"Bəhicə - işıqlı deməkdir. Bunu mənə atam demişdi…" - Qızı Bəhicə xanımla "Divani- luğat-it türk"ün ilk tərcüməçisi Xalid Səid haqqında söhbət

 

 

"Ədəbiyyat qəzeti"ndə (12 sentyabr 2008) "Bu dünyada bir Xalid Səid vardı…" adlı məqalə və Xalid Səidin 1929-cu ildə Bakıda nəşr olunmuş "Yeni əlifba yollarında əski xatirə və duyğularım" kitabından Birinci türkoloji qurultaya həsr olunmuş bir parçanı dərc etmişdik.

Yazı dərc olunandan bir ay sonra telefonum zəng çaldı. Həzin və kübar bir səs "Sizi narahat edən, Xalid Səidin qızıdır" - dedi…

Xalid Səid Xocayev 1937-ci il repressiyasının qurbanlarındandır. İri həcmli 14 dəyərli elmi əsərin müəllifidir. "Bu dünyada bir Xalid Səid vardı…" yazımızda bildirdiyimiz kimi, Mahmud Kaşğarlının "Divani-luğat-it türk" əsərinin ilk tərcüməsi də Xalid Səidə məxsusdur. Tərcümənin Xalid Səid versiyası dünya türkologiyasında Azərbaycan türkoloji elminə ayrıca bir imtiyaz qazandıra bilərdi. Xalid Səidin qızını daha çox narahat edən məsələlərdən biri də təəssüf ki, hələlik  nəşr olunmamış həmin tərcümənin taleyidir.

Bu günlərdə Bəhicə xanımla yenidən görüşdüm. Böyük türkoloq Xalid Səidin qızı - uzun illər Milli Elmlər Akademiyasında çalışmış, ingilis dili mütəxəssisi Bəhicə xanım çox  mətləblərdən söz açdı. Atasının bioqrafiyası barədə maraqlı məqamlara toxundu.

Xalid Səid Xocayev haqqında çox danışmamışıq. Barəsində az yazılıb. Bunu nəzərə alaraq, Bəhicə xanımla söbətin bir hissəsini təqdim edirik. 

 

- Xalid Səid harada anadan olmuşdu?

- Özbəkistanın Koşkurqan kəndində.

- Ancaq xəritədə bu kəndin adı yoxdur.

- Olmaz. Balaca kənddir. Çir-çik şəhərinin yaxınlığında, Daşkənddən 25 kilometr aralıda yerləşir. 

- Xalid Səid neçənci ildə dünyaya gəlib? Atası, anası kimdi? Qardaşları, bacıları vardımı?

- Xalid Səid 1888-ci ildə doğulub. Atasının adı Səid Əli idi. Nənəmin adını bilmirəm. Xalid Səid bacısını çox istəyirdi. Sonralar Özbəkistana gedib Hadı Zərifinin yardımı ilə Xalid Səidin bacısını, qardaşlarını, qardaşı uşaqlarını tapdım. Dörd qardaş olublar: Saleh, Xalid, Əhməd, Sultan. Əhməd Bakıda təhsil alırdı. Özbəkistanda sevgilisi vardı  deyə burada qala bilmədi, geri qayıtdı. Rüxsarə bibim də (Rıxtı apa) sonralar  Əhməd əmimin oğlu Feyzullayla birgə Bakıya gəlmişdi. Bizdə qonaq qaldılar. Feyzulla riyaziyyatçıydı. Ümumiyyətlə, onlar hamısı nəsillikcə dəqiq elmlərə meyl ediblər. Təkcə Xalid Səid ədəbiyyatçı olmuşdu. Özbəkistanda əmim uşaqları çoxdur. Saleh əmimin övladları arasında  professor, elmlər doktoru olanlar da var.

- Hadı Zərifi kimdi?

- Bilirsiz, Xalid Səid o illərdə Özbəkistanın Azərbaycandakı nümayəndəsiydi. Çoxlu özbək türkünün Bakıda təhsil almasını o təmin etmişdi. Məşhur opera müğənnisi, Özbəkistanın xalq artisti, soprano Həlimə Nəsirova da, dram teatrının aktrisası Nəzirə xanım Əliyeva da, eləcə də Hadı Zərifi  Xalid Səidin himayəsi ilə Bakıda təhsil alan özbək türklərindəndilər. Hadı sonralar böyük alim kimi tanındı Özbəkistanda. Ömrünün sonunacan Özbəkistan Elmlər Akademiyasında Ədəbiyyat İnstitutunun direktoru oldu. Məşhur folklorçuydu. "Koroğlu"nu özbək türkcəsində nəşr etmişdi. Qohumlarımı onun vasitəsiylə tapdım.  

