İki əbədiyyət: Heydər Əliyev və Hüseyn Cavid - Gülbəniz Babaxanlı

 

Ulu öndər Heydər Əliyev və mütəfəkkir-şair Hüseyn Cavid... Xalqımız üçün misilsiz xidmətlər göstərmiş iki dahi, iki böyük şəxsiyyət... Onların adlarının qoşa çəkilməsi təsadüfi deyil, çünki Heydər Əliyev deyəndə, Hüseyn Cavid, Hüseyn Cavid deyəndə, Heydər Əliyev anılır.

Ümummilli lider Heydər Əliyev ömrünü xalqın yolunda sərf etmiş fenomenal bir dövlət xadimi, böyük siyasət adamı, görkəmli filosof-şair Hüseyn Cavid isə əsərləri ilə adını ədəbiyyat tariximizə yazdırmış bənzərsiz bir söz ustadı idi...

Heydər Əliyev müasir Azərbaycanın, Hüseyn Cavid isə Azərbaycan ədəbiyyatında milli romantik şeirin, mənzum dram və faciə janrlarının banisidir. Bu iki nəhəng şəxsiyyət arasında, onların cahanşümul əməlləri arasında bənzərliklər saysız-hesabsızdır və bu oxşarlıqda biri-birini tamamlayan cəhətlər də az deyil.

Ulu öndər monumental iradəsi ilə ən çətin anlarda belə, geri çəkilməyən, mətin, uzaqgörən, xalqını öz arxasınca irəli aparmağı bacaran bir siyasətçiydi. Hüseyn Cavid isə bunları şair, qələm sahibi ipostasında bacarmışdı. Heydər Əliyev bir siyasətçi kimi buna nail olmaq üçün ümummilli siyasi təfəkkürdən, təmsil etdiyi dövlətin adından bütün xalqa xitab edirdi, Hüseyn Cavid isə bir söz zadəganı kimi öz adından və hər bir insana ayrı-ayrılıqda səslənirdi. Bəli, Heydər Əliyev siyasət nəhəngi idi. Amma o, ağır Sovet siyasi konyunkturu şəraitində belə, ön plana hər şeydən öncə yalnız siyasi kimliyi ilə deyil, insaniyyəti, vətənpərvərliyi, millətsevərliyi ilə çıxırdı. Milli köklərə, tarixə, mədəniyyətə, ədəbiyyata bağlılıq və bu mənada nəhayətsiz təəssübkeşlik Ulu öndərin siyasi fəaliyyətinin özəyini təşkil edirdi.

O, bütün varlığı ilə siyasət adamı olsa da, bir çox sahələri elə dərindən bilir və müxtəlif mövzularda elə danışırdı ki, dinləyənlər onu məhz həmin sahənin mütəxəssisi zənn edirdilər. Ulu öndərlə bağlı xatirələrdən birində bununla bağlı maraqlı bir məqama toxunulmuşdur: "...1960-cı illərdə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinə kəşfiyyat məlumatı daxil olur ki, Fransada yaşayan yaşlı bir soydaşımızda hansısa qədim əlyazmalar var və onların tarixi əhəmiyyəti olduqca böyükdür. Qərara alınır ki, həmin əlyazmalar Azərbaycana repatriasiya olunsun. O vaxt Heydər Əliyev professor Abbas Zamanovla görüşərək bu işi ona həvalə edir. Heydər Əliyevin kabinetində baş tutmuş həmin görüşdən çıxdıqdan sonra Abbas Zamanov vaxtilə tələbəsi olmuş və onu bu görüşə dəvət etmiş DTK zabiti Ramiz Məmmədzadəyə sual edir:

- Ramiz, Heydər Əliyevin ixtisası nədir?

- Bilirəm ki, tarixçidir, amma ixtisası üzrə çalışmayıb.

- Məgər, o filoloq deyil?

- Xeyr, Abbas müəllim, dəqiq bilirəm ki, o filoloq deyil".

