimizin, sonralar isə cənab Prezidentimiz İlham Əliyevin ona olan etimadını layiqincə doğrultdu. Onun Nazirlər Kabinetindəki uğurlu, yorulmaz fəaliyyəti həm ölkə rəhbəri, həm də xalqımız tərəfindən həmişə yüksək qiymətləndirilib. Elçin müəllim həm bir yazıçı kimi, həm də dövlət xadimi kimi hər cür hörməti haqq edən böyük bir Azərbaycanlıdır.
İndi hörmətli yazıçımızın 80 illiyi tamam olur. O yenə də bir gənclik şövqü ilə yazıb-yaradır. Ədəbi mühitimizin ən seçkin, ən müdrik nümayəndələrindən biri olan hörmətli Xalq yazıçımız Elçin müəllimə yeni-yeni uğurlar arzusu ilə...
Neftçala
13 may 2023
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!