- Xalid Səid Türkiyəyə oxumaq üçün kiminsə tərəfindən göndərilmişdi, yoxsa İstanbula öz təşəbbüsü ilə getmişdi?

- Hadı danışırdı ki, onun dayısı babamın, yəni Xalid Səidin atasının yaxın dostu olub. Türkiyə ilə ticarət əlaqələri vardı. Tacirdi. Bir dəfə Hadının dayısı  İstanbula növbəti səfərə gedəndə Xalid Səid ondan və həm də təbii ki, atasından xəbərsiz qatara minib gizlənib. Qatar yola düşəndən sonra üzə çıxıb. Türkiyəyə təhsil almaq üçün getdiyini söyləyib. Atamın o zaman özünün yüngülvari pulu olub. Bilirsiz, İstanbula gedənəcən o, Koşkurqanda torpaqölçən işləmişdi. Bir az pul toplamışdı. Görünür İstanbula getmək üçün əvvəlcədən məqsədyönlü hərəkət edib. Amma bunu valideynlərinə bildirməyib. Bir sözlə, belə demək olarsa, onu İstanbula tale aparıb.

- O zaman Xalid Səidin neçə yaşı vardı?

- On səkkiz yaşındaymış… İstanbula çatandan sonra Hadının dayısından ayrılır. Əvvəlcə İstanbul darülfünunun tibb fakültəsinə daxil olur. Burada üç il təhsil alır. Sonra isə tibb fakültəsində təhsilini yarımçıq qoyub universitetin tarix-ədəbiyyat fakültəsinə daxil olur. Özünün dediyi bir faktı da xatırlayıram. Deyirdi ki, Türkiyədə təhsil aldığı illərdə hansısa xarici bir ölkəyə də gedibmiş.

- Hansı ölkəyə?

- Bunu unutmuşam. Dəqiq xatırlamıram. Ədəbiyyat fakültəsini tamamlayıb, qəribədir ki, Özbəkistana qayıtmır, Azərbaycana gəlir.

- Belə bir fikir var ki, guya Xalid Səid Gəncəyə 1918-ci ildə Nuru Paşanın qoşununun tərkibində gəlibmiş.

- Belə bir söhbət var.

- Bu barədə sizə bir söz demişdi?

- Yox, atam özü bu barədə heç bir söz deməmişdi. Hər halda, mən ondan bu barədə heç nə eşitməmişəm. Ancaq sonralar bəziləri buna siyasi don geydirdilər, nə bilim, Türkiyə belə gəldi, azadlıq elə getdi. Ancaq belə şey yoxdu axı. Atam siyasət adamı deyildi. Sırf elm adamıydı. Ancaq indi sizinlə söhbət etdikcə onun bu barədə dediyi bir söz yadıma düşdü.

- Maraqlıdı, nə deyirdi?

- Demişdi ki, mən ona görə Nuru Paşanın əsgərlərinə qoşulub gəldim ki, gəlmək üçün başqa yolum yox idi. Universiteti qurtarsa da, Türkiyədə onun pasportu, sənədi yoxdu. Məhz o günlərdə gəlmək üçün münasib şərait yaranıb və o da türk ordusuna qoşulub gəlib. Bax, bunu mənə o özü danışmışdı.

- Ancaq öz dəst-xətti ilə yazdığı tərcümeyi-halında pasportla bağlı maraqlı bir məqam var.

- Bilirəm. Amma bu barədə danışmağa, yazmağa  ehtiyac varmı?

- Var. Xalid Səidlə bağlı hər şeyi bilməyə ehtiyac var. Danışın…

- Bilirsiniz, rus imperiyası Orta Asiyadakı vətəndaşlarına pasport vermirdi. Xalid Səid gedib bir çinlidən pulla pasport alır. Həmin pasportla sərhədi keçib Türkiyəyə gedə bilib.

- Ananınız kimdi, kimlərdəndi?

- Anam Sitarədir. 1924-cü ildə evləniblər. Anamın anası, yəni mənim nənəm Məryəm xanım  Mehmandarova  general Səməd bəy Mehmandarovun bacısıdır. 