Heydər Əliyevin siyasətində ədəbiyyat ayrıca bir mənəvi söykənəcək, dayaq, qida mənbəyi rolunu oynayırdı. Hüseyn Cavid isə siyasət adamı deyildi, o, bir ədəbiyyat nəhəngi olaraq yaşayıb-yaratmışdı. Şairin dil-ifadə zərifliyi, güclü və ziddiyyətli hadisələri toqquşdurma bacarığı, kompozisiya qurmaq səriştəsi, süjet dolğunluğu yaratmaq imkanı yazdığı əsərlərin bədii-estetik cazibəsini, məna tutumunu, fikir genişliyini dəfələrcə gücləndirmiş və Cavidi dövrünün başqa şairlərdən fərqləndirmişdi. Təsadüfi deyil ki, onun əsərləri milli poeziyamızın incilərindən sayılır.

Bununla belə, yəni romantizm cərəyanın nümayəndəsi olmasına baxmayaraq, Cavidin əsərlərində dövrün real siyasi vəziyyəti, bu siyasətdən doğan nəticələr də kifayət qədər ustalıqla əks etdirilmişdir. Hüseyn Cavid XX əsrin əvvəllərində formalaşmış siyasi mənzərəni, siyasi gərdişi dərindən duyur, lakin siyasi konyunkturun tələb etdiyi "sovet vətəndaşının lirikası"nı yaratmırdı. Onun belə demək mümkünsə, həm də siyasət içərən poeziyası sovet ədəbi konsepti kimi qanuniləşdirilmək üçün "yararsız" idi. Çünki Hüseyn Cavid ədəbiyyata diqtə ilə yaratmaq üçün gəlməmişdi.

Elə Heydər Əliyev də heç bir siyasi diktəni, təzyiqi qəbul etməyən, müstəqil, güclü və mütəfəkkir bir dövlət başçısı idi. Onların hər ikisi həyatlarını haqq yolunda mübarizədə keçirmiş və əbədiyyətə şərəfli adla qovuşmuşlar.

1937-ci ildə Hüseyn Cavid vətənpərvər əsərlərinə görə həbs və sürgün edilərkən Heydər Əliyev 14 yaşlı bir yeniyetmə idi. Qaynaqların yazdığına və özünün də təsdiq etdiyinə görə, tay-tuşları arasında ədəbiyyata, xüsusən dramaturgiyaya güclü meyl göstərən bir gənc kimi böyüyürdü. İnamla demək olar ki, o dövrün ən böyük dramaturqlarından olan Hüseyn Cavidin yaradıcılığı ilə də yaxşı tanış idi.

Naxçıvan Pedaqoji Məktəbində təhsil alarkən sənətin bütün növlərinə, o sıradan da teatra böyük maraq göstərən Ulu öndər məktəbin dram dərnəyinin aparıcı üzvlərindən biri olarkən, o dövrdə tələbə gənclər arasında populyar olan başqa tamaşalarla yanaşı, Hüseyn Cavidin "Şeyx Sənan" faciəsində də baş rolu böyük uğurla ifa etmişdi. Və Hüseyn Cavid yaradıcılığı ilə bu cür tanışlıq bir neçə onildən sonra böyük sevgiyə çevriləcəkdi.

1981-ci ildə Cavid irsinin öyrənilməsinin, təbliğinin daha da yaxşılaşdırılması və bir il sonra Azərbaycanın bu böyük sənətkarının nəşinin uzaq Sibirdən Vətənə qaytarılması, xatirəsinin əbədiləşdirilməsi Heydər Əliyevin ədəbiyyat təəssübkeşliyinin yüksək göstəricisi idi. Cavidin 100 illik yubileyi ilə bağlı o illərdə Ulu öndərin təşəbbüsü ilə bir çox işlər görüldü. Amma... 

1990-cı ildə dünyada gedən qlobal ictimai-siyasi hadisələrin nəticəsində doğma yurdu Naxçıvana qayıdan Ümummilli liderimiz ilk növbədə Cavidin məzarı üstə getmiş və gördüklərindən heyrətə gəlmişdi.

1992-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışarkən Hüseyn Cavidin 110 illik yubileyi münasibətilə keçirilən yığıncaqdakı nitqində Ulu Öndər həmin hadisəni səmimi bir həyəcanla belə xatırlayırdı: "Fikirləşirdim ki, məqbərə yoxdursa da, heç olmasa, sənətkarın qəbrinin üstü götürülüb. Ancaq gedib oradakı vəziyyəti gördüm, təəssüfləndim, çox narahat oldum".