- General Mehmandarov ananızın dayısıdır?

- Bəli! Anam Mir Rza xan Talışinskinin qızıdır.

- Xalid Səidin həbs olunduğu ərəfələri xatırlayırsız? Onu həbs edəcəklərindən bir əndişəsi vardımı? Bilirdimi həbs ediləcəyini?

- Məsələ burasındadır ki, bəli, Xalid Səid həbs ediləcəyini bilirdi. Bir dəfə onu "Kommunist" qəzetinin redaksiyasına çağırıb nəsə demişdilər, onunla söhbət etmişdilər. Bundan sonra atam tam əmin olmuşdu ki, o da həbs ediləcək. Necə bilməzdi bunu? Türkiyədə təhsil alıb gəlmişdi. Türkoloq idi. Hələ üstəlik institutda hər gecə bir-iki nəfəri tuturdular. Ümumiyyətlə, həmin institutda dərin bilikli adamların hamısını sanki süpürdülər. Unutmadığım bir məqam da var. Həbs olunduğu ərəfədə məni çağırıb divanda öz yanında əyləşdirdi və bilmirəm nə üçünsə öz tərcümeyi-halını mənə ətraflı danışdı. Mən isə bunun fərqinə o qədər də varmadım. Kaş onun danışdıqlarının hamısını yadımda saxlayaydım.

- Xalid Səid Mahmud Kaşğarlının "Divani luğat-it türk" əsərinin ilk tərcüməçisidir. Ancaq təəssüf ki, 1000 səhifəlik həmin tərcümə bu günəcən meydana çıxarılmayıb. Bəzi yazılarda bu tərcümə mətni haqqında söhbətlər getsə də, hətta onun bəzi səhifələrinin çox solğun olduğundan oxunmaz bir hala düşdüyünü yazsalar da, dilinin bəsit olduğu söylənsə də tərcümə haqqında konkret açıqlama verilmir. Baxmayaraq ki, Xalid Səidin leksikasının bəsit olduğunu iddia etmək absurddur. Xalid Səidin mükəmməl bir lisanı vardı. Divan barədə atanızdan bir söz eşitdinizmi?

- 1935-ci ildə Xalq Maarif Komissarlığının təşəbbüsü ilə Divanın tərcüməsi atama həvalə olundu. Özünün də yazdığı kimi, Xalid Səid həmin tərcüməni bitirmişdi. Hətta onu Leninqrada akademik Malova və Kraçkovskiyə aparmağı planlaşdırmışdı. Ancaq güllələnməsi onun bu arzusunu da gözündə qoydu… Ümumiyyətlə, Divanın tərcüməsi zamanı atam bir neçə dəfə Leninqrada getmişdi. Hələ həbs olunmamışdan qabaq atamın anama dediklərini öz qulaqlarımla eşitdim və heç unutmadım.

- Nə dedi ki?

- İki qovluq vardı. Divanın tərcüməsi həmin qovluqlardaydı. Qovluqları anama göstərib dedi ki, məndən sonra bu qovluqları istəsələr vermə. Əgər sizə pul lazım olsa və qovluqları vermək məcburiyyətində qalsanız, bu qovluqları tərəzidə çəkdirərsən, nə qədər gəlsə, qovluqların müqabilində o ağırlıqda da qızıl tələb edərsən. Yəqin ki, o bunu məcazi mənada deyirdi. Qovluqdakı  əlyazmaların necə qiymətli olduğunu bildirmək istəyirdi.

- Məncə, o bunu həm məcazi, həm də həqiqi mənada deyib. Xalid Səidin ən bahalı sərvəti də elə həmin tərcümə etdiyi mətn olub. Çox qiymətli...

- Atamı 1937-ci ilin 3 iyununda gecə həbs etdilər. Mən yatmışdım. Gecə saat 12 radələri (hələ bir az da gec) olardı. Qəribə səslər eşidib yuxudan oyandım. Gördüm ki, ev adamla doludur.

- Axtarış prossesi uzun sürdü?

- Demək olar ki, səhərə qədər axtarış apardılar. Yazı stolunda çoxlu yazılar vardı. Onları da götürdülər. Kitab dolabındakı kitabların da hamısını apardılar. Mahmud Kaşğarlının "Divani luğat-it türk" əsərinin tərcüməsini də, yəni o iki qovluğu da həmin gecə götürdülər… Ancaq indi Mahmud Kaşğarlının "Divani luğat-it türk" əsərinin ilk tərcüməsinin atama aid olmadığını iddia edən adamlar var. Bilmirəm niyə belə deyirlər? Hətta Divanın min səhifəlik əlyazmasını gördüm deyən yoxdur.

- Gördüm deyənlər var. Ancaq görüb də meydana çıxaran, onu nəşr etmək təşəbbüsündə olanlar yoxdur.

- Ancaq mənim intiusiyam başqa şeylər söyləyir…

(Bəhicə xanım intiusiyaları barədə danışır. Dedikləri adamı vahimələndirəcək dərəcədə qeyri-adi nəsnələrdi).

- Sağlıq olsun, zaman hər şeyi aydınlaşdıracaq. 1930-cu illərə qayıdaq. Atanızın həbs olunduğu günlə əlaqədar daha nələri xatırlayırsınız?

- Atamı aparanda anama onun ardıyca çıxmağa icazə vermədilər. Amma mən fürsət tapıb  küçəyə çıxdım. Dəqiq xatırlayıram, yağış yağırdı.

- Həmin gecə iyun ayında Bakıda yağış yağırdı?

- Bəli. Özü də necə yağış… Bunu dəqiq xatırlayıram.

- Bilirsinizmi, Bəhicə xanım, söylədiyiniz bu sözlər mənə çox təsir etdi. Bu yaddaş yarpağı ilə bilmədiklərimə daha bir fakt əlavə olunur. Deməli, 1937-ci ildə Cavidin, Müşfiqin, Əhməd Cavadın həbs edildikləri gecə Bakıda yağış yağırmış.

- Bəli. Yağış yağırdı…

- Atanızla necə ayrıldınız?

- Mən ağlayırdım. Atam məni qucaqlayıb öpdü. Məni çox istəyirdi. Mən də onu çox istəyirdim. Şübhəsiz, anamı da çox istəyirdim. Amma könlümdə atamın yeri başqaydı. Onu qara maşına mindirib apardılar. Küçə boyu çoxlu qara maşınlar dayanmışdı. Bizimlə üzbəüz qonşu evdən də çoxlu adam tutmuşdular. Hərbi işlər komissarı Qambay Vəzirov o evdə olurdu. Kənd təsərrüfatı komissarı da həmin evdə yaşayırdı. İkisini də həbs etdilər. O bir dənə evdən həmin gecə dörd-beş adam apardılar.

- Atanızdan bir xəbər tuta bilirdinizmi?

- Yox. Ancaq uşaq da olsam, bilirdim ki, içəridə nələr baş verir. Elə buna görə də fikirləşirdim ki… Sağdırsa, bu zülmə necə dözür... Allah günahımdan keçsin. Ancaq istəmirdim ki, o bu əzabları çəksin…

- Sonra nə oldu?

- Anam o günlərdə Mişkinaz xanımla görüşmüşdü. Öyrənmişdi ki, onların mənzillərini alıb özlərini Sovetskidə darısqal, qapısı bağlanmayan bir mənzilə köçürüblər. Anam bundan çox təşvişə düşmüşdü. Ürəyinə dammışdı ki, bizi də çıxarıb elə bir evə köçürəcəklər. Odur ki, əl-ayağa düşdü. Axı işgüzar qadındı. Hətta bir müddət Mərkəzi İcraiyyə Komitəsində təlimatçı işləmişdi…

- Və sizi yaşadığınız evdən çıxardılar.

- Əlbəttə.

- Hara köçürüldünüz?

- Bizim həyətdə birinci mərtəbədə Həsənov soyadlı tənha bir kişi yaşayırdı. Onu da həbs etmişdilər. Bizi onun boş qalmış təkotaqlı kiçik mənzilinə köçürdülər.

-Bəs sizin evə kim köçdü?

-Bir erməni ailəsi köçdü bizim evə. Yaşlı bir qadın üç qızıyla köçdü ora. Həmin erməni ailəsi 1989-cu ilə qədər orda yaşadı.

- Sonra ananızı da həbs etdilər?

- Bəli. Atamı iyunun 3-də tutmuşdular. Oktyabrın 13-də güllələmişdilər. Elə həmin gün də gecə güllələnənlərin arvadlarını həbs etdilər. Bilmirəm nə üçün, bu qadınların hamısına 8 il iş kəsdilər.