Həmin müşavirədə Heydər Əliyev başqa məqamlara da toxunmuşdu: "1981-ci ildə Azərbaycan KP MK, Azərbaycan Nazirlər Soveti Hüseyn Cavidin 100 illik yubileyi haqqında qərar qəbul edərkən, bir çox tədbirlərin həyata keçirilməsi nəzərdə tutuldu. Hüseyn Cavidin cənazəsinin vətəninə qaytarılması, Hüseyn Cavidin Bakıda və Naxçıvanda yaşadığı evlərdə ev-muzeyinin təşkil olunması, Hüseyn Cavidin heykəlinin Bakıda qoyulması, Hüseyn Cavidin Naxçıvanda məzarı üzərində məqbərənin yaranması, Naxçıvanda Hüseyn Cavidin heykəlinin qoyulması, Hüseyn Cavidin əsərlərinin geniş yayılması, dərc olunması, rus dili və başqa dillərə tərcümə olunması, təqdim olunması. Təəssüf ki, bu tədbirlərin çoxu bu 10 ilin içərisində həyata keçirilməyibdir. Bu gün qeyd olunur ki, bu işlərdə mənim, Heydər Əliyevin təşəbbüskarlığı olubdur. Bəli, olubdur, ancaq mən bunu özüm böyük bir nailiyyət hesab etmirəm. Bu mənim sadəcə vətəndaşlıq borcum olubdur. Mən vətəndaşlıq borcumu yerinə yetirdiyimə görə, şübhəsiz ki, təsəlli tapıram".

Çox keçmədi ki Ulu öndər vədinə əməl edərək Naxçıvanda Hüseyn Cavidin məzarı üzərində möhtəşəm bir məqbərənin ucaldılmasına nail oldu.

1996-cı il oktyabrın 29-da həmin məqbərənin təntənəli açılışı üçün Naxçıvana yola düşən Prezident Heydər Əliyev Bakının Binə hava limanında jurnalistlərə müsahibə verərkən demişdi:

"Mən Naxçıvana birinci növbədə Hüseyn Cavidin məqbərəsinin tikilib başa çatması münasibətilə gedirəm. Oktyabrın 24-də Hüseyn Cavidin anadan olmasının 114-cü ili tamam olmuşdur. Bilirsiniz ki, bu məqbərənin tikilməsi barədə biz hələ 1982-ci ildə qərar qəbul etmişdik, ancaq o tikilməmişdi və bu işə fikir verilməmişdi. Biz artıq bu məsələni də həll etdik. Mən bu işi də başa çatdırmışam. Məqbərənin açılışı olacaqdır. Azərbaycan ziyalılarının böyük bir dəstəsi, Milli Məclisin üzvləri mənimlə birlikdə oraya gedirlər. Bu, əlamətdar bir hadisədir. Güman edirəm ki, bu, Azərbaycanın həm mənəvi, həm də mədəni həyatında böyük bir hadisə olacaqdır".

Ulu öndər Heydər Əliyev və filosof-şair Hüseyn Cavid mövzusundan bəhs edərkən bu iki dahi arasında canlı körpü rolunu oynamış Cavid qızı Turanın fəaliyyətindən də danışmağa ehtiyac var.

Əgər böyük Cavid özündən sonra Azərbaycan ədəbiyyatını son dərəcə zənginləşdirən ölməz əsərlər qoyub getdisə, Turan xanım da bu əsərlərin son mükəmməl nəşrini hazırlayıb öz xalqına təhvil verdi, sonra isə arın-arxayınlıqla, rahatlıqla həyatın keşməkeşlərində bir qədər sərtləşmiş, amma həmişə intellekt və əsilzadəlik süzülən gözlərini yumdu.

Heydər Əliyevin və Turan xanımın ən böyük müştərək yadigarlarından biri olan Hüseyn Cavidin ev muzeyində böyük ədibin unikal bir dördcildliyi saxlanılır. Bu dördcildliyin hər səhifəsində Turan xanımın əli ilə edilmiş minlərlə düzəliş vardır. Bu, Turan xanımın Cavid irsinin bərpası uğrunda çəkdiyi titanik zəhmətin əyani göstəricisidir. Turan xanım öz zəhmətinin bəhrəsini - Hüseyn Cavidin latın qrafikalı yeni Azərbaycan əlifbası ilə nəfis şəkildə kütləvi tirajla çapdan buraxılmış beşcildliyini görməsə də, həmin nəşri əlinə alan hər kəs Turan xanımı xəyalən görür, onun ruhuna qəni-qəni rəhmətlər oxuyur. Bir övlad kimi Turan xanımın borcunu ləyaqətlə yerinə yetirmək nişanəsi olan bu nəşr ona ən böyük abidədir.

Turan xanımın illər boyu üzərində zəhmət çəkdiyi və yüksək səviyyədə araya-ərsəyə gətirdiyi "əsərlərdən" biri də Hüseyn Cavidin Ev-Muzeyidir. Yuxarıda qeyd etdiyimiz kimi, bu muzey də Cavid irsinin böyük himayəçisi, Ümummilli liderimiz Heydər Əliyevin yaxından köməyi və bir rəhbər kimi qayğısı nəticəsində yaradılmış və 2012-ci ildə Cavidin 120 illik yubileyi ərəfəsində Ulu Öndərin şəxsən iştirakı və xeyir-duası ilə açılaraq Cavidsevərlərin ixtiyarına verilmişdir.

Heydər Əliyev muzeydə yaradılmış ekspozisiyanın ilk tamaşaçısı olmuş və Turan xanımla səmimi söhbət etmişdi. Bu söhbətdə Heydər Əliyevə xas olan müdrikliklə sadəliyin üzvi sintezi, Hüseyn Cavidin həyat və yaradıcılığına, Cavid dövrünün ictimai-ədəbi mühitinə dərindən bələdliyi bir daha özünü göstərməkdədir.

Açılışdan sonra Ulu öndər tərəfindən muzeyin rəy kitabına yazılmış sözlər Heydər Əliyevin Hüseyn Cavid irsinə və taleyinə əvəzolunmaz qayğısının inikası idi. Və bu məqamda Ulu öndərin qələmindən süzülmüş o səmimi ifadələr bir daha yada düşür: "Bu gün böyük şair və dramaturq dahi Hüseyn Cavidin anadan olduğu bir gündə onun ev-muzeyini açarkən dərin həyəcan və fərəh hissi keçirdim.

Cavidin cənazəsini 20 il bundan öncə uzaq Sibirdən doğma vətəninə gətirdik, onu doğma torpağına qovuşdurduq. Sonra onun qəbri üzərində gözəl bir məqbərə ucaltdıq. Bu gün isə ölməz sənətkarımızın ev-muzeyini açdıq. Bütün bu işlərin gerçəkləşdirilməsi yolunda nə qədər böyük çətinliklərlə üzləşsək də, tale bizə Hüseyn Cavid ruhu qarşısında vətəndaşlıq borcumuzu yerinə yetirmək şərəfini qismət etdi.

Bu gün mənə elə gəlir ki, Hüseyn Cavid 65 il əvvəl cismən tərk etdiyi evə mənən qayıtmış, onun ruhu isə sədaqətli qızı Turan xanımın böyük zövq və səliqə ilə sahmanladığı ev-eşiyində rahatlıq tapmışdır.

Hüseyn Cavidin ev-muzeyi tarixi əhəmiyyət kəsb edən qiymətli sənədlərlə, eksponatlarla zəngindir. Bunlar bizi böyük Cavid dünyasına yenidən qaytarır. Ümidvaram ki, bu Cavid ocağı xalqımızın tarixinin, ədəbi irsinin, milli mənəvi dəyərlərinin gənc nəsillərə aşılanmasında misilsiz rol oynayacaqdır."

Muzeyin hər bir eksponatında, hər bir guşəsində Heydər Əliyev və Turan Cavidin Cavidlərə məhəbbətini, Cavid ocağının qorunu qorumağa yönəlmiş vətəndaşlıq və övladlıq qeyrətini duymamaq olmur.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!