- Ananızın həbs olunduğu oktyabrın 13-ü gecəsini necə xatırlayırsınız? 12 yaşlı Bəhicə tək qaldı. Neylədi?

- Anamı aparmağa gəldilər. Gecəydi. Saat 12 olardı. Tək qaldığım üçün dedilər ki, balacanı da uşaq evinə verəcəyik. Mən bunu eşitdim. Üzr istəyirəm, gecə paltarındaydım. Evdən qaçıb xalam Cahan Talışinskayagilə gəldim. Xalamın evi indiki fəvvarələr meydanının yerləşdiyi ərazidəydi. Xalam nənəm Məryəm xanımla bir yerdə yaşayırdı. Sonralar həmin binanı sökdülər. Çox yaraşıqlı bir binaydı. Mirbəşir Qasımov da həmin evdə yaşayırdı. O zaman xalamın ərini də həbs etmişdilər.  

- Ananızı hara sürgün etdilər?

- Qazaxıstana. Akmolinskiyə. İndiki Astanaya. Bura Akmala da deyirdilər. Dediyim kimi, "xalq düşmənləri"nin arvadlarının hər birinə səkkiz il iş  vermişdilər. Mənim anam tez qayıtdı. Onların arasında vaxtilə Kremldə işləyən Olqa Şapunovskaya adlı bir qadın vardı. Olqa anama demişdi ki, Sara, mən sənə bir ünvan verəcəm. Sən həmin adresə məktub yazıb xahiş et ki, səni azad etsinlər. Anam da Stalinə məktubu karton parçasına yazıb düşərgənin rəisinə  verir ki, yola salsın. Rəis də görüb ki, Stalinə ünvanlanmış məktub karton üzərinə yazılıb. Kağız verir. Məktubu kağıza köçürüb yola salıblar. Bilmirəm, Stalinə çatıb, ya yox. Hər halda, anamı 1941-ci il mayın 28-də azad etdilər. Qayıdıb gəldi Bakıya. Ancaq kaş gəlməyəydi.

- Niyə?

- Çünki gələndən sonra onu çox incitdlər. Bakıda yaşamağa imkan vermirdilər. Getməli olduq. Mən də məktəbi yarımçıq qoyub onunla getdim.

- Hara getdiniz?

- Gəncəyə getdik.

- Gəncəyə niyə?

- Çünki Gəncədə mənim xalam Bəyimağa Mehmandarova, xalamın qızları yaşayırdı. Gəncədə işləyirdim. Xalam qızı Sonaxanım pambıq zavodunun partkomu idi. O özü də Mehmandarlıdı. Ancaq familiyasını dəyişib Teymurzadə qoymuşdular. Nənəm Məryəm xanım öz qızını öz əmisi oğlu Teymur bəyə ərə vermişdi. Teymur bəy də indi unutmuşam, Bakıda bilmirəm, hansısa neft  milyonçusunun mühəndisi olmuşdu. Sonra getdik Şəmkirə. Müharibədən sonra məni işləmək üçün Gəncəyə göndərdilər. Daha sonra yenidən Bakıya qayıtdıq. Artıq evimiz çoxdan müsadirə olunmuşdu. Bakıda evimiz yox idi. Xalamın ərinin Sovetski məhəlləsindən yuxarıda evi vardı. Bir müddət həmin evdə yaşadıq. Axı anamın Bakıda yaşamaq icazəsi yoxdu. Milisdən gizlənə-gizlənə yaşayırdıq. Onu o qədər gizlətmişəm ki... Gecədən keçmiş gəlib evləri axtarırdılar ki, görsünlər qeydiyyatsız yaşayan var, yoxsa yox? Qeydiyyatsız, hələ üstəlik "xalq düşməni"nin arvadı. Sonra mən instituta girdim. Əvvəlcə ikiillik kursa, sonra da Xarici Dillər İnstitutuna daxil oldum. İnstitutu 1952-ci ildə bitirdim. Bu müddətdə mən həm də işləyirdim. Anam təkrar çıxıb getdi Şəmkirə. Orda atamın dostları yaşayırdılar.

- Ananız neçənci ildə rəhmətə getdi?

- 1975-də. Beyin xərçəngindən.

- Bəhicə xanım, zahirən deyəsən, atanıza oxşayırsız?

- Atam hündürboylu, arıq adam kimi yadımda qalıb. Mən təbiətim etibarilə atama çox oxşayıram. Anam zarafatcıldı. Atam isə yox. Atam çox ürəyiyumşaq adamdı. Heç bir canlıya qıymazdı. Bir də görürdün bir böcəyi tutardı. Sonra da ovcunu açıb buraxardı. Anam soruşanda ki, belə niyə edirsən, tutmusansa niyə öldürmürsən? Cavab verərdi ki, o da canlıdı, o da yaşamaq istəyir.

- Turan Cavidin də xatirələrindən bəllidir ki, övladlarının təhsili ilə bilavasitə Cavidin özü məşğul olub. Sizdə vəziyyət necəydi?

- Bakıda almanlar çox idi. Mənim məktəbə getmək vaxtım çatanda atam nə üçünsə məni aparıb alman məktəbinə qoydu. Məktəb kilsənin həyətindəydi. Özü də Bakının intiligensiyasının uşaqları həmin məktəbdə oxuyudu. Mən orada  beş il oxudum. Beşinci sinfi orada bitirdim. O çox istəyirdi ki, mən dil öyrənəm. Alman dilindən fərqli olaraq, ingilis dili o vaxt dəbdə deyildi. Şəmkirdə, Hacıkəndin yaxınlığında alman kəndləri vardı. Atam israr edir, məni ora göndərmək istəyirdi ki, almanların yaşadığı yerlərdə təhsilimi davam etdirim. Anam əlbəttə ki, razı olmurdu. Sonra mən 18 saylı rus məktəbində oxudum.

Mənim Yelizaveta Nikolayevna adlı bir dayəm vardı. İki yaşımdan üç yaşıma qədər mənimlə əsasən o məşğul oldu. Gələrdi bizə. Məni Əliheydər Qarayevgilə aparardı. Əliheydər Qarayevin qızı Zemfira məndən bir az böyük idi. Yelizaveta ikimizi bir yerdə gəzdirərdi.

- Əliheydər Qarayevi xatırlayırsız? 

- Hə. Hər gün böyük otaqda mən Zemfiranı gözləyəndə o çıxardı. Mən ondan qorxurdum. Zəhmli adamdı. Sonra mənimlə Marianna Fyodorovna adlı bir dayə məşğul oldu. Milliyyətcə almandı.

- Xalid Səidin ananızla münasibətləri necəydi?

- Yaxşı idi. Ancaq onların səviyyəsi müxtəlifdi. Anam əvvəlcə savadsız olub. Sonra başladı öz savadını artırmağa. Əli Bayramov klubuna, kurslara getdi, savad aldı.  Sonra ictimai  işlərlə məşğul olmağa başladı. Yalnız yazıb-oxumağı bilirdi. Əlbəttə, onun dünyagörüşü ilə atamın dünyagörüşü başqa-başqaydı.

- Necə evləniblər? Necə tanış olublar?

- Əliheydər Qarayevin qohumları vardı - Şabanovlar. O Şabanovların ailəsindən kimsə Xalid Səidlə dost olub. Atam evlənmək istəyini ona deyib. O da mənim xalalarımla yaxın olub. Şabanov babamın yanına gəlib, elçilik edib. Rza xan da razılıq verib. Ancaq anamın xeyir-duasını dayısı general Səməd Mehmandarov vermişdi. Axı o anamı çox istəyirdi.

- Xalid Səid hansı yeməkləri xoşlayırdı?

- Əsasən xəmir xörəklərini xoşlardı. Tez-tez də "Yeni Avropa" mehmanxanasındakı restorana gedərdik. İndi çox şeyləri xatırlamıram. Balacaydım axı. O yadıma gəlir ki, həmin mehmanxanada lift vardı. Mən liftlə qalxıb-düşürdüm. Əli Nazimi də bir dəfə o restoranda görmüşəm. Başqa masada oturmuşdu. Atamı görüb bizə yanaşdı...

- Deyirlər o illərdə Füzulini Xalid Səiddən yaxşı heç kəs bilmirmiş.

- Bunu mən də rəhmətlik Mirzağa Quluzadədən eşitmişəm. Qılman İlkin də bir məqaləsində xatırladırdı ki, üslubiyyatdan dərs desə də, Füzulini Xalid Səid kimi bilən ikinci bir adam yox idi. Hətta Füzuliyə aid sualla Çobanzadəyə müraciət etdikdə, o bizi Xocayevin yanına göndərirdi. O, Füzulinin bəzən ən sadə görünən misralarında elə dərin mənalar açırdı ki, ağzımız açıla qalardı. Buna görə də sevirdik onu. Tez-tez ona müraciət edərdik...

- Xalid Səidin danışıq tərzi necəydi? Evdə özbək ləhcəsində danışırdı?

- Atam özbək ləhcəsində danışmırdı. Onun bu ləhcədə danışa bildiyinə də inanmıram. Axı Özbəkistandan çoxdan çıxmışdı. Xalid Səid Türkiyə türkcəsində danışırdı. Sizə məzəli bir əhvalat söyləyim. Mənim xalamın bir oğlu vardı. Çox nadinc idi. Bir dəfə çörək qıtlığıymış, xalaoğlumgil nəsə bir dələduzluq edib,  tutulublar, sonra da buraxılıblar. Atam küçədə xalaoğluma rast gəlib deyib ki, Kazım, sən nə yapdın? O da cavab verib ki, nə yapmışdımsa küt getdi. Bu  əhvalatı Xalid Səidin hətta qohumlarla da İstanbul ləhcəsində danışdığını xatırlatmaq üçün yada saldım. 

- Xalid Səid Birinci türkoloji qurultayın ən fəal iştirakçısı və təşkilatçılarından biri olub. Bu barədə sizin əlavə, bizə məlum olmayan məlumatınız varmı?

- Azərbaycanın ilk qadın rejissoru Qəmər Salamzadə - rəssam Salam Salamzadənin yoldaşı mənim xalamın qaynı Əliqulu Qəmküsarın qızıydı. O 1926-cı ildə keçirilən Türkoloji qurultayı yaxşı xatırlayırdı. Deyirdi ki, Türkoloji qurultay günlərində bizim evdə ziyafət olub. Evimiz çox böyük idi. Fuad Köprülü, Əli bəy Hüseynzadə, Hüseyn Cavid… həmin ziyafətdə iştirak ediblər.

- Atanıza xüsusi rəğbəti olanlar kimlərdi? Evinizə kimlər gəlib-gedirdi?

- Atamı Səməd Ağamalıoğlu, Hənəfi Zeynallı çox dəyərləndirirdi. Evimiz həmişə qonaqlı-qaralı olardı. Ad günləri keçirilərdi. Ziyafətlər verilərdi. Türk alimləri gələrdilər. Hətta Türkiyədən gəlmiş bir musiqiçini də xatırlayıram. Saz çalırdı. Yadıma gəlir, o bizə gələndə mən stolun altında gizlənər, onun saz çalmağına baxıb gülərdim. Atam belə məclislərdə gözəl nitqlər söylərdi. Çoxlu şeir bilirdi. Özü də o zamankı ziyafətlər indiki kimi olmazdı. Çox şən keçərdi. Şeirlər, mahnı, çalğı. Cahan xalam ailə ziyafətlərində  gözəl mahnılar ifa edərdi. Cavidi xatırlayıram. O bizə, atam isə onlara gedib-gələrdi. Mən Cavidin "Səyavuş" faciəsini əzbər bilirdim. Hətta xatırlayıram, atam məni məcbur edirdi ki, get, ədəbiyyat  müəlliminə de ki, mən bu əsəri əzbər bilirəm.

-  Siz Xalid Səidin tək övladısız?

-  Bəli, təkəm. Atamın məndən başqa övladı yoxdur.

- Adınız qəribədi. Bəhicə. Bu adı sizə kim verib?

- Elə olub ki, mən 1925-ci ildə səhərə yaxın dünyaya gəlmişəm. Özü də anam evimizdə azad olub. Mən Qasım İsmayılov küçəsindəki evimizdə doğulmuşam. Həmin gün atamın dostları səhərəcən bizim evdə olublar. Mənim doğulmağımı gözləyiblər. Mən dan yeri söküləndə anadan olmuşam. Türkiyəli alim İsmayıl Hikmət də evimizdəymiş. Mənim adımı da İsmayıl Hikmət qoyub. Bəhicə - işıqlı deməkdir. Bunu mənə atam demişdi…

Söhbətləşdi: Azər TURAN

 

14 noyabr 2008, “Ədəbiyyat qəzeti”


